Unudulmaz ədəbiyyatşünas alim

 

Azərbaycan ədəbi-mədəni mühitinə bütün ruhu, varlığı ilə bağlanan və ona şərəflə xidmət edən şəxsiyyətlərdən biri də professor Məmməd Mahmud oğlu Məmmədov olmuşdur. O, zəngin zəkası, məntiqi mühakimə qabiliyyəti və şəxsiyyəti ilə elm aləminə gəldiyi ilk vaxtlardan nəzər-diqqəti cəlb etmişdir. Belə bir münasibətin yaranması təsadüfi olmamışdır. Məmməd müəllimin göz açdığı mühit, zəngin elat həyatı, ciddi, nizamlı yaşam tərzi, genetik yaddaş kodları mükəmməl bir şəxsiyyət kimi yetişəcəyinə zəmin yaratmışdır. Həyatın ağır sınaqlarından, ədəbi mübahisə və mühakimələrdən həmişə uğurla çıxmış, örnək olacaq bir ömür yaşamışdır.

 

Görkəmli ədəbiyyatşünas alimin yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti haqqında zamanında müəyyən mülahizə və fikirlər söylənilsə də onun gördüyü böyük işlərin mahiyyəti lazımınca qiymətləndirilməmişdir. Çünki bəzən böyük şəxsiyyətlərin yaratdıqlarına qısqanclıqla yanaşılır, bu üzdən də onlar müəyyən mənada çətinliklərlə qarşılaşırlar.

 

Mən bu fikirləri professor M.Məmmədovu yaxından tanıdığımdan və haqqında qənaətlərim reallığa, gerçək faktlara əsaslandığından tam məsuliyyətimlə söyləyirəm. O, universitetdə mənə XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Sonralar da uzun illər müəllim kimi bir kafedrada çalışmışıq. Tələbələrlə münasibəti, kafedra iclaslarındakı çıxışları, fakültə və universitetin elmi şurasında konseptual təhlilləri, auditoriyada keçdiyi mühazirələri bütün zamanlar üçün örnək olacaq səviyyədə olmuşdur. Görkəmli yunan filosofu Platonelm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt”, söyləyirdi. Məmməd müəllim etnomədəni dəyərlərin qorunması və özündə ehtiva olunması baxımından birinci idi. Hamımız üçün nümunə sayılırdı. Çox az sayda şəxslərin çata biləcəyi yüksəklikdə dayanmağı bacardı və sözün həqiqi mənasında şərəfli ömür yaşadı.

 

Akademik İmam Mustafayev söhbətlərində həmişə vurğulayırdı ki, Azərbaycan elminə əvəzsiz töhfələr vermiş iki kənd var, onlardan biri Qazax rayonundakı Şıxlı kəndidir, digəri isə Qax rayonundakı İlisu kəndidir. Məmməd Məmmədov 1930-cu ildə Azərbaycanın şeir-sənət beşiklərindən hesab edilən Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur.

 

Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayev istedad və bacarığını gördüyündən M.Məmmədovu elmə gəlməsindən ötrü bu kamil ziyalıya qayğı göstərdi. Özüdə onun elmi rəhbəri oldu. Çünki Mir Cəlal müəllim Məmməd müəllim universitet auditoriyasından tanıyırdı. Ona dərs demiş, bacarığına, qabiliyyətinə bələd olmuşdu. 1947-ci ildə Şıxlıda orta məktəbi müvəffəqiyyətlə bitirən Məmməd Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Elmə, ədəbiyyata həvəsi, zəhmətsevərliyi, ailə mühitində nizamlı olması kimi şəxsi keyfiyyətləri onun universitet auditoriyasında imkanlarının ortaya çıxması üçün əsas oldu. Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyat korifeylərinin yaradıcılığına olan sonsuz maraq qəlbində ədəbiyyata olan sevgisini daha da alovlandırırdı. Universiteti fərqlənmə diplomu ilə bitirən Məmməd müəllim bacarıqlı və qabiliyyətli olduğundan Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsilini davam etdirdi. Ədəbiyyatşünas alim, prof. A.Hacıyev xatırlayırdı ki, sevimli müəllimimiz Mir Cəlal günlərin birində Məmməd müəllimlə auditoriyaya gəldi və onu bizə təqdim edərək dedi ki, Məmməd mənim aspirantımdı və mühazirəni sizə o deyəcək. Biz tələbələr Məmməd müəllimin mühazirəsini dinlədikcə onun bacarığının, istedadının və gözəl natiqlik qabiliyyətinin şahidi olduq. Məmməd müəllim yaddaşımızda belə qaldı...

