ZƏFƏRƏ
APARAN YOL... VƏ BÖYÜK QƏLƏBƏ
Milyonlarla azərbaycanlının qəlbində, dilində dolaşan ülvi, müqəddəs arzusu nəhayət, reallığa çevrildi! Noyabrın 8-i səhər saatlarında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək, “Şuşa şəhəri işğaldan azad edildi!”- müjdəsi ilə bizi sevindirdi. Bu müjdə ürəklərdə pöhrə ümidləri, istəkləri dirçəltdi. Gözümüzü, könlümüzü şəfəqlərə boyadı. İndi Qarabağın ləli, incisi Şuşa şəhərinin başı üstündə üçrəngli bayrağımız dalğalanır!
Bu yerdə düşünürəm: Nə xoş ki, Azərbaycanın siyasi, diplomatik bacarığa, məharətə malik müdrik, uzaqgörən, fövqəl dövlət başçısı, yenilməz ordusu, cəngavər əsgəri, Vətən eşqi, təəssübü ilə ürəyi döyünən xalqı var! Belə bir gücün, dövlət-xalq-ordu birliyinin nəticəsidir ki, artıq Vətənimizin başı üstünü almış qatı duman çəkilir, zəfər yürüşünün yetirdiyi qələbə sorağından anaların üzü gülür, uşaqların çöhrəsində təbəssüm cilvələnir, beli bükülmüş insanların qəddi dikəlir. Belə bir möhtəşəmliyin sevincini, bəxtiyarlığını yaşamaq Tanrının bizə bəxş etdiyi ən böyük lütfüdür...
Məqaləyə giriş kimi başladığım bu duyğusal fikirləri 9 Noyabr Bayraq Günündən bir gün əvvəl Şuşanın işğaldan azad olunması şərəfinə yazmağa başlamışdım. Bu möhtəşəm zəfərin ardınca yenilməz ordumuzun böyük uğurları sırasında 72 kəndi işğaldan azad etməsi xəbəri tam qələbənin bir addımlığında olduğumuzdan soraq verirdi. Noyabrın 10-a keçən gecə Azərbaycanı ayağa qaldırmış xoş xəbər böyük ümidimizi reallığa çevirdi: Şuşa zəfərinin ardınca möhtəşəm Qələbə! Azərbaycan ordusu 44 günlük haqq savaşında düşmənə qalib gəldi!
Bu müqəddəs savaş başlayan gündən ürəyimə axan çisəkli duyğuların - ağrı, həyəcan, intizar və sevincin içində təzadlı bir həyat yaşayırdım. Məhz bu gün, Qələbə müjdəsini aldığım gecə, bu hisslərin yerini işıq seli doldurdu. Gecədən şəhərdə başlamış qələbəliyin möhtəşəm səsinə dəli bir sevinclə eyvana atıldım. Bütün şəhər oyaqdı! Vətən müharibəsi bitdi! Biz qalib gəldik! Özümdən ixtiyarsız aylı-ulduzlu çıraqban şəhərə səsləndim: Yaşasın Ali Baş Komandan! Yaşasın əsgərlərimiz!..
Televizoru açıram. İnsanlar əllərində üçrəngli bayrağımızla küçələrdə bayram əhval-ruhiyyəsi ilə şadlıq edir, ürəklərindən qopan alqışları şüar kimi səsləndirirlər: “Eşq olsun Ali Baş Komandanımıza!”, “Eşq olsun ordumuza!”, “Ən böyük əsgər bizim əsgər!”, “Qarabağ!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan əsgəri!..” Coşqu ilə müşayiət olunan Qələbə bayramının sevincli izdihamı bitib-tükənmir. Bu bəxtəvərliyin işığına, sevgisinə bələnmək böyük səadətdir. Nə xoş ki, Uca Yaradan xalqımıza bu bəxtiyarlığı yaşamağı qismət elədi. Bütün Azərbaycan ailələri kimi, mənim də ailəm sevinc gözyaşları içindədir...
