Beynəlxalq Multikultural
Şəbəkənin rəhbərliyi Pakistan
səfiri ilə görüşüb
2020-ci il noyabrın 11-də Beynəlxalq Multikultural Şəbəkənin rəhbərliyi Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Görüşdə Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova bildirmişdir ki, Azərbaycan xalqının qəlbində Pakistan xalqı üçün xüsusi yeri var. Pakistan Azərbaycan xalqını bütün məsələlərdə həmişə dəstəkləmişdir. Ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. İkitərəfli əlaqələrdə siyasi sahədən başqa, biz mədəniyyətlə bağlı, elmi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.
Görüşdə Beynəlxalq Multikultural Şəbəkənin rəsmiləri tərəfindən səfirə Beynəlxalq Multikultural Şəbəkənin tarixi, onun elmi proqramları, tədqiqat potensialı, beynəlxalq əlaqələr və müxtəlif ölkələrdə fəaliyyət göstərən ölkə təmsilçiləri haqqında məlumat verildi və fəaliyyətlərinin müsbət cəhətləri müzakirə edildi.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı ilə bağlı qeyd edilən istiqamətlərdə lazımi işlərin həyata keçirilməsində səyini əsirgəməyəcəyini və dəstəyini göstərəcəyini bildirdi.
Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova Pakistanın ölkəmizdəki səfirliyinin multikultural məsələlərlə bağlı həyata keçirdiyi maraqlı layihələrə görə Cənab Səfirə Fəxri Fərman təqdim etdi.
Tərəflər iki ölkə arasında mədəni-elmi əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə həyata keçirilməsi mümkün ola biləcək layihələr haqqında geniş müzakirələr aparıblar.
Arzu ƏLİYEVA
Respublika.- 2020.- 13 noyabr.- S.7.