Qubadlı həsrətinə son qoyuldu

 

Öyünməyə haqqımız var ki, dünyanın hər yerində Odlar diyarının, Azərbaycan xalqının şəninə həmişə xoş sözlər deyilmişdir. Yüzlərlə belə misallardan söyləmək kifayətdir. Böyük fransız yazıçısı Aleksandr DümaQafqaz səfəri” əsərində yazırdı: “... Bu xalq vaxtilə müzəffər olmuş, ürəyində indinin özündə də döyüşkən olaraq qalır... Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qutardı”. Bu hikmət dolu sözləri Azərbaycanın bir parçası olan Qubadlıya da şamil etmək olar. Dağlar qoynunda yerləşən Qubadlı Odlar diyarının od ürəkli balası, qəhrəmanlıq qalasıdır.

 

Qubadlı Qarabağ yaylasının cənub-şərqində, Bazarçayın sahilində yerləşir.

 

Qubadlı işğal olunmamışdan öncə Azərbaycanın iri kənd təsərrüfatı rayonlarından biri olmuş, çoxlu sənaye müəssisələri bu yerlərin şöhrətini daha da artırmışdır.

 

Qubadlı Vətənin hər günündə — keçmiş əyyamlarda da, dəhşətli müharibə illərində də, dinc quruculuq vaxtlarında da həmişə ön cərgələrdə getmiş, sınaqlardan alnıaçıq çıxmış, özünü ləyaqətli bir övlad kimi göstərmişdir. Böyük Vətən müharibəsi dövründə Qubadlıdan cəbhəyə gedən 3557 döyüşçüdən 1587-si odlu səngərdən doğma yurda qayıtmamışdır. Qubadlılılar müharibədən geri dönməyən həmyerlilərini heç vaxt unutmurlar, onların xatirəsini həmişə əziz tuturlar.

 

Qubadlının tarixində qılıncla qələm qoşa dayanır. Hər ikisiucada. Biri qəhrəmanlıq, digəri istedad zirvəsində. Bu torpaq Milli Qəhrəmanlar, görkəmli dövlət və elm xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişdirmişdir.

 

Qubadlı rayonunun təbiəti olduqca zəngindir. 1969-cu illərdə burada 13,2 min hektar meşə sahəsi olub. Palıd bu meşələrin arxası, vələs, alma, armud, fındıq, əzgil, zoğal, yemişan sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, xınalı kəkliklər, turaclar, göyərçinlər gözəlliyidir.

 

Azərbaycanın romantik, dilbər guşələrindən olan Qubadlı yaranarkən elə bil bu yerlər təbiətin ən ilhamlı çağları imiş. Qubadlının dağları uca, düzləri geniş, zirvələri vüqarlı, yaylaqları axar-baxarlı, meşələri səfalı, bulaqları məlhəm, çiçəkləri şəfalı, havası xoş, bağ-bostanları bəhrəlidir! Qubadlı dünyanın gözəllik məskəni, Azərbaycanın şöhrətini yüksəklərə qaldıran bir diyar olub. Əgər bəxtin səni Qubadlı torpağına gətirsə, onun birgcə guşəsindəcə sehrlənəcəksən, gözəllik səni tilsimə salacaq, həsrətindən heykələ dönəcəksən.

 

Vətənin bir parçası olan, min bir sərvətli Qubadlı 30 ilə yaxın idi ki, nankor, faşist xislətli, tarixən türk qanına susayan ermənilərin işğalı altında idi. Birinci Qarabağ savaşında ermənilər Qubadlıda günahsız insanların qanını axıtmış, rayonu, kənd və qəsəbələri dağıdıb viranə qoymuş, ermənilər törətdikləri vəhşilikləri öz havadarlarının dəstəyi ilə həyata keçirmişlər.

 

30 ildə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş qubadlılılar həmişə yurd, Vətən həsrəti ilə yaşamış, həmişə o yerlərə dönəcəkləri anı gözləmiş, heç vaxt sarsılmamışlar.

 

Bu gün Azərbaycanın qüdrətli ordusu vardır. Sentyabrın 27-dən Azərbaycan ordusu Qarabağı yağı düşmənlərdən azad etmək üçün yumruq tək birləşərək haqq savaşına qoşulmuşdur. Qısa vaxtda 30 ilə yaxın işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Azərbaycanın tacı sayılan qədim Şuşa şəhəri, bir çox kənd, qəsəbə və yüksəkliklər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində işğaldan azad edilmiş, ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirilmiş, daha doğrusu şeytan cildinə girmiş Nikol Paşinyanın sinəsinə çalın-çarpaz dağ çəkilmiş, onun kömək üçün əl uzatdığı yer qalmamışdır. Paşinyan yaxşı bilməlidir ki, türk qılıncı həmişə faşist xislətli ermənilərin başı üzərində olacaq, onlar bir qarış olsun belə Azərbaycan torpağına sahib çıxa bilməyəcəklər.

 

Bu gün bütün qubadlılılar kimi fərəhim köksümə sığmır. Qubadlı kimi alınmaz qaladan erməni quldarları qovulmuş, Qubadlı və onun kəndləri işğaldan azad olunmuşdur. Bu gün Qubadlıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Qubadlılılar çox tezliklə qəribsəmiş yurd yerlərinə dönəcək, o yerlər dünyanın cənnət guşələrindən birinə çevriləcək, Həkəri çayının nəğməli sahillərində çal-çağırlı günlər başlayacaqdır...

 

Mən əslən Qubadlının Muradxanlı kəndindənəm. O yerlərin hər qarışında ayaq izlərim vardır. Ömrümün 30 ilini Qubadlısız keçirmişəm. O yerləri ancaq yuxularda görmüşəm.

 

Qubadlı işğaldan azad olunduğuna görə Ali Baş Komandan, xalqımızın ümid çırağı cənab İlham Əliyevə şəxsən öz adımdan, ailəmiz adından, əlində üçrəngli Azərbaycan bayrağını qürurla dalğalandıran Tunar nəvəmin adından sonsuz minnətdarlığımı bildirirəm.

 

 

 

Çingiz QULİYEV,

 

Nərimanov rayonundakı 45 nömrəli məktəbin müəllimi, Qubadlı sakini.

 

Respublika.- 2020.- 15 noyabr.- S.4.