Müstəqil Azərbaycanın İlk Demokratik Konstitusiyası bütün uğurlarımızın hüquqi təminatçısıdır

 

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 25 il ötür. Konstitusiya lahiyəsinin hazırlanması və qəbulu hər bir dövlətin tarixində böyük ictimai-siyasi hadisə hesab edilir. Nəzərə alsaq ki, bu Konstitusiya müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasıdır, onun dəyəri və əhəmiyyəti ölçüyəgəlməz olur. İyirmi beş il dövlət, dövlətçilik üçün elə də bir böyük zaman deyil. Lakin yaşadığımız tarixin dövrlərinin dəyəri onun uzun ya qısa olması ilə deyil, həmin dövrdə görülmüş işlər, əldə olunmuş inkişaf və nailiyyətlərlə ölçülür. Bu mənada elə də böyük olmayan zaman kəsiyində Konstitusiyadan bəhrələnən ölkəmiz əsrə bərabər bir inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi və sivil bir dövlət qurmuş, iqtisadiyyatın yüksək inkişafına nail olmuş, ordu quruculuğu işini təkmilləşdirib və gücləndirməklə Cənubi Qafqazın ən qüdrətli və sayılıb-seçilən dövləti, eləcə də dünya dövlətləri arasında nüfuz sahibi olmuşdur.

 

 

Qeyd etməyə dəyər ki, Konstitusiyanın qəbulunun 25 illiyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Qalib ordumuz tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında olan əzəli torpaqlarımızın, eləcə də Qarabağın mirvarisi olan Şuşanın işğaldan azad edilməsi və həmin ərazilərimizdə üçrəngli Azərbaycan Bayrağının dalğalanması zəfərinin qürurunu yaşayan xalqımızın sevincli, bayram əhval-ruhiyyəli və Qələbə soraqlı günləri ilə üst-üstə düşür. 90-cı illərin əvvəllərində ölkəmizin üstünü qara buludlar almışdı. Ölkəmiz xaos və anarxiya girdabına salınmışdı. Cəbhədəki uğursuzluqlar, faşist xislətli, mənfur erməni qonşumuzun torpaqlarımızın 20 faizini işğal etməsi, daxildəki siyasi və hərbi qarşıdurmalar yenicə müstəqillik qazanmış respublikamızı vətəndaş müharibəsi astanasına sürükləyirdi.

Azadlıq hərəkatı dalğasında hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyünün birillik səriştəsiz rəhbərliyi nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşdi. Şimal və Cənub ərazilərimizdə baş qaldıran separatizm ölkəni parçalanmağa doğru aparırdı. Gəncə hadisələri, Əlikram Hümbətov və Sürət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi. 4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələr qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı. O dövrdə Azərbaycanın dövlət hakimiyyətində yaranmış böhran və vətəndaş müharibəsi təhlükəsi ulu öndərə düşmən kəsilmiş şəxsləri belə Azərbaycanı düşdüyü bəlalardan qurtarmaq üçün ona üz tutmağa, onu Bakıya rəhbərliyə dəvət etməyə məcbur etdi. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə həmin ilin 9 iyununda Bakıya gəldi.

Gəncə hadisələri ilə yerində tanış olmaq üçün o, media nümayəndələrini başına yığıb Gəncəyə yollandı, orada məsləhət və tövsiyələrini verib geri qayıdaraq Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Bununla da xalqın ürəyində ümid çırağı yandırdı və yalnız bu dünya şöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı.

Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində ulu öndər Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək göstərdi ki: “Biz Azərbaycanda demokratik, müstəqil Respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən, ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil, demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimizin tam demokratik, hüquqi ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin iclasında yekdil səslə və alqış sədaları altında Ali Sovetə sədr seçildi və 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bununla da 1993-cü il 15 iyun tarixi müasir Azərbaycan Respublikasının tarixinə xalqımızın Milli Qurtuluş Günü kimi daxil oldu, 1998-ci ildən isə ona dövlət statusu verildi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu.

Onun yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi dağılmaqdan, beynəlxalq təcriddən, anaları oğulsuz qalmaqdan, gəncləri həyatını itirməkdən, hakimiyyəti zorla devirmək tendensiyasından, cəmiyyəti xaos və anarxiyadan xilas etdi. Ulu öndər öz gəlişi ilə Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü.

