Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı mövcuddur, qorunur

 

 

Samir Adıgözəlli: "Ölkəmizdə bu sahədə vəziyyət kifayət qədər normaldır, yaxşıdır"

Azərbaycanın müstəqil, demokratik bir ölkə olaraq qarşısına qoyduğu əsas hədəflər, məqsədlər bəllidir. Ölkədə bütün demokratik prinsipləri inkişaf etdirmək, onların daha da inkişaf etdirilməsinə nail olmaq. Nəzərə alsaq ki, demokratik prinsiplər sırasında əsas etibarilə fikir, söz, məlumat və ifadə azadlığı, eləcə də plüralizm mühüm yer tuturbu prinsiplərin ölkəmizdə inkişaf etdirilməsi istiqamətində davamlı olaraq addımlar atılır, o zaman Azərbaycanın demokratiya yolunda inamlı, səmərəli addımladığını söyləyə bilərik.

 

Qeyd etdiyimiz kimi demokratik cəmiyyətin əsas göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığı, eləcə də plüralizmdir. Bəs görəsən qeyd etdiyimiz norma və prinsiplər günümüzdə Azərbaycanda hansı səviyyədədir? Eləcə də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin daha da inkişaf etdirilməsi istiqamətində ölkədə daha hansı addımlar atılır, tədbirlər, islahatlar həyata keçirilir? Buya digər suallarla bağlı İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, boyukmillet.com saytının baş redaktoru Samir Adıgözəlli ilə söhbətləşdik.

 

-Samir bəy, hazırda ölkədə fikir, söz, məlumat və ifadə azadlığının durumunu, plüralizmin vəziyyətini necə dəyərləndirirsiniz?

 

-Bu danılmaz faktdır ki, ölkəmizdə həyatımızın bütün sahələrini əhatə edən hərtərəfli geniş islahatlar həyata keçirilməkdədir. Bu islahatlar da öz növbəsində söz, məlumat, ifadə azadlığı və siyasi plüralizmə daha da geniş meydan verməkdədir. Hər kəsə bəllidir ki, demokratik cəmiyyətlərin mövcudluğunun təməl prinsipləri söz, fikir və düşüncə azadlığıdır. Bugünə qədər bu istiqamətdə Azərbaycanda bir çox dövlət proqramları həyata keçirilmişdir. Mətbuat azadlığı təmin olunmuş , kütləvi informasiya vasitələri üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılımışdır. Mətbuatın inkişafı üçün dövlət layıhələri həyata keçirilməkdədir. Onu da qeyd etmək yerinə düşər ki, ölkə əhalisinin böyük əksəriyyəti sosial şəbəkə istifadəçisidir. İnsanlar da burada azad fikrini ifadə edərək mövqelərini nümayiş etdirirlər. Ona görə də bu gün tam əminliklə deyə bilərik ki, günümüzdə Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı tam təmin olunur, bunun üçün hər bir şərait yaradılır. Təkcə bir faktı, ölkədə yüzlərlə kütləvi informasiya vasitəsinin mövcudluğunu göstərməklə tam mənada deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı mövcuddur, qorunur.

 

-İstər parlamentin tərkibi, istər Milli Məclis rəhbərliyində müxalifət partiyalarına yer ayrılması onu deməyə əsas verirmi ki, Azərbaycanda siyasi plüraliz mövcuddur və tədricən də inkişaf edir?

