“BAŞLANĞIC” siyasətinin məntiqi
Keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda qazanılmış çoxşaxəli uğurların əsasında “Azərbaycan SSR - SSR İttifaqı” arasında münasibətlərdə tarazlığın qorunması və sovetin potensialından respublikanın mənafeyi üçün bəhrələnmək fəlsəfəsi ilə bağlı olmuşdur. “AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ İTİRMİŞDİ, LAKİN DÖVLƏTÇİLİYİNİ İTİRMƏMİŞDİ” düşüncəsi müdrik və səbirli dövlət idarəçiliyinin konsepsiyası idi. Respublikada hərtərəfli keyfiyyət və kəmiyyət dəyişikliyinin həyata keçirilməsi, erməni irredentizminə qarşı xüsusi məharətlə düşünülmüş cəsarətli əks-zərbələrin endirilməsi, sovet ideologiyası ilə paralel sovet azərbaycançılığı ideologiyasının realizəsi Azərbaycan dövlətçiliyi tarixində yeni tipli dövlətlərarası münasibətlər formatını müəyyənləşdirmişdi. Hədəf Vətən Azərbaycanın mənafeyini layiqincə qorumaq və gücləndirmək idi.
(əvvəli 16 may tarixli sayımızda)
Hər iki mürtəce cərəyanın alt qatında erməni irredentizmi arzuları yuvalanmışdı. Azərbaycanlılara qarşı deportasiya, erməniliyə münasibətdə repatriasiyalar həmin cərəyanların məqsədli taktikalarından idi. Bu bəlaların realizə olunmasına ciddi və əsaslandırılmış müqavimətin göstərilə bilinməməsinin əsas səbəblərdən biri ümumittifaq çərçivəsində “Mərkəz və Azərbaycan” münasibətlərinin Azərbaycana inam və siyasi hörmət istiqamətində formalaşdırmaqda problemlər yaşamaqdan irəli gəlirdi. Baxmayaraq ki, Sovet Azərbaycanı digər respublikalarla müqayisədə iqtisadi cəhətdən üstün mövqeyə və yaxşı maliyyə bazası formalaşdıran imkanlara malik idi, lakin mərkəz tərəfindən adekvat imtiyazlar və ictimai-siyasi çəki ilə münasibət bildirilmirdi. Gürcüstan SSR, xüsusilə də Ermənistan SSR isə bu sahədə milli maraqlara cavab verən mövqe müəyyənləşdirməklə, mərkəzin simpatiyasını öz üzərində cəmləməyi bacarmış, “dövlət içində dövlət” siyasətini özünəxidmət prinsipinə çevirə bilmişdi. Bu yolla Azərbaycan SSR-dən yeni ərazilərin qopardılması, revanşizm, eksponsionist ideyalarla regionda avtoxtonluq fikirlərini traybalizm və probabilizm müstəvisində irəli sürərək reallaşdırmaq, nəticə etibarilə regiondakı erməni irredentlərə xidmət edirdi.
Beləliklə, XX əsrin 60-cı illərinin axırlarınadək, əsasən, “yumşaq qüvvə” terrorunun müxtəlif üsulları ilə, hətta “qara terror” aktları törətməkdən də çəkinməyərək Azərbaycan SSR-ə qarşı erməniçi yürüşlər acınacaqlı olmuşdur.
“Mərkəz və Azərbaycan” münasibətlərini formalaşdıran hər iki tərəf öz dövrünün mövcud Konstitusiyanın tələblərindən çıxış edirdilər. Bu sahədə söz və güc sahibi SSRİ Konstitusiyası idi. Lakin müttəfiq respublikaların konstitusiyalarına bəzi vətənpərvərlik və “müstəqilliyə aid” elementləri sızdıraraq, dövlət idarəçiliyində ona güvənən və iş görmək istəyən yerli rəhbərlər də olmuşdur. Bu fikrin təcrübədə tətbiqi əlamətlərinə o dövrün bəzi azərbaycanlı-kommunistlərinin fəaliyyətində rast gəlmək mümkündür. Lakin həmin kommunistlərin məhz mərkəzi dövlətlə münasibətlərində tarazlığı müəyyənləşdirə bilməmələri həm respublika, həm də həmin rəhbər işçilərin istehsalat taleyində faciəyə çevrilmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet Azərbaycanı dövlətçiliyi tarixində rəhbərlik taktikası bu baxımdan xüsusi müdrikliyi ilə diqqət çəkir.
Müasir dövlətçilik fəlsəfəsində
Konstitusiya institutunun varlığı müstəqilliyin əsas
amillərindən biridir. Azərbaycan
SSR-nin birinci Konstitusiyası 19 may 1921-ci ildə qəbul
olunmuşdur. SSRİ-nin 1921-ci il
Konstitusiyasının bəndlərinə və şərtlərinə
uyğun yenidən işlənən Azərbaycan SSR-nin həmin
Konstitusiyası 14 may 1925-ci ildə təsdiqlənmişdi.
