Ulu öndər Heydər
Əliyevi xatırlayarkən...
Hər bir xalqın tarixində böyük dahilər yaşayır və silinməz yaddaşlarda qalır. Belə bir qismət Azərbaycan xalqının taleyinə Heydər Əliyev kimi ölməz, tarixlərdə qalan şəxsiyyət nəsib etmişdir.
ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ədəbiyyata dövlət qayğısının gücləndirilməsi nəticəsində ədəbi həyat normallaşmağa başlamışdır.
Xalq tərəfindən müstəqil Azərbaycanın baş memarı kimi qiymətləndirilən Heydər Əliyev bütün sahələrə olduğu kimi, ədəbiyyatın mövcud çətin vəziyyətində də bu sahəyə xüsusi diqqət yetirmişdir.
Uzaqgörən dövlət xadimi siyasi hakimiyyətə qayıdışından sonra ilk görüşünü 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasında ölkə ziyalıları ilə keçirmişdir. Sonralar Azərbaycan Yazıçılarının X qurultayında ulu öndər Heydər Əliyev ədəbiyyatımızın sərbəst söz deyiminə yüksək qiymət verərək demişdir: “Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda xalqımızda, millətimizdə daim milli heysiyyətləri oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi əsərlər var ki, onlar açıq-açığına xalqımıza dirçəliş, oyanış heysiyyətləri çatdırır. Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı yolla, ayrı-ayrı fikirlərlə millətimizdə vətəni sevmək, azərbaycançılıq hissiyyatlarını yaradıblar”.
Heç təsadüfi deyildir ki, 1995-ci ildə ulu öndər müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeni ilə Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil Rza Ulutürkü təltif edərək, onları milli azadlıq mübarizləri kimi qiymətləndirmişdir. Bildiyimiz kimi, “İstiqlal” müstəqil Azərbaycanın ən yüksək ordenidir.
Çalışdığı müxtəlif dövrlərdə ulu öndər siyasi-iqtisadi çətinliklərə baxmayaraq, ədəbi sənətkarların yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar vermişdir.
Böyük söz ustadı Məhəmməd Füzulinin 500 illik yubileyinin təntənə ilə keçirilməsi buna bariz nümunədir. Beynəlxalq səviyyədə keçirilmiş bu yubiley Azərbaycan hökumətinin ədəbiyyata, mədəniyyətə yüksək dəyər verməsini bir daha dünyaya açıqladı. Xalqımızın möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO-nun xətti ilə bütün dünyada keçirilməsi Heydər Əliyev kimi bir fenomenin əməyinin nəticəsi idi. Yubiley ərəfəsində “Kitabi-Dədə Qorqud”un Drezdendə saxlanılan əlyazmasının Azərbaycana hədiyyə olması bənzərsiz bir ərməğandır.
C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun, S.Rüstəm, R.Rza, İ.Əfəndiyev və başqa XX əsr Azərbaycan ədəbiyyatı korifeylərinin yubiley mərasimlərinin təntənəli şəkildə qeyd olunması da ulu öndərin ədəbiyyata ümumxalq sevgisinin qaytarılmasında böyük rolu olmuşdur.
Klassiklərlə yanaşı, müasir yazıçılara qayğısı Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi canlı klassiklərə xəstə ikən baş çəkməsi, Məmməd Araz, Mirvarid Dilbazi, Anar, Yusif Səmədoğlu, Maqsud İbrahimbəyov və başqa yazıçılara təbriki, onların yubileylərində iştirakı, “Xalq yazçısı” fəxri adı, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif etməsi də ədəbiyyata diqqətin, qayğının əyani nümunəsi idi.
ümummilli liderin 1997-ci ilin oktyabr ayında keçirilən Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı, qurultaydan qabaq Prezident İqamətgahında yazıçıların nümayəndələri ilə, həmçinin ədəbi gəncliklə səmimi görüşləri ədəbi ictimaiyyətdə böyük bir hadisə idi.
2008-ci il noyabrın 10-da Parisdə UNESCO-nun iqamətgahında görkəmli ədib Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş mərasimin təşkili Azərbaycan ədəbiyyatının dünyaya çıxışı və təntənəsinin təsdiqinə bir sübutdur.
Bütün bu deyilənlərə rəğmən, mənim ulu öndər Heydər Əliyevlə yaxından görüşüm və bu görüşdən olan xatirə şəklim həyatımın yaddaqalan bir tarixidir. 1998-ci ilin 14 oktyabrında Respublika sarayında Azərbaycan qadınlarının möhtəşəm bir qurultayı keçirilirdi. Mən də Bakı Dövlət Universitetindən YAP Qadınlar Şurasının nümayəndəsi olaraq qurultayda iştirak etdim. Qurultayın ikinci günü idi. Ulu öndər çıxış etdi. Onun təkrarsız, möhtəşəm gözəl nitqi, Azərbaycan qadınını dünya miqyasında misli olmayan xanım, ana kimi vurğulaması, xoş rəftarı bir daha bu ölməz şəxsiyyəti mənim idealıma çevirdi.
Artıq qurultayın ikinci günü idi. Qurultay başa çatmaq üzrə idi. Xəbər verildi ki, ulu öndər qurultay nümayəndələrinin hər bir üzvü ilə xatirə şəkli çəkdirəcək. Növbə ilə nümayəndələr ulu öndərin ətrafında dayanaraq şəkil çəkdirirdilər.
Birdən gözləmədiyim halda ulu öndəri qarşımda gördüm və öz-özümə: “Bu yuxumu, ya həqiqətmi?! İdealım önümdədir”.
Mənim BDU-nun müəllimi olduğumu bildikdə, o dahi şəxsiyyətin sadə davranışlarını gördüm.
Bax, budur ölməzlik, dahilik, səmimilik. Azərbaycan xalqı nə qədər yaşayacaqsa, Ulu Öndərimizin adı da xalq ilə qoşa çəkiləcək.
Biz xoşbəxt ziyalılarıq ki, adı mənsub olduğu xalqı kimi tarixdə qalacaq, dünyanın nadir şəxsiyyətlərindən biri kimi qəbul olunan Heydər Əliyevin müasiri olmuşuq!
Həqiqət ABDİYEVA,
BDU-nun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının dosenti.
Respublika.- 2020.- 17 may.- S.5.