Ulu öndər çox gözəl bilirdi ki, hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Hələ ötən əsrin 90-cı illərində müstəqillik əldə edildikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana keçirmişdi.

Ölkəmizin inkişafını təmin etmək üçün mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına ehtiyac var idi. “Konstitusiya” sözü mənaca qurmaq, yaratmaq və təsis etmək anlamını verdiyindən Konstitusiyasız müstəqil Azərbaycanı qurmaq və inkişaf etdirmək mümkünsüz olardı.

Azərbaycan Respublikası Milli Məclisinin 2 may 1995-ci il tarixli qərarı ilə ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırlayan komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu. Komissiyanın ilk iclasında onun işçi qrupu yaradıldı.

Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında ulu öndərimiz geniş nitq söyləmiş və göstərmişdir ki, “Müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması ölkəmizin həyatında çox böyük bir hadisədir. Ona görə də konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhərlənməliyik... Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər konstitusiyamızın əsasını təşkil etməlidir”.

Konstitusiya layihəsini hazırlayan Komissiyanın üzvü kimi deyə bilərəm ki, iclaslarında Konstitusiya layihəsinin hər bir maddəsi ayrı-ayrılıqda müzakirə edilirdi, hər bir söz zərgər dəqiqliyi ilə ölçülüb-biçilirdi. Ancaq dövlət dili ilə bağlı maddə xüsusi müzakirəyə səbəb oldu.

Konstitusiya komissiyasındakı müzakirələrdən əlavə ulu öndərin göstərişi ilə dövlət dili ilə bağlı maddə Elmlər Akademiyasında alimlərin, yazıçıların, şairlərin, jurnalistlərin və dil sahəsi mütəxəssislərinin iştirakı ilə geniş müzakirə olundu və son nəticədə konstitusiya layihəsində dövlət dilinin Azərbaycan dili yazılması qərara alındı.

Hazırlanmış layihə mətbuatda dərc edilməklə ümumxalq müzakirəsinə çıxarıldı. Konstitusiya layihəsi ilə yanaşı, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanun layihəsi də hazırlanıb qəbul edildi və elə referendum günü ilk dəfə Milli Məclisə demokratik prinsiplərə uyğun çoxpartiyalı sistem əsasında həmin dövr üçün məqbul sayılan majoritar və proporsional qaydada seçkilər keçirildi. Azərbaycan vətəndaşlarının 86 faizi referendumda iştirak etməklə onların 91,9 faizi Konstitusiya layihəsinin qəbul olunmasına tərəfdar çıxmışlar. Beləliklə, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul edilib 27 noyabrda isə qüvvəyə minmişdir.

Azərbaycanın bu Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə ehtiva edən və Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsi sayılan, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən bir sənəd olmuşdur.

Ən yüksək hüquqi qüvvəyə malik Konstitusiyanın preambulasında dövlətin müstəqilliyinin və suverenliyinin qorunması ilə yanaşı, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilmişdir.

İlk dəfə olaraq konstitusiyada hakimiyyətin yeganə mənbəyinin xalq olması prinsipi deklarativ şəkildə bəyan edilmişdir. Hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyətləri kimi öz təsbitini taparaq onların səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir.

Konstitusiyada insan hüquq və azadlıqlarının təminatına geniş yer verilmişdir. Onun üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmişdir. Onun 12-ci maddəsi bəyan etmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 24-cü maddəsi hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olmasını müəyyən etmişdir. Hər kəsin yaşamaq, bərabərlik, mülkiyyət, təhsil, istirahət, əmək, mənzil, sosial təminat, məhkəmə müdafiəsi, dövlətin idarə edilməsində iştirak etmək və digər hüquqları, fikir və söz azadlığı, vicdan, sərbəst toplaşmaq, yaradıcılıq və s. hüquq və azadlıqları, eyni zamanda vətəndaşların əsas vəzifələri və məsuliyyəti Konstitusiyada öz əksini tapmışdır.

Bir sözlə, ölkəmizin ərazisində yaşayan bütün vətəndaşların hüquqları Konstitusiya ilə tanınır və dilindən, dinindən, irqindən asılı olmayaraq, ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur. Bununla belə, Konstitusiya vətəndaşların dövlət və cəmiyyət qarşısında məsuliyyətini də özündə əks etdirir. Belə ki, hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başlandığı yerdə qurtarır. Heç bir şəxsin toxunulmazlıq hüquqlarından istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Konstitusiyanın qanunvericilik sistemində yerinin müəyyən edilməsi də böyük önəm daşıdığından onun 147-ci maddəsində göstərilmişdir ki, Konstitusiya Azərbaycan Respublikasında qanunvericilik sisteminin əsası olmaqla ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir.

