“DAĞLAR
KİMİ VƏFALI MAYİS YANARDAĞ”
Çinar boylu, sərvqamətli, saçları qar kimi ağappaq, həmişə səliqə ilə geyinən bu azman kişi çoxsaylı Azərbaycan Dövlət Teleradiosu kollektivinin sayılıb-seçilən veteran əməkdaşlarından birincisidir. İndi belələrinə az-az rast gəlirsən. İlıq nəfəsli bu yaz günlərində keçirdiyi ömür günlərinin belini elə ustalıqla qatlayıb yerə vurdu ki, heç uf da demədi. İndi 90-a doğru yol başlayıb. Göz dəyməsin, müdriklik çağında buz baltası kimi sapsağlamdır. Ağayana oturuşu-duruşu 100 yaşa şəksiz-şübhəsiz çatacağından soraq verir. Söz yox, ömrün arşınını Allah-Təala özü müəyyən edir. Bəni-insanın böyük yaradanın işinə qarışması imkan xaricindədir. Amma bu da danılmaz həqiqətdir: Tanrının bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, sonradan ah-uf edib peşmançılıq çəkməyəsən.
Mayis Yanardağ çoxlarına örnək ola biləcək şərəfli bir həyat yolu keçib. Dünyaya göz açdığı Zəngəzur mahalının Murxuz kəndinin şır-şır axan çaylarına, dağlarının gülünə, çiçəyinə minbir arzu-diləklə bağlanıb. Gənclik illərində mədəniyyət sahəsində məsul vəzifələrdə çalışıb. Sovet rejiminin çox üzünü görüb. Raykom İdarəçilik sisteminin isti-soyuğundan keçib. Çox sınaqlara məruz qalıb.
Bununla belə, kreslo xatirinə kiminsə qarşısında əyilməyib, sınmayıb, əksinə, gündən-günə öz gücünə olan inamı, el arasındakı nüfuzu birə-beş artıb. Yerli partiya Sovet rəhbərləri bir çox mühüm mədəni-kütləvi tədbirlərin keçirilməsini ona həvalə edib. Neçə-neçə sözlü-söhbətli, musiqili, nəğməli məclislərin mahir təşkilatçısı olub. Vaxtaşırı paytaxtdan əyalətə qonaq gələn böyük sənəd adamlarının, qüdrətli qələm sahiblərinin “qulluğunda durub”, onlardan çox şey görüb götürüb... Heyif ki...
Dağlar marala qaldı,
Gülü sarala qaldı...
Eehh!.. Mayis müəllimin hər qarışına, hər obasına bələd olduğu, at səyirtdiyi başı qarlı, sinəsi lalalı dağlar marala qalsaydı nə vardı ki?! Dərdə-azara bax, lap əzəldən zəndi-zəhləsi getdiyi nankor qonşuya - erməniyə qaldı o dağlar... Beləcə, çox həmyerlisi kimi, o da Bakıya pənah gətirdi. Bir müddət bekar qaldı, heç işləyəsi halı da yoxuydu - Qarabağın qara baxtı, Qubadlının odlara qalanması korun-korun yandırırdı onu “Vəliyev” familiyasından imtina edib, “Yanardağ” soyadını götürməsi də elə o dönəmdə baş verdi. Dağ boyda adam beləcə dərddən-sərdən yana-yana dönüb oldu Yanardağ! Hamının başına gəlməsə də, gördüyü, eşitdiyi həqiqətdir: tərtəmiz dağ havasına, buz kimi çeşmə suyuna adətkar kənd-kəsək adamının hay-küylü şəhər həyatına uyğunlaşması, pis çıxmasın, cəhənnəm əzabı çəkməyə bərabərdi elə. Üstəlik, hey düşünəsən ki, halal zəhmətin, öz əllərinlə tikib ucaltdığın evin-eşiyin sənin deyil artıq. Bu dərdə necə dözəsən, gecə-gündüz qan ağlayan qərib ürəyinə hansı mərhəm sözlər, kəlmələrlə toxtaqlıq verəsən axı?!
Su gəlsə, sel bilərdim,
Meh əssə, yel bilərdim,
Burda bir
oba salsam,
Mən onu el bilərdim.
Beləcə, “dərd əlindən dağa
çıxan” Mayis Yanardağ bu boyda şəhərə
sığa bilməyib, yanında-yörəsindəki yad
adamların soyuq baxışlarından üşənərək
baş götürüb dərdiməndlərin yanına -
öz el oğlularının ta Sovetlərin vaxtından
“özəlləşdirdikləri” Sumqayıta üz tutdu. Burada, ona bir
köynək yaxın olan adamların əhatəsində
yavaş-yavaş qırışığı
açılmağa, üz-gözü gülməyə
başladı.
1995-ci ildə tale Yanardağı Dövlət Teleradio
Verilişləri Şirkətinə gətirib
çıxardı. Qurum rəhbərliyinin ona göstərdiyi
diqqət və qayğı sayəsində bir müddət
“Telefilm”də çalışdı, sonra radionun “Təhsil
proqramları” redaksiyasında işə başladı. Və çox keçmədi ki, özünü geniş
dinləyici auditoriyasına bacarıqlı radio jurnalisti kimi
tanıda bildi. Çiyin-çiyinə
çalışdığı həmkarlarının da
böyük rəğbətini qazandı. Artıq neçə ildir Mayis müəllimin
“doğma divarlar” arasında fəaliyyət sahəsi dəyişib
- o, Teleradionun Xəbərlər redaksiyasında redaktor işləyir.
