“BAŞLANĞIC” siyasətinin məntiqi

 

Keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda qazanılmış çoxşaxəli uğurların əsasında “Azərbaycan SSR - SSR İttifaqı” arasında münasibətlərdə tarazlığın qorunması və sovetin potensialından respublikanın mənafeyi üçün bəhrələnmək fəlsəfəsi ilə bağlı olmuşdur. “AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ İTİRMİŞDİ, LAKİN DÖVLƏTÇİLİYİNİ İTİRMƏMİŞDİ” düşüncəsi müdrik və səbirli dövlət idarəçiliyinin konsepsiyası idi. Respublikada hərtərəfli keyfiyyət və kəmiyyət dəyişikliyinin həyata keçirilməsi, erməni irredentizminə qarşı xüsusi məharətlə düşünülmüş cəsarətli əks-zərbələrin endirilməsi, sovet ideologiyası ilə paralel sovet azərbaycançılığı ideologiyasının realizəsi Azərbaycan dövlətçiliyi tarixində yeni tipli dövlətlərarası münasibətlər formatını müəyyənləşdirmişdi. Hədəf Vətən Azərbaycanın mənafeyini layiqincə qorumaq və gücləndirmək idi.

 

 

 

Yeni Azərbaycan dövlətçiliyi ideyasının tərkibində sovet dövrünün öz yeri var. XX əsrin 20-ci illərindən başlayaraq 90-cı illərin əvvəllərinədək davam edən həmin dövrdən bəhs edərkən “Müttəfiq respublika - İttifaq dövləti” münasibətlərinə diqqət yetirmək mühüm şərtdir. Belə bir metodoloji yanaşma Sovet Azərbaycanına başçılıq etmiş partiya rəhbərlərinin fəaliyyətinə də bu məntiqlə diqqət yetirməyi düstur əhəmiyyətinə çevirmişdir. Bu kontekstdə, xüsusilə də dövrün ekstremal mərhələlərində (bu bir neçə dəfə olmuşdur) baş verənlərə qiymət vermək müqayisəli analiz deyil, dövrün reallıqları müstəvisində ictimai-siyasi münasibətlərin cövhərini və buna uyğun olaraq “MƏRKƏZ - REGİON” arasındakı tabeçilik həddinin forma və məzmununu müəyyənləşdirmək, onun verdiyi imkanlar üzərindən yanaşmaq daha  zəruridir.

 

Bəhs olunan mərhələdə Azərbaycan SSR-ə rəhbərlik etmiş şəxslərin (onlardan beş nəfər başqa xalqın nümayəndəsi olmuşdur - E.C.), xüsusilə də azərbaycanlıların fəaliyyətindən məlum olur ki, onların partiya-sovet orqanlarında, sosializm quruculuğu sahəsində, Sovet İttifaqı vətəninin ümumi mənafeyinə xidmətçilikləri Mərkəzlə münasibətlərin sovet ictimai-siyasi reallıqlarından kənar kontekstdə dəyərləndirildiyindən, barələrindəki yekun qərarlar şəxsi avtobioqrafiyalarında çox ciddi zədələr yaratmışdır. Bu, aşağıdakı şərtlər sistemində özünü ifadə etdiyini bildirmək mümkündür:

 

1. “Müttəfiq respublika - İttifaq dövləti” münasibətlərini tənzimləyən qanunvericilik bazasına mütləq inancandan sədaqət;

 

2. Mənsub olduqları siyasi partiyanın kollektivçilik, beynəlmiləlçilik  və mərkəziyyət tələblərinə qeyd-şərtsiz yanaşmaq;

 

3. Sovet dövlətinin “Şərq siyasəti”ndə Azərbaycan SSR-nin yerirolu məsələsinə nümunəvi milli fəhlə-kəndli sinfi hesabına qısa müddətdə yeni tipli milli elita formalaşdırıb, milli siyasi-inzibati ərazini genişləndirmək təsəvvürünə hərfi inam;

