Bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir

 

9 Noyabr Dövlət Bayrağı Günüdür

 

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.

 

Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

 

Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Ulu öndər Heydər Əliyev dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “ İdmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.”

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günükimi qeyd edilir. Ölkə başçısının bu sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Çünki dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qorumuşlar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yerimövqeyi ilə seçilir. Türkçülüyü, müasirliyiİslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadisiyasi gücünü getdikcə artırır.

 

üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Bakı şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra mavi, qırmızı və yaşıl rənglərdən, aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq dövlət bayrağı kimi qəbul edilmişdir.

 

Azərbaycanın üçrəngli bayrağı qədim türklərin göytanrıçılığı fəlsəfəsini özündə yaşadaraq “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizinə əsaslanmışdır. Naxçıvan xanlığının bu günlərdə Sankt-Peterburq muzeyində tapılmış dövlət bayrağında da göytanrıçılığı atributu və səkkizguşəli ulduz elementləri açıq-aşkar görünür. Bu, bir daha göstərir ki, üçrəngli, ay-ulduzlu bayrağımız bizim qan yaddaşımız, genetik kodumuzdur.

 

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra üçrəngli bayrağımız Azərbaycan parlamentinin binası üzərindən endirilmiş, əvəzində bolşevik ideologiyasının məhsulu kimi üzərində oraq və çəkic şəkli olan bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur.

 

Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən ümummilli lider Heydər Əliyev əsl vətənpərvərliklə və lider təəssübkeşliyi ilə milli dövlət quruculuğu üçün mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atılmışdır.

 

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir.

 

Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, həmçinin digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət Bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət Bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir.

 

Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaqheç vaxt enməyəcəkdir. Əbədi müstəqilliyimizin simvolu kimi daim uca zirvələrdə dalğalanan bayrağımız milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

 

Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimizin dediyi kimi,”kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

 

 

 

Namiq ƏLİYEV,

 

Hüquqşünas

 

Respublika.- 2020.- 8 noyabr.- S.5.