 

C.Məmmədquluzadənin yaradıcılığının tədqiqi ilə elm aləminə qədəm basan alim bütün həyatı boyu (o, 76 yaşında, 2006-cı il aprelin 9-da vəfat etmişdir) elmin, mədəniyyətin təəssübkeşi olmuşdur.

 

M.Məmmədovun “Cəlil Məmmədquluzadə

 

nin əsərlərini mükəmməl nəşr etməli” (“Ədəbiyyat və incəsənət” qəzeti, 11 dekabr, 1955-ci il) məqaləsi öz problematikası ilə mövcud vəziyyətə münasibətinin ifadəsidir. Çünki, görkəmli ədibin müxtəlif mətbu orqanlarda nəşr olunan əsərlərinin akademik nəşrinin hazırlanmasına xüsusi ehtiyac vardı.

 

Bu, bir növ çağırış xarakteri ilə sonrakı dövr üçün açar rolunu oynadı. Məmməd müəllim bu işdə ilkin mənbələr əsasında bir mətnşünas kimi gərəkli işlər görməyə qərar verdi. Görkəmli yazıçının “Dram və nəsr əsərləri”ni ilk dəfə tərtib edərək M.Məmmədov nəşr etdirdiyi kitab Mir Cəlalın müqəddiməsi və A.Zamanovun redaktorluğu ilə işıq üzü görmüşdü.

 

Professor M.Məmmədovun elmi, pedaqoji bütün fəaliyyətinin, araşdırmalarının ana xətti XX əsr Azərbaycan ədəbiyyatının problemləri ilə bağlı olmuşdur. Ədəbiyyatşünas alimin C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, Ə.Nəzmi, M.Möcüz, A.Səhhət, M.Hadi, H.Cavidbu kimi ədiblərin əsərlərinin ayrı-ayrı nəşrlərinin hazırlanmasında, geniş ictimaiyyətə təqdim olunmasında mətnşünas kimi də müstəsna xidmətləri vardır. Onun hər bir işi mətnşünaslıq baxımından ən mükəmməl mənbə kimi böyük dəyər kəsb etmişdir. Çoxlu mübahisələrə, diskussiyalara səbəb olan nəşrlərdə M.Məmmədovun mövqeyi səhih mənbələrə hesablanması baxımından dəyərli idi. Azərbaycanın müstəqilliyindən sonra ayrı-ayrı sənətkarların külliyyatının nəşr olunması sahəsində müxtəlif işlər görülürdü. M.Ə.Sabirin də əsərləri bir toplu halında nəşr olunmuşdu. Professor M.Məmmədov həmin nəşrdəki nöqsanları bir-bir şərh etmiş, oradakı çatışmazlıqları incəliyinə qədər əks etdirəcək mükəmməl bir elmi məqalə yazmışdı. Sabirşünasların, eləcə də ədəbi-mədəni mühitin marağına səbəb olan bu məqalə alimin elmdə nə qədər həssas və dəqiq mövqeyə malik olduğunun göstəricisi idi.

 

Böyük mətnşünas alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biriarxiv materialları, ilkin mənbələr əsasında klassiklərin əsərlərinin akademik nəşrlərinin hazırlanması ilə bağlıdır. Bu baxımdan M.Məmmədovun hazırladığı nəşrlər özünün mükəmməlliyi və etibarlı olması ilə mötəbərdir. Məsələn, o, M.Ə.Sabir ədəbi irsinin toplanması, nəşri ilə əlaqədar Tiflis, Sankt-Peterburq, Moskva şəhərlərinə ezam olunmuşkitabxanalarda, əlyazma fondlarında, arxivlərdə gərəkli işlər görməklə ilkin mənbələr əsasında ən mükəmməl olanı, orijinalı ortaya çıxarmışdır. Beləliklə, “Hophopnamə”nin akademik nəşri (1962) geniş oxucu kütləsinə təqdim edilmişdir.