Bir gözüm televizorda qələbəliyi izləyir, bir gözüm də bilgisayarın monitorunda, barmaqlarım hərflərin üzərində hərəkətdədir. Böyük Qələbəmizin şadlığını yazıya almaq istədiyim rəngli, bəlağətli sözlər də düşüncəmdən barmaqlarıma axır. Televizorda tez-tez dəyişən kadrların arasında şadlığından yerə-göyə sığmayan gənclər əllərində üçrəngli bayrağımızla Şəhidlər Xiyabanında görünürlər. Sanki, soyuq məzar daşlarına həkk olunmuş şəkillərindən boylanaraq, bu qələbəliyə sevinən şəhid oğullarımıza gözaydınlığı verirlər. Televiziyanın fədakar əməkdaşları bu qələbə yürüşünün içərisində yaşanan bayram əhval-ruhiyyəsi lakonik süjetlərlə təqdim edir, insanların sevgi-sevinc dolu ürək sözlərini xalqla bölüşüb-paylaşmağa imkan yaradırlar. Şəhərin prospekt və küçələrindən müqəddəs bayrağımızla bəzədilmiş maşınlar şütüyüb keçir. İnsanlar qaranlığı boğazlayan sübhün alatoranında hay-küylə, coşquyla, gülüşlə, sevinc gözyaşları içərisində birliyimizi nümayiş etdirirlər. Yollarda, səkilərdə sanki insan seli axıb gedir, hamı, hər kəs də al şəfəqli səhərin qoynunda cilvələnən Vətənin bəxtəvər hüsnünü görmək, “Gözün aydın, Azərbaycan” deyə səslənmək intizarındadır...
Bölgələrimizdə yaşanan Qələbə bayramı da bir başqa aləmdir. Bu izdihamın içərisində əsgər analarını, bacılarını görmək də qürurvericidir. İnanıram ki, öz qanları bahasına doğmalarının, bütünlükdə Vətənin başını uca edən şəhidlərimizin ruhu da bu qələbəliyin başı üstündə dolaşır. Azərbaycan xalqı böyük, müdrik xalqdır. O, kədərini də, sevincini də mükəmməl qarşılayır... Prezidentin ikinci Stalinqrad adlandırdığı Tərtər, Bərdə, Gəncə, Mingəçevirdə və digər rayonlarda sakinlərin haylı-küylü izdihamının içərisindən ucalan ürək sözləri, Ali Baş Komandana, əsgərlərimizə alqışları da qələbə sevincimizə rövnəq verir...
***
Jurnalistikada yaradıcılığım boyu həmişə çalışmışam ki, mövzunu işləyərkən fikrimi dəqiq, tutarlı və kəsərli ifadə etmək üçün sözün ən təsirlisini, qüdrətlisini (bəzən də qanadlı, rəngli ifadələri) yazıya gətirim. İndiki məqamda da bu möhtəşəmliyi, gözəlliyi, fərəhi təsvirə gətirən sözlər düşüncəmdən yağış kimi süzülür. Bu isti, cazibədar sözlərin heç birini kənarda qoymağa ürəyim gəlməsə də məqamında doğulan kəlmələrə üstünlük verirəm... Bu günlər hamının ürəyindən, dilindən süzülən fərəhli sözlər quş təki aləmə pərvazlanır: Həsrətin sonu bitdi! Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu! İşğalda olan Vətən torpaqları düşmən tapdağından azad oldu! Biz Qələbə çaldıq!
44 gün davam edən müharibənin hər günü Azərbaycan əsgərinin mübarizliyi, qəhrəmanlığı ilə qürurvericidir. Qan-qada, dağıntılar içində keçən bu Vətən savaşında ordumuzun əsgərləri Ali Baş Komandanın rəhbərliyi altında ağır, həm də şərəfli döyüşlərdə böyük uğurlara imza atdılar. Azərbaycan xalqı bəlkə də son iki əsrdə belə bir qələbə sevinci yaşamamış, xoşbəxtliyə qovuşmamışdır. Bəli, 30 illik ağrı-acılara, vətənin içərisində yaşanan qaçqınlığa, məcburi köçkünlüyə böyük zəfərlə son qoyuldu. Dünya bu haqq savaşında qazandığımız böyük Qələbənin şahidi oldu.