Bunun bazasında hazırlanan və Ümumazərbaycan
Şuralarının 26 mart 1927-ci il tarixli
4-cü çağırış qurultayında təsdiq edilən
Əsas Qanunda dövlətçilik ruhu belə ifadə
olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikası suveren
dövlətidir (fərqləndirmə mənimdir - E.C.) və
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibindən
sərbəst çıxmaq hüququnu özündə
saxlayır”. 1937-ci il Konstitusiyasında da
bu fikir mövcud idi. Həmçinin, 1938-1945-ci
illər arasında edilən dəyişiklik və əlavələrdən
sonra da yerli konstitusiyada Azərbaycan SSR-nin müəyyən
suveren hüquqlara malik DÖVLƏT STATUSU təsbit
edilmişdi. Azərbaycan SSR-nin sonuncu - 1978-ci il Konstitusiyasında da özündən əvvəlki
Əsas qanunların ideya və prinsiplərinin varisliyi qorunub
saxlanılmışdı. Burada da Azərbaycan
SSR məhz sovet sosialist dövləti olaraq tanınır və
SSRİ Konstitusiyasının 14-cü bəndindən xaric digər
dövlət hüquqlarının həyata keçirilməsində
müstəqil olduğu vurğulanırdı.
Bu sənədlərdə
müstəqilliyin elementlərini göstərən iqtisadi sahəyə
dair müəyyən sərbəstliklər də öz əksini
tapmışdı, siyasi-hərbi xətt üzrə
ittifaqçılıq, qarşılıqlı kömək
göstərmək şərti bərabərhüquqlu
respublikaların könüllü birləşməsi fikri ilə
vurğulanmaqla yanaşı, hər respublikanın SSRİ-nin
tərkibindən sərbəst çıxmaq hüququnu
özündə saxladığı bildirilirdi: “Azərbaycan
Sovet Sosialist Respublikası - suveren Sovet Sosialist dövlətidir
... və SSRİ-nin tərkibindən sərbəst
çıxmaq hüququnu özündə saxlayır. Onun ərazisi onun razılığı olmadan dəyişdirilə
bilməz”. Ancaq ərazi məsələsi
barədə qarşılıqlı razılığın
SSR İttifaqının təsdiqinə verilməsi mütləq
olaraq bildirilirdi. Bu şərtlərin
siyasi ruhu SSRİ Konstitusiyasından gəlirdi. Həmçinin, orada qeyd olunurdu ki, İttifaq
dövlətini yaradan hər bir suveren ittifaq respublikası
öz dövlət hakimiyyətini müstəqil icra edir.
Bununla da SSRİ tərkibindəki müttəfiq
respublikanın müstəqil dövlət statusu etiraf edilirdi.
Sovet konstitusiyalarındakı suveren hüquqlarla
bağlı məsələlərə ona görə diqqət
ayırdıq ki, həmin amil yerli kommunist rəhbərlər
üçün cazibədar, SSR İttifaqı
üçün isə kövrək nöqtə idi. Ona görə
də yerli rəhbər vəzifəyə kadr seçimi və
təsdiqi birbaşa mərkəzi dövlətin nəzarəti
qeyri-leqal razılığı ilə həyata
keçirilirdi. Təsadüfi deyil ki, 8
dekabr 1991-ci ildə məşhur Belovej sazişini imzalayaraq
Sovet dövlətinə son verən respublikaların
başçılarının belə addım atmasında məhz
SSRİ-nin tərkibindən çıxmaq hüququ həlledici
rol oynamışdır. Beləliklə,
Sovet Azərbaycanına rəhbərlik etmiş əvvəlki
şəxslərin əksəriyyətinin millətçilikdə
ittiham edilərək işdən azad olunmaları “Müttəfiq
respublika - İttifaq dövləti” arasındakı münasibətlərin
bərabərhüquqluluq əsasında
formalaşdırılması, milli təəssübkeşliyi
büruzə verən addımların atılmasında
mövqe yanlışlığından irəli gəlmişdi.
Azərbaycan SSR-nin bəzi rəhbərlərinin həmin
qanunların səmimiliyinə inanaraq müəyyən məqamlarda
ötkəmlik və “müstəqillik” nümayiş etdirməsinin
qarşısı mərkəzi ittifaq dövləti tərəfindən
siyasi qərarlarla, inzibati-təşkilati formatda sərt şəkildə
alınırdı.
