23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür

 

Ekologiyanın qorunmasında cəmiyyət böyük rol oynayır

 

Məlum olduğu kimi, dövlət rəhbəri İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə 23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bayram tədbirləri keçilən yolun təhlili, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir. Ekoloqların peşə bayramı gününün təsis edilməsi, eləcə də həyata keçirilən tədbirlər sübut edir ki, ekoloji tarazlığın qorunması dövlətimizin siyasətinin prioritetləri sırasındadır.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, optimallaşdırılmış və operativ fəaliyyətin həyata keçirilməsi məqsədilə Nazirliyin strukturlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesləri gedir.

İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, sağlam ətraf mühitdə yaşaması, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə günün aktual məsələlərindəndir.

Bu baxımdan Azərbaycan Respublikasının zəngin təbiətini qorumaq, bərpa etmək üçün yeni layihələrin həyata keçirilməsinə və ekoloji problemlərin həlli istiqamətində idarəetmə prosesində mövcud qabaqcıl informasiya texnologiyalarının tətbiqinə başlanılıb. Bir qisim xidmətlər “ASAN xidmət” vasitəsi ilə elektronlaşdırılıb, 2020-ci ildə nazirliyin göstərdiyi bütün xidmətlər üzrə elektronlaşma proqramı hazırlanır və həyata keçirilməsi nəzərdə tutulur.

Uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin çirklənməsinə səbəb olub. Çirklənmiş ərazilərin bərpası, əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhəri və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir.

Bununla əlaqədar çirklənmiş ərazilərin qiymətləndirilməsi, təmizlənməsi üsullarını və gələcək istifadə təyinatını müəyyən etmək üçün inventarlaşdırma işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında və Suraxanı rayonunda ərazilər lay suları, neft, duz, yod və digər çirkləndiricilərdən təmizlənərək burada həmişəyaşıl ağackol növlərindən ibarət yaşıllıqlar salınıb.

Eləcə də respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarının külək və su eroziyasından mühafizəsi, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması tədbirləri həyata keçirilir və ağacların suvarılması üçün qənaətcil suvarma şəbəkəsi qurulur.

2020-2025-ci illər üçün hazırlanmış Abşeron yarımadasının yaşıllaşdırılması proqramına əsasən 10 min hektaradək ərazinin yaşıllaşdırılması planlaşdırılır.

Azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi də prioritet istiqamətlərimizdəndir. Təkcə 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağac əkilmişdir.

Meşəsalma fəaliyyəti ilə bərabər meşələrin mühafizəsi tədbirləri də gücləndirilir, meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir.

Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi üçün beynəlxalq təcrübələr əsasında inventarlaşma işlərinə başlamışıq və 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb.

İqtisadiyyatın bir çox sahələrində, habelə insan həyatında şirin suyun vacibliyi, zəruriliyi hər kəsə məlumdur. Bu gün Azərbaycan öz ehtiyaclarını ödəməyə qadir olmasına baxmayaraq, bir çox qonşu dövlətlərlə müqayisədə daha az şirin su ehtiyatlarına malik ölkədir.

Ölkənin coğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərinə həssasdır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.

Əhalinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan tələbat artan templə irəliləyir.

Su ehtiyatlarının ölkə ərazisində qeyri-bərabər paylanması və region ölkələri ilə müqayisədə nisbətən azlığı, transsərhəd suların çirklənməsi, su təhlükəsizliyinə təhdidlərin olması və s. çətinliklər nəzərə alınaraq beynəlxalq praktikaya uyğun olaraq sudan səmərəli istifadə edilməsi, suyun dəqiq uçotunun aparılması məsələləri hədəf kimi müəyyən olunub.

Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama uyğun olaraq, hazırda ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində mövcud problemlərin həll edilməsi üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Eyni zamanda, iqlim dəyişmələrinə adekvat adaptasiya tədbirlərinin seçilməsi üçün gələcək iqlim dəyişmələri ssenariləri də hazırlanır. Təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin, həmçinin monitorinqlaboratoriya fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə maddi-texniki baza modernləşdirilir.

Avropa Ətraf Mühit Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMT-nin qəbul edilmiş təlimatlarına uyğun olaraq ölkə üzrə elektron su balansının yaradılmasına başlanılıb.

Bu gün Nazirliyin fəaliyyət hədəflərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib.

Dünyada karbohidrogen ehtiyatları və bioloji zənginliyi olan Xəzər dənizi unikal bir su hövzəsidir. Əfsuslar olsun ki, antropogen və təbii amillərin təsiri (qlobal iqlim dəyişiklikləri, dəniz səviyyəsinin tərəddüdü, çay axınının həddən artıq tənzimlənməsi, çirklənmə, qanunsuz balıq ovu, neft-qazs.) Xəzər dənizi ekosisteminin deqradasiyasına gətirib çıxarmış, o cümlədən dənizin unikal ixtiofaunasında böyük dəyişikliklər baş vermişdir.

Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişafekoloji sabitlik zonasına çevrilsin.

Yeri gəlmişkən, qeyd edim ki, iqtisadiyyatın qida sektoruna aid olan balıqçılığın davamlı inkişafı da əsas prioritet istiqamətlərimizdən biridir. Təbii balıq ehtiyatlarının qorunması, balıqçılığın inkişafı, su hövzələrindən səmərəli istifadə edilməsi, bu sahədə normativ-hüquqi bazanın və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə addımlar atılır.

