LƏNKƏRANDA
BÖYÜK QƏLƏBƏNİN SEVİNCİ
Lənkəranda coşqu, canlanma, bayram ovqatı hiss olunur. Şəhərin küçələrində, Heydər Əliyev parkında, Dövlət bayrağı meydanında, Şəhidlər Xiyabanında böyük izdiham vardır. Hamı sevinc içindədir. Üzlərdə fərəh, xoş təbəssüm, gözəl ovqat diqqəti dərhal cəlb edir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şanlı, qəhrəman ordumuzun işğal altında olan torpaqlarımızı düşməndən azad etməsi ilə bağlı qələbə müjdəli tarixi müraciəti lənkəranlılarda da sonsuz sevinc, yüksək əhval-ruhiyyə yaradıb. Uzun illər qələbə həsrəti ilə yaşamış insanlar, yaşlılar, gənclər, məktəblilər şəhərin mərkəzinə toplaşıb sevinclərini bölüşürlər.
Bayraq dənizinə dönmüş Lənkəranın küçə və meydanlarını, parkları “Yaşasın Azərbaycan!”, “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”, “Ən güclü əsgər bizim əsgərdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları bəzəyir. Ətrafı maşınların səs siqnalları bürüyüb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov cənab Prezidentin fədakar, əsl qəhrəmanlıq nümunəsi olan fəaliyyəti sayəsində xalqımızın öz tarixi haqqına çatmasından, düşmənin məkrli niyyətləri ilə pozulmuş tarixi ədalətin bərpa olunmasından lənkəranlıların böyük sevinc, qürur duyduqlarını, onlara bu fəxarəti bəxş etmiş Ali Baş Komandan İlham Əliyevə ən səmimi təşəkkürlərini, minnətdarlıqlarını ifadə etdiklərini bildirir.
Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev sevindiyindən göz yaşlarını saxlaya bilmir. Biz bu şad xəbəri illərdir gözləyirdik, - deyir. Çox sağ olsun cənab Prezident. Prezidentimiz də, əsgərlərimiz, zabitlərimiz də əsl qəhrəmandırlar. İndi daha qürurluyuq. Qüdrətli Prezidentimizlə, güclü dövlətimizlə, qəhrəman ordumuzla fəxr edirik.
Maşınını üçrəngli bayrağımıza bürümüş rayonun fəal gənclərindən olan Rüfət Ağayev lənkəranlı gənclərin müstəqil, qüdrətli Azərbaycanın övladları olmaları ilə fəxr etdiklərini, qürur duyduqlarını bildirir. Qarabağ bizimdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Qarabağ həsrətimizə son qoydu, xalqımızı bu arzuya çatdırdı. Allah onu qorusun!
Əlisəfa HƏSƏNOV
Respublika.- 2020.- 13 noyabr.- S.7.