Qəhrəmanlıq tarixə
yazılır
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Dağlıq Qarabağ ümumilikdə götürüləndə Qarabağın bir hissəsidir. 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kvadratkilometr ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağa XVIII əsrdən başlayaraq dünyanın müxtəlif yerlərindən bu ərazilərə köçürülən separatçı ermənilərin torpaqlarımıza yiyələnmək iddiası o dövrlərdən başlamışdır. Əsrlər boyu öz məkrli niyyətlərinə çatmağa çalışan erməni daşnakları özlərinin xarici ölkələrdəki böyük lobbilərinin dəstəyi ilə 1988-ci ildə Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi. Beləliklə, öz xarici havadarlarının dəstəyi ilə başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub və onun nəticələri milyonlarla insanımızın taleyinə ciddi təsir göstərib.
Ermənistanın ölkəmizə hərbi təcavüzü, o vaxtlar dövlət institutunun iflis olması, respublikamızda baş verən hərc-mərclik, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran Azərbaycanı faktiki olaraq “olum” və ya “ölüm” seçimi qarşısında qoymuşdu. Belə bir vəziyyətdə xalqımızın mərd oğulları Vətənin, torpaqlarımızın müdafiəsinə qalxdılar. Həmin illərdə Azərbaycandan kənarda yaşayıb işləyən, təhsil alan soydaşalrımız da Vətənin dar günündə ölkəmizə döndülər və könüllü olaraq ön cəbhəyə, erməni qəsbkarları ilə müharibəyə yollandılar, Azərbaycan polisi vətən uğrunda mübarizəyə qalxanların ön sırasında idilər. Belə Vətən oğullarından biri də II qrup Vətən müharibəsi əlili, Səbail rayonu Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis əməkdaşı Fəqan Nəsibovdur. Biz, Azərbaycan torpaqlarının azadlığı uğrunda şücaətlər göstərmiş Fəqan Nəsibovla görüşüb, özü və keçdiyi həyat yolu barədə məlumat verməsini xahiş etdik:
— Əvvəlcə onu deyim ki, 1968-ci ildə Qazax rayonunda anadan olmuşam. 1986-cı ildə Rusiya Federasiyasının Kamçatka vilayətində hərbi xidmətdə olmuş, 1988-ci ildə hərbi xidmətimi başa vurmuşam. 1989-cu ildə Kalininqrad Ali Milis məktəbinə qəbul olunaraq təhsil almışam. Lakin 1990-cı ildə erməni silahlı birləşmələrinin torpaq iddiası məqsədilə ölkəmizə hücumuna biganə qalmayıb torpaqlarımızın müdafiəsində iştirak etmək üçün təhsil aldığım milis məktəbinin rəhbərliyinə Vətənimizə qayıtmaq istəyimi bildirdim. Çünki Azərbaycanımızın belə bir ağır zamanında kənarda seyrçi qala bilməzdim. Nəhayət, 1990-cı ildə mən Qazax Rayon Milis Şöbəsinə gəldim və 11.08.1990-cı ildən həmin şöbədə xidmətə başladım. Bir neçə vaxt təlim keçdikdən sonra, rayonun Ermənistanla həmsərhəd kəndlərini və dinc əhalimizi ermənilərin silahlı hücumundan qorunmaq üçün ezam edildim. Təxminən 1990-cı ilin 20 avqust tarixində artıq Qazax Rayon Milis Şöbəsi tərəfindən dislokasiya üzrə xidmətə başladıq. Xidmətimin birinci gününü rayonumuzun Quşçu-Ayrım kəndində etdim. İlk öncə düşmənin hər an hücum edə biləcəyi müvafiq yerləri müəyyən etdim. Avqust ayının 24-də Ermənistanla həmsərhəd Yuxarı Əskipara kəndinə xidmətə yollandıq. Bir gün sonra erməni silahlı birləşmələrinin kəndimizə qəfil hücumunu dəf etdik və döyüşlərdə bir neçə erməni silahlılarını məhv etdik. Ancaq onu da qeyd edim ki, erməni silahlı birləşmələri 1991-ci ildə daha çox canlı qüvvə və ağır texnikalarla hücumlar edirdilər. Çünki bu döyüş əməliyyatlarında onlarla bərabər, ermənipərəst dövlətlərdən gəlmiş muzdlu döyüşçülər də çox idi.