Bu məsələyə sovet hakimiyyətinin ekstremal
dövrlərini anlamaq, mərkəzdəki KP lideri ilə yerlərdəki
kommunist lider arasındakı münasibətlərin səviyyəsi
də təsirsiz qalmırdı. Çünki bu
münasibətləri qurmaqda dövrün ictimai-siyasi durumu, rəhbərlik
etmək üsulu, milli lider keyfiyyətləri, dövlət
xadimi olmaq bacarığı, milliliyi xüsusi bacarıqla həyata
keçirmək istedadı həlledici əhəmiyyət
daşıyırdı. Bu şərtlərin
hamısının eyni zaman, mühit anında bir yerdə cəmlənməsi
də siyasi bəxt və dövlətçilik taleyi
baxımından mühüm idi.
Beləliklə, sovet rəhbərlik sisteminin XX əsr
20-50-ci illər təcrübəsi və 50-60-cı illər
durumu yeni tipli yerli rəhbər kadra tələbat
yaratmışdı. Azərbaycan SSR üçün həmin
yeni tipli rəhbər kadr Heydər Əlirza oğlu Əliyev
olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev Azərbaycan SSR-nin rəhbərliyinə seçilərkən
öz sələflərinin fəaliyyəti, xüsusilə də
mərkəzlə münasibətləri qurmağın şərtləri
barədə özəl fikrə malik idi. Özündən əvvəlki
rəhbər kadrların mütləq əksəriyyəti mərkəzi
dövlət tərəfindən ağır siyasi günah -
“millətçi”, “vətən xaini” adı ilə ittiham edilməsinə
baxmayaraq, onların fəaliyyət dövrü və
acınacaqlı istehsalat taleyi barədə Heydər
Əliyevin öz fikri, şəxsi qənaəti vardı. O bu
barədə mövqeyini ictimaiyyətlə
bölüşmüşdür. Həmin
açıqlamalar dövrün, ictimai-siyasi mühitin fonunda
yerli rəhbərliyin fəaliyyətinə obyektiv yanaşaraq
ana Vətənə, respublikaya və millətə daha
faydalı olmaq məntiqilə çalışmaq niyyətinin
olması ilə izah edilirdi, bu, necə icra edilir və mərkəz
tərəfindən necə qəbul olunur - bu məsələnin
digər üzü idi. Bütün bunlar göstərir
ki, Heydər Əliyev Azərbaycan SSR-nin rəhbəri olaraq fəaliyyətə
başlayarkən özündən əvvəlki həmkarlarının
təcrübəsini və siyasi aqibətini də nəzərə
almaqla, vətənə və millətə daha uzun müddətə
və daha faydalı işlər görmək əqidəsinə
bağlı “Mərkəz və Azərbaycan” münasibətlərini
yenidən formalaşdırmaqla siyasi realizm və strateji məharət,
müdrik dövlət xadimi istedadı nümayiş
etdirmişdir.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi sovet
dövründə (1969-1982) yerli idarəçilik
aparatının möhkəmləndirilməsi, kadrlarla
işin əsaslı şəkildə yenidən qurulması,
yeni kadrların formalaşdırılması, ədalət,
düzgünlük və tələbkarlığın
gücləndirilməsi nəticəsində respublikanın
bütün sahələrində nailiyyətlər
qazanıldı, milli ruhun yenidən dirçəlişi
dövrü yaşandı. Bu uğurlar mərkəzlə
münasibətlərdə etibarlılıq
qarşılıqlı kömək ruhunun dərinləşdirilməsi
sayəsində həll oluna bilərdi. Heydər
Əliyevin dövlət idarəçiliyi bacarığı buna nail ola bilmişdi. Beləliklə, Heydər
Əliyev, sovet dövlətinin imtiyazlarını Azərbaycan
SSR-ə yönəltməyə, Azərbaycan SSR-in
üstünlüklərini və maddi-mənəvi fərqliliklərini
mərkəzi dövlətin nəzərində daha da
xoşlandırmaqla respublikanın SSR İttifaqı
üçün faydalılıq və cazibədarlıq əmsalını
xeyli böyütmüşdü. Bu - SOVET
AZƏRBAYCANÇILIĞI ideologiyasının məntiqi əsası
idi. Beləliklə, qarşılıqlı münasibətlərdə
bərabərhüquqluluq anlayışını yeni realist
düşüncə ilə həyata keçirmək, bu yolda
cəsarət, ötkəmli mövqe, tarixi Vətənin mənafeyinin
qorunması yolunda prinsipiallıq göstərmək
üçün çox güclü platforma
hazırlanmış, Azərbaycanda bütün sahələrdə
uğurların əsasları
formalaşdırılmışdı.
