Müharibə veteranını xatırlarkən...

 

Böyük Vətən müharibəsi başlananda 10 min nəfərdən çox lənkəranlı cəbhəyə səfərbər olunub. Faşizmə qarşı qanlı döyüşlərdə igidlik, şücaət, qəhrəmanlıq göstərərək böyük qələbənin qazanılmasına misilsiz töhfələr veriblər. Onlardan 7 min nəfəri müharibədə həyatlarını itirib. Üç min nəfər isə müxtəlif dərəcədə xəsarət alaraq sinəsi ordenmedallarla Vətənə qayıdıb.

 

 

 

Haqqında söhbət açacağımız Kazım Kazımov gəncliyinin ən qaynar dövrünü, sağlamlığını azğın düşmənlə ölüm-dirim savaşına sərf edib. O, 1914-cü ildə Lənkəran şəhərində dünyaya göz açıb. Atası Rəhim kişi gəmiçiliklə məşğul olub. Kazım uşaqlıqdan hərbçi olmağı qərara almışdı. Zaqafqaziya Hərbi Komandirlər Məktəbini bitirib İranla sərhəddə zastava rəisi işləmişdi. İkinci Dünya müharibəsi başlayanda bacarıqlı, təcrübəli zabit kimi Finlandiya müharibəsinə göndərildi. Döyüşlərdə mərdliyi, cəsarəti, igidliyi ilə fərqləndi.

 

1941-ci ilin iyun ayında faşist ordusu keçmiş SSRİ-yə qəfil hücum edəndə Kazım da silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Sovet ordusu birləşmələrinin tərkibində İranda təlimlərdə iştirak etdi. Burada görkəmli ictimaisiyasi xadim, xalq şairi Süleyman Rüstəmlə yaxından tanış oldu.

 

Sonra döyüş yolu ən qaynar nöqtələrdən keçdi. Artilleriya polkunun tərkibində Leninqradın müdafiəsində, Kerç uğrunda döyüşlərdə, Krımın azad edilməsində rəşadətlə döyüşdü, şücaət göstərdi. Dəfələrlə düşmənin canlı qüvvəsini əsir götürüb xidmət etdiyi hərbi hissəyə təhvil verdi. Xidmətləri I dərəcəli “Vətən müharibəsi” ordeninə, çoxlu medallara, digər təltiflərə layiq görüldü.

 

Döyüşlərin birində ağır yaralandı. Kəllə sümüyünün sol hissəsi ağır formada zədələnmişdi. Çoxlu qan itirdiyindən həyatla ölüm arasında mübarizə aparmalı oldu. Qızı Lalə Səmədzadə bu döyüş barədə atasından eşitdiyini bizə danışdı: “Həmin gün faşistlərlə çox ağır döyüşlər gedirdi. Göydən bombalar yağış kimi yağırdı. Əsgərlər yerə uzanmışdılar. Bombanın səsindən onun partlayıb, yaxud partlamayacağını artıq hiss edirdik. Bir neçəsi ətrafımıza düşdü. Birdən dəhşətli partlayışdan yer titrədi. Sonra heç nəyi xatırlamadım. Başımda dəhşətli ağrılar vardı. Gözümü açanda iki qızın məni harasa sürükləyib apardığını gördüm. Yenidən huşumu itirdim”.

 

Kazımı yaralılarla birlikdə vaqona mindirib hərbi xəstəxanaya aparıblar. Hava çox soyuq olduğundan başını palto ilə bükür. Onu hərəkətsiz vəziyyətdə görüb öldüyünü zənn edirlər. Tibb bacısı paltonu başından çəkəndə gözlərini açır. Həkimlərin gərgin səyi nəticəsində kəllə sümüyünün bir hissəsini itirsə də, sağ qalır.

 

Ordudan tərxis edilərək doğma Lənkərana qayıdır. Arxa cəbhədə çalışır, müharibənin ağır dövründə ordu üçün yardımlar təşkil edir. Lənkəran şəhərinin poçt şöbəsində, Liman şəhərindəki çörək zavodunda müxtəlif vəzifələrdə işləyir. Sonra taleyini gənc nəslin təlim-tərbiyəsinə həsr edir. Lənkəran sovxoz texnikumunda, şəhər internat məktəbində hərbi rəhbər kimi fəaliyyət göstərir. Lənkəranın ictimai-siyasi həyatında yaxından iştirak edir, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə layiqli töhfələr verir.

 

Kazım Kazımov müharibəyə yola düşəndə könül verdiyi, əhdi-peyman bağladığı Xanımbacı xanımla ailə qurub. Üç oğlan, altı qız böyüdüb ərsəyə çatdırıblar. Övladlarına ali təhsil verib həyata hazırlayıblar. Xədicə fizika-riyaziyyat müəllimi, Sitarə tibb işçisi, Zeynəb rəssam, Lalə və Xalisə ingilis dili müəllimi, Rəhim, Hüseyn, Abidin mühəndis, Mailə psixoloq ixtisasına yiyələnib.

 

Oğlu Abidin və qızı Sitarə ataları barədə sonsuz məhəbbətlə söhbət açırlar. Düzlüyü, obyektivliyi sevdiyini, çox əliaçıq, səxavətli, xeyirxah bir insan olduğunu, köməyə ehtiyacı olanlara həmişə əl tutduğunu deyirlər. Ciddi, tələbkar, səbirli, təmkinli olduğunu, bəzən iti bir baxışla nə demək istədiyini dərhal anladıqlarını söyləyirlər.

 

Mənalı, keşməkeşli ömür sürmüş Kazım Kazımov 90 yaşında dünyasını dəyişib. Övladları, nəvə-nəticələri onun qoyduğu ailə ənənələrini ləyaqətlə davam etdirirlər. Bu gün baba ocağında onun adını fəxarətlə daşıyan nəvəsi Kazım Kazımlı yaşayır. Nəvələrin xoş soraqları respublikamızdan çox-çox uzaqlardan, Amerikadan, İngiltərədən gəlir.

 

Nəvəsi Rəşad Səmədzadə haqqında Amerika mətbuatında dərc olunmuş bir yazıda deyilir: “Ot kökü üstə bitər”. Bəli, təmiz, saf, halal, mərdanə ömür yaşamış, həyatını el-obanın, Vətənin inkişafına, çiçəklənməsinə həsr etmiş belə bir insanla, vətənpərvər, əsl şəxsiyyətlə fəxr etməyə, qürur hissi yaşamağa dəyər.

 

Respublika.- 2020.- 16 may.- S.6.