Milli Kitabxananın fondu daim zənginləşir və inkişaf edir

 

Müsahibimiz Milli Kitabxananın direktoru Kərim Tahirovdur

 

—Kərim müəllim, bu gün Milli Kitabxananın fondunun zənginləşdirilməsi istiqamətində nə kimi işlər görülür. Respublikada nəşr olunan yeni kitablar fondunuza müntəzəm daxil olurmu? Xarici ölkə kitabxanaları ilə kitab mübadiləsinin vəziyyəti barədə nə deyə bilərsiniz?

Ulu öndər Heydər Əliyev 1996-cı ildə Milli Kitabxanada olarkən fondların yeni ədəbiyyatla komplektləşdirilməsi ilə maraqlanmış və qeyri-qənaətbəxş cavab aldıqdan sonra demişdir: “Milli Kitabxana elə bir yerdir ki, onun fondları daim yeniləşməlidir, yeni-yeni kitablarla daim zənginləşməlidir”. Ulu öndərin bu qiymətli fikri Milli Kitabxananın fondlarının daim zənginləşməsinin vacibliyini bir daha təsdiq edir. Uzaqgörənliklə söylənmiş bu fikri Heydər Əliyev siyasətini uğurla davam etdirən və daha da inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Milli Kitabxananın fondu daim zənginləşir və inkişaf edir. Təkcə 2019-cu il ərzində cənab Prezident kitabxanaların kitab fondlarının zənginləşdirilməsi ilə əlaqədar 1 fərman və iki sərəncam imzalamış və dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti 2 qərar qəbul etmişdir.

Bu qərar və sərəncamlar kitabxanaların yeni nəşr məhsulları ilə təchizatını qanunvericilik qaydasında təsbit edən “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə yönəlmişdir və dünya təcrübəsində ilk dəfə olaraq Milli Kitabxananın elektron resurslar fondunun yeni çap olunan nəşr məhsullarının elektron versiyasının məcburi nüsxələri ilə təmin olunmasını qanunvericilik qaydasında təsdiq etmişdir. Bu normativ-hüquqi aktlar ölkə ərazisində və ölkədən kənarda ölkə nəşriyyatları, müəssisələri tərəfindən çap olunan nəşr məhsullarının pulsuz məcburi nüsxələrinin Milli Kitabxanaya verilməsinin yeni qaydalarının müəyyən olunmasına yönəlmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydaları”nda respublika ərazisində çap olunan və eləcə də ölkə ərazisində fəaliyyət göstərən nəşriyyatlar tərəfindən ölkədən kənarda nəşr olunan çap məhsullarının pulsuz məcburi nüsxələrinin milli və respublika əhəmiyyətli kitabxanalara göndərilməsi qaydaları müəyyən olunmuşdur. Bu normativ aktlara müvafiq olaraq Milli Kitabxananın strukturunda “Nəşriyyatlarla və məcburi nüsxələrlə iş bölməsi” yaradılmışdır və respublika ərazisində tətbiq olunan karantin rejimi ləğv olunduqdan sonra nəşriyyatlarla bu istiqamətdə müvafiq iş aparılacaqdır. İnanırıq ki, cənab Prezidentin və Nazirlər Kabinetinin təsdiq etdiyi bu sənədlər kitabxanaların, xüsusilə Milli Kitabxananın nəşr məhsullarının məcburi nüsxələri və onların elektron nüsxələri ilə təchizatına, Respublika Çap məhsullarının Arxiv Fondunun zənginləşdirilməsinə müsbət təsirini göstərəcəkdir.

Xarici ölkə kitabxanaları ilə kitab mübadiləsinin vəziyyətindən danışarkən Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında ötən ilin dekabrında Milli Məclisə təqdim etdiyi və bu günlərdə yeni Milli Məclis tərəfindən təsdiq olunan “Nəşr məhsullarının beynəlxalq mübadiləsinin həyata keçirilməsi haqqında” YUNESKO-nun 3 dekabr 1958-ci ildə qəbul etdiyi Konvensiyaya Azərbaycan Respublikasının qoşulmasına dair qərar isə Milli Kitabxananın beynəlxalq kitab mübadiləsi işlərinin genişləndirilməsinə böyük imkanlar açacaq və onun fondlarının xarici ölkələrdə çap olunan nəşr məhsulları ilə təmin olunmasında əhəmiyyətli rol oynayacaqdır. Hazırda kitabxanamız dünyanın 60-dan artıq milli və universitet kitabxanaları ilə fəal kitab mübadiləsi həyata keçirir və cənab Prezidentin Milli Məclisə təqdim etdiyi bu sənəd qarşımızda geniş imkanlar açmaqla yanaşı, gömrük və poçt daşımaları ilə bağlı hazırda mövcud olan bir sıra maneələrin aradan qaldırılmasını təmin edəcəkdir.

