O, Vətən üçün
yaranmışdı...
Hər şey ordan başladı, Topxana meşəsindən, 1988-ci ilin payızında. Dərin bir sükutun yavaş-yavaş çökdüyü, yarpaqların tək-tək tökülüb, qosqocaman ağacların dincə çəkilməyə başladığı bir zamanda, bir səhər balta səslərinə oyandı təbiət. Bir anın içində neçə-neçə ağac kökündən kəsildi... Bu çalınan baltaların bundan sonra insanlara tuşlanacağını heç kəs ağlına da gətirmədi. Bunun düşmən məkrinin, gələcək faciəmizin ilk xəbərdarlığı olduğunu düşünən də olmadı.
Bax, başımıza nə gəldisə, ondan sonra gəldi, erməni öz baltasını daha dərinə sapladı və o səs bu ilin payızınadək heç kəsilmədi... Bu payız başqa bir payız oldu, savaş zamanı gəlmişdi. İndi bu payız tariximizin, qələbəmizin bahar nəfəsli anlarını yaşadır bizə, elə möhtəşəm qələbəmizi də bu payız gətirəcək. Əminəm... Bunu şanlı ordumuzun gücü, qüdrəti, bir də hər gün düşmən tapdağından azad olub rahatlıqla nəfəs alan torpaqlarımız, Ali Baş Komandanın müjdəli xəbərləri deyir bizə: Qarabağ Azərbaycandır!..
Çox qanlar töküldü, çox faciələr yaşadıq, unudulmayacaq o qədər tarix yazıldı ki, yaddaşımıza. 1991-ci il 20 noyabr... Qarakənd üzərində ermənilərin Qarabağa uçan vertolyotu vurması xəbərini də o payız aldıq. Xalqın say-seçmə, Vətən üçün doğulan oğullarının arzuları, istəkləri, xəyalları özləri ilə birgə yanıb kül oldu, o gün. Qələbəmizin günbəgün yaxınlaşdığı bir məqamda haqq işimiz uğrunda canından keçən Vətən övladlarını bir daha xatırlamaq mənəvi borcumuzdur. O da Vətən üçün doğulub onun üçün canını fəda edənlərdən biri idi: Vəli Məmmədov...
Hər
oğula, oğul demir Vətən!..
Vətənpərvərlik, təəssübkeşlik də
ədalətli olmaq kimidir, ya var, ya yoxdur və o, insanın
qanına hələ ana bətnində hopur, məqamı gəldikdə
vulkan kimi püskürür. Vəli Məmmədov
bir zamanlar onu millətpərəstlikdə
günahlandıranlara cavab olaraq dediyi kimi, “beynəlmiləl
bir ailədə doğulmuşdu”. Volqaboyu almanlardan olan
Frau Berta əslən Yardımlıdan olan Hüseyn kişi ilə Bakıda tanış olmuş,
ailə qurmuş və Vəli 1937-ci il yanvarın 7-də bu
ailədə dünyaya göz açmışdı. Sonra ailə Yardımlıya köçmüş və
Vəlinin uşaqlığı da, yeniyetməliyi də burada
keçmişdir. Gözəl təbiəti
olan bu kəndin suyunu içdikcə, havasını udduqca,
onun balaca qəlbi Vətənə, xalqa xidmət etmək
arzusu ilə alışıb yanırdı. Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsinə qəbul olan gənc Vəli öz arzusunu
reallaşdırmaq üçün yaranmış imkandan
faydalanmağa çalışıb, müsbət xüsusiyyətlərinə
görə tələbələr arasında böyük
hörmət qazanmışdı.