 

-Siyasi partiyalar üçün istər parlamentdə istərsə də ümumi həyatımızda mövqelərini sərbəst bildirmək imkanları mövcuddur. Siyasi islahatların bir hissəsi olaraq cənab prezident tərəfindən ölkədə siyasi plüralizmin inkişafı məqsədilə yeni siyasi konfiqurasiya ərsəyə gəlməkdədir. Bildiyimiz kimi, nüxalifət partiyalarından birinin nümayəndəsi Milli Məclis sədrinin müavini postuna gətirildi. Təbii ki, burada səs vermədə əsas rolu iqtidar partiyası oynadı. Bu da ölkəmizin siyasi həyatında yeni iqtidar-müxalifət münasibətlərinin göstəricisidir.  Göründüyü qədər hakimiyyət, iqtidar ölkədə siyasi plüralizm, müxaliətlə iqtidar arasında dialoq mühitinin möhkəmləndirilməsi məqsədilə əlindən gələni edir, lazımı addımlar atır. Yetər ki, öz növbəsində qarşı tərəf də hakimiyyətin ölkədə siyasi plüralizmin möhkəmləndirilməsi, onun inkişaf etdirilməsi prosesinə öz töhfəsini versin. Əslində bu müxalifətin mənəvi borcudur. Əgər müxalifət də bunlardan yanadırsa, ölkədə əsas demokratik prinsiplərin, xüsusilə də siyasi plüralizmin daha da möhkəmləndirilməsini istəyirsə, o zaman bu istiqamətdə opponeti tərəfindən uzanan ələ qarşılıq verməli, əməkdaşlıq təşəbbüslərinə dəstək olmalıdır. Bu gün dünya təcrübəsi, beynəlxalq təcrübədən danışan həmin müxalif partiyalar nədənsə unudurlar ki, istinadən etdikləri həmin cəmiyyətlər və dövlətlərdə məhz iqtidar və müxalifətin qarşılıqlı əməkdaşlığı nəticəsində siyasi plüralizm kifayət qədər inkişaf edib. Mən fikir, söz, məlumat və ifadə azadlığını qeyd etmək istəmirəm. Çünki Azərbaycanda bu sahədə vəziyyət kifayət qədər normaldır, yaxşıdır. Hətta deyərdim ki, əladır. Mübaliğəsiz deyərdim ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı hətta dünya ölkələri, demokratiya baxımından ən inkişaf etmiş ölkələr kimi göstərilən, istinad edilən dövlətlərə nümunədir, onlarda olan vəziyyətdən ən üst səviyyədədir. Əgər belə olmasaydı bu gün ölkədə fikir, söz, ifadə və məlumat azadlığının olmadığı, yaxud pozulduğunu iddia edənlər istər nəzarətlərində olan media qurumları, kütləvi informasiya vasitələri, istərsə də sosial şəbəkələrdə ağızlarına gələn hədyan, qərəz, əsassız dolu fikirləri səsləndirməz, hətta siyasi etikadan kənar söyüş, təhqir işlətməzdilər.  Göründüyü kimi, bu qüvvələr demokratiya, fikir, söz, məlumat və ifadə azadlığının mövcudluğundan sui-istifadə edir, bütün bunları anarxiya ilə qarışdırırlar. Bundan isə yalnız təəssüflənmək olar.

 

-Siz ölkədə siyasi plüralizmin vəziyyətindən razısınızmı?

 

-Əvvəla onu qeyd etmək yerinə düşər ki, siyasi fəaliyyət üçün, azadlıqlar üçün təkcə yaradılmış şəraitin qane ediciliyini düşünməli deyil, həm də bunun qarşılığında xalqa və ölkəyə nə edildiyinə də baxmaq lazımdır. Siyasi plüralizm cəmiyyətdə siyasi çaşqınlığa yol açmamalı, dövlətin hüquq təməlinə zərər vermədən yürüdülməlidir. Ancaq təəssüf hissi ilə qeyd etmək istərdim ki,  bəzi siyasi qüvvələrin siyasi plüralizmi öz kafalarına uyğun şəkildə dərk etdiklərinin şahidi oluruq. Bu da bir sıra mənfi tendensiyaların meydana çıxmasına səbəb olur.

 

-Ölkədə siyasi partiyaların fəaliyyətinə yaradılmış bu qədər imkan, şəraitin qarşılığında bəs siyasi partiyalar hansı mövqedən çıxış etmıəli, bunun qarşılığını necə verməlidirlər?