Son iki il ərzində nərə cinsli və müxtəlif növ digər balıq və balıq məhsullarının sənaye məqsədilə istehsalını həyata keçirən bir sıra müasir müəssisələr yaradılıb.

Əsas məqsədimiz yaxın illərdə ölkə əhalisinin balıq məhsullarına olan tələbatının ödənilməsi, idxaldan asılılığın azaldılması, iqtisadiyyatı sahil balıq ovundan asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən şirin su və dəniz hövzələrində balıq fermer təsərrüfatlarının inkişafıdır.

Bütün bunlar son nəticədə təbii su hövzələrində balıqların, xüsusilə nərəkimilərin təbii populyasiyasına antropogen təzyiqin azalmasına gətirib çıxaracaqdır.

Balaxanı poliqonunun müasir standartlara uyğun yenidən qurulması, Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarının istismara verilməsi və çoxsaylı nəzarətsiz tullantı sahələrinin təmizlənməsi hesabına Bakıda müsbət dəyişikliklər baş verib. Lakin digər ərazilərdə, xüsusilə də iri yaşayış məntəqələrində məişət tullantılarının daşınması və yerləşdirilməsi narahatlıq doğurur.

Bu problemin həll olunması üçün cənab Prezident tərəfindən təsdiq olunmuş Bərk məişət tullantıların idarə olunmasının təkmilləşdirilməsinə dair StrategiyaPlastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyi ilə birlikdə regional poliqonların tikilməsi, tullantıların təkrar emal müəssisələrinə yönəldilməsi istiqamətində tədbirlər görülür, idarəetmə orqanları və özəl sektorla aparılır.

İqtisadi inkişaf, xüsusilə tikinti sektorunun xammala olan tələbatı ilə bağlı geoloji axtarış və kəşfiyyat işləri genişləndirilir. Mineral xammal bazasının qorunması və səmərəli istifadəsi sahəsində sağlam sahibkar - dövlət dialoqu platforması qurulub.

Ölkə rəhbərliyinin təşəbbüsü ilə yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb.

Bu sahədə yaradılmış yeni idarəetmə strukturu faydalı qazıntıların kompleks istifadəsinə və əlverişli investisiya mühitinin yaradılmasına imkan verəcəkdir.

Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə Avropa üzrə zəngin biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu baxımdan ölkəmizdə biomüxtəlifliyin qorunması həm milliregional, həm də qlobal əhəmiyyətə malikdir. Bu həm də ekoturizmin inkişafı və ölkənin tanıdılmasında böyük rol oynayır.

Bu istiqamətdə xanım Leyla Əliyevanın təsisçisi olduğu IDEA İctimai Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü işləri, xüsusilə də ətraf mühitin mühafizəsi işinə gənclərin cəlb olunmalarını yüksək qiymətləndiririk.

IDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gündavam edir. “Ceyranların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi” çərçivəsində bu günədək 200-ə yaxın ceyran öz təbii areallarına buraxılıb. Bundan əlavə, ötən il Şahdağ Milli Parkının ərazisinə Almaniya, FransaBelçika zooparklarından 12 baş Avropa bizonu gətirilərək bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb.

Hazırda IDEA İctimai Birliyi ilə birlikdə daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş yeni genişmiqyaslı “Zəngin hövzələr” layihəsinin icrasına başlanılıb.

Ötən il cənab Prezidentin Fərmanı ilə Qızılağac Milli Parkı yaradılmış, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Azərbaycan Respublikasının geoloji, coğrafi, tarixi və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin qorunması istiqamətində YUNESKO ilə əməkdaşlıq genişləndirilir. Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Qlobal Geoparklar təşəbbüsü çərçivəsində beynəlxalq geoloji əhəmiyyətə malik ərazi kimi müəyyən edilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir.

Ümumiyyətlə Azərbaycan təbiətinin yerli və beynəlxalq səviyyədə təşviqatının gücləndirilməsi məqsədilə sektorlararası əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verilir.

Qarşıdakı illərdə görüləcək işlər çoxdur. Dövlət rəhbəri İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları yüksək səviyyədə həyata keçirmək üçün Nazirlik üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır.

Sevindirici haldır ki, ekoloji durumun yaxşılaşdırılması ilə bağlı məsələlərdə ictimai qınaq mexanizmi formalaşır, vətəndaş mövqeyi nümayiş etdirilir və insanların təbiətlə münasibətlərində müsbət dəyişikliklər öz bəhrəsini verir. Hesab edirik ki, ictimaiyyətin bu işlərdə sərt mövqeyi bizim işimizə ən böyük köməkdir. Problemlərin üstünə birlikdə getməliyik və bu işdə ictimaiyyətdən daima dəstək gözləyirik.

Hər bir xalq özünün gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Bu baxımdan gənclərin Nazirliyin fəaliyyətində fəal iştiraka cəlb olunmasına, onların istək, rəy və təkliflərinə böyük önəm verilir.

2020-ci ilin ölkəmizdə “Könüllülər ilielan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupu yaradılıb. Bu günə kimi artıq 500-ə yaxın könüllü gənc müraciət edib. Könüllülük fəaliyyətinə qoşulan gənclərdən Nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması da nəzərdə tutulur ki, bu da gənclərin həyatına uğurlu bir keçid fürsəti yaradacaqdır.

 

Muxtar BABAYEV,

Ekologiya və Təbii Sərvətlər naziri.

 

Respublika.- 2020.- 23 may.- S.4.