İlk dəfə olaraq Konstitusiyanın “məhkəmə hakimiyyəti” fəslində demokratik təsisat olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz əksini tapdı. Konstitusiyanın 130-cu maddəsində Konstitusiya Məhkəməsinin say tərkibi, onun formalaşdırılması qaydası, vəzifələri və səlahiyyətlərinin əsas prinsipləri qeyd olundu. 14 iyul 1998-ci ildə isə müasir hüquqi dövlətin ən vacib institutlarından biri sayılan ali konstitusiya nəzarəti orqanı kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı və bu gün də uğurla fəaliyyət göstərməklə artıq cəmiyyətdə öz layiqli yerini tuta bilmişdir.

Elə həmin il qadınların dövlət quruculuğunda və siyasətdə daha geniş iştirakını təmin etmək, gələcəyimiz olan uşaqların tərbiyəsi, sağlamlığı, təhsilində ailənin rolu önə çəkilərək ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsi, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin möhkəmlənməsini, onların beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquq və azadlıqlarının Azərbaycan dövləti tərəfindən qorunması məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və mövcud iqtisadi qurumların strukturları təkmilləşdirildi.

Demokratiyanın atributları olan mətbuat üzərində senzura ləğv edildi, ölüm cəzası cinayət qanunvericiliyindən çıxarıldı, hüquq-mühafizə orqanlarının, eləcə də iqtisadi qurumların fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildi.

İlk dəfə Konstitusiyanın bir fəsli vətəndaş cəmiyyətinin və xalq idarəçiliyinin atributlarından biri olan yerli özünüidarə təsisatlarına - bələdiyyələrə həsr edildiyindən bu təssisatların fəaliyyətini tənzimləyən və Konstitusiyaya əsaslanan qanunlar qəbul edildi və 1999-cu ildən başlayaraq, onların seçkilərinin ardıcıl olaraq keçirilməsi təmin edildi.

Eyni zamanda, qeyd olunmalıdır ki, Konstitusiya heç vaxt dəyişməz ehkam kimi qəbul edilməməlidir. Dünya təcrübəsi də göstərir ki, konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin dünyada yeni münasibətlər sisteminin formalaşması, həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri etmişdir.

Bu baxımdan avqust 2002-ci ildə və 2009-cu ilin martında keçirilən referendumlar Konstitusiyanın təkmilləşdirilməsinə əsas verdi. 2002-ci ildə insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsi məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutunun yaradılması və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyaya əlavələr şəklində edildi, həmçinin ilk dəfə olaraq hər kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verildi. 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər isə insanların sosial həyatının daha yüksək səviyyəyə gətirilməsi, insan haqlarının genişləndirilməsini özündə əks etdirən müddəalar olmuşdur.

Sonrakı dəyişikliklərin başlıca hədəfi isə dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni və effektiv mexanizmi formalaşdırmaq olmuşdur.

Nəzərə alsaq ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının, cəmiyyətin ictimai, siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısıdır. Bu Konstitusiyanın qəbulu çağdaş tariximizin ən mötəbər hadisələrindən biri olmaqla, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən mühüm xidmətlərindən biri sayılır. Çünki əminliklə demək olar ki, Konstitusiya layihəsi komissiya tərəfindən hazırlansa da, onun banisi və baş memarı ulu öndər özü olmuşdur. O, zamanında Azərbaycan üçün nə lazım idisə, hamısını etmişdir. İqtisadiyyatımızın inkşafına təkan verən “Əsrin müqaviləsi” də daxil olmaqla. Həll edilməmiş qalan yalnız torpaqlarımızın işğalı ilə bağlı münaqişə oldu ki, buna da qəfil gələn əcəl və Qərbin, eləcə də hegemon dövlətlərin ölkəmizə qarşı yürütdükləri ədalətsiz “ikili standartlar” imkan verməmişdir.

