Davamlı inkişaf
strategiyası
1 noyabr Kənd Təsərrüfatı
İşçiləri Günüdür
Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər müstəqil Azərbaycan Dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir: “Aqrar sahə bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük islahatların banisidir.
Bu ənənələri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.
Tarixin bütün dövrlərində hər bir dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və prinsipiallıq liderlərin fəaliyyətinin ana xəttini təşkil edib.
Son 17 ildə dövlət başçısı kimi daim milli maraqlar naminə tam müstəqil siyasət yürüdən, hər zaman güclü diplomat keyfiyyətləri ilə beynəlxalq nüfuzunu yüksəldən, qətiyyəti, prinsipiallığı, humanizm prinsiplərinə sadiqliyi ilə xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev də belə siyasətçilərdəndir. Məhz İlham Əliyevin yürütdüyü müstəqil siyasət və yeni inkişaf konsepsiyası əsasında həyata keçirdiyi islahatlarla Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir çətinliyi olmayan ölkəyə çevrilib.
Ölkə Prezidenti İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları uğurla icra olunur.
Cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Pandemiya dövründə aqrar sahənin fəaliyyəti mövcud çağırışlara uyğun qurulub.
Dövlətin aqrar sektorun inkişafına verdiyi davamlı və güclü dəstək bölgələrdə gözlənilən nəticələri verir.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq aqrar sahənin inkişafında yeni mərhələ başladı.
Beləliklə, dövlət başçısı tərəfindən qəbul edilmiş siyasi qərar (2003-cü il 24 noyabr “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”) əsasında kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı bazar iqtisadiyyatı ölkələrində tətbiq edilən müvafiq tənzimləmə və dəstək mexanizmlərinin Azərbaycanda da geniş formada təbliğinə başlanıldı.
Əminliklə deyə bilərik ki, cənab Prezident tərəfindən qəbul edilmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsi hesabına Azərbaycanın aqrar inkişaf modeli yeni nailiyyətlərlə xarakterizə olunur.
Cari ildə ölkədə taxıl biçini uğurla başa çatıb. Məhsuldarlıq yüksəkdir. Hər hektardan Bərdədə 41,1, Samuxda 40,3, Ağdamda 20,1, Saatlıda 40,8 sentner taxıl toplanıb. Nazirliyin pilot təsərrüfatlarında isə bu rəqəm 60 sentner olmuşdur.
Kənd Təsərrüfatı naziri İnam Kərimov iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki, hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib. 2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir.
Nazirin çıxışından da göründüyü kimi, dövlətin əli fermerin kürəyindədir. Dövlət tərəfindən aqrar sektorda çalışanlara edilən güzəştlər, fermerlərin torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilməsi, istifadə etdikləri yanacaq və sürtkü yağlarına, toxum və gübrələrin, eləcə də damazlıq heyvanların alınmasının büdcədən subsidiyalaşdırılması buna bariz misaldır.
Bəli, bu qayğının nəticəsidir ki, bu gün Azərbaycanın taxıl sahələrində, çəltik plantasiyalarında dünyanın ən müasir texnikaları, kombaynları fermerlərin sərəncamındadır.
Son vaxtlarda aqrar sahədə fərqlənən qabaqcıl fermerlər fəxri fərman və pul mükafatları ilə təltif olunurlar. Xüsusilə vurğulamaq lazımdır ki, nazir İnam Kərimovun rəhbərliyi altında aqrar sahədə yeniləşmə, yeni, müasir, dünya standartlarına uyğun texnikaların ölkəyə gətirilməsi bu sahənin inkişafından xəbər verir. Prezident İlham Əliyevin qayğı və dəstəyi ilə ölkəmizdə məhsul istehsalı ilbəil artır. Aqrar sektorun bütün sahələrində canlanma, irəliləyiş müşahidə olunur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Bu dövrü aqrar sahənin yeni inkişaf və intibah erası kimi dəyərləndirmək olar.
Bildiyimiz kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycanda da özünü göstərmişdir. Dövlətimizin bu xəstəliyə qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlərə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən lazımi tədbirlər görülmüşdür.
Ümumiyyətlə, son dövrdə aqrar sahəyə xüsusi diqqət ayrılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin aqrar sahədə çalışanlara diqqət və qayğısı da xüsusi qeyd edilməlidir.
Həmkarlar təşkilatlarımız əmək qanunvericiliyi ilə işçilərə şamil olunan hüquqların müdafiəsi, onların sosial-iqtisadi maraqlarının təmin olunmasında fəal iştirak edirlər. Dövlət müəssisələrinin, demək olar ki, hamısında həmkarlar təşkilatları artıq mövcuddur və uğurla fəaliyyət göstərirlər.
Sevindirici haldır ki, artıq aqrar sahədə fəaliyyət göstərən özəl müəssisələrdə həmkarlar təşkilatları yaranmaqdadır. Dünyanı cənginə almış pandemiya ilə mübarizə dövründə, qlobal böhranın davam etdiyi zamanda Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyət, günümüzün reallıqları bunu bir daha təsdiqləyir. Pandemiya dövründə də KTN-in Birləşmiş Həmkarlar İttifaqı Komitəsi gördüyü işlərlə işçilərin yanında olmuş, onların rəğbətini qazanmağa çalışmışdır. Təşkilatımız tərəfindən cari ildə bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu layihələrin uğurla həyata keçirilməsi üçün həmkarlar təşkilatı olaraq əlimizdən gələn köməyi əsirgəməyəcəyik.
Bu gün bütün Azərbaycan xalqı ilə bərabər, aqrar sahədə çalışan insanlar özlərinin ən şərəfli və sevincli günlərini yaşayırlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytarır, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirir. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaşımız Ali Baş Komandanın və şanlı ordumuzun ətrafında yumruq kimi sıx birləşərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Və şübhə yoxdur ki, Ali Baş Komandan və onun rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqının ümidlərini yenə də doğruldacaq və Azərbaycan haqq işində zəfər çalacaqdır!
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuz 30 ilə yaxın bir müddət ərzində erməni əsarətində qalmış torpaqlarımızı işğaldan azad edir. İnanırıq ki, yaxın vaxtlarda işğal altında olan bütün torpaqlarımızda Azərbaycanımızın üçrəngli bayrağı dalğalanacaq, ərazi bütövlüyümüz tam təmin olunacaq.
Kənd təsərrüfatı sahəsində çalışan insanları peşə bayramı münasibəti ilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, işlərində yeni-yeni uğurlar arzulayıram.
Fuad
MƏMMƏDOV,
KTN-in Birləşmiş Həmkarlar
İttifaqı Komitəsinin sədri.
Respublika.- 2020.- 1 noyabr.- S.7.