 

M.Ə.Sabirin anadan olmasının 100 illik yubileyi ilə bağlı görüləcək işlərdə ədəbiyyatşünas alim bir tərəfdən ədibin əsərlər külliyyatını nəşrə hazırlayır, digər tərəfdən də ədibin yaradıcılığının mükəmməl təhlilini verəcəyi “Şair-vətəndaş” (1962) monoqrafiyasını yazırdı. Bu, alimin ilk nəşr olunan kitabı idi. Bir il sonra “Cəlil Məmmədquluzadənin bədii nəsri” (1963) monoqrafiyası çap olundu. Ensiklopedik zəka sahibi, XIII əsrin böyük siması N.Tusi “yalnız yüksək elmi biliklər əldə etmiş mənən sağlam adamlar cəmiyyət üçün faydalı ola bilər”, - deyirdi. Professor M.Məmmədov ruhu, varlığı, bütün mənəvi zənginliyi ilə belə ali dəyərlərə malik olanona axıra qədər sədaqət göstərmiş alimlərdəndir.

 

Professor M.Məmmədov XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi, həm də ictimai-siyasi və ədəbi-mədəni mühitin ruhunun, mahiyyətinin, bilicilərindən idi. Özünün mürəkkəbliyi ilə səciyyələnən XIX əsrin sonu, XX əsrin əvəllərinin böyük şəxsiyyətləri xalq və millət hamisi olaraq bütün düşüncələrini milli ruhun oyanışına yönləndirmişdilər. Bütün bunlar dövrün mürəkkəbliyinin timsalında ədəbi, maarifçi ziyalılarının xarakter olaraq formalaşdırdığı təsəvvürdən gələn məqamlar professorun düşüncəsində böyüklük, ucalıq təsəvvürləri anlamında ciddi izlər buraxmışdır. “İdeal qardaşları” (1967) M.Ə.Sabir və C.Məmmədquluzadə yaradıcılığı fonunda mühiti və ədəbi-mədəni prosesi əks etdirmək baxımından əvəzsizdi. Bu kitablar ciddi əks-səda doğurdu. C.Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə yazılmış möhtəşəm tədqiqatın nəşri çətinliklərdən, maneələrdən keçmişdir. Ancaq bütün bunlara baxmayaraq, professor özünün böyük səbri, dözüm və təmkini sayəsində belə bir mükəmməl işi başa çatdırmağa nail olmuşdur.

 

“C.Məmmədquluzadənin bədii nəsri” ilə elmə gələn Məmməd müəllim “Mirzə Ələkbər Sabir və Azərbaycan demokratik mətbuatı” mövzusunda doktorluq dissertasiyası yazmışdır. Həm M.Ə.Sabir, həm də C.Məmmədquluzadə Azərbaycan ədəbi-mədəni mühitinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlər olmuşlar. Onların zəngin yaradıcılığı o dövrün ədəbi-mədəni mühiti haqqında bütöv təsəvvür formalaşdırması ilə səciyyələnir. M.Məmmədovun bu problem mövzulara maraq göstərməsi və onları sistemli şəkildə izləməsi Azərbaycan ədəbi-nəzəri fikrin fonunda yeni üfüqlər açdı və beləliklə, bu böyük şəxsiyyətlərin yaradıcılığına müasirlərinin marağını yaratdı. Bu fundamental tədqiqatlar ilə o, adını sabirşünaslığın və mirzə cəlilşünaslığın tarixinə yazdı. İndi həmin dövrə maraq göstərən bütün tədqiqatçıların yolu birmənalı olaraq professor M.Məmmədovun araşdırmalarından keçir. C.Məmmədquluzadənin yaradıcılığı ətrafında təhlillər aparan ədəbiyyatşünas, “M.Ə.Sabirdemokratik mətbuat” fonunda bütünlükdə dövrün XX əsrin əvvəllərində mətbuatın problemlərini, aparılan mücadilənin məram və məqsədini, demokratik xəttin bu müxtəliflikdə obyektiv yerini və qiymətini ortaya qoyur. “Sabir və mətbuat” (1967), “Məktəb kitabxanası” seriyasından M.Ə.SabirinSeçilmiş əsərləri” (tərtib, müqəddimə və şərhlərlə (1982), “Hophopnamə” (1980, 1992), “Dünya ədəbiyyatı kitabxanası” (100 cilddə), “XX əsr Azərbaycan poeziyası” (79-cu cild), “Sabir: mübahisələr, həqiqətlər” (1990), “Pedaqoji mühituşaq ədəbiyyatı” (Y.BabayevT.Cavadovla birlikdə, 1992), “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası” (T.Salamoğlu və Y.Babayevlə birlikdə, 1998), “Azərbaycan ədəbi tənqidi (XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri) müntəxəbatı” (2002), “XX əsr Azərbaycan şeiri antologiyası” (2005), “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı” (vəfatından sonra, 2008) və s. kitabları görkəmli ədəbiyyatşünas alimin sistemli yaradıcılığının nəticəsi olaraq ərsəyə gəlmişdir.

