Şərqin ilk parlament respublikası

 

1918 -ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın tarixində deyil, bütün müsəlman aləmində ilk demokratik respublikadır. Xalqımızın azadlıq, istiqlaliyyət və dövlət quruculuğu tarixində onun rolu əvəzsizdir. Xalqımız hər il olduğu kimi, bu ilöz tarixinin ən parlaq və şərəfli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir.

 

 

 

XX əsrin əvvəllərində — 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika azadlıq və müstəqillik arzularının təcəssümü kimi Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı böyük nailiyyətlər idi. Dövlət strukturlarında və ictimai həyatın əsas sahələrində o dövrə məxsus Avropa standartlarının tətbiqi Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yüksək siyasi səviyyəsindən, demokratik prinsiplərə sadiqliyindən xəbər verirdi. Ölkədə yaşayan müxtəlif millətlərin və milli azlıqların hüquqlarına hörmətlə yanaşılması da bu dövlətin demokratik mahiyyətinin çox mühüm göstəricisi idi.

 

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi kökləri barədə demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaradılması onunla bağlı idi ki, həmin dövrdə — XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi fikirli övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaradılmasına gətirib çıxardı”.

 

AXC 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrasa da, ilk demokratik respublika xalqımızın qan yaddaşına əbədi həkk olundu və sonrakı nəsillər üçün mübarizə simvoluna çevrildi. Milli dövlətçilik tariximizin bu şərəfli səhifəsini yaşadanistiqlal arzularını daim müqəddəs tutan xalqımız XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi.

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. Bu, dünyanın qlobal inkişaf proseslərinin təsiri altında keçmiş SSRİ-nin dağılması nəticəsində yaranmış ictimai-siyasi şəraitdən irəli gələn, həmçinin milli şüurumuzdakı oyanışdan, suverenlik əzmindən qaynaqlanan əlamətdar tarixi hadisə idi.

 

Keçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza düşmən olan qüvvələrin Dağlıq Qarabağda başladığı separatçılıq və Ermənistanın təcavüzü nəticəsində alovlanan müharibə, torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi - bunlar müstəqilliyimizin ilk ilinin acı mənzələri idi.

 

Vurğulamaq lazımdır ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ənənələrinin bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr və 1995-ci ilin 2 mart hadisələri zamanı Heydər Əliyev özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır problemlərdən xilas edə bildi.

 

Ulu öndərimiz siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları təsbit olundu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşdü.

 

1995-ci ildə müasir müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquq bazasının yaradılmasına daha geniş imkan açdı.

 

Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətini müəyyənləşdirmək və həyata keçirmək yolunda istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində daha geniş fəaliyyətinin əsası qoyuldu.

 

Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan hərtərəfli inkişaf edirulu öndər Heydər Əliyevin xalqımızın yaşaması üçün yaratdığı və şah əsəri olan müstəqil, azad Azərbaycan bu gün etibarlı əllərdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi ulu öndərin siyasi kursunu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur. Bir sözlə, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir, onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur.

 

Ağacan ABİYEV,

Əməkdar elm xadimi,

professor.

 

Respublika.- 2020.- 21 may.- S. 5.