Bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

 

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərməğan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Bayraq adi parça deyil, müqəddəslik rəmzidir. Dövlətçilik rəmzi olan bayraq milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Müqəddəs bayrağım, uğrunda minlərlə şəhid verən Vətənimin qürur mənbəyi, sən dalğalandıqca qəlbimi fəxarət hissləri bürüyür. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir... Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Çünki atribut xalqın mübarizə simvoludur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”.

 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaqinkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.

 

Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən birionun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir. Bu tarix Kitabi-Dədə Qorquddan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Möminə Xatun, Qız Qalası, Şirvanşahlar sarayında, İçərişəhər kimi milli tarixi abidələrimizdə bayrağımız xalqımızın suverenliyinin rəmzi kimi özünəməxsus yer tutub. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildi və qaldırıldı. Rus imperiyası 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

 

5 fevral 1991-ci ildə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Dövlət başçıları səmavi kitabla birgə bayrağa da and içir, xalqa, Vətənə sadiq qalacağına söz verir. Bu, bayrağın müqəddəsliyinin təsdiqidir. Bütün dövlət himnlərində ölkənin bayrağının adı çəkilir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

 

Vətənin müqəddəsliyinin qorunmasını şərəf hesab edən ulu öndər Heydər Əliyev dövlət bayrağını milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış bilir. Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...”.

 

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

 

Ulu öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tuturkonkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı ölkə başçıları Dövlət bayrağını öpərək dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir.

 

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

 

Çox yaxın günlərdə müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımız işğaldan azad edəcəyimiz ərazilərdə də əzəmətlə dalğalanacaqdır. Azərbaycan Respublikası bu gün üçrəngli milli dövlət bayrağı altında müstəqillik yolları ilə inamla irəliləyir. İnanırıq ki, hər addımda siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız yaxın günlərdə Xankəndinin mərkəzi meydanında, Şuşada əzəmətlə dalğalanacaqdır. Dövlət başçımızın milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır.

 

Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri, iftixarı və qürur mənbəyidir.

 

Yaşasın Milli Bayrağımız!

 

İlqar ALİŞANOV,

Qaradağ rayon MKTB-nin

Sanitar Kommunal İstismar İdarəsinin

baş mühəndisi.

 

Respublika.- 2020.- 6 noyabr.- S.6.