 

4. Hakim mərkəzi partiya daxilində ixtilafların kəskinləşdiyi, təqib və böhtanların real fəaliyyət formasına çevrildiyi, sosializm quruculuğu prosesində baş qaldıran daxili siyasi intriqaların amansızlaşdığı dönəmlərdə siyasi mövqe seçimində yanılmaq;

 

5. Etnik mənsubiyyətini (daxildə, həm də dini mənsubiyyətini) unutmayaraq, “iki ziyandan az ziyanlı olana meyillənərək” tarixi Vətənin müəyyən maraqlarına cavab verən bəzi addımlar atarkən: ixtisaslı milli kadrların hazırlanması, yerli rəhbərliyə kadr seçimində və ana dilinin statusunun qorunmasında siyasi təəssübkeşliyə səmimiyyət göstərmək, milli-mənəvi adət-ənənələrə Azərbaycan reallıqlarını nəzərə almaqla yanaşmağı tövsiyə etmək və digər lokal koloritli ictimai-siyasi düşüncələrin partiyalılıq və sinfi mövqedən dəyərləndirilməsi təhlükəsini öncədən görməmək.

 

Bütün bunların kökü keçən əsrin 20-ci illərində sovet siyasi mühitində yuvalanmış “Azərbaycanda müsəlmanlar (azərbaycanlılar - E.C.) arasında əsl, davamlı kommunistlər yoxdur, azərbaycanlılar qatı millətçi, etibarsız xalqdır”, - qənaətinə qarşı humanitar üsullarla müqavimət göstərmək fikrini formalaşdırmışdır. Belə bir ictimai-siyasi mövqe Azərbaycan SSR-də səlahiyyətli vəzifələrə qeyri-azərbaycanlıların (erməni mənşəlilər xüsusilə çoxluq təşkil edirdi) təyin edilməsinin obyektiv zərurət olduğunun göstəricisi kimi vurğulanır, icra edilir, beləliklə də, azərbaycanlı olmayanların etnik-dini qisasçılığına fürsət verilir, respublikada milli elitanı zəiflədib, onun yeni sovet nəslinin formalaşdırılması prosesini ləngidərək, millətin təfəkkür tərzinin geridə qalmasına nail olunur, digər tərəfdən azərbaycanlıların sosial ehtiyaclarını təmin etməmək üsulu ilə əhalini total şəkildə ehtiyac içində boğurdular. Bu siyasətin başlanğıc dövrü ilə, nə qədər ki sağ idi, Nəriman Nərimanov qətiyyətli mübarizə aparmış, azərbaycanlı yerli kommunistlər barədə səhv fikir yaradanları “pərişan kommunist”, “tənqidi düşüncə tərzinə malik olmayan partiya işçisi” adlandırmışdır. Onun 1922-ci ilin martında Azərbaycan SSR-nin RSFSR-də Daimi nümayəndəsi Şirvaniyə ünvanladığı məktub bu cəhətdən xarakterikdir. N.Nərimanov qeyd edirdi ki, Azərbaycanda kommunistlər Mavrin kimilərin dediyi kimi, “etibarsız və millətçi olsaydılar” Ermənistan Zəngəzuru bizdən ala bilməzdi, Gürcüstan isə nefti bizdən havayı qazanmazdı. Azərbaycan və azərbaycanlılar haqqında belə bir ümumi xarakteristika verməklə, ali orqanda yerli əməkdaşlar haqqında etibarsızlıq fikri yaradılır, onun sıralarını dağıdır, bir-birinə qarşı iftiraçılıq genişləndirilirdi. SSRİ-də sosializm quruculuğu və metodları qanlı mübarizə forması aldığı bir vaxtda isə belə mövqe hər iki tərəf, xüsusilə də Azərbaycan SSR üçün çox riskli idi. Və sosializm quruculuğunun sonrakı illəri bunun ağır nəticələrini repressiya, deportasiya, siyasi təmizlik və s. formalarda özünü göstərmişdir.

