Bolluq, bərəkət yaradan məhsul istehsalçıları

 

Ümumi Daxili Məhsul (ÜDM) istehsalında cəmi 5,7 faiz paya malik kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq əslində insan həyatı-yaşayışımız, qidamız üçün həyati əhəmiyyət daşıyır. Digər bütün məhsullar olmadan müvəqqəti keçinmək və ya başqa ölkələrdən almaq olar, amma zəruri qida məhsullarını-əsla! Kim istəyər ki, onun evinin süfrəsi qonşudan asılı olsun?

 

Ona görə də ölkəmizin kənd təsərrüfatı məhsulları, xüsusilə qida tələbatına xidmət edən heyvandarlıq, quşçuluq, balıqçılıq, taxılçılıq, kartof, meyvə, bostan-tərəvəz və s. strateji əhəmiyyət daşıyır.

 

Sevindirici haldır ki, ölkəmizdə aqrar islahatlar uğurla həyata keçirildikdən sonra Azərbaycanda kənd təsərrüfatı dinamik inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyevin sahəyə xüsusi qayğısı, islahatların həyata keçirilməsini sürətləndirən və səmərəliliyini təmin edən qərarları, sərəncamları son illər məhsul istehsalını artırmış, istehsalçıların əməyini stimullaşdırmışdır.

 

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən il kənd təsərrüfatı ümumi məhsullarının faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manat olmuşdur. Bunun 4 milyard 85,5 milyon manatını heyvandarlıq, 3 milyard 751,2 milyon manatını isə bitkiçilik məhsulları təşkil etmişdir. Beləliklə, 2018-ci ilə nisbətən heyvandarlıq üzrə 3,5, bitkiçilik üzrə isə 11,7 faiz artıma nail olunmuşdur.

 

2019-cu ildə dənli və dənli-paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsindən 3 milyon 254,9 min tonya 2018-ci illə müqayisədə 6,3 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılmışdır. Bundan əlavə, 32,8 min hektar dən üçün qarğıdalı sahəsindən 283,6 min ton məhsul toplanmışdır. Qarğıdalı da nəzərə alınmaqla, ölkə üzrə taxıl istehsalı ötən il 3 milyon 538,5 min ton olmuşdur. İstehsal olunmuş taxıl məhsulunun 61,4 faizini (2 milyon 171,5 min ton) buğda, 28,7 faizini (1 milyon 15,5 min ton) isə arpa təşkil etmişdir.

 

Ötən il sahələrdən 1 milyon 714,7 min tonya 1918-ci ilə nisbətən 12,7 faiz çox tərəvəz, 1 milyon tondan artıq kartof (11,7 faiz çox), 447,6 min ton (11,4 faiz çox) bostan, 295,3 min ton (26,4 faiz çox) pambıq, 34,8 min ton (43,3 faiz çox) dən üçün günəbaxan və s. məhsulları yığılıb.

 

Kənd təsərrüfatının digər mühüm qolu heyvandarlıq da dinamik inkişafdadır. DSK xəbər verir ki, ötən il diri çəkidə ət istehsalı 3 faiz artaraq 573,3 min ton, süd istehsalı 2,4 faiz artaraq 2 milyon 129,4 min ton, yumurta istehsalı 9 faiz artaraq 1 milyard 827,1 milyon ədəd, yun istehsalı 1,6 faiz artaraq 16,1 min ton olmuşdur.

 

1 yanvar 1920-ci il tarixə ölkədə 8 milyon 296,3 min baş qoyunkeçi, 2 milyon 658,1 min baş iribuynuzlu mal-qara mövcud olmuşdur. Əvvəlki ilə nisbətən qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz çox) inək və camışların sayı 2,1 min baş (0,2 faiz çox) artmışdır.

 

2020-ci ilin birinci yarısı və 9 aylıqda da kənd təsərrüfatının dinamik inkişafı təmin edilmişdir. DSK xəbər verir ki, bu il ölkədə 968 min hektardan artıq sahədə taxıl yetişdirilib və oktyabrın 1-dək həmin sahələrdən 2 milyon 922 min tona yaxın məhsul yığılıb. Bu, hər hektardan 31,3 sentner məhsul deməkdir. Bundan əlavə isə 148 min tondan çox qarğıdalı toplanıb.

 

İlin 9 ayında 56 min 988 hektar kartof sahəsinin 55 min hektarının (97 faizə yaxın) məhsulu yığılaraq 950 min ton kartof toplanıb. Statistik rəqəmlər 01 oktyabra olan vəziyyəti əks etdirir, ilin sonuna kartof istehsalının 1 milyon tona yaxınlaşacağı istisna edilmir. Məhsuldarlıq hər hektardan 172 sentnerə yüksəlib. Tərəvəzin məhsuldarlığı isə rekord səviyyəyə qalxıb - hər hektardan 237,5 sentner! Xatırladaq ki, bu, əvvəlki ilin göstəricilərindən 20 sentner artıqdır. Tərəvəz yığımı başa çatmasa da, artıq 1,5 milyon tondan artıq məhsul yığılıb. Bostan bitkilərində isə məhsul yığımı başa çatıb. 223,2 sentner (hər hektardan) məhsul əldə edən bostançılarımız 446 min ton məhsul istehsalına yaxınlaşıblar.

 

Bu il ölkədə 100 min hektardan bir qədər artıq sahədə pambıq əkilib və artıq 2 aydır ki, məhsul yığımına başlanıb. Cavabdeh qurumlar geniş ictimaiyyətə yığım barədə operativ məlumat vermədikləri üçün əlimizdə son rəsmi məlumat yoxdur, amma bölgələrdən və müxbirlərimizdən aldığımız məlumatlar təsdiqləyir ki, yığım sürətlə, keyfiyyətlə aparılır. Dövlətin pambıq yığımına göstərdiyi stimullaşdırıcı tədbirlər, həm də havaların nisbətən istiyağmursuz keçməsi məhsul yığımını keyfiyyətlə aparmağa imkan verir.

 

1 noyabr kənd təsərrüfatı işçiləri günü münasibətilə sahə ilə məşğul olan dövlət qulluqçularını və elm adamlarını ilk növbədə isə, əlbəttə ki, kənd əməkçilərimizi, məhsul istehsalçılarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq.

 

Nəriman CAVADOV

 

Respublika.- 2020.- 1 noyabr.- S.7.