O, gənc
yaşlarında ikən kamillik yolunda idi, partiya işində
olsa da, tutduğu vəzifəni itirməkdən qorxmayaraq
lazım gəldikdə millətsevərliyi xatirinə risklər
edir, qadağalara baxmayaraq, kargüzarlıq işlərini Azərbaycan
dilində aparırdı. Millətinin ən
kiçik bir qayğısını özünə dərd
edən Vəli Məmmədov azəri və rus dillərini
gözəl bilirdi, çıxışlarının
çoxunu ana dilində edərdi. 1967-1971-ci
illərdə Bakı Şəhər Partiya Komitəsinin
katibi işlədiyi vaxtlarda məhz bu səbəbdən onu
burunlamağa başlamışdılar. Respublikanın
başçısı arasında belə bir söhbət də
olmuşdu: “səni millətçilikdə ittiham edirlər”.
Vəli müəllim gülümsənərək demişdi:
“Mənim anam almandır, mən beynəlmiləl ailədə
tərbiyə almışam”. Bununla da məsələ
həll olunmuşdu.
Hansı ölkədə olursa-olsun, o yerdə öz
yurddaşlarını axtarıb tapırdı, onu heç bir
qadağa qorxutmurdu. Axtarıb tapdığı insanları
öz yaxınları ilə görüşdürməyə
söz verir və sözünün üstündə möhkəm
dururdu. Onları vətənə dəvət
edər, uzun zaman ayrı düşmüş ürəkləri
qovuşdururdu. 1969-cu ildə Amerikada olarkən “Azərbaycan
cəmiyyəti”ni axtarıb tapır, cəmiyyətin sədri
Rəhim Baba oğlu ilə çətinliklə
görüşür, cəmiyyət ilə Azərbaycan
arasında müəyyən əlaqələr yaradır. Sovet dönəmində isə bu, o qədər də
asan məsələ deyildi.
Partiya siyasi-maarif evinə rəhbərlik edəndə
oranı əsl mübarizə qərargahına, informasiya mərkəzinə
çevirmişdi. Nankor, alçaq erməni daşnak
ideoloqlarının xalqımıza
yağdırdığı böhtanlara qərəzli, saxta
yazılara qarşı mübarizə aparırdı. Bu, onun millətinin taleyinə laqeyd, biganə
olmamasının təzahürü idi. Ondan
kömək istəyənləri material, məlumatlarla təchiz
edir, öz çıxışlarında dəqiq məlumatlarla
kütlələrin fikrini həqiqi, düzgün yola yönəldirdi.
Çox məharətlə dinləyicilərin
diqqətini özünə cəlb etməyi bacaran bir natiq
idi, dolğun, məntiqli, inandırıcı
çıxışları dinləyiciləri heyran edərdi.
Sadəliyi ona bütün tanıyanların
hörmət və məhəbbətini
qazandırmışdı. Onu yaxından tanıyanlardan
birinin dediyi kimi: O, haqdan yanan bir şam idi. Onun
yaşamağı da yanmağında idi.
Vətən
üçün yaranmışdı və onun yolunda
yanmağı da bacarırdı, Vəli müəllim...
O,
insanlara dəyər verməyi bacarırdı.
Tanrı Vəli müəllimdən lütfünü əsirgəməmiş,
digər keyfiyyətlərlə yanaşı, əsl insani
keyfiyyətlər də bəxş etmişdi. O, insanlara dəyər verməyi
bacarırdı, xüsusən də xalqı
qarşısında böyük xidmətləri olan və bu
səbəbdən “gözdən salınan”, damğa vurulan, ləkələnən
böyük insanların adlarının təmizə
çıxarılması yolunda yorulmadan
çalışır, təzyiqlərə baxmayaraq, öz məsləkindən
geri çəkilmirdi.