 

Sovet hakimiyyətinin ilk illərində siyasi dövriyyəyə atılmış “Bakısız Azərbaycan” iddiaları sovet hakimiyyətinin real simasını dərk edib xəyal qırıqlığına uğradıqlarını dərk edən Nəriman Nərimanov kimi yerli vətənpərvər qüvvələrin ittifaqdan çıxmaq təhlükəsi qarşılığında Abşeron neftini Bakı coğrafiyası adı altında Azərbaycandan qoparmaq riyakarlığını güdürdü.  Geniş mənada isə Azərbaycanda milli təəssübkeşliyi qırmaq, siyasi cəhətdən riskli mövqeləri cəzalandırmaq üçün siyasi hazırlıqlara başlamaq idi. Çünki Azərbaycan SSR-də prinsipial məsələlərin həllində respublikanın maraqlarının nəzərə alınmaması ictimai-siyasi mühitdə kəskin məyusluqlar yaratmağa başlamışdı. Azərbaycanda ittifaqdan çıxmaq əhvali-ruhiyyəsi genişlənirdi. Buna görə də yerli erməni mənşəli rəhbər kadrların canfəşanlığı ilə Bakı KP Komitəsi, AK(B)P MK və Azərbaycan İnqilab Komitəsi arasında siyasi intriqa yaradılaraq, Azərbaycan tərəfinin ittifaqdan çıxmaq hədələrinə qarşı riyakar variant kimi düşünülmüş müxalif cəbhə formalaşdırılırdı. “Bakısız Azərbaycan” iddiaları vəziyyətin ciddiləşdiyi məqamda “Sovet sistemindən  çıxmaq istəyirsinizsə, çıxın, ancaq Bakısız”, -  fikrinin ictimai-siyasi potensialına xidmət göstərirdi. Əsas vəzifə ən son məqamda nefti Azərbaycandan qoparmaq üçün siyasi müstəvi hazırlamaq idi. Bu işdə Bakı KP Komitəsində yuvalanmış erməni əsilli kommunistlər və A.Mikoyan başda olmaqla mərkəzdəki erməniçi havadarlar xüsusi fəallıq göstərirdi [həmin dövrdə N.Nərimanovun V.Leninə ünvanladığı bir məktubdan sətirlər: “Dəhşətli vəziyyət yaranmışdır: Mərkəz, Gürcüstanın və Ermənistanın istiqlaliyyətini tanımışdır, Azərbaycanın müstəqilliyini tanımışdır, ancaq bununla yanaşı, mərkəz, qeyd-şərtsiz Azərbaycanın olan əraziləri Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana güzəşt edilsəydi, ictimai rəylə birtəhər mübarizə aparmaq olardı, ancaq Ermənistana, daşnaklara vermək - bu, düzəldilməsi mümkün olmayan fəlakətli səhvdir. Əziz Vladimir İliç, məgər “müstəqil Azərbaycan” sözünü deyən Siz deyildiniz?.. İndi vəziyyət belə şəkil almışdır: həmişə Denikini (rus-çar generalı, bolşeviklərin, sosialist inqilabının düşməni. - E.C.) müdafiə edən Ermənistan müstəqillik, üstəlik də  Azərbaycanın ərazisini almışdır. Bu günədək ikili oyun oynayan Gürcüstan, müstəqillik almışdır. Sovet Rusiyasının ağuşuna bu üç respublikadan birinci atılan Azərbaycan həm ərazisini, həm də müstəqilliyini itirir. ... Mən qətiyyətlə bəyan edirəm: əgər Siz bizim qənaətlərimizə diqqət yetirməsəniz, biz Mərkəz qarşısında geri çağırılmamız barədə məsələ qaldıracağıq (fərqləndirmə mənimdir. - E.C.). O zaman tarixən dolaşıq salınmış milli məsələləri bu cür asanlıqla həll edənlər (İ.Stalinə işarədir. - E.C.) buraya gəlsinlər. Biz onda biləcəyik: Şərqə doğru, məzmunsuz hayqırışımızın əhəmiyyətini. bütün bunların günahı kimdədir? 1) Mərkəzin məlumatsızlığında və 2) Mərkəzdə oturuşmuş erməni-daşnak-kommunistlərin iyrənc işində. Mən Sizin diqqətinizi buna istiqamətləndirirəm. Əgər qısa müddətdə Mərkəz daşnak-kommunistlərin bütün alçaqlıqlarına son vermək istəməsə, bütün müsəlman şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizi ciddi xəbərdar edirəm və xahiş edirəm bu məsələyə ciddiyyətlə yanaşasınız ...”].

