Tanınmış pedaqoq
və dəyərli ziyalı
Müəllimim haqqında danışmaq mənim üçün nə qədər çətin və məsuliyyətlidirsə, etiraf edim ki, bir o qədər də xoş və qürurvericidir. Onunla ilk tanışlığım Bakı Slavyan Universitetinin magistr pilləsində təhsil aldığım illərdə baş verdi. Divardan asılmış dərs cədvəlində beləcə də yazılmışdı: Seçmə fənn - professor İ.Z.Qasımov. Əksər tələbələr kimi, biz də tanımadığımız müəllimin auditoriyaya gəlişini səbirsizliklə gözləyirdik.
İkram müəllimin həlim xasiyyətinə, sadəliyinə, səmimi danışığına, sakit, özünəməxsus səs tembrinə, bütün bunlarla yanaşı, ziyasına, elminə valeh olmamaq mümkün deyildi. O, dilçiliyin müxtəlif sahələrindən, fərqli məsələlərdən, dilçilikdə mübahisə doğuran məqamlardan o qədər peşəkar, eyni zamanda sadə və anlaşılan şəkildə danışardı ki, biz onu dinləməkdən zövq alardıq. Artıq o illərdə qətiləşdirdim ki, doktoranturada təhsilimi davam etdirsəm, elmi rəhbərim mütləq professor İkram Qasımov olacaq.
M.F.Axundov adına Milli Kitabxanadan yolumu salmışkən, İkram müəllimin elmi fəaliyyəti ilə maraqlanmağı düşündüm. Dissertasiya zalında böyük maraq və həvəslə müəllimimin doktorluq dissertasiyasını vərəqləyirdim. İ.