Ötən iyirmi beş ildə Konstitusiyadan bəhrələnən ölkəmiz güclü iqtisadi yüksəlişə nail olmuş, düzgün aparılan daxili və xarici siyasət, ordu quruculuğu işinin təkmilləşdirilməsi, keçirilən beynəlxalq tədbirlər dövlətimizi Cənubi Qafqazın ən güclü və qüdrətli dövlətinə çevirməklə bütün dünyada tanınan və seçilən nüfuz sahibi etmişdir. Bu uğurlarımızın hüquqi təminatçısı Azərbaycanın ilk demokratik Konstitusiyası olmuşdur.

Qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyev və onun siyasi-iqtisadi kursunu layiqincə davam etdirən dövlət başçımız cənab İlham Əliyevin mütəmadi olaraq Azərbaycan həqiqətləri, yəni Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı, etnik təmizləmə və bir milyondan çox qaçqın və köçkünün öz evindən silah gücünə qovulması, məlum Xocalı qətliamının səlahiyyətli beynəlxalq qurumlara və bütün dünyaya çatdırılmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurası torpaqlarımızın işğaldan qeyd-şərtsiz azad olunması barədə dörd qətnamə qəbul etsə də, bu qətnamələr 28 ildən artıq müddətdə icra edilməmişdir. BMT Baş Məclisi və Təhlükəsizlik Şurası ilə bərabər, digər Beynəlxalq Təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası işğalı pisləyən qərar və qətnamələr qəbul etsələr də, onların da heç biri yerinə yetirilməmişdir. Üç dövlətin ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrup həmsədrləri isə qəsdən öz hərəkətsizliyi ilə 28 il bu məsələni uzadıb dondurmağa çalışmışlar.

Lakin bizim dövlət başçımız və xalqımız Konstitusiyamızda bəyan edilmiş bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və qarşılıqlı əməkdaşlıq etmək kimi ülvi niyyətlərə sadiqlik göstərərək, qan tökməmək üçün münaqişənin sülh yolu ilə həllinə çalışmışdır.

Bu illər ərzində işğal altında olan şəhər, kəndlərimiz, meşələrimiz, Kəlbəcərin qızıl və mineral su, Zəngilanın isə Vejnəli qızıl və digər filiz yataqları xarici investorlar cəlb olunmaqla erməni vandalları tərəfindən istismar edilməklə talan edilmişdir. Bundan iştaha gələn Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə danışıqları uzatmış, hətta son illər küçədən hakimiyyətə gələn sərsəm, xəstə təxəyüllü, faşist xislətli baş nazir Nikol Paşinyan isə nəinki bundan boyun qaçırmaq, həm də “Qarabağ-Ermənistandır, nöqtə” deməklə yeni ərazilər işğal etmək məqsədilə vaxtaşırı sərhəd rayonlarımıza hücumlar təşkil etmişdir.

Hələ dörd il əvvəl “Çoxqütblü dünyaya doğru” devizi ilə 10-12 mart 2016-cı ildə Bakıda keçirilən IV Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmin müasir dünyada alternativinin olmadığını qeyd edərək demişdir: “Azərbaycan həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi multikulturalizmi bir missiya kimi öz üzərinə götürmüşdür. Biz hesab edirik ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Multikulturalizmin alternativi yalnız ayrı-seçkilik, irqçilik, ksenofobiya, islamofobiya və antisemitizm ola bilməz”.

Azərbaycan Prezidenti eyni zamanda göstərmişdir ki, dünyada vəziyyət dəyişmiş, dünya daha da sakit və təhlükəsiz olmaq əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət və qaçqın böhranı- bunlar son illərin böhranıdır və bizim qonşuluğumuzda baş verir. Hər bir əməl, addım və digər dövlətlərin daxili işlərinə müdaxilə mütləq həmin müdaxiləni edənlər üçün çətinliklər yaradacaqdır. Azərbaycan Prezidenti demişdir: “Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütovlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq”.

Budur Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin amalı, onun bütün dünyanın dövlət başçılarına örnək, nümunə olası arzu və niyyətləri. Elə həmin forumda torpaqlarımızın hələ də işğal altında olmasından, Beynəlxalq Təşkilatların, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsindən təəssüflə danışan Azərbaycan Prezidenti xüsusi olaraq vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün ərzində icra edilir. Bizə gəldikdə isə, artıq 20 il keçir.

Üstündən 4 ildən artıq müddət keçməsinə baxmayaraq, ölkəmizin təklifi üzrə icra mexanizmi ilə bağlı heç bir iş görülməmiş və bu qətnamələr icrasız qalmışdır.