Azərbaycan Milli Kitabxanası bu gün təkcə kitabsaxlayıcı funksiyasını həyata keçirmir, həm də Azərbaycan mətbuatının, nəşr məhsullarının arxivini yaradan bir institutdur. Milli Kitabxanadan başqa heç yerdə Azərbaycan kitabiyyatının tam qeydiyyatı aparılmır və ona görə də mən bütün nəşriyyatlara, bütün müəlliflərə müraciət edirəm ki, çap etdiyi kitablardan məcburi nüsxələrini Milli Kitabxanaya təqdim etsinlər. Xarici ölkə kitabxanaları ilə kitab mübadiləsinə isə Azərbaycan Milli Kitabxanasının xüsusi Beynəlxalq kitab mübadiləsi şöbəsi nəzarət edir. Şöbənin məqsədi beynəlxalq səviyyədə milli kitabxanalarla kitab mübadiləsini həyata keçirməkdir. İl ərzində xarici ölkə kitabxanalarına və təşkilatlara 4-5 min nüsxə kitab göndərilir və onlardan da təqribən o qədər kitab alınır. Dünyanın 40-dan artıq milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır ki, onlar da beynəlxalq kitab mübadiləsinə geniş imkanlar açır.

—Kitabxanaların avtomatlaşdırılması dövrün tələbidir. Elektron kitabxana, elektron kataloq bu günün oxucularına Online rejimində daha operativ axtarış aparmağa imkan verir. Ümumiyyətlə, elektron xidmətin vəziyyəti necədir?

—Hazırda Milli Kitabxanada oxuculara kitabxana xidmətinin təşkili ilə əlaqədar bütün iş prosesləri avtomatlaşdırılmışdır: oxucuların qeydiyyatı, kitabxanaya daxil olması, kitabın axtarışı və sifarişi, ədəbiyyatın oxuculara verilməsi və qaytarılması prosesləri, kitabların qanunsuz olaraq kitabxanadan çıxarılmasının qarşısının alınması, yeni daxil olan ədəbiyyat haqqında oxuculara operativ informasiyanın verilməsi, kitabxanaya gəlmək istəyən oxucular tərəfindən əvvəlcədən virtual sifarişlərin verilməsi və s. proseslər. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində aparılan tədbirlər nəticəsində oxuculara xidmət işinin müasir növləri tətbiq edilir. Son illər ərzində elektron kataloqla Elektron kitabxananın birləşdirilməsi prosesi həyata keçirilmişdir ki, bu zaman oxucu artıq elektron kataloqda axtarış apararaq tapdığı kitabı bilavasitə Elektron kitabxanaya dönmədən elə axtarış modulunda “Onlayn oxu” düyməsi vasitəsilə yerindəcə açıb oxuya bilir. Bu da xeyli vaxt itkisinin qarşısını alır.

Milli Kitabxananın saytı vasitəsilə bu gün oxucularımıza bir sıra virtual xidmətləri özündə birləşdirən onlayn xidmətlər kompleksi təqdim olunur ki, buna da nümunə olaraq “Onlayn biblioqrafik sorğu”, “Ədəbiyyatın onlayn sifarişi və elektron çatdırılması”, “Virtual sərgilər”, “Onlayn metodik xidmət” və s. göstərmək olar. Oxucu sorğularının ödənilməsində elektron kataloq və elektron kitabxana aparıcı rol oynayır. Elektron kataloq ənənəvi kataloqdan axtarışın müxtəlifliyinə görə fərqlənir və elektron kataloq ədəbiyyat fondu haqqında ənənəvi kataloqdan daha dolğun biblioqrafik məlumata malik olduğundan, oxucuya çoxelementli və çoxsəviyyəli axtarış imkanları təklif edirik. Digər tərəfdən, oxucu elektron kataloq vasitəsilə uzaq məsafədən ədəbiyyat axtarışı apara və istədiyi kitabı kitabxananın saytının “Elektron kataloq və elektron kitabxana” bölməsindəki “Onlayn oxu” düyməsi vasitəsilə sərbəst şəkildə açıb oxuya bilir. Bu mütərəqqi iş forması kitabxanamızda xeyli sayda oxucuların “istifadəçiyə” çevrilməsi ilə nəticələnmişdir. Təbii ki, istifadəçilərin sayı ənənəvi oxucuların sayından qat-qat çoxdur və bu gün onların sayı 1 milyon 900 minə yaxındır.