Vurğulayım ki, ən ağır döyüşlərdən biri 1991-ci ildə rayonumuzun Qızıl-Hacılı kəndində başladı. May ayının 24-25 tarixlərində düşmən çoxsaylı canlı qüvvəsi və ağır zirehli texnikası ilə kəndə hücum etdi. Həmin gün səngərdə mənimlə birlikdə silahdaşım Ələddin Vəliyev idi. Düşmən canlı qüvvəsi və bir neçə zirehli texnikası ilə bizim durduğumuz mövqeyə yaxınlaşırdı. Biz döyüş mövqeyimizdə möhkəm dayanaraq düşməni çox yaxın məsafəyə buraxdıq və atəş açmağa başladıq. Qəfil atəşimizdən məhv edilmiş əsgərlərini görüb özlərini itirdilər, qorxuya düşdülər. Sonra mən düşmənin arxa sağ cinahına keçdim və qranatamyot mərmisi ilə BRDM-i susdurdum. Zirehli texnikanın içərisində olan ekipaj üzvləri çıxmağa cəhd etsələr də, onların hamsını məhv etdim. İyun ayında Quşçu-Ayrım kəndinin müdafiəsi zamanı düşmən hücumlarının qarşısı tərəfimizdən qətiyyətlə alındı və həmin döyüşdə düşmənin 5-dən artıq canlı qüvvəsi öldürüldü. Bundan başqa, Qazax rayonunun (1991-ci il 19 iyun) Balxudarlı kəndinin müdafiəsi zamanı da düşmənə ağır zərbələr vurduq.
1991-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndinə erməni torpaqlarından keçib getməli, həmin kəndə gedib, orada olan yaşlı insanları, azyaşlıları kənddən təhlükəsiz yerlərə köçürməli idik. Düşmənin silahlı hücumu 8 saatdan artıq davam etdi. Hiyləgər düşmənin məhv edilməsi üçün strateji döyüş mövqelərini tutduq. Həmin döyüşdə Yuxarı Əskipara ilə həmsərhəd erməni kəndlərinə və erməni silahlılarına rəhbərlik edən Şaşik adlı ermənini şəxsən mən məhv etdim. Erməni silahlılarının rayonumuzun Bağanis-Ayrım kəndinə hücum edərək, kəndin dinc sakini Dədəş adlı kişinin 4 nəfər ailə üzvlərini və həmin kəndin daha 3 sakinini diri-diri yandırmaları məni düşmənə qarşı daha amansız olmağa vadar etdi. 16 sentyabr 1991-ci ildə saat 15-16 radələrində Qazax rayonunun Bala Cəfərli kəndində xidməti vəzifəmizi yerinə yetirərkən düşmənin ardı-arası kəsilmədən atdığı xırda çaplı avtomat silahlarının atəşinə məhəl qoymurduq. Həmin gün mənimlə xidmətdə olan Həsənov Mirzalı ilə birlikdə kəndin sol cinahında olan əraziyə qalxdıq. Mən döyüş helikopterinin 2-ci dairəsində helikopterə snaryadla atəş açdım. Helikopter havada uçuş mövqeyini itirərək yerə enməyə çalışsa da eniş edə bilmədi, yerə düşərək partladı. Bundan qorxuya düşən 2-ci helikopter istiqamətini dəyişərək eniş etdi.
Həmin dövrdə, yəni 1991-ci il 5 noyabrında Qazax rayonunun Xeyirimli, Quşçu-Ayrım və Yuxarı Əskipara kəndləri uğrunda gedən döyüşlərdə Alıyev Niftalı və Mikayılov Azadla birlikdə kəndin giriş istiqamətindəki təpəcikdə mövqe tutduq. Zirehli texnikanı vurmaq üçün yaxın məsafədən atəş açdım və texnika sıradan çıxdı. Bu an mənimlə döyüşdə olan yoldaşım Azad Mikayılov döyüş mövqeyini dəyişərək məndən 6-7 metr məsafə aşağı endi. Həmin an onun cansız bədənini gördüm, o, şəhid oldu. Onun meyitini düşmənin aparmasına imkan vermədən çox çətinliklə döyüş mövqeyindən çıxarıb uzaqlaşdırdım və xidməti milis maşını ilə rayon xəstəxanasına göndərib yenidən öz döyüş mövqeyimə qayıtdım. Ondan bir saat sonra özüm də ağır yaralandım və müalicə aldıqdan sonra ön cəbhəyə qayıtdım. 7 yanvar 1992-ci ildə Qazax rayonunun Qızıl-Hacılı kəndinin bir hissəsini ermənilər işğal etdi və biz kənddən çıxmağa məcbur olduq. Təxminən 2-3 saatdan sonra mövqelərimizi bərkidərək ağır döyüşdən sonra kəndi işğaldan azad etdik. Bu döyüşdə düşmən böyük itkilər verdi. Heç zaman yaddan çıxmayan ağır döyüşlərdən biri də Quşçu-Ayrım uğrunda gedən vuruş idi. Həmin döyüşdə də Rayon Milis Şöbəsinin əməkdaşı Möhsün Cəfərovun, Mərdənin və özünümüdafiə kənd sakinləri Çingiz, Əlövsət və digər qəhrəmanlarla düşməni məğlub etdik. Onu da qeyd edim ki, sərhəd rayonlarının müdafiəsində, döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən Qazax Rayon Milli rotasının əməkdaşı Məmməd Alıyevin də xidmətləri əvəzsizdir.