 

İ.Stalinonun Azərbaycandakı havadarları isə “opportunizm”, “sağ”, “sol” təmayülçülər terminlərinin arxasında gizlənərək, siyasi mühiti daha da bulandırır, əsas diqqəti azərbaycanlıların sosial ehtiyaclarının həllindən yayındırır, beləliklə, “mərkəz və region” arasında subyektiv münasibətlər yaradılırdı.

 

Yerli kadrların “qırmızı terroryolu ilə aradan götürərək, milli kadrları KP xətti ilə ləkələyərək xalqın ümumi maraqlarını müdafiə edə biləcək elitanın zəiflədilməsi siyasəti aparılırdı. Yerlərdə hakimiyyətə qarşı üsyanların baş verməsinin, ümumiyyətlə, “qara terrorun sosial-siyasi bazasının qarşısının alınması iddiası ilə siyasi “təmizlik” aparmaq yeni tipli terrorun həm Xeyir, həm Şər cəbhəsində olması üsulu kimi özünü ifadə edirdi; ölkənin kollektivləşdirilməsi, elektrikləşdirilməsi və sənayeləşdirilməsi mərhələsində də bunun davamı gündəmdə idi. Beləliklə, sosializm quruculuğu aparatında çox keçməmişdir ki, daxili siyasət üzrə bürokratik inzibati-amirlik sistemi formalaşmış, xarici siyasətdə isə kollektiv təhlükəsizlik probleminin qarşısını almaq vəzifəsi aktuallaşmışdı. Hər iki sahə Azərbaycan SSR-ə xüsusi yanaşma tələb edirdi:

 

1. Respublikada aqrar sektoru ona yad üsullarla kollektivləşdirərək genişləndirməklə xalqı total şəkildə istismar etmək, passiv sosial qrup halında saxlamaq, buna qarşı etiraz səsi çıxaranları fiziki cəhətdən yox etmək;

 

2. Azərbaycan neftinin potensialı və neft sənayesinin durumu mövqeyindən sovet neftinin beynəlxalq təhlükəsizlik sistemində həyati əhəmiyyətini qabartmaqla SSRİ-yə toxunulmazlığı, onun daxili işlərinə qarışmamağı zəruriləşdirmək, ölkənin elektrikləşdirilməsi və sənayeləşdirilməsi siyasətinə müasir texniki avadanlıqlar və maliyyə dəstəyi verməklə xüsusi kapitalı artırmaq imkanından tam faydalanmaq fürsəti naminə onunla əməkdaşlığı daha da inkişaf etdirmək.