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən Milli Kitabxana oxucular üçün müvəqqəti bağlanmışdır, lakin kitabxanamız onlayn xidmətlərin geniş çeşidinin tətbiqi sayəsində oxuculara xidmət göstərmişdir. Kitabxana işçiləri məhdud sayda (4-5 nəfər) fəaliyyət göstərdikləri üçün Milli Kitabxananın onlayn xidmətləri, Elektron kataloq və Elektron kitabxana, habelə kitabxananın veb saytı oxuculara məsafədən xidməti davam etdirmişdir. Karantin rejiminin tətbiq olunduğu dövr ərzində (martın 11-dən bu günədək) Milli Kitabxananın saytının (anl.az) Elektron kataloq və Elektron kitabxana bölməsinin “Onlayn oxu” düyməsi vasitəsilə kitab oxuyan istifadəçilərin sayı 1 milyon 500 min nəfər təşkil etmiş, bütövlükdə saytımıza 2 milyon 200 min giriş olmuşdur. Bu dövr ərzində Kitabxananın yeni yaradılan “Onlayn xidmətlər pəncərəsi” vasitəsilə 6739 oxucuya 10364 kitabın və 18039 məqalənin pdf. variantı göndərilmiş, onlara 713 biblioqrafik məsləhət verilmişdir. Bunlardan Milli Kitabxananın elektron resurslar fondunda olmayan 450 kitabın və 1586 məqalənin bilavasitə kitabxanada işçilər tərəfindən rəqəmsallaşdırılaraq oxuculara göndərilməsi təmin olunmuşdur. Göründüyü kimi, Milli Kitabxana bu çətin dövrdə də oxucularının yanında olmuş və onların evdə qalaraq elmi tədqiqatla və aktiv mütaliə ilə məşğul olmalarına yardımçı olmuşdur. Bunu bizə xarici ölkələrdən və respublika vətəndaşlarından gələn çoxsaylı təşəkkür məktubları daha aydın göstərir.

Karantin rejimi dövründə yaranan çox çətin vəziyyət Kitabxanamızın onlayn xidmətlərinin fəaliyyətinin xeyli güclənməsi və təkmilləşməsi ilə nəticələnmişdir. Belə ki, Milli Kitabxana oxucuların və istifadəçilərin ədəbiyyata olan konkret sorğularının ödənilməsi ilə yanaşı, digər onlayn xidmətlərini də təqdim etmişdir. Bir qayda olaraq əlamətdar və tarixi günlərə və görkəmli şəxsiyyətlərə həsr olunmuş kitab sərgiləri də, kitabxananın əməkdaşları tərəfindən müxtəlif mövzulara dair hazırlanmış Elektron məlumat bazaları da virtual kitab sərgiləri və elektron məlumat bazalarının virtual təqdimatı ilə əvəz olunmuşdur. Müvafiq dövrdə kitabxanamız tərəfindən 30-dan artıq virtual sərgi və Elektron məlumat bazası müxtəlif sayt və sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edilmişdir.

Milli Kitabxana karantin rejimi dövründə mütəmadi olaraq fəal metodik tövsiyələr verdiyi kitabxanaları və kitabxanaçılarımızı da yaddan çıxarmayaraq onlara virtual rejimdə xidmət göstərməyə başlamışdır. Koronavirus təhlükəsi dövründə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan 6 metodik tövsiyə onlayn rejimdə müxtəlif sayt və sosial şəbəkələr vasitəsilə kitabxanaların və kitabxanaçılarımızın istifadəsinə verilmişdir. Hazırda bu işlər kitabxanamızın əməkdaşları tərəfindən uğurla davam etdirilir.