Adının
çəkilməsi belə, yasaq edilmiş Azərbaycanın
görkəmli xadimi Nəriman Nərimanovun həyat və fəaliyyəti
ilə bağlı elmi mövzu seçəndə kömək
umduğu hörmətli, nüfuzlu ziyalılardan biri: “Bizi
xataya salma görək, ay Vəli, özünə ayrı
mövzu seç” desə də, Vəli müəllim geri
çəkilməmiş, bütün çətinliklərə
rəğmən aspirant təqaüdünə qənaət
edə-edə, lazım gəldikdə borc alıb
Bakının, Tbilisinin, Moskvanın, Leninqradın, Həştərxanın,
Odessanın arxivlərini birər-birər araşdıraraq
külli miqdarda material toplamışdı. Bu
materiallar əsasında o, elmin daşlı-kəsəkli
yollarında çox asanlıqla yeriyə, zirvəyədək
ucala bilərdi. Mən həyatım boyu
insanlığın gəldiyi bir qənaətlə həmişə
razılaşmışam. Tanrı insanı onun daha
çox gərəkli ola biləcəyi
istiqamətə yönəldir, bəzən hətta bizim istəyimizin
əksinə olsa belə. Həyatda “ mən
bu işə istəyimlə gəlmədim” -deyib o sahədə
ucalan, ilk, birinci olan insanlar-dahilər azmı olub? Vəli
müəllim də onlardan biri idi...
Vəli müəllim elmi işini tamamlasa da, onu
müdafiə edə bilmədi. Bunun da səbəbləri vardı:
maddi çətinliklər, evsizlik, qardaş-bacılarına
təhsil vermək arzusu, onların ev-eşik sahibi olması
üçün çəkdiyi qayğı... Və bir də
29 yaşında ikən rəsmi dövlət işinə və
ictimai işə keçməsi... Bəli,
Tanrı onu bu işdə xalqına daha çox gərəkli
bilmişdi. Doğrudur, bu potensialla o, elmdə ucala bilərdi,
ancaq içindəki təəssübkeşliyi, vətənpərliyi,
milli qeyrət hissini, arzu və istəklərini gerçəkləşdirmək
üçün ona bu kürsü daha böyük imkanlar verdi. Əslində N.Nərimanovu
ölümsüzləşdirmək, əbədiləşdirmək
istəyi də bu amala xidmət edirdi və əbədi sevgi
anlayışından doğmuşdu. Sonralar bir qədər
təəssüf, bir qədər də məmnunluq hissi ilə
belə söyləmişdi: “Bəli, mən N.Nərimanovun
irsini öyrənəndə, onun üzərində ciddi tabu
qoyulmuşdu. Sevinirəm ki, cüzi səyimlə,
bacarığımla N.Nərimanovun bir çox əsərləri
elmi işlər üçün bağlanğıc olmuş
və onlar gələcək nəsil üçün
qorunmuşdur.
Sonralar N.Nərimanovu tədqiq etmək dəb oldu. Mən isə
1957-ci ildə kitab çap etdirərək bu mövzudan əl
çəkdim. Onda fikirləşdim ki, vəzifəmi
yerinə yetirmişəm. Sevgim isə qaldı...”.
Bu sevgi ilə imkanı daxilində çox işlər
gördü.
Məlumdur ki, 55 yaşlı Nəriman Nərimanov
1925-ci ildə 5 yaşlı oğlu Nəcəfə məktub-vəsiyyətnamə
yazmış, lakin atasının məktubunu oxumaq ona qismət
olmamışdı. O, Böyük Vətən
müharibəsinin ilk illərində həlak olmuşdu.
1957-ci ildə gənc aspirant Vəli Məmmədov arxivlərdən
bu məktubu aşkar etmiş, öz şəxsi təşəbbüsü
ilə Donbasda, Volnovaxada tank vzvod komandiri Nəcəfin qəbrini
axtarıb tapmış və çiskinli payız
axşamının birində fanar işığında
atanın yarımçıq qalmış məktubunu-vəsiyyətnaməsini
oğlunun qərib məzarı başında ona oxumuşdu. 1965-ci ildə N. Nərimanov filminin ssenarisini
yazmış, 1969-cu ildə çəkilən “Ulduzlar
sönmür” adlı bədii filmin elmi redaktoru olmuşdu.
