Zəfər günü

 

Bu tarixi günlərdə qardaş Azərbaycanda baş verənlər bütün türk dünyası tərəfindən böyük həyəcan və maraqla izləndi. Azərbaycan dövləti öz sərkərdəsi, Ali Baş Komandanının rəhbərliyi ilə yeni tarix yaratdı. Amma bu tarix adi bir tarix deyil. Bu, illərdir gözlədiyimiz bir qalibiyyətin tarixi, ədalətin təntənəsidir. 28 ildir işğal altında inləyən müqəddəs torpaqların, şəhər və kəndlərin bir-birinin ardınca azad olunması Şuşa şəhərinin işğaldan qurtarılması ilə taclandırılması böyük Qələbənin müjdəsi oldu. Bütün türk dünyasının musiqi beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı, Qafqazın incisi tarixi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə xalqın milli-mənəvi dəyərlərinin məhv olmasının qarşısı alındı, millət yenidən mənəvi istiqlalına qovuşdu. Azərbaycanı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan xalqını və bütün türk dünyasını şanlı qələbə münasibətilə təbrik edirəm.

 

Dünya bir daha türkün, şanlı Azərbaycan Ordusunun gücünə şahidlik etdi. Bu sözləri müxbirimizə açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu bildirib. O deyib: “Təbii ki, bu qələbə asan başa gəlmədi. Minlərlə igid oğul və qızlarımızın həyatını qurban verdiyi bu yolda dövlət başçısı cənab İlham Əliyevin nə qədər böyük əzm nümayiş etdirdiyini gördük. Dövlət başçısının yüksək əzmi sayəsində qardaş Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu. Prezident İlham Əliyev bu addımı ilə atası, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək xalqın qəlbinin fatehi oldu, tarixə qalib Prezident kimi düşdü! Əminəm ki, tarix onun xidmətlərini heç zaman unutmayacaq. Bu tarixi günlərdə bizqardaş Azərbaycan xalqı ilə birlikdə olmaqdan fəxarət hissi duyuruq. Çünki Azərbaycanın məsələsi bütün türk dünyasının məsələsidir. Beləliklə, türklər yalnız tarix yaratmır, həm də tarixi yazırlar. Bu gün qardaş Azərbaycan xalqı bunun əyani örnəyini ortaya qoymaqdadır. Qəhrəman Azərbaycan xalqını bu önəmli gün, tarixi zəfər münasibətilə təbrik edir, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhunu ehtiramla yad edir, onlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın “Bir millət, iki dövlət!” Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. “Türkün şanlı bayrağını 30 il sonra yenidən Qarabağda yüksəldən zəfər uğurlu olsun. Qoy, ədalətli qələbəmiz daimi olsun, Azərbaycan bayrağı ölkənin hər yerində dalğalansın!”.

 

Esmira YAZKAN Aslanova,

 

Respublika” qəzetinin Türkiyə üzrə müxbiri

 

Respublika.- 2020.- 13 noyabr.- S.7.