Qoltuğundan qəzet-jurnal, yol
çantasından kitab-dəftər əskik olmaz. Aqillərimizin sözüdür, “Dolan bulud
boşalacaq”, deyiblər. İlk baxışdan sakit, təmkinli
adam təsiri bağışlayan Mayis
Yanardağın qartalsayağı müşahidə qabiliyyəti,
özünəməxsus təbəssümü, incə yumor
hissi var. Amma yaman əsəbi coşan vaxtları da olur. Onun bu çılğınlığı həddən
ziyadə həssas olmasından, hər hansı hadisəyə
özəl yanaşma tərzindən, böyük vətənpərvərliyindən
irəli gəlir. Tərifdən uzaq, tam səmimiyyətlə
deyim ki, bu kişinin geniş, gözəl qəlbi var, ürəyi
vətən sevgisi ilə döyünür, torpaq nisgiliylə
çırpınır. Milli təəssübkeşlik
hissi Mayis Yanardağın vətəndaşlıq pasportudur.
Bir dəfə də olsa şəxsi problemlərini
dilə gətirməz. Milli soyumuzun taleyüklü məsələlərindən
söz düşəndə isə uşaq kimi kövrələr,
bəzən də dəliqanlı cavanlar kimi əsəblərini
cilovlaya bilməyib dağ çayları kimi coşar,
bütün “bəndi-bərəni” vurub uçurar...
Bir
şakəri də var: hər adama ürək
qızdırmaz, hər adamla könül söhbəti
başlamaz. Yalnız özünə-sözünə
bələd olduğu adamlarla dərdləşər, dostluqda
vəfalı olduğu üçün
giley-güzarını da vəfalı dostlarla
bölüşər. İndiyə kimi xeyli publisistik
kitabı (“Niyə gəldim bu dünyaya...”, “Bir ömürdən
səhifələr”, “Bir daha çeşmələrdən
seçdiklərimiz”, “Bu da axırı”, “İradlarım”, “Mənimlə
həmdəm olanlar” və s.) işıq
üzü görüb. Bu kitablar maraqlı
ömür yolu keçən, dünyanın çox
üzünü görən Mayis Yanardağın bir növ
öz oxucularına ah-naləsi ilə yanaşı, həm də
təlatümlü daxili aləminin bədii
güzgüsüdür.
“Mayis Yanardağ
istedadlı söz sahibi, görkəmli jurnalist, vətəni
addım-addım gəzib, xalqımızın
tanınmış ziyalılarını tapıb onları cəmiyyətimizə
tanıtdıran, həmişə Azərbaycanın mənəvi
problemləri ilə nəfəs alan
ziyalıdır. Mayis Yanardağı yaxşı tanımaq
üçün onunla yol-yoldaşı olub, həmsöhbət
olmaq kifayətdir: “Mən belə soydaşlarımızla fəxr
edirəm”. Bu fikirlər sevimli xalq şairimiz
Söhrab Tahirə məxsusdur. Yəqin mənimlə
razılaşarsınız: Söhrab müəllim kimi
müdrik, bir sıra ölkələrdə tanınan o tay - bu tay Azərbaycanımızın fəxri
söz ustası hər adam barədə belə
danışmaz. Onun şəxsiyyətinə belə
yüksək dəyər verməz.
“Mən uzun illərdir ki, Azərbaycan radiosu ilə,
şəxsən Sizinlə əməkdaşlıq edirəm. Sizi necə
varsınızsa, eləcə də görürəm. Təmənnasız, halal insan, hər kəsə fərdi
yanaşan ziyalı, Allah sizi seçib yaradıbdı. Boylu-buxunlu, əzəmətli, daxilən saf və zəngin.
Sizi hər görəndə heyrətlənirəm.
Ortalığa elə orijinal suallar və məsələlər
qoyursunuz ki, onlara cavab vermək hər adamın işi deyil”.
(Telman ƏLİYEV, Memarlıq və
İnşaat Universitetinin müəllimi, professor).
“Həyatımda çox insanlarla tanış olmuşam. Lakin Mayis
Yanardağ kimisinə rast gəlməmişəm. O,
çox maraqlı olduğu qədər də qeyri-adi
adamdır. Onun fəlsəfi sualları, fikirləri
həmişə məni bir ziyalı, bir insan kimi çox
düşündürür”. (Alış Qasımov,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin
kafedra müdiri, professor).
“Bir filosof kimi, insan problemi məni həmişə düşündürür və bu düşüncələrimin bir hissəsi mənim bir neçə il bundan əvvəl çap etdirdiyim “İnsan haqqında fəlsəfi düşüncələr” kitabında öz ifadəsini tapmışdır. Mən insanın müxtəlif aspektlərinə yaxından tanışam. Mayis müəllimə rast gəldikdən sonra insan haqqında bildiklərimə, düşüncələrimə bir cümlə əlavə etmək istəyirəm: Kaş xalqımızın Mayis müəllim kimi vətənpərvər övladları çox olaydı”. (Əziz MƏMMƏDOV, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının professoru).
SSRİ xalqlarının qeyd etdiyi İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi, 9 May Mayis Yanardağın da ad günüdür. Gəlin birlikdə bu şərəfli ömür yolunda ona haqdan dualar diləyək.
Mirzə YUSİF,
AzTV-nin əməkdaşı.
Respublika.- 2020.- 14 may.- S.5.