—Müasir texnologiyadan baş çıxarmaq, günün tələblərinə cavab vermək... bu gün hər bir kitabxana işçisinin qarşısında duran əsas vəzifələrdir. Peşəkar kadr potensialının formalaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

—ümumiyyətlə, bu günün kitabxanaçısı müasir informasiya texnologiyaları ilə işləməyi bacarmalıdır. Buna görə də Milli Kitabxana kadrların seçilməsi, ixtisaslarının artırılması ilə daha çox məşğul olur. Bir sıra beynəlxalq kitabxana təşkilatlarının toplantı və tədbirlərində, simpozium və treninqlərdə iştirak edir və gənc kadrlar üçün treninqlər təşkil edirik. Bu məqsədlə Kitabxanamızda xüsusi Treninq Mərkəzi fəaliyyət göstərir və mütəmadi olaraq burada müxtəlif kompüter proqramlarının öyrənilməsi, avtomatlaşdırılmış rejimdə müxtəlif iş proseslərinin öyrədilməsi, kompüter vərdişlərinə yiyələnməsi məsələləri üzrə treninqlər keçirilir. Milli Kitabxana respublikamızın kitabxana işçiləri üçün də mütəmadi olaraq treninqlər keçirilməsini təmin edir. Son treninqlərimiz Mədəniyyət Nazirliyinin göstərişinə əsasən rayon və şəhər Mərkəzi kitabxanalarının İnformasiya-Resurs Mərkəzlərinin əməkdaşları üçün mart ayının əvvəlində keçirilmişdir. Çox təəssüf ki, pandemiya təhlükəsi səbəbindən yarımçıq qalan bu treninqlər Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi kitabxanalarının əməkdaşları üçün “Corel Draw”, “Photoshop”, “Pinnacle Studio”, “Movavi Video Suite” proqramlarının tədrisi məqsədilə təşkil olunmuşdur. Eyni zamanda bu proqramlar yerlərdəki kitabxanalarda kompüterlərə köçürülmüşdür. Kitabxanamızın ayrı-ayrı şöbələrinin əməkdaşları üçün də müxtəlif mövzular üzrə müvafiq treninqlər təşkil olunur və həmin treninqlərə xarici kitabxanalardan da mütəxəssis-trenerlər dəvət olunur.

Kitabxanamız BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin, Azərbaycan Dillər Universitetinin tələbələri üçün təcrübə bazası rolunu yerinə yetirir.

—Ölkədə kitabxana işinin milli ənənələrə və müasir dünya standartlarına uyğun şəkildə təşkil edilməsində yerli və beynəlxalq səviyyəli layihələrdə iştirak əsas şərtlərdən biridir. Bu işdə dövlət və beynəlxalq proqram və qrantlar da müəyyən rol oynayır. Bu istiqamətdə fəaliyyətinizi necə qurursunuz ?

—1998-ci ildən başlayaraq müxtəlif ictimai təşkilatlardan qrantlar alaraq müəyyən işlər görürdük. Məsələn, 2000-ci ildə Avrasiya və Soros fondlarının qrant layihələri əsasında Milli Kitabxanada elektron kataloqun və elektron kitabxananın təşkili üzrə müəyyən işlər görülmüşdür. Lakin bu gün kitabxanamızda avtomatlaşdırma, elektronlaşdırma, rəqəmsallaşdırma, yenidənqurma və modernləşdirmə sahəsində həyata keçirilən çoxsaylı layihələr yalnız Azərbaycan dövlətinin və Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə həyata keçirilir. Ayrı-ayrı konkret layihələr Mədəniyyət Nazirliyi ilə birlikdə və onun dəstəyi ilə reallaşdırılır. Belə layihələrə misal olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyimiz “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsini xüsusilə qeyd etmək lazımdır. Ötən il bu layihə üzrə dünyanın 17 böyük kitabxanasından mütəfəkkir şairimiz İmadəddin Nəsiminin dünya kitabxanalarında saxlanılan 31 nadir əlyazmasının diqital və çap surətlərinin Azərbaycana gətirilməsi təmin olunmuşdur. Bu sırada Nazirliklə birgə həyata keçirdiyimiz “Bərpanəşr” layihəsini, dünyada tamamilə yeni bir iş forması olan həftənin 7 günü 24 saat fəaliyyət göstərən və dünyada analoqu olmayan “Açıq Kitabxana” layihəsini, Azərbaycan musiqisinin dünyaya tanıdılması məqsədilə musiqi nümunələrimizin “Petrucci Music library” Dünya Musiqi Kitabxanası saytında yerləşdirilməsinə xidmət edən “Milli musiqimizin dünyaya tanıdılması” layihəsini, Milli Kitabxananın fondunda mühafizə olunan nadir not nəşrlərinin və səs yazılarının, qrammofon vallarının yenidən nəşri layihəsini və digər layihələri göstərmək olar.