 

Antifaşist koalisiyasının yaranması və fəaliyyəti, II DM-də qələbə iki dünya sisteminin: Dünya Sosializm SistemiDünya Kapitalizm Sisteminin formalaşmasına və “soyuq müharibə”yə gətirib çıxarmışdır. İ.Stalinin şəxsiyyətə pərəstiş siyasətinin tənqidindən sonra isə sovet sistemində müəyyən “istiləşmə”nin nəzərə çarpmağa başlaması ictimai-siyasi manevr taktikası olaraq tarixdə qalmışdır. Belə bir ağır ictimai-siyasi ekstremal həyatın içində olan Sovet Azərbaycanının keçmiş rəhbərləri “Müttəfiq respublika - İttifaq dövləti” münasibətlərinin təcrübədə ifadəsində öz mövqelərini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşdıqlarından, çox zaman siyasi sapıntıya  yuvarlanmışlar. Bu səbəbdən də onların istehsalat taleyində ciddi problemlər baş vermişbu problemlər dolayısı ilə xalqın və respublikanın ümumi taleyinə təsirsiz qalmamışdır:  “Mərkəz və Azərbaycan” münasibətində sosial-siyasi çatların sayı artmış, Ümumittifaqregional əhəmiyyətli məsələlərin həllində, quruculuq işlərində öncə digər respublikalara üstünlük verilmişdir. Səbəb SSR İttifaqı daxilində respublikada özünüidarə həddinin optimal variantını müəyyənləşdirməkdə çətinliklər olmasından irəli gəlirdi. Münasibətlərə ziddiyyətli məntiqlə yanaşılırdı: gah Moskvadan tam asılılıq üzərində qurularaq xalqın məhəbbətindən uzaq düşülür, tarixi vətənin mənafeyini qorumaq işi yadların ümidinə buraxılır, gah da milli düşüncələrlə hərəkət etməklə millətçilikdə, siyasi gerilikdə, partiyanın milli siyasətini düzgün dərk etməməkdə günahlandırılaraq ən yaxşı halda siyasi rəhbərlikdən uzaqlaşdırılır, çox vaxt isə fiziki cəhətdən məhv edilirdilər.

 

Sovet qanunlarının humanizm, demokratiya, beynəlmiləlçilik, ictimai mülkiyyətin qorunması, kommunizm arzuları barədəki tələbləri, inqilabi ruh yüksəkliyinə münasibət, onların yozumu və təcrübədə tətbiqi real həyatda respublika rəhbərləri üçün ittifaq rəhbərliyinin əlində domokl qılıncı idi. “SSR İttifaqının tərkibində bərabər hüquqlu respublika” fəlsəfəsi “şirin qoğal və qamçı” aforizminin məntiqinə bağlı idi; bu məntiq sovet dövlət idarəçiliyinin qanunvericilik bazasının əsasını təşkil etsə də, real olaraq yeni tipli müstəmləkəçilik siyasətinin daşıyıcısı, qoruyucusu funksiyalarına dəstək verirdi.

 

Sovet dövlətinin konseptual zəif nöqtəsi də var idi: sovet xalqları arasında etnik-dini münasibətlər. SSRİ-nin daxilixarici düşmənləri isə bu amildən çoxmillətli dövlətdəki etnopsixologiyasiyasi psixologiya müstəvisindən faydalanırdılar. Azərbaycan SSR-ə qarşı inzibati-ərazi və iqtisadi maraqlar kimi əlahiddə iddialardan əl çəkməyən düşmən qüvvələr öz planlarının icrası istiqamətində sosializm quruculuğunun “beynəlmiləlçilik və ateizm” pərdəsinə bürünərək, yerli kadrların tarixi Vətənin maraqlarına cavab verən bəzi addımlarını antisovet mövqedən şeytanlayaraq respublikada bolşevikcəsinə siyasi “təmizlik” aparılmasında xüsusi sayıqlıq və məharət nümayiş etdirirdilər. Sovet dövlətinin ilk illərində bu siyasət beynəlxalq erməniliyin “spesifizm”, II DM-dən sonra isə “vahid axın” mürtəce cərəyanlarının bazasında realizə olunmuşdur.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Elçin CABBAROV,

filologiya elmləri namizədi.

 

Respublika.- 2020.- 16 may.- S.6.