Bu qələbəni doğuran əsas amillər, ilk növbədə dövlət, xalq, ordu birliyi, müharibənin bir mərkəzdən, Ali Baş Komandan tərəfindən idarə olunması, əsgərlərimizin böyük döyüş qabiliyyəti - igidliyi, cəsurluğu, qorxmazlığı, vətənə sədaqəti və babalarımızdan miras qalan digər keyfiyyətlərə malik olmasıdır. Düşmən bu hazırlığın, vətənsevərliyin qarşısında tab gətirə bilmədi, döyüş meydanında məğlub olduğunun acığına müharibə zonasından uzaq olan şəhər və kəndlərimizi ballistik və kasetli raketlərlə vursa da, mülki əhaliyə atəş açsa da, xeyli dağıntılar yaratsa da, əzmimizi, iradəmizi qıra bilmədi. Əksinə, əsgərlərimiz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə onların layiqli cavabını verdi. Haqqın qolu güclü olur. Bu mənada ordumuz öz gücünü ermənilərə göstərə bildi. Dünya erməni tapdağı altında olan torpaqlarımızı öz gücümüzlə işğaldan azad etdiyimizi görür, zəfər yürüşlərimizi izləyir, uğurlarımıza şahid olurdu. Beləliklə, biz qələbənin astanasında idik. Prezidentimizin təbirincə desək, düşmən bizim qarşımızda diz çökmüşdü. Qələbəmiz labüd idi...
10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9 bənddən ibarət imzaladıqları Bəyanat Qələbəmizin tam başa çatdığının təsdiqi oldu. Bundan sonra dövlət başçımız, Ali Baş Komandan xalqa müraciət etdi. Həmin gecə bütün Azərbaycan, eləcə də dünya bu Bəyanatı eşitdi. O gecə Prezident, Ali Baş Komandan İlham Əliyev, qalib Sərkərdə böyük sevinclə xalqımıza qələbə müjdəsi verdi. Xalq müraciəti dinləyərkən Ali Baş Komandanın 44 gün davam edən müharibədə ağır və şərəfli missiyanı yerinə yetirərək qələbə ilə başa çatdırdığından böyük qürur və rahatlıq hissi yaşadığının da fərqində idi.
Sözümüzün bu məqamında Prezidentin parlaq qələbəmizin möhtəşəm ifadəsi olan müraciətinə də münasibət bildirməyi vacib sanırıq. Bu müraciətdə biz Prezident İlham Əliyevi dövlətimizin başçısı, Ali Baş Komandan, qüdrətli Sərkərdə, Vətən və xalq təəssübkeşi, qanı-canı ilə yurduna, torpağına bağlı olan xalis Azərbaycan oğlunu, əzmkar Dühanı sanki projektorun gur işığında yenidən kəşf etdik. Bu çıxışında Ali Baş Komandan xalqına 30 ilə yaxın bir dövrdə yaşadığımız ağrıları, qaçqın və məcburi köçkünlərin həsrətini, nisgilini önə çəkərək onların yurdlarına dönməsindən ötrü nə qədər görüşlər, danışıqlar apardığını, bunların heç bir nəticə vermədiyindən bu müharibənin labüdlüyünü diqqətə aldığını açıqladı. Müharibədə əsgər və zabitlərimizin böyük qəhrəmanlıqla döyüşdüyünü, az bir müddətdə məhz onların igidliyi sayəsində parlaq qələbəmizin qazanıldığını bəyan etdi. Bu Qələbə müjdəsinin işığında yaşanılan bütün hadisələrə çox istiqamətdən, həm də reallıq prizmasından mövqeyini açıqladı. Bu haqq savaşında nələr etdik, hansı haqsızlıqlarla üzləşdik, itkilərin, dağıntıların qarşısında xalqımızın dözümünü, dəyanətini, böyük iradə nümayiş etdirdiyini dilə gətirdi.
Ali Baş Komandanın müharibənin ilk günündə xalqa müraciətini, müharibə ilə bağlı ilk yazımda (“Azərbaycan əsgərinin Vətən savaşı”. “Respublika” qəzeti, 8 oktyabr) qeyd etdiyim kimi, hüquqi sənəd statusunda gördüm. Eləcə də Qələbə müjdəsinin işığında etdiyi müraciətin də həmin statusda olduğunu dərk etdim. Bu müraciətlərdə diqqətə çatdırılan və açıqlanan məsələlər haqqımızı, hüququmuzu bəyan etməklə bütünlükdə milli, bəşəri dəyərlərə söykənir. Bu fikirlərin hər birinə bu gün də, gələcəkdə də tarixçilərin, tədqiqatçıların diqqət yetirəcəyi, bir mənbə kimi söykənəcəyi mütləqdir.