Bu gün həyatımız sürətlə dəyişir, innovativ metodların kitabxana sistemində tətbiqi də qaçılmaz olur. Daim öyrənmək, yenilikləri mənimsəmək... Bu mənada kitabxana əməkdaşlarının yaradıcı fəaliyyəti də önəmlidir. Milli Kitabxana Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının, Avrasiya Kitabxanalar Assambleyası, Türkdilli Ölkələrin Milli Kitabxanaları Şurası kimi beynəlxalq təşkilatların üzvüdür və həmin təşkilatın reallaşdırdığı müxtəlif layihələrdə də fəal iştirak edir.

Müasir dövr həyatımızın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin göstərilməsi, kompüter texnologiyasının, online xidmətlərin daha böyük əhəmiyyət kəsb etməsi ilə xarakterizə olunur. Kitabxanamız da bütün bunları nəzərə alaraq istifadəçilərin tələbatına uyğun olaraq innovativ və kreativ iş formalarının öyrənilməsinə və tətbiqinə böyük önəm verərək bu sahədəki beynəlxalq təcrübənin kitabxanamızın təcrübəsinə tətbiqinə ciddi çalışır. Əlbəttə ki, kitabxanamızın əməkdaşlarının innovasiyalara və kreativ düşüncələrə uyğunlaşaraq daimi oxuculara xidmət işini təkmilləşdirməyə çalışması buna əyani sübutdur.

—Əvvəllər kitabxanaların ədəbiyyatla təmin edilməsi işini planlı şəkildə müəyyən qurumlar həyata keçirirdi. Onların ləğvindən sonra indi bu funksiyalar necə icra olunur və bu işdə Milli Kitabxananın rolu nədən ibarətdir? Kitab təchizatında nə kimi problemlər var?

—Çox düzgün qoyulmuş sualdır və deyərdim ki, kitabxanaların ən ağrılı yerinə toxundunuz. Bəli, bir vaxtlar kitabxanalarımız ölkə ərazisində çap olunan bütün nəşr məhsullarını ala bilirdilər və bu işi planlı şəkildə müəyyən qurumlar həyata keçirirdilər. Ancaq ötən əsrin 80-ci illərinin sonunda bu mexanizm dağıldı, təəssüf ki, yerində yeni bir qurum yaradılmadı və beləliklə, kitabxanalarımızın kitabla təchizatı sistemi tamamilə dağılmış oldu. Baxmayaraq ki, həmin əsrin 90-cı illərinin ortalarında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə bu məsələ ilə bağlı bir sıra qanunlar və digər normativ-hüquqi sənədlər qəbul olunsa da, onlar bu günədək demək olar ki, tam şəkildə icra olunmur. Bir daha ulu öndərin 1996-cı ildə Milli Kitabxanaya gələrkən uzaqgörənliklə söylədiyi bir fikrə yenidən qayıtmaq istərdim. Ulu öndər demişdir: “...kitabxana elə bir müəssisədir ki, gərək o daim inkişaf etsin, yeni-yeni nəşrlərlə zənginləşsin. Dünya dəyişir, hər şey inkişaf edir, yeni-yeni kitablar nəşr olunur, gərək onlar kitabxanamıza daxil olsun, oxuculara çatdırılsın. Mən bütün ictimaiyyəti bu işdə iştirak etməyə dəvət edirəm, hamını öz kitablarını bu kitabxanaya verməyə çağırıram”. Çox təəssüf ki, ulu öndərin böyük uzaqgörənliklə söylədiyi fikirlər bu gün hamı tərəfindən icra olunmur. Siz təsəvvür edə bilməzsiniz ki, bu gün çap olunan nəşr məhsullarının yalnız 65-70 faizi Milli Kitabxanada yaradılan Azərbaycan Nəşr Məhsullarının Arxiv Fondunda toplanır. Bu, əlbəttə fəlakətdir! Ancaq inanırıq ki, son 2 il ərzində ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı çox ciddi addımlar tezliklə öz bəhrəsini verəcəkdir və bu sahədəki qanunlara ciddi əməl olunacaqdır.