Həmin
mərhələnin müsbətini inkişaf etdirən, mənfisinin
isə qarşısını alan Heydər
Əliyev sovet dövrü barədə fikir bildirərkən
vurğulayırdı ki, Azərbaycan xalqı
özünün çoxəsrlik dövlətçilik ənənələrini
davam etdirərək “70 illik sovet hakimiyyəti dövründə
böyük inkişaf yolu keçibdir”. Bu fikrin dərinliyində
belə bir qətilik də var: Azərbaycan SSR o dövrdə
SSR İttifaqının tərkibində suveren dövlət
idi. Çünki o özü bu fikrin fəlsəfəsi
ilə yaşayır və fəaliyyət göstərirdi.
Buna görə də Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev mərkəzi İttifaq dövləti
ilə münasibətləri Azərbaycan SSR dövlətinin
başçısı səviyyəsindən qurmuşdu.
Azərbaycan SSR SSRİ-nin sütunlarını
təşkil edən Rusiya, Ukrayna, Belarusiya qədər sovet
dövləti üçün iqtisadi-siyasi əhəmiyyətə
malik respublikaya çevrilmişdi. Azərbaycan
SSR dövlətinin başçısı Azərbaycana zəruri
olan təsərrüfat, elm, mədəniyyət və digər
sahələrə dair görüləsi işlərdə
İttifaq dövlətinin imkanlarından faydalanmağı
önə çəkir, tarixi vətəninin mənafeyini
güclü siyasi iradə, konstitusiya hüquqları çərçivəsində
müdafiə edirdi. Respublika müttəfiq
dövlət imicini qazanmışdı.
Azərbaycana qarşı ərazi iddialarını
reallaşdırmağa çalışan erməni irredentlərə
qarşı mübarizə məsələlərində də
Heydər Əliyevin mövqeyi Azərbaycan SSR dövlətinin
maraqları səviyyəsindən Mərkəzi orqanlara təqdim
edirdi. Bu baxımdan Heydər Əliyevin 30-70-ci illərdə
“erməni millətçiləri Dağlıq Qarabağı
Azərbaycandan ayırıb Ermənistana birləşdirmək
cəhdlərindən əl çəkməmişdilər.
Ancaq onların qarşısı
alınmışdır. Mən bunların
şəxsən şahidiyəm və bir çox hallarda həmin
cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”,
- fikri bir çox məsələlərin üstündəki
məxfilik pərdəsini açır.
“Müttəfiq respublika - İttifaq dövləti”
münasibətləri çərçivəsində manevr
edən İttifaq dövlətinin dəfələrlə ermənipərəst
mövqe tutması Azərbaycanın köhnə rəhbərliyinin
bu tip məsələlərə qarşı
qabaqlayıcı addımların hazırlanmasında səbatsızlığının
nəticəsi idi. Heydər Əliyev Azərbaycan SSR-in rəhbərliyinə
seçiləndən sonra bu istiqamətdə erməni
dövlət terroruna qarşı mübarizədə qabaqlayıcı
addımların atılmasında,
formalaşdırdığı yeni tipli “Müttəfiq
respublika - İttifaq dövləti” münasibətlərinin Azərbaycana
meyilli tərzdə yenidən qurulmasının böyük
müsbət təsiri olmuşdur. Bu baxımdan
ümummilli liderin ifadə etdiyi fikrin qətiyyəti öz təsdiqini
tapır: “1969-cu il iyulun 14-dən 1982-ci il
dekabrın 3-nə kimi Az.KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir
qarışı da Ermənistana verilməyib. Baxmayaraq ki, Ermənistan tərəfindən
ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər
olurdu, lakin mən bunların qarşısını həmişə
almışam”.
Bütün bunlar göstərir ki, Heydər Əliyev Azərbaycan
SSR-ə rəhbərliyində sovet konstitusiyalarında yer
almış bərabərhüquqluluq və müttəfiuq
respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə
bilməz, - məntiqinə əsasən “Müttəfiq
respublika - İttifaq dövləti” münasibətlərini həm
nəzəri, həm də siyasi təcrübədə real
olaraq aktiv fazada qoruyub saxlaya bilmiş və həyata
keçirmişdir. Bu məntiqlə sovet hakimiyyətinin bütün
müsbət keyfiyyətlərini özünə çəkən
Sovet Azərbaycanı dövlət öz müstəqilliyini bərpa
etdikdən sonra sovet dövründə qazanılmış
mikro və makroiqtisadi sahələrdəki fəaliyyət vərdişlərini
və maddi-texniki bazanı yeni Azərbaycanın dövlətçilik
institutlarının bərpasında, müasirləşdirilməsində
və daha da zənginləşdirilməsində sanballı
bünövrə və təcrübə kimi istifadə
etmişdir.
Elçin CABBAROV,
filologiya elmləri namizədi.
Respublika.- 2020.- 17
may.- S.7.