Prezidentin qeyd etdiyi kimi, bu Bəyanatın böyük tarixi əhəmiyyəti var. Azərbaycanın yeni tarixinin səhifəsində şərəfli yer tutan bu sənəd böyük Qələbəmizin təsdiqi kimi təqdir olunacaq. İlham Əliyev xalqımıza bu sənədin xüsusi önəm kəsb etdiyini diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiq, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Müraciətdə Türkiyənin mövqeyi də önə çəkilir. Ali Baş Komandanın reallıqdan doğan bu fikrinin ardınca Türkiyə dövlətininin bundan sonra da rəsmi qaydada Azərbaycanın taleyində həlledici roluna diqqət yönəldir: Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
Prezident qardaşın qardaşa siyasi və mənəvi dəstəyini bütün çıxışlarında, xarici telekanallara, KİV-lərə verdiyi müsahibələrində dönə-dönə vurğuladığı kimi, bu müraciətində də adıçəkilən Bəyanatın əhəmiyyətindən bəhs edərkən Türkiyə dövlətinin mövqeyini bir başqa prizmadan müstəviyə gətirir: Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.
***
Bu sevinci yaşadığımız anlarda bizi qələbəyə aparan yolları göz önünə gətirirəm. Vətən müharibəsinə başladığımız ilk vaxtlardan qısa, lakin fədakarlıq, əzmkarlıqla ötüb-keçdiyimiz yolda əsgərlərimiz öz rəşadətli döyüşləri ilə hərb tariximizin bir şərəfli səhifəsini yazdılar. Müharibənin ilk günündən əsgərlərimizin böyük ruh yüksəkliyi ilə cəbhədə qanları, canları bahasına qazandıqları uğurlar, 30 ilə yaxın bir vaxtda itirdiyimiz ümidlərin qayıtması hamını bir nəfər kimi ayağa qaldırdı. Dövlət-ordu-xalq birliyinin yaranması bizi bir amal ətrafında birləşdirdi. İstək, qərar bir oldu: düşmən tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad edəcəyik! Etdik də! Müzəffər ordumuz elə ilk günlərdən öz gücünü düşmənə göstərdi. İşğaldan azad olunmuş kəndlərimizin, şəhər və rayonlarımızın televiziyada nümayişinin əks-sədası hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Xalqımız erməni vandallarının qədim abidələrimizi, məscidlərimizi, hətta məzarlıqlarımızı belə, dağıtdıqlarının acısını yaşadısa da, əsgərlərimiz faşist xislətli erməni qəsbkarlarının, vandallarının cəzasını döyüş meydanında verdilər. Şəhidlərimizin qanı yerdə qalmadı.
Bir daha xatırlayaq. Müharibənin davam etdiyi bu 44 gün ərzində cəngavər əsgərlərimiz ard-arda işğalda olan kəndlərimizi, şəhər, rayon və qəsəbələrimizi erməni tapdağından təmizlədi, düşməni geri oturtdu, onların hərbi istehkamlarını darmadağın etdi. Bu müharibə dünyanın diqqətində idi. Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin dəfələrlə tələb etdiyi siyasi müstəviyə, sülhə gəlmədi, öhdəliklər qəbul etmədi. Ali Baş Komandan nə deyirdi? Prezident İlham Əliyev müharibənin ilk günündən Ermənistan dövlətinə, erməni xalqına, analarına, onların timsalında dünyaya bəyan edirdi ki, bu münaqişənin hərbi yolu var, lakin biz məsələni sülh yolu ilə nizama salmaq istəyirik. Bizim torpaqlarda oğullarınızı qırdırmayın... Lakin faşist xislətli düşmən bu humanist yanaşmanı saya salmadı. Nəticə isə göz qabağındadır. Topladığımız gücün, birliyin müqabilində bu qələbə labüd idi. Həmrəyliyimiz, milli birliyimiz qələbəmizi reallaşdırdı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Cənab Prezidentin həm xalqa müraciətində qeyd etdiyi bir çox məsələlər, həm də xarici ölkələrin mətbuatına verdiyi açıqlamalar dəqiq faktlara, tarixi sənədlərə, gerçək hadisələrə söykəndiyindən, eləcə də hazırkı vəziyyəti siyasi, diplomatik səviyyədə analiz etdiyindən, düşünürük ki, gələcəkdə tariximizin bu səhifəsini öyrənən, tədqiq edənlər hökmən bu çıxışların mətnindən istinad-mənbələr kimi geniş istifadə edəcəklər. Bu müraciətlər, müsahibələr yeni tariximizin yazılmasında və tarixçilərimiz tərəfindən ən ciddi, siyasi sənəd olaraq təhlil-təqdir olunmaqla misilsiz əhəmiyyət kəsb edəcəkdir.