 

-Siyasi plüralizmin inkişafı istiqamətində mövcud həyata keçirilən islahatların müsbət təsirlərini görməkdəyik. Yuxarıda sadaladığımız amillər, siyasi partiyalarla hakimiyyətin bu sahəyə məsul olan şəxsinin görüşlər keçirməsi, qarşılıqlı etimad mühitinin yaradılmasına yönəlik fəaliyyətlər bunun əyani sübutudur. Bir sözlə, mən deyərdim ki, siyasi təşkilatlanma yeni dövrünü yaşamaqdadır. Yaranmış siyasi imkandan partiyaların, siyasi təşkilatların cəmiyyətdən gələn siyasi-iqtisadi, sosial-mədəni və s. baxışlara, sosial sifarişlərə necə reaksiya verdiklərini gələcək göstərəcək. Heüsb edirəm ki, hər bir siyasi qurum yaradılmış şəraitdən, etimaddan yararlandığı zaman məsuliyyət hissini də dərk etməlidir. Yaradılan şəraitə, imkanlara dəstək olmalı, bu imkanların, şəraitin daha da genişləndirilməsi istiqamətində təşəbbüslər ortaya qoymalıdır.

 

-Ancaq bəzi hallarda istər ölkədə fəaliyyət göstərən bəzi siyasi dairələr, istərsə də bir sıra beynəlxalq təşkilatlar iddia edirlər ki, Azərbaycanda siyasi azadlıqlar pozulur, plüralizm , fikir, söz azadlığı mövcud deyil. Sizcə bu cür qərəzli münasibət haradan qaynaqlanır?

 

-Yuxarıda qeyd etdiyim kimi, siyasi fikir azadlığı cəmiyyət dəyərlərinə, qanunlara, dövlətin bütövlüyünə xələl gətirmədən həyata keçirilməlidir. Təəssüf ki, bəzi siyasi dairələr yalnız ölkədə xaos yaratmaq, dağıtmaq, əzmək düşüncəsi ilə hərəkət edirlər. Bu naqis düşüncəyə də bəzi beynəlxalq təşkilatlar məqsədli şəkildə dəstək verərək onu demokratiya pozuntusu kimi bəyan edirlər. Heç bir dövlət bu cür destruktiv fəaliyyətlərə razılıq verməz. Dağıdıcılığı siyasi plüralizm kimi qələmə verənlər cəmiyyət tərəfindən də birmənalı olaraq rədd edilirlər. Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığı, plüralizmin mövcud olmadığı, qeyd etdiyimiz demokratik prinsiplərin pozulduğu, onlara imkan yaradılmadığını iddia etmək ən böyük yalan olar. Çünki hər şey göz qabağındadır. Qeyd etdiyim kimi, bu gün dünyanın demokratik cəhətdən ən inkişaf etmiş ölkələrində belə deyərdim ki, Azərbaycanda olduğu qədər fikir, söz, məlumat və ifadə azadlığı, eləcə də plüralizm yoxdur.

 

-Bəs, ölkədə siyasi sahədə həyata keçirilən islahatlar plüralizmin daha da inkişaf edəcəyi və möhkəmlənəcəyi qənaətini yaradırmı?

 

-Ölkəmizdə aparılan istər kadr islahatları istər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və siyasi sahədə həyata keçirilən islahatlar heç şübhəsiz yeni inkişafı göstərməkdədir. Bütün bu proseslər plüralizmin də inkişafına ciddi təsir göstərəcək və bu sahədə dayanıqlılıq yaradacaqdır. Həyata keçirilən islahatlar, atılan addımlar fonunda onu müşayət edirik ki, bu istiqamətdə ortaya siyasi iradə var və həmin siyasi iradə də Cənab Prezident İlham Əliyev tərəfindən ortaya qoyulub. Ona görə də ölkədə siyasi plüralizmin bundan sonra daha da möhkəmlənəcəyinə kifayət qədər ümidlər və yüksək inam hissi var.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

 

Olaylar.- 2020.- 23 may-1 iyun.- S.15.