1992-ci ilin noyabr ayının əvvəllərində xidməti vəzifəmizi yerinə yetirmək və ərazi bütövlüyümüzü qorumaq üçün Yuxarı Əskipara kəndinə ezam olunduq. Həmin əraziyə erməni silahlı birləşmələri nəzarət edirdilər. Onlar bizi mühasirəyə alıb, tərk-silah etməyi planlaşdırdılar. Lakin Qazax Rayon Milis Şöbəsi rotasının tağım komandiri kapitan Qayıb Cibişovun gördüyü tədbirlər nəticəsində düşmənlə 5 saatlıq atışmadan sonra mühasirədən çıxa bildik.
Onu da qeyd etmək lazımdır ki, torpaqlarımızı erməni tapdağından azad olunması istiqamətində aparılan döyüşlərdə Fəqan Nəsibovun göstərdiyi şücaətlərdən danışarkən onun silahdaşları qeyd edir: Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Cəfərov Mövsüm vurğulayır ki, erməni silahlı birləşmələrinin Quşçu-Ayrım kəndinə silahlı hücumu zamanı mənimlə eyni bölükdə xidmət edən Fəqan Nəsibov tərəfindən düşmənin canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsinin sabiq polis əməkdaşı olaraq şahidiyəm. (29.10.2018). Qazax RPŞ-nin əməkdaşı Mirzali Həsənovun qeydlərindən: Fəqan Nəsibovla Qızılhacılı uğrunda gedən müharibədə bir yerdə xidmət edirdik. Düşmənlə üzbəüz olduğumuz ərazidəki döyüşlərdə zirehli texnikanın vurulması və canlı qüvvənin məhv edilməsində onun xüsusi xidmətləri olmuşdur. Fəqan Nəsibov düzgün atəş mövqeyi tutaraq qranatamyot silahı ilə vuraraq helikopteri yerə salıb partlatmışdır. Bundan başqa, onunla Qazax rayonundakı 825 saylı hərbi hissədə xidmət edən Aslan Məmmədov, Qazax RPŞ-nin əməkdaşı Niftalı Əliyev, Ələddin Vəliyev, İsgəndər Nəsibov və digərləri Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Fəqan Nəsibovun göstərdiyi cəsarət və rəşadətindən faktlar əsasında söhbət açırlar, onun göstərdiyi qəhrəmanlıqları təsdiqləyirlər. Bundan əlavə, rəsmi orqanlar tərəfindən verilmiş arayış və sənədlərdə də onun göstərdikləri qəhrəmanlıqlar öz təsdiqini tapır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu günə kimi bir çox rəsmi strukturlara müraciət etsə də, Fəqan Nəsibova hələ layiq olduğu ad verilməyib. Biz də ümidvarıq ki, torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə göstərdiyi şücaətlərə lazımi qiymət veriləcək, haqq-ədalət öz yerini tapacaqdır.
Bütün Azərbaycan xalqı inanır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri düzgün məqsədyönlü siyasət sayəsində ölkəmiz daha da güclənəcək, qarşıya qoyulan bütün məqsədlərə çatacağıq. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olacaq, əzəli Azərbaycan torpaqları düşməndən azad olacaqdır. O gün çox da uzaqda deyil.
Əli SADIQOV
Respublika.- 2020.- 16 may.- S.7.