Bu da, “demokrat” libasına geyinmiş dünyanın hegemon dövlət başçılarının haqqa, ədalətə, beynəlxalq hüquqa və qəbul etdikləri qətnamələrə, konvensiyalara olan münasibəti. Beləliklə, bir daha əmin olursan ki, müasir dünyada ədalət və beynəlxalq hüquq normaları güclü qüvvələrin mənafeyinə xidmət edir və buna beynəlxalq aləmdə adekvat reaksiya verilmir.

27 sentyabr 2020-ci il tarixdən başlayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozmuş, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, həmçinin yaşayış məntəqələrini atəşə tutmaqla düşünülmüş təxribat törətmişlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatları keçirmiş, düşmənin cavabını verərək, onu geri oturtmuş, işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əməliyyatlara başlamışdır. Demək olar ki, Qalib Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Qalib ordumuz tez bir zamanda BMT-nin qətnamələrini özü icra etməli olmuşdur. Qısa bir müddətdə torpaqlarımızın böyük bir hissəsini, Şuşa da daxil olmaqla, işğaldan azad etməklə ordumuz zəfərlər qazanmış və həmin torpaqlarda artıq bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanmaqdadır.

Düşmən əsgərləri ordumuzun həmlələrinə duruş gətirə bilməyərək, silah-sursat və hərbi texnikanı döyüş meydanında qoyub qaçırlar. Bunun bir səbəbi Ermənistan iqtisadiyyatının və ordusunun zəifliyi ilə əlaqələndirilsə də, ikinci səbəbi onunla izah olunmalıdır ki, Azərbaycanın işi haqq işidir, ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan əsgəri öz qanuni torpaqlarını işğaldan azad etmək üçün ikinci Vətən müharibəsinə qalxmağa məcbur olmuşdur. “Müharibə” sözü siyasətin silah gücünə davam etdirilməsidir. Bizim dövlətimiz və xalqımız isə bu yolda mübarizəni 30 ilə yaxın bir müddətdir ki, yalnız sözlə, siyasi diplomatiya ilə aparmış və artıq xalqımızın səbri tükənmişdir. Üçüncü səbəbi isə bütün xalqımızın öz Prezidentinin yanında olması, ona güvənməsi, onun çıxışları və müsahibələrini dinləyib ürəkdən alqışlaması, Prezidentimizin isə xalqın ürəyindən keçənləri yerli-yerində bütün dünyaya çatdırmasıdır. Xalqla iqtidar arasında yaranmış bu sarsılmaz birlik bizi mütləq davamlı qələbəyə qovuşduracaqdır.

Cəbhə bölgəsində uduzan düşmən daha da azğınlaşaraq terrora əl atıb, əhalinin sıx yaşadığı Gəncə, Tərtər, Bərdə, Naftalan, Mingəçevir, Ağdam və digər şəhər və kəndlərin dinc əhalisini mütəmadi olaraq istifadəsi qadağan olunmuş silahlardan, ağır artilleriya qurğularından atəşə tutur. Nəticədə, sentyabrın 27-dən indiyə kimi 100-ə yaxın vətəndaşımız, içində azyaşlı uşaqlar, qadınlar və qocalar da olmaqla həlak olmuş, 500-ə yaxını yaralanmış, yaşayış binaları, evlər və mülki infrastruktur, o cümlədən uşaq bağçaları, məktəblər, muzeylər yerlə-yeksan edilmişdir. Dinc əhaliyə qarşı törədilən terror aktları bir daha təsdiq edir ki, düşmənin hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusi ilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, eləcə də BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir. Doğrudur, düşmənin törətdiyi bu hərbi cinayətlər barədə ölkəmizin prokurorluq orqanları tərəfindən cinayət işləri qaldırılmış, vurulmuş maddi zərərlə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırmalar və hesablamalar aparılır. Bütün bu cinayətlərə görə Ermənistan rəhbərliyi beynəlxalq qanunlara müvafiq olaraq cinayət və maddi məsuliyyətə cəlb olunmalıdır. Artıq dövlətimiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Ermənistan barəsində təminat tədbirlərinin görülməsi üçün müraciət edərək bir neçə tələblər qoymuşdur.