Ömrünün son illərində isə Nəriman
Nərimanovun oğlu Nəcəfə həsr olunmuş filmin
ssenarisini yazmaq fikrinə düşmüş, bununla
bağlı o, “Azərbaycanfilm”ə təkliflərini də
vermişdi.
Vəli Məmmədovun
daha bir soydaşımız, gənc qvardiyaçı Əli
Dadaşovun xidmətlərinin üzə
çıxarılmasında böyük əməyi var. Belə
ki, 1949-cu ildə Gənc qvardiyaçıların xatirə
günü münasibətilə Krasnadona gedən tələbə
qrupuna rəhbərlik edən Vəli Məmmədov “Gənc
qvardiya” muzeyində olarkən onun həlak olmuş 56
üzvü ilə maraqlanır və onlardan birinin azərbaycanlı
olduğunu aşkar edir. Bu, Leonid Alekseyeviç
Dadışev ad və soyadı ilə dəfn olunan Əli
Əsədulla oğlu Dadaşov idi. Vəli
Əlinin atası Əsədulla Dadaşov və onun
qızı Nərgizlə (Nadya) əlaqə yaradır, onlarla
ailəvi dostluq edir. 1959-cu ildə isə
“ürək vətən üçün döyünəndə”
kitabını nəşr etdirir.
Maarifçi və milyonçu, Azərbaycan
xalqının böyük mesenatı Hacı Zeynalabdin
Tağıyevin halal haqqının özünə
qaytarılmasında da xidməti böyükdür. Hələ 1969-cu ildə
“Ulduzlar sönmür” bədii filminin Mərkəzi Komitədə
müzakirəsi zamanı filmin elmi məsləhətçilərindən
biri kimi Vəli Məmmədov cürətlə, qeyrətlə,
heç nədən, heç kimdən çəkinmədən
belə demişdi: “Mən Vəli Məmmədov, Mərkəzi
Komitə aparatının şöbə müdirinin
müavini, deyirəm, Azərbaycan ziyalı ordusunun ilk
nümayəndələrinin yetişdirilməsində,
xalqımızın maarifləndirilməsində, milli mədəniyyətimizin,
milli sənayemizin tərəqqisində böyük xidmətləri
olan maarifçi, xeyriyyəçi və milyonçu Hacı
Zeynalabdin Tağıyevin həqiqi qiymətini özünə
qaytarmaq vaxtı gəlib çatmışdır”.
O, “sinfi
düşmən” damğası vurulan bu böyük
insanın kiçik qızı Sara xanıma 1957-ci ildən
1991-ci ilədək himayədarlıq etmiş, imkanı
daxilində köməklik göstərmiş,
qayğısına qalmışdır. Hacıya bəraət
verilməsi üçün Sara xanımla birgə mübarizə
aparan Vəli müəllim ömrünün son aylarında
Sara xanıma bağ və H.Z.Tağıyev adına
mükafat verilməsinə də nail olmuşdu. Sara xanım
deyirdi: “1957-ci ildən başlayaraq, hamı məndən
qorxaraq üz çevirəndə təkcə sən, Vəli,
mənim arxam və köməkçim olmusan”. Sara xanım
onu çox sevirdi, təsadüfi deyil ki, 1991-ci ildə Vəli
müəllimin vertolyot qəzasında ölməsi xəbərini
alandan az sonra ürəyi tab gətirməmiş
və dünyasını dəyişmişdi...
Vətənpərvər
1988-ci ilin fevralında Dağlıq Qarabağda
qaldırılan antiazərbaycan qiyamının başında
Ermənistan millətçiləri dayanmışdılar. Onlar
“böyük Ermənistan” yaratmaq planını həyata
keçirirdilər. 1988-ci il meydan
hadisələri zamanı Vəli müəllim
özünün vətənsevər, torpaqsevər, xalq qeyrəti
çəkən bir övlad olduğunu əməli ilə
bir daha sübut etdi. Şəxsi vəsaiti
hesabına nəşr etdirdiyi “Nəriman Nərimanov”
kitabını meydandakı nümayişçilərə
paylayaraq onların gözünü açmağa
çalışır, xalqı N.Nərimanov uzaqgörənliyi
və siyasi təcrübəsindən bəhrələnməyə
çağırırdı.