Burda hadisələrin arxada qalmış bir mənzərəsinə də diqqət çəkməyi zəruri hesab edirik. Ermənistan rəhbərliyi həmsədrlər tərəfindən üç dəfə yaradılan humanitar atəşkəsdən humanistcəsinə yararlanmadı. Düşünmək olardı ki, hər iki tərəf son dərəcə ümdə olan bu hisslərin ifadəsi olan sənədə həssaslıqla yanaşacaq, gözləmə mövqeyində təmkin nümayiş etdirəcək. Azərbaycan tərəfi bütün dünyanın gözü qarşısında bu sənəddən irəli gələn müddəalara ehtiram göstərdi. Beynəlxalq hüquq və prinsiplərə riayət etdi. Ermənistan ordusu isə, müharibə zonasından uzaq olan şəhər və rayonlarımızı qadağan olunmuş raketlərdən, kasetli bombalardan atəşə tutdu. Yeri gəlmişkən, humanitar sözününün etimoloji mənşəyinin humanizmi, qayğını, xeyirxahlığı, nəciblik və nəzakət kimi hiss və davranışı ifadə etməsi hamıya bəllidir. Bu hisslər dövri-qədimdən Azərbaycan xalqının həyat-yaşam tərzində özünü bütün aydınlığı ilə büruzə vermişdir. Bütün bunların mahiyyətində xalqımızın sülhə, əmin-amanlığa, ədalətə söykənən milli mənsubiyyəti dayanır. Bəs bu ümdə, insani hissə, duyğuya erməninin baxışı necədir? Faşist xislətli ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı faciəsi, kəndlərimizi, şəhərlərimizi yandırması, soydaşlarımızı qaçqınlıq, didərginlik taleyi yaşamağa məhkum etməsi, açıq-aşkar göstərir ki, humanizm onlara yaddır. Bu vandallar dünyaya sanki qəsb etmək, dağıtmaq, öldürmək, baş kəsmək üçün gəliblər.
Bəs, Ermənistan üçün bu atəşkəs qərarı hansı mənanı ifadə etdi? Və onlar bu “dur”un qarşısında necə davam gətirdilər? Həmin qərarın təsdiqindən heç 2 saat ötməmiş Ermənistan ordusu bizim ikinci böyük şəhərimiz olan Gəncəni “Toçka-U” raketləri ilə atəşə tutdu. Bəli, işğalçı dövlət belə bir qərardan sonra bir daha özünün iyrənc simasını göstərdi, hərb meydanında döyüşə bilmədiyindən terror əməliyyatlarına keçdi. Bu arada özünün dağıdıcılıq əməllərini ortaya qoydu. Bu hadisələr onu göstərdi ki, bünövrədən əyri olan ağacın qaməti heç vaxt düz, şax olmur... Erməni əzəldən xain və xəyanətkardır. Əslində “yazıq, əzabkeş” şinelinə girmiş işğalçını hərbi əsirlər və digər saxlanılan şəxslərin qaytarılması, meyitlərinin yığılması deyil, bu məqamdan alçaqcasına istifadə edərək, Azərbaycanın ərazilərini atəşə tutaraq itkilər, dağıntılar yaratmaqdır. Budur, erməni vandalizmi! Budur, köçəri həyat tərzindən sürünə-sürünə keçib, ürəyiyumşaqlığımızdan istifadə edərək Azərbaycan torpağında dövlət quran hayların murdar xisləti! Düşmənin dağıdıcı əməlləri, işğalçılıq məqsədləri xalqımızı hiddətləndirdi, qəzəbimiz tüğyan etdi. Və nəticədə dərslərini verdik. Və biz savaşın ilk günündən “Qarabağ Azərbaycandır” həqiqətini ucadan və qətiyyətlə səsləndirdik, bu reallığı döyüş meydanında qəhrəmanlığımızla, üstünlüyümüzlə işğalçılara göstərdik. Dedik ki, bəd əməllərinə son qoysunlar. Və bilsinlər ki, Azərbaycan torpağında özbaşınalıq etmək olmaz. Azərbaycan bu hərəkətləri düşmənə bağışlamaz...