Müharibənin başlandığı gündən bu münaqişə bütün dünyanın nəzər diqqətindədir. Belə ki, dünyanın ən nüfuzlu informasiya agentliklərinin müxbirləri hansı niyyətlə gəlməsindən asılı olmayaraq, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qəbul edib, öz siyasi iradəsini, fitri istedadını, dərin zəkasını, zəngin intellektual səviyyəsini, yüksək diplomatiya mədəniyyətini ortaya qoymaqla bir neçə dildə səbirlə, geniş, ətraflı və tariximizlə bağlı obyektiv həqiqətlər barədə müsahibələr verir, müxbirlərin bədniyyətlə verilmiş suallarını təmkinlə, qətiyyətlə cavablandırmaqla, onları yerində otuzdurur.

Bu müsahibələrin hər biri tam şəffaf və aşkarlıq şəraitində keçirilir, Prezident cənab İlham Əliyev, sanki dünya media qurumlarının nümayəndələrinə jurnalistika və diplomatiya dərsi verir, eyni zamanda, bizim haqq işimizin 30 il uzanmasına səbəb olan şəxslərə, beynəlxalq qurumlara və bəzi dövlət başçılarına ittihamedici mesajlar ötürür. Onun bu bacarığı xalqımızı qürurlandırır. Ali Baş Komandana bu ilhamı, güc və qüdrəti, eləcə də bu qətiyyəti verən onunla xalqın və ordumuzun sarsılmaz birliyidir. Bu birliyin təsdiqi isə xalqımızdan Müzəffər Ali Baş Komandana göndərilən minlərlə təbrik və minnətdarlıq məktubları, xalqımızın vətənsevərliyi, gənclərimizin könüllü olaraq orduya getmək arzuları və anaların dualarıdır. Artıq qırx gündən çoxdur ki, ölkəmizdə iki cəbhədə müharibə gedir: döyüş cəbhəsində və informasiya cəbhəsində. Hər iki cəbhədə rəhbərliyi Ali Baş Komandan həyata keçirir, və o, bu işin öhdəsindən ləyaqətlə və qəhrəmancasına gəlməklə yeni tarix yaradır, qızıl hərflərlə yazılan bir tarix! nəinki xalqımız, hətta dünyanın ədalətə, haqqa rəvac verən və sülhü dəstəkləyən insanları da onun bu şücaətini alqışlayır və ona dəstək verir.

Xalqımızın birliyini, Müzəffər ordumuzun döyüş meydanındakı zəfərlərini və öz məğlubiyyətini görən mənfur düşmən qapı-qapı gəzib özünə havadarlar və real kömək istəsə də, o alınmayanda yalan, iftira dolu böhtanlara və terrora əl atır. Lakin Paşinyan və onun komandası hara getsələr, kimdən kömək istəsələr, nə oyunlardan çıxsalar da, artıq öz məğlubiyyətlərini qəbul etməli olmuşlar, çünki Qarabağ Azərbaycanın tarixi və əzəli torpağı olmaqla ən dilbər guşəsidir. Onlar bilməlidirlər ki, cənab Ali Baş Komandan belə bir şüar irəli sürmüşdür: Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur! Bu o deməkdir ki, bizim bir qarış torpağımız da işğal altında qalmayacaq. Artıq Şuşa da alındı! Ümumiyyətlə, qırx gün müddətində rəşadətli ordumuz öz canı-qanı bahasına 200-dən artıq şəhər, qəsəbə və kəndlərimizi işğaldan azad edib düşməni öz məğlubiyyətini etiraf etməyə məcbur etməklə, şanlı qələbəyə yol açmışdır. Nəhayət, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciət edərək Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu və bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Baş naziri tərəfindən üçtərəfli bəyanat imzalanması barədə məlumat vermişdir. Bununla da İkinci Vətən müharibəsi bizim qələbəmizlə başa çatdı. Bu qələbəmiz əbədi olsun!

Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağ bizimdir!

Fürsətdən istifadə edib şəhidlik zirvəsinə yüksəlmiş hərbçilərimizə və mülki vətəndaşlarımıza Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm.

Ulu Tanrı Ali Baş Komandanımızı, müzəffər Azərbaycan ordusunu və xalqımızı qorusun! Yaşasın xalq-iqtidar birliyi!

 

Südabə HƏSƏNOVA,

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin “Şöhrət” ordenli hakimi,

Konstitusiya layihəsini hazırlayan

Komissiyanın üzvü,

Əməkdar hüquqşünas.

 

Respublika.- 2020.- 11 noyabr.- S.13.