1988-ci
ilin fevralında daşnakların çoxdan
hazırladıqları məkrli planın tərkib hissəsi
olan Sumqayıt hadisəsi zamanı əsl mərdlik, vətəndaş
qeyrəti nümayiş etdirərək, həyatını təhlükə
qarşısında qoyub camaatın qarşısına
çıxan, onları sakitləşdirməyə,
ayıltmağa nail olan Vəli müəllim hadisədən
iki gün sonra həmyerlisi Kamal Bədirovla iş yerindəki
görüşündə demişdi: “Bütün hadisələr
əvvəldən axıra kimi lentə alınıb, Fransa
televiziyası ilə bütün Avropaya göstərilib. Bizi vəhşi millət kimi tanıtdırmaq istəyirlər,
amma biz isə fil qulağında yatmışıq. Tezliklə bunu bəhanə edib Ermənistanda olan azərbaycanlıları
ata-baba yurdundan qovacaqlar, tarixi abidələrimizi məhv edəcəklər.
Qarşıda bizi daha böyük fəlakətlər
gözləyir”. Belə də oldu...
1988-ci il noyabr hadisələri zamanı “kabinet siyasətçiləri”
çaş-baş qalanda, Vəli müəllim gecə-gündüz
xalqın arasında idi. 1988, 1989, 1990-cı illərin
kütləvi-ictimai nümayişləri dövründə
torpağına, millətinə
bağlılığını sübuta yetirərək
torpağımızın, millətimizin, milli mənliyimizin
qorunması uğrunda başlanan xalq hərəkatında
xalqın, demokratik qüvvələrin tərəfində
durdu. Həmin dövrlərdə 26-lar
(indiki Səbail) rayonunun katibi işləsə də,
“Azadlıq” meydanında keçirilən mitinqlərdə
tez-tez tribunada görünər, müxalifətlə dil
tapmağa çalışardı. Bakının
rəhbər partiya işçilərindən fərqli olaraq
gecə-gündüz xalqın içində idi, səhərə
qədər meydandakı çadırlarda sadə adamlarla birgə
olur, xüsusən də cavanlara məsləhətlər
verirdi. Bütün tanışlarına: “gəlin
caamatla bir yerdə olun, məni tək qoymayın” - deyirdi.
Məhz bunun nəticəsi idi ki, “1988-ci il 5 dekabr hadisələri”
itki vermədən başa çatmışdı.
O, bir
deputat kimi də respublikamızı Moskvada ləyaqətlə
təmsil edirdi. Moskvada, Ali Sovetin sessiyalarında
yüksək kürsülərdən söylədiyi nitqləri,
tutarlı, məntiqli fikirləri düşməni həmişə
təlatümə gətirirdi. 1990-cı il
20 Yanvar hadisələrində də o, vətəndaşlıq
borcunu yerinə yetirərək bu dəhşətli,
sarsıntılı günlərdə boynuna düşən
məsuliyyətin öhdəsindən ləyaqətlə gəlməyə
çalışdı, şəhidlərin dəfn mərasiminin
təşkili, ailələrinə kömək, yaralılara
xidmət və başqa işlərdə əlindən gələni
əsirgəmədi.
1990-cı
il yanvarın 27-də Xankəndidə fəaliyyətə
başlayan Təşkilat Komitəsinin işinə qoşulan
Vəli müəllim günlərini Xankəndidə
keçirir, ömrünü xalqı yolunda şam tək əridirdi.