 

Görkəmli ziyalı M.Məmmədovun fəaliyyətinin mühüm aparıcı istiqamətlərindən birini pedaqoji sahədəki xidmətləri təşkil edir. O, 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” və “Uşaq ədəbiyyatı” fənlərindən mühazirələr oxumuş, M.Ə.Sabir yaradıcılığı ilə bağlı xüsusi kurs aparmışdır. İstedadını və yüksək müəllim intellektini görən ali məktəb rəhbərliyi onun Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gəlməsinə nail olmuşdur (1973). Bu pedaqoji məbəd onu öz qoynuna almış və taleyini həmin universitetlə bağlamışdır. Azərbaycan balaları universitet auditoriyasında ondan təkcə elmin sirlərini deyil, həm də bir sıra keyfiyyətləri — xeyirxahlığı, prinsipiallığı, düzlüyü, saflığı mənimsəmişlər. Görkəmli alim M.Məmmədovun dərs dediyi tələbələr sırasında olduğumdan hər zaman qürur duymuşam...

 

Ədəbiyyatşünas-alim, pedaqoq M.Məmmədov uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin aparıcı kafedralarından olan Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmişdir (1976-1982). Onun rəhbərliyi altında çoxlu sayda proqramlar, metodik vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazılmışdır. O, elmi kadrların hazırlanması sahəsində gərəkli işlərə imza atmışdır. Məmməd müəllim on illər boyu universitet auditoriyasında tələbələrə XX əsr Azərbaycan ədəbiyyatından dərs demiş və onların bir müəllim kimi yetişməsində böyük zəhmət sərf etmişdir.

 

Professor M.Məmmədovun elmi fəaliyyətinin, araşdırmalarının mühüm bir hissəsi tədris vəsaitlərinə, pedaqoji sahədə olan dərslik və dərs vəsaitlərinə olan ehtiyacın aradan qaldırılmasına hesablanmışdı. “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. proqramları, ədəbi tənqid tarixi ilə bağlı hazırladığı müntəxəbat, uşaq ədəbiyyatı tərtib-toplusu xalqın zəngin mənəvi mədəniyyətinə rəğbət və məhəbbətdən yaranmışdı. “Uşaq mətbuatı və uşaq ədəbiyyatı” (2005) dərs vəsaiti görkəmli alimin ömür və yaradıcılıq yolunun ən maraqlı məqamlarının bəhrəsidir. Professor M.Məmmədov da zəngin yaradıcılığı və fəaliyyəti ilə vətənpərvərliyə hesablanmış bir ömür yaşamışdır. Bütün bunlar böyük alim, əvəzsiz müəllim professor Məmməd Məmmədovun ömür yolunun bariz göstəricisidir.

 

 

 

Mahmud ALLAHMANLI,

 

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 22 may.- S.6.