Dahi şəxsiyyətin həyat və fəaliyyətini, zəngin irsini öyrənir və təbliğ edirik

 

Xalqımızın böyük oğlu, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna xidməti vardır. O, müasir Azərbaycanın qurucusu və memarıdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol böyük öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Azərbaycana rəhbər təyin olunan Heydər Əliyevin fəaliyyətinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündəydi. Ulu öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün güclü iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə respublikanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

 

 

 

XX əsrin 90-cı illərində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə çətin zamanda müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Tarixin müxtəlif mərhələlərində fəlakətlər və qarşıdurmalar zamanı xalqın köməyinə ən çətin zamanda həmişə və hər yerdə ağıllı sərkərdə gəlib. Azərbaycan xalqının yaddaşında əbədiləşən belə bir müdrik rəhbər, böyük şəxsiyyət Heydər Əliyev idi. O, Azərbaycan xalqı qarşısında bu çətin və tarixi vəzifənin məsuliyyətini dərk edərək qəbul etdi və 1993-cü il iyunun 15-dən xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirdi. Azərbaycan öz böyük oğlunu onu bütün bəlalardan qoruyanxilas edən dahi rəhbər, ümummilli lider kimi qəbul etdi.

 

Ulu öndərin yenidən respublika hakimiyyətinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında dönüş yarandı. Beynəlxalq normalara uyğun sivilhüquqi dövlət quruculuğu prosesinin əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində inkişaf, dirçəliş baş verdi. İqtisadi inkişafla yanaşı respublikada milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyə çalışdı. Onun rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq ölkədə milli özünüdərk məsələlərini önə çəkməklə, bütünlükdə cəmiyyəti mənəvi yüksəlişə ruhlandırırdı. Onun xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər ölçüyə gəlməzdir. Bütün bu işlərin öhdəsindən layiqincə gəlməyə Heydər Əliyevə öz millətinə bağlılığı və ən əsası da vətəninə olan böyük sevgisi kömək etmişdir. O bütün varlığı ilə böyük azərbaycanlı idi.

 

Azərbaycan xalqının xilaskarına çevrilmiş dahi şəxsiyyət Heydər Əliyevin nurlu xatirəsinin əbədiləşdirilməsi və eləcə də gələcək nəsillərə bu müdrik rəhbərin keçdiyi böyük həyat təcrübəsinin təbliğ olunması məqsədi ilə paytaxt Bakıda və eləcə də respublikamızın bütün bölgələrində ümummilli liderimizin adını daşıyan “Heydər Əliyev Mərkəzləri” yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinin əbədiləşdirilməsi və zəngin irsinin təbliğ olunması məqsədi ilə 10 may 2005-ci ildə Heydər Əliyev Mərkəzi yaradılaraq rayon sakinlərinin və qonaqların ixtiyarına verilmişdir. Bu il respublikada ilk yaradılan mərkəzlər sırasında olan Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin də fəaliyyətə başlamasının 15 illiyi tamam olur. Yaradılarkən muzey kimi fəaliyyətə başlayan bu mədəniyyət ocağı 2012-ci ildən etibarən öz funksiyasını daha da genişləndirərək Mərkəzə çevrilmişdir. İlk illər 350 kvadratmetr ərazisi olan binada fəaliyyət göstərən mərkəz, 2016-cı ildən öz iş fəaliyyətini daha geniş imkanlara malik olan yeni binada davam etdirir. Şərq memarlığı üslubunda inşa edilmiş mərkəzin yeni binasının açılış mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyev ilk öncə binanın qarşısında ucaldılmış Ulu öndərimizin abidəsini ziyarət etmiş,daha sonra mərkəzin rəmzi lentini kəsərək burada yaradılmış şəraitlə yaxından tanış olmuşdur.

 

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, geniş təbliğ olunması, həyat və fəaliyyəti ilə bağlı materialların toplanılması, qorunması işini həyata keçirən, tədqiq edən və zəngin irsinin gələcək nəsillərə ötürülməsi məqsədi ilə onu daim inkişaf etdirən, elmi-tədqiqat qurumu kimi fəaliyyət göstərir. 3 min kvadratmetr ərazini əhatə edən Mərkəzdə 300 yerlik böyük akt zalı, kitabxana və dərnək otaqları, böyükkiçik dəyirmi masalar və digər xidməti otaqlar fəaliyyət göstərir. İki mərtəbədən ibarət olan Mərkəz binasının birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən bəhs edən ekspozisiya - sərgi salonu yaradılmışdır. Salonun mərkəzi hissəsində ulu öndərin büstü ucaldılmış, burada keçdiyi həyat yolunu əks etdirən fotostendlər, müxtəlif dövrlərə aid sənədlərin surətləri xronoloji ardıcıllıqla nümayiş olunur.

 

Mərkəzdə gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif dərnək və kurslar fəaliyyət göstərir. Burada onlara müxtəlif peşələrin sirləri öyrədilir. Eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün filmlər nümayiş olunur, mühazirələr oxunur və digər kütləvi tədbirlər həyata keçirilir. Ulu öndərin zəngin irsinin təbliği məqsədi ilə tez-tez ekskursiyalar keçirilir. Üzərinə bir çox nəcib və xeyirxah missiyaları götürən mərkəz artıq iki ildən çox bir müddətdir ki, xüsusi istedada malik olan yaradıcı gənclərin üzə çıxarılması, geniş ictimaiyyətə tanıdılması və peşəkarlığının təkmilləşdirilməsi məqsədi ilə onların əl işlərindən ibarət fərdi sərgilərini təşkil edir, həmçinin məktəblərdə “Ustad dərsləri” keçirir.

 

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi özlüyündə daha iki muzey filialını birləşdirir. 2006-cı ildən Xudat şəhərində, 2008-ci ildən isə Yalama kəndində Heydər Əliyev muzeyi fəaliyyət göstərir.

 

Ümummilli liderimizin adını daşıyan bu Mərkəz fəaliyyət göstərdiyi 15 il ərzində on minlərlə ziyarətçi qəbul etmiş, bir-birindən maraqlı, mühüm tədbirlər həyata keçirmişdir. Dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə daha maraqlı və yeni metodlarından istifadə edəcəyik.

 

Könül ƏSGƏROVA,

Xaçmaz rayon Heydər Əliyev

Mərkəzinin direktoru.

 

Respublika.- 2020.- 17 may.- S.5.