Evdəkilər, demək olar ki, onun
üzünü görmürdülər. Xankəndidə
gecə-gündüzü olmayan Vəli müəllim bir amal
uğrunda mübarizə aparırdı: vəhşi
düşmən işğalı altında olan torpaqları
geriyə qaytarmaq, gələcək nəsillər
qarşısında üzüqara olmamaq...
Ermənilər təşkilatın yerləşdiyi
binanı bir neçə dəfə partlatmışdılar,
son dəfə binada olanlar itki verməsə də, binanın
üzərində olan üçrəngli
bayrağımız ziyan çəkmişdi. Vəli müəllim
heç nədən qorxmayaraq gündüz hamının
gözü qarşısında bayrağı yerinə
asmış və ona bunun təhlükəli olduğunu
söyləyənlərə də: “Ancaq gündüz,
hamının gözü qarşısında. Qoy
görsünlər ki, şəhər bizimdir” - demişdi.
“Mənim başımı meydan ağartdı,
Dağlıq Qarabağda ermənilərin başımıza gətirdiyi
bəlalar ağartdı” - deyən Vəli müəllim son
günlərində sanki hamı ilə vidalaşır,
yaxınlarına öz münasibətini bildirirdi. Ailəsi haqqında deyirdi:
“Allahımıza şükür, uşaqlarımız fərlidir.
Mən həyatımdan razıyam və xoşbəxtliyim
odur ki, mən Xalidə kimi insana rast gəldim, onu ömür
yolumun yoldaşı seçdim”.
Noyabrın
15-i onun son iş günü idi, təqaüdə
çıxmağı planlaşdırırdı, lakin 1991-ci
il noyabrın 17-də bir dəstə Rusiya
və Qazaxıstan deputatları ilə Qazağa erməni
nümayəndələri ilə rəsmi söhbətə
gedir. Noyabrın 19-da Tofiq İsmayılovun
Qarabağa gedəcəyini bilib sağollaşmaq
üçün onunla görüşür. Noyabrın
20-də gedəcəklərini biləndə: “Sən
Qarabağı tanımırsan. Mən səni tək
qoymaram” - demişdi. Ölüm onu çəkirdi.
Məslək dostları, sülh elçiləri
ilə birlikdə şəhid olan Vəli müəllim öz
təmiz vicdanına, xalqa olan saf sevgisinə son anlara qədər
sadiq qaldı. Ölümündən sonra Vəli müəllim
haqqında yazılan vida yazılarının birində
oxuyuruq: “Allah sənə rəhmət etsin, Vəli müəllim!.. Gün o gün olsun sənin
ulu istəyin - bizim ulu istəyimiz çin olsun. Gedən
torpaqlarımızı güclə də olsa, geri qaytaraq...”
Bəli,
bu gün qanına qəltan olunan arzularımızın, istəklərimizin
övladları, ürək ağrımız, qurumayan göz
yaşlarımız, azadlıq ideyalarının
carçıları, namus, qeyrət rəmzimiz, Vətən,
torpaq aşiqlərimiz - şəhidlərimizin ruhunun şad
olan günüdür, çünki uğrunda öldükləri
torpaqlarımız qayıdır, qanları yerdə qalmır.
Bu gün nəhayət ki, uzun illərin
çığırtılarına ulu Savalan, ulu Şahdağ
da diksinib, qoca Bozdağ lərzəyə gəlib, Xəzər
şahə qalxıb, Kürün dəliliyi tutub, xan Araz
hirsindən coşub, millət silaha sarılıb qana-qan
deyir...
Bu gün
yaddaşımızdakı qara tarixlərin unudulan deyil, yenilənən
vaxtıdır: Zəfər, qələbə tarixi. O tarixi
günün yazılacağına lap az
qalıb. Yaşından asılı olmayaraq
hamımızın doğum günü olacaq o tarix... Nə qədər
ki, Vətən üçün yaranıb, Vətən
üçün ölən oğullarımız var - bu Vətən
yaşayacaq!..
Zümrüd QURBANQIZI
Respublika.- 2020.- 4 noyabr.- S.7.