***
Şuşanın işğaldan azad olunması
- Qələbə xəbəri dünyaya yayıldı. Dost sevindi, düşmən
xar oldu. Ermənistana hərbi, həm də
siyasi dəstək verən havadarlar Azərbaycan ordusunun haqq
savaşındakı zəfərlərindən
qısqanclıq hissi keçirdi. Şərin
qalib gəlməsinə çalışanlar, yalanları,
iftiraları ilə dəridən-qabıqdan çıxan ermənipərəstlər
doğrunun qarşısında özlərini itirdilər.
Doğruya zaval olmadı. Dünya
Azərbaycan ordusunun yenilməzliyini, gücünü
gördü. Bu qələbə, bu zəfər
xalqımızın Ali Baş Komandanın ətrafında “dəmir
yumruq” kimi birləşdiyini göstərdi. Bu, ordumuzun bir mərkəzdən ağılla, siyasi
uzaqgörənliklə idarə olunduğunu dünyaya
nümayiş etdirdi. Prezidentin Azərbaycan
xalqına verdiyi qələbə müjdəsinin
doğurduğu hüdudsuz sevinc hissi, müraciətinin hər
cümləsi bizi qürurlandırdı, tam və
böyük Qələbənin dadını hiss etdik. Biz işğalda olan torpaqlarımızı
qanımız bahasına aldıq.
Bu Qələbənin siyasi, mənəvi, bəşəri
mənası o qədər böyük və misilsizdir ki, bunu
geniş mənada sözə gətirmək ayrıca bir
yazının mövzusudur. Biz bu sahədə nə
etməyə borcluyduqsa, nəyə qadir idiksə, onu da etdik.
Əsas odur ki, Azərbaycanın qüdrətini,
haqqını görməzlikdən gələnlər suya
döndülər. Dünya Azərbaycanın
bir dövlət olaraq gücünün bir daha fərqində
oldu. Azərbaycan Prezidentinin siyasi, diplomatik
hazırlığını, bacarıqlı dövlət rəhbəri,
Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə
olduğuna bir daha əmin oldu. Xalqımızın
vətənpərvərliyini, milli birliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin
igidliyinə şahidlik etdi. Bu Qələbə
nəinki Azərbaycanın siyasi dairələrində, eləcə
də dünya cəmiyyətinin siyasi baxışlarında
tez-tez müzakirə müstəvisinə gətiriləcək.
Azərbaycanın bir çox sahələrdə olduğu
kimi, haqq savaşındakı hərbi və siyasi təcrübəsi
də öyrəniləcək...
***
2020-ci il Qələbə ili oldu. Bu sətirləri
böyük fəxarət hissilə yazdığım dəqiqələrdə
bir daha əmin oluram ki, Azərbaycan xalqının İlham
Əliyev kimi Ali Baş Komandanı, böyük və qüdrətli
Sərkərdəsi, xalqının iradəsini ifadə edən
güclü siyasi-ictimai xadimi var. Və təbii ki, biz bu Qələbəyə
milli birliyimiz, həmrəyliyimiz və güclü ordumuzla
nail olduq. Bundan sonra Azərbaycanın iqtisadi,
siyasi və mənəvi gücü artacaq. Beynəlxalq səviyyədə yeni-yeni
uğurlarımız olacaq.
