Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsində

 

22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür

 

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi - demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı. Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir ki, “... Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”.

 

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə söhbət açmaq olduqca fərəhlidir. Azərbaycan ötən illərdə hüquqi dövlət və vətəndaş cəmiyyətinə keçid prosesini uğurla başa çatdırmış, demokratik inkişaf yolunun dönməzliyini təmin etmişdir. Ölkəmizin müasir inkişaf trendinin səciyyəvi cəhətlərindən biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, eləcə də müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir.

 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmışdır. Dövlət başçısının vurğuladığı kimi, “Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildibununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək məqsədi daşıyırdı. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildiümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. 1995-ci il 12 noyabr tarixində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.

 

Dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq aparılan islahatlar çərçivəsində notariat təsisatının təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl işlər həyata keçirilir.

 

Bir məsələyə də xüsusi olaraq toxunmaq istərdim. Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun xalqımızın tarixində şərəf dolu səhifələri çox olub. Eyni zamanda, Azərbaycan cari il sentyabrın 27-dən etibarən öz keşməkeşli tarixinin növbəti belə şanlı, qürurverici dövrünü yaşayır. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Torpaqlarımızın 20 faizini zəbt edən erməni vandalları işğal altındakı ərazilərimizdə ağılasığmaz müharibə cinayətləri törədiblər. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin salınıb. İşğal olunmuş ərazilərimizdə meşələrimiz, təbii sərvətlərimiz talan olunub, işlək müəssisələr dayandırılaraq onların avadanlıqları Ermənistana daşınıb. Erməni vandalları, həmçinin tarixi abidələrimizə ciddi ziyan vurublar.

 

Erməni vandallarının növbəti təxribat cəhdi dərhal Azərbaycan Ordusunun daha sərt üzü ilə qarşılaşdı. Yenilməz xalqımız, dövlətimiz, ordumuz yumruq kimi birləşdi, səfərbər oldu.

 

Noyabrın 8-də gözlənilən xəbər ruhumuzu təzələdi. Şuşa azad edildi. 28 ildən çoxdur Azərbaycan xalqı bu günü gözləyirdi. Azərbaycan xalqının milli kimlik təkamülündə Şuşanın özünəməxsus yeri var. Azərbaycan Ordusunun bu şəhər uğrunda apardığı müqəddəs savaş yalnız torpaq uğrunda, sənət və mədəniyyət beşiyi olan bir şəhər uğrunda deyil, milli şərəf və ləyaqət uğrunda, milli mənlik uğrunda ölüm-dirim savaşı idi.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər.

 

Döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və ərazi bütövlüyümüz qarış-qarış bərpa olunur. Azərbaycan bayrağının Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır.

 

Bu gün Azərbaycan hüquq sistemində möhtərəm Prezidentimizin həyata keçirdiyi inqilabi dəyişikliklər, insan haqlarının qorunması sahəsində mütərəqqi tədbirlər dünyanın inkişaf etmiş dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir. Möhtərəm Prezidentimizin misilsiz əməyi ilə yaradılmış yeni hüquq sisteminin bəhrəsi hələ çox-çox illər sonra da görünəcək və gələcək nəsillər onun bu sahədə əvəzsiz xidmətlərinin şahidi olacaqlar. Müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi daxilixarici siyasət kursu ilə irəliləyərək, mühüm nailiyyətlər qazanır. Şübhəsiz ki, möhtərəm Prezidentimizin ədliyyə sisteminin təşkilində və inkişafında müəyyən etdiyi istiqamətin, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində hörmətli nazirimiz Fikrət Məmmədovun da böyük xidmətləri vardır.

 

Biz ədliyyə işçiləri bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışacaq və yeni-yeni nailiyyətlərlə Azərbaycan ədliyyəsinə böyük töhfələr verəcəyik.

 

 

 

Təranə NOVRUZOVA,

 

Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu.

Respublika.- 2020.- 15 noyabr.- S.5.