Görkəmli alimin mənalı
həyat yolu
Bu gün elmlərin sistemində özünə layiqli yer tutan pedaqogika elmi möhtəşəm olması ilə yanaşı, həm də onunla məşğul olanlara xüsusi bir nüfuz gətirir. Baxmayaraq ki, hələ də bəziləri pedaqogikanı empirik səviyyədə sadə bir elm sahəsi kimi təqdim etməyə çalışırlar. Lakin pedaqoji elmlərin siqləti, həmçinin cəmiyyət üçün faydalılığı bir daha onun çox üstün sosial mahiyyətini, nəsillərin inkişafı ilə məşğul olan əvəzsiz bir elm olmasını aydın göstərir. Eyni zamanda bu elmlə məşğul olan insanların yüksək mövqedə dayanmasından, onların qüdsiyyətindən xəbər verir. Belə insanlardan biri də ömrünü müəllim kadrların yetişdirilməsinə həsr etmiş, Bakı Dövlət Universitetinin professoru Məcid Abdulla oğlu İsmixanovdur. Mən onu otuz ilə yaxındır ki, istedadlı pedaqoq-alim, bacarıqlı müəllim kimi tanıyıram. Həm də bir oxucu olaraq zamanında yazdığı elmi-pedaqoji əsərləri ilə yaxından tanışam.
Məcid müəllim keçdiyi həyat yolunda həmişə fəal olmağa, başqalarından fərqlənməyə çalışıb. 1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) təhsil alıb və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirib. Gənc Məcidin elmə olan həvəs və bacarığını görüb, onu İnstitutda saxlayırlar. O, hərbi xidmətini başa vurduqdan sonra müəllimliyini davam etdirməklə yanaşı, dissertant kimi elmi-tədqiqat işi üzərində çalışıb. 1968-ci ildə tanınmış pedaqoq, prof. M.Muradxanovun elmi rəhbərliyi və keçmiş Maarif naziri, akad. M.Mehdizadənin 1-ci rəsmi opponentliyi ilə “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiyasını uğurla müdafiə edərək pedaqoji elmlər namizədi, alimlik dərəcəsi adını alıb. O, həmçinin intensiv araşdırmalarını və pedaqoji fəaliyyətini davam etdirərək 1969-cu ildə dosent, 2003-cü ildə isə professor elmi adlarına layiq görülüb.
Məcid müəllim elmi araşdırmaların ardınca getsə də, ardıcıl tədqiqatlar aparsa da, həmişə bir müəllim olaraq özünün pedaqoji kadrların yetişməsindəki missiyasını aydın dərk edib və onun yerinə yetirilməsi üçün bütün qüvvəsini səfərbər edib, dərs dediyi tələbələrinin sevimlisinə çevrilib. 60 illik səmərəli pedaqoji fəaliyyəti dövründə o, həmişə fənnini sevdirməyə, tələbələrində böyük maraq yaratmağa və bununla da məqsədinə nail olmağa çalışıb, müəllim yoldaşlarının, həmkarlarının böyük hörmət və nüfuzunu qazanıb. Onun vaxtilə dərs dediyi onlarla yetirməsi hazırda pedaqogika üzrə professor, dosent, bəziləri isə Əməkdar müəllim kimi səmərəli fəaliyyət göstərir.
Müəllimlik şərəfli olduğu qədər də çətindir. Birinci növbədə, bu çətinlik müəllimin bir nümunəvi şəxsiyyət kimi cəmiyyətdə, pedaqoji ictimaiyyətdə yer tuta bilməsi ilə bağlıdır. Eyni zamanda həyat yolunda kamilliyə doğru addımlamaqla, özünün mənəvi bütövlüyünü yaratmaqla əlaqədardır. Məcid müəllim illəri yaşadıqca bu uğurları qazanıb və onları özünün ömür kitabının səhifələrinə çevirib. Müəllim olmaqdan əlavə, bir yoldaş, dost, həmkar kimi zamanının hörmətli insanına çevrilib.