Eyni zamanda mən fürsətdən istifadə edərək Sizin qəzetiniz vasitəsilə bütün ictimaiyyətə — alimlərimizə, ziyalılarımıza və ən nəhayət müəlliflərə müraciət edərək onları öz kitablarının qanunla müəyyən olunmuş nüsxələrini Milli Kitabxananın Arxiv Fonduna verməyə çağırıram. Bu bizim hamımızın vətəndaşlıq borcumuzdur!

—Kərim müəllim, kitabxana milli sərvətdir, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürmək hər zaman əhəmiyyət kəsb edir. Elm nə qədər inkişaf etsə də, informasiya mənbələrinin çeşidi artsa da kitab ən etibarlı informasiya mənbəyi olaraq qalır. Nadir fonda daxil etdiyiniz kitablar necə müəyyən edilir? Ölkəmizdə kitabxanaların vəziyyəti günün tələblərinə cavab verirmi?

—Milli Kitabxanalar, onların fondlarında mühafizə olunan qiymətli materiallar xalqların milli-mənəvi sərvətidir, milli-mənəvi yaddaşıdır və buna görə də onların etibarlı şəkildə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması bizim tarixi missiyamızdır. Biz Milli Kitabxana olaraq bu şərəfli vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni etməyə çalışırıq. Kitabxanamızda həm “Nadir kitablar” fondu, həm də “Azərbaycan Kitabiyyatının Milli Arxiv Fondu” mühafizə olunur və kollektivimizin hər bir üzvü xalqımıza mənsub olan bu milli sərvəti göz bəbəyi kimi qoruyub saxlamağa çalışır. Həm Arxiv Fondu və həm də Nadir kitablar fondu gözəl şəraiti olan və müasir dövrün tələblərinə uyğun olaraq hər cür mühafizə imkanlarına malik olan fond saxlancları ilə təmin olunmuşdur. Burada müasir tipli işıqlandırma, tozdan, günəş işığından və rütubətdən etibarlı mühafizəni təmin edən yanğından mühafizə sistemləri quraşdırılmışdır.

Nadir kitablar fondu üçün kitablar bu sahədə böyük təcrübəyə malik olan mütəxəssis kitabxanaçılar tərəfindən seçilərək bu fonda daxil edilir. Fondun formalaşmasında oxucuların da böyük əməyi olur. Bu fonda müxtəlif nadir kolleksiyalar daxil edilmişdir. 1996-cı ildə ulu öndər Heydər Əliyev bizim kitabxanamıza gələrkən öz şəxsi kitabxanasından bizə bağışladığı 300 nüsxəyədək kitab hazırda bu fondda çox qiymətli kolleksiya kimi mühafizə olunur. Hazırda həmin kitabları qızıl fondda kolleksiya olaraq saxlayırıq. Nadir kitablar və kitabxana muzeyində tarixi əhəmiyyətli, nəşr tarixi baxımından qiymətli, nəfis tərtib edilmiş nəşrləri toplayaraq mühafizə edirik.

Təbii ki, ölkəmizdə mövcud olan 10 minə yaxın kitabxananın heç də hamısının vəziyyəti qənaətbəxş deyildir və günün tələblərinə cavab vermir. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə kitabxanaların strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı ölkədə kitabxana sisteminin tamamilə yenidən qurulmasına və onların fəaliyyətinin optimallaşdırılmasına yönələn tədbirlərin görülməsinə istiqamətlənmişdir və inanırıq ki, tabeçiliyində kitabxanalar olan strukturların cənab Prezidentə təqdim etdiyi təkliflər paketinin yaxın aylarda təsdiq olunması kitabxanalarımızın fəaliyyətində əsaslı dönüş yaradacaqdır. Ölkəmizdə kitabxanaların idarəedilməsinin tamamilə yeni bir sisteminin yaradılması mədəniyyətə dönüşə, kitaba və mənəviyyata qayıdışa böyük təkan olacaqdır.