***
Həmişə diqqət etmişəm ki, Prezidentimiz
özünün bədahətən, sinədən etdiyi
bütün çıxışlarında insana bir addımda
gerçəkləşən ümid bəxş edir. Arzularını
coşdurur, həyata, yaşamağa, sevgisini
alovlandırır. Nə deyir, mükəmməl
deyir, nə vəd edir, yerinə yetirir. Və
xalqına bu xidmətindən qəlbi rahatlıq tapır.
Bu mənada dövlət başçımızın həm
də Ali Baş Komandan kimi noyabrın 8-də
Şuşanın işğaldan azad olunması münasibətilə
Şəhidlər Xiyabanından xalqa etdiyi müraciəti
bütünlükdə Qarabağımızın tacı, mədəniyyət
mərkəzi, musiqimizin beşiyi, xarı bülbülün vətəni
Şuşanın hüsnünə, şərəfinə
köklənmişdi. Bu müraciəti eşidəndə
də, onun mətnini oxuyanda da qəribə hisslər
yaşadım. 28 il 6 ay ürəklərində
Şuşanın nisgili ilə yaşayan xalqımızın
halını duydum, göz yaşlarını gördüm. Prezident bu qədim Aristokratlar şəhərini
işğaldan azad etməklə hər birimizi bəxtiyarlığa
qovuşdurdu. Müracətinin sonunda Şuşaya
canlı bir Varlıq kimi səsləndi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa
bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ali Baş Komandanın Qələbə müjdəsilə
xalqa müraciətində də böyük həyəcan,
coşqu və sonsuz fərəhlə dediyi sözlərdən
duyğulanmamaq olmur. Həmin gecə cənab Prezident təkcə
Azərbaycan xalqına deyil, dünya azərbaycanlılarına
yetərincə qürurverici, yeni bir həyat bəxş etdi.
O gecə bütün Azərbaycan ailəsi nurlu
sabahlarını sadəcə xəyallarında
canlandırmaqdan belə, fəxarət hissi yaşadı. Budur
o fikirlər:
“Qarabağ Azərbaycandır və nida” ifadəsi
artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə
çevrildi.
Bir il bundan əvvəl mən bunu demişəm.
Mən fəxr edirəm ki, mənim dediyim ifadə
artıq bir milli şüara çevrildi. Bu gün
böyük qürur hissi ilə deyə bilərik ki,
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir,
Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər
bizimdir, Şuşa bizimdir, Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan
xalqına! Yaşasın Azərbaycan!
***
Son vaxtlar Prezidentin çıxışlarını dinlədiyim
anlarda düşündürdüm ki, İlham Əliyevin bu həyatda
humanist, xeyirxah hami, sözündə və əməlində
səbatlı, qətiyyətli bir İnsan, dövlət
başçısı kimi, xalqını xoşbəxt
görməkdən savayı böyük arzusu yoxdur. Bir
yazıçı-publisist kimi onu da müşahidə edirəm
ki, Azərbaycan xalqının ümman genişliyində olan qəlbində
Prezidentinə sonsuz ehtiramı, sevgisi var. Taleyüklü məsələlərdə
hər bir vətəndaş, xüsusən də dövlət
başçısı öz əqidəsi, xalqına xidmətilə
bütün prizmalardan aydın görünür və
tanınır. Bu Vətən müharibəsində Prezident,
Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə,
Azərbaycan ailəsinin başçısı İlham Əliyev
olduğu kimi: Xalqına sədaqəti,
doğmalığı, ordusuna, əsgərinə diqqəti,
şəhidinin xatirəsinə ehtiramı, yaralısına
qayğısı, dəstəyi ilə gerçəkliyin
aynasında Qəhrəman Vətən oğlu kimi
göründü.
Cənab
Prezident, son 17 ildə xalq bir daha əmin oldu ki, Sizin siyasi qətiyyətinizə,
müdrikliyinizə, cəsarətinizə, fəhminizə
etibar etməkdə yanılmayıb. Böyük Qələbəylə
başa çatan Vətən savaşının qəhrəmanı
Müzəffər Ali Baş Komandan, torpaqlarımızın
azadlığı uğrunda şəhid gedən
oğullarımız, yenilməz ordumuz və vətən eşqi,
bayraq sevdasıyla döyüşən əsgərlərimizdir!
Şəfəq NASİR,
yazıçı-publisist
Respublika.- 2020.- 13 noyabr.- S.8.