Bu gün Məcid müəllim 20 kitabın (o cümlədən 12 dərslik və dərs vəsaitinin), 15 tədris-metodik vəsaitin, onlarla proqramın, 5 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun yaradıcılığında müasir pedaqoji aləmin, demək olar ki, əsas məsələləri əhatə olunub. Pedaqogikanın ən ümumi məsələləri, xüsusilə didaktika, tərbiyə nəzəriyyəsi, məktəbin idarə olunması məsələləri tədqiqata cəlb edilib. İstifadəyə verilmiş “Pedaqogika” (Didaktika) (2003), “Pedaqogikanın əsasları” (2013), “Pedaqoji etika” (2015) kitabları müəyyən pedaqoji paradiqmaları zənginləşdirilməklə inkişaf etdirib. Onlar tələbələrin sevimli dərs vəsaitlərinə çevrilib.
Prof. Məcid İsmixanov pedaqoji tədqiqatlarının genişliyinə və əhatəliliyinə diqqət yetirməklə yanaşı, həm də onların aktual olmasına, innovativ xarakter daşımasına xüsusi tələbkarlıqla yanaşıb. Elə bu səbəbdən də hazırkı dövrdə təhsil islahatının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində araşdırmalar aparıb və nəticə olaraq “Ümumi təhsil kurikulumunun əsasları” (2017), “Təhsilin əsasları” (2016) kimi dərsliklərini çap etdirib.
Ali məktəblərdə pedaqogika məsələləri üzrə apardığı araşdırmalarını ümumiləşdirməklə “Ali məktəb pedaqogikası” (2019) adı ilə dərs vəsaiti kimi nəşr etdirərək tələbələrin və pedaqoji ictimaiyyətin istifadəsinə verib.
Məcid müəllim həm də 25 ildən artıqdır ki, rusdilli təmayüllü ümumtəhsil məktəblərinin I sinfi üçün “Azərbaycan dili” dərsliyinin, həmçinin “Azərbaycan dili” müəllimləri üçün metodik vəsaitin də müəllifidir. Bundan əlavə, “Pedaqoji terminlərin izahlı lüğəti” (2018) adda vəsait də hazırlayıb.
Məcid müəllimin elmi-pedaqoji əsərlərinin dilində publisistikanın cazibədarlıgı duyulur. Bu mənada onun əsərlərinə daha çox müraciət olunur və bu yaradıcılıq nümunələri sevilə-sevilə oxunur.
Prof. M.İsmixanov fəal
ictimaiyyətçidir. O, Azərbaycan
Milli Elmlər Akademiyası Pedaqogika üzrə elmi tədqiqatların əlaqələndirilməsi
Şurasının, uzun
illər Təhsil Nazirliyinin pedaqogika üzrə Elmi-Metodik Şurasının, “Azərbaycan
məktəbi”, “İbtidai
məktəb və məktəbəqədər tərbiyə”
jurnallarının redaksiya
heyətinin, Respublika Jurnalistlər Birliyinin, Rusiya Pedaqoji Elmlər Akademiyası Elmi-Problem Şurasının
üzvü kimi səmərəli fəaliyyət
göstərmişdir. Çoxcəhətli
və məhsuldar elmi-pedaqoji fəaliyyətinə
görə o, 2003-cü ildə
BDU-nun professoru elmi adına, “Qabaqcıl
maarif xadimi” nişanına, BDU-nun 100 illiyi
(1919-2019) Azərbaycan Respublikasının
yubiley medalına, eləcə də müxtəlif səviyyələrdə
Fəxri fərmanlara layiq görülmüşdür.
Bu il professor Məcid
Abdulla oğlu İsmixanovun
anadan olmasının
80 ili tamam olur. Hörmətli alimimizi, ağsaqqal
ziyalımızı yubiley
münasibətilə təbrik
edir, ona cansağlığı, uzun
ömür, yeni yaradıcılıq uğurları
arzulayırıq.
Ənvər ABBASOV,
Azərbaycan Respublikası
Təhsil İnstitutunun direktor müavini, Əməkdar
müəllim.
Respublika.- 2020.- 19 may.- S.5.