—Hər bir peşə yaxşıdır, sənətin yaxşısı, pisi olmur, əsl məsələ seçdiyin peşəyə münasibətdədir. Bu gün respublikamızda da böyük bir kitabxanaçı ordusu var. Kitabxanaçı əməyi gözə görünməyən, nəticələri hər zaman üzdə olmayan bir əmək, bir sahədir. Konkret olaraq Milli Kitabxananın əməkdaşlarının əməyinin stimullaşdırılması, onların problemlərinin həlli istiqamətində nə kimi işlər görülür?

—Bu gün Azərbaycan dövləti tərəfindən, respublikamızın Prezidenti tərəfindən Milli Kitabxananın əməkdaşlarına çox böyük qayğı və diqqət göstərilir. Bu qayğının nəticəsi göz qabağındadır: Milli Kitabxanada əməkdaşların normal işləyib fəaliyyət göstərmələri üçün çox gözəl şərait yaradılmışdır, kitabxanamızda demək olar ki, bütün iş prosesləri avtomatlaşdırılmışdır, qışda soyuqdan və yayda istidən əziyyət çəkən fond saxlanclarımızda hər cür şəraiti olan, germetik bağlanan mobil kitab rəfləri ilə təmin olunmuş yaruslar yaradılmışdır, bütün kitabxananın istilik və işıqlandırma sistemləri yenidən qurulmuş, iş prosesləri tamamilə kompüterləşdirilmişdir.

Əməkdaşlarımızın əməyi cənab Prezidentimiz tərəfindən layiqincə stimullaşdırılmışdır və onların əməkhaqlarına lazımi əlavələr müəyyən olunmuşdur ki, bütün bunlar bizim kollektivin bütün üzvlərini var gücü ilə işləməyə ruhlandırır. Kitabxanaçı əməyinə gəldikdə isə, əgər kitabxanaçı öz əməyi ilə hər bir oxucunu sevindirirsə və onun axtardığı kitabları tapmaqda ona kömək edə bilirsə və bunun sevincini yaşayırsa, kitabxanaçıya bundan böyük mükafat ola bilməz! Amma cənab Prezidentimiz də kitabxanaçı əməyini yüksək qiymətləndirir: belə ki, 2013-cü ildə Milli Kitabxananın 90 illik yubileyinin keçirilməsi barədə xüsusi sərəncam imzalamışdır, kitabxanamızın yubileyində və digər vaxtlarda əməkdaşlarımızın xeyli hissəsi ölkəmizin yüksək fəxri adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Bu da bizi var gücümüzlə işləməyə və xalqımıza xidmət etməyə həmişə ruhlandırır!

—Kərim müəllim, ümumiyyətlə, kitabxana işinin təkmilləşdirilməsi, oxucu və kitabxana münasibətləri və s. barədə təcrübəli kitabxana işinin müqtədir mütəxəssisi kimi fikirləriniz də bizi maraqlandırır.

—Yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqamətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur. Azərbaycan kitabxanalarında yaradılan elektron kataloq sistemlərinin inkişafı ilə bağlı elektron kataloqu inkişaf etdirmək üçün ilk növbədə MAKİS yaradılmalıdır. Həmçinin, kitabxana işinin qanunverici əsaslarının və kitabxanaların fəaliyyətinin regional hüquqi mühitinin formalaşdırılması, kitabxanaların dünya informasiya məkanına çıxışını təmin edən lokal və korporativ informasiya - kitabxana şəbəkələri yaratmağa imkan verən müasir informasiya texnologiyalarının bütün kitabxana proseslərinə tətbiq edilməsi vacibdir. Ömrünün 30 ildən artıq bir dövrünü kitaba və mütaliəyə həsr edən bir mütəxəssis kimi deyə bilərəm ki, son illərdə respublikamızda gənclər arasında nəzərə çarpan kitaba, mütaliəyə, kitabxanaya qayıdış meyillərinin güclənməsi məni çox sevindirir. Mən həmişə arzu etmişəm ki, təki gənclərimiz oxusunlar, elmli olsunlar, kitabla dost olsunlar!

—Kərim müəllim, müsahibəyə görə təşəkkür edirik.

 

Müsahibəni apardı:

M.MİRZƏ,

“Respublika”.

 

Respublika.- 2020.- 23 may.- S.5.