Müstəqilliyimizə, hüquq
və azadlıqlarımıza təminat verən ali sənəd
Hər bir xalqın yaratdığı dövlətin qüdrəti onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Demokratiya yeni dünya nizamına uyğun olaraq, bir dövlətin öz milli iradəsinə qarşı beynəlxalq güclərə etdiyi güzəştlər sistemi deyil, əksinə, milli sınaqlar sistemi və bu çərçivədə öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üçün yaratdığı sarsılmaz təminatdır. Məhz belə bir tarixi sınaqda xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında özünün strateji seçimini etmişdir. Müstəqil respublikamızın müdrik rəhbərinin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açmış, dövlət quruculuğu, iqtisadiyyat və ictimai - siyasi həyatda dinamik inkişafa güclü təkan vermişdir. Hər il 12 Noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olmuşdur.
Konstitusiya dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyən, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını özündə əks etdirən ən ali qanundur. Digər qanunlardan fərqli olaraq, Konstitusiyanı ona görə “Əsas Qanun” adlandırırlar ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizama salır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısı kimi çıxış edir, dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil qaydalarını müəyyən edir.
Ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini - Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Bu taleyüklü, xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən məsələnin həlli də məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak edirdilər. Böyük zəhmət tələb edən gərgin işdən sonra Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı. Ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın sədri kimi Konstitusiyanı belə qiymətləndirirdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir.
1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman təsisatı fəaliyyətə başladı.
Sözsüz ki, həyat və zaman dəyişdikcə, gələcəkdə də dövlətin hüquqi sistemində, onun konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruriyyətə çevrilir. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib. 24 avqust 2002-ci il tarixində konstitusiyaya edilmiş əlavə və dəyişikliklər yeni dövrün çağırışlarını özündə ehtiva edirdi. 18 mart 2009-cu ildə ümumxalq səsverməsi nəticəsində konstitusiyaya bir sıra yeni əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklərin özü də konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət göstərirdi. Bütövlükdə isə, bütün bu əlavə və dəyişikliklərin hər biri konstitusiyanın təkmilləşməsinə xidmət etmiş oldu.
Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşmişdir.
12 noyabr 1995-ci il xalqımızın və dövlətimizin tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi deməkdir. Çoxəsrlik dövlətçilik ənənəsi olan bir xalq üçün bu qələbə istiqlaliyyətin və ərazi bütövlüyünün, vətəndaş cəmiyyəti quruculuğunun, hüquqi dünyəvi dövlətçiliyin, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquq subyekt kimi tanınmağın əsasını qoymuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin ötən 17 ildə Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi.
Konstitusiyaya edilən əlavə və dəyişikliklər özündə kompleks məsələləri ehtiva edir. Onların bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, hüquqlarının müdafiə olunması, təhlükəsizliyinin təmin olunması, o cümlədən, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər yer alıb.
İlk milli konstitusiyamızın qəbul olunmasından 25 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün bu illər ərzində qanunçuluğun təkmilləşdirilməsi işində qazanılan uğurları çıxışlarının birində çox dolğun və dəqiq olaraq belə ifadə edir: “Keçən illər ərzində konstitusiya humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Onun əhatə etdiyi bütün sahələrdə - hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının və azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş verir. Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir”.
Konstitusiyamızın qəbulundan ötən illlər ərzində Vətənimiz, millətimiz və xalqımızın öz qarşısına qoyduğu və bəyan etdiyi demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və s. ülvi niyyətlərə sarsılmaz sədaqətindən və əbədi bağlılığından irəli gəlir.
Orxan MUSAYEV.
Respublika.- 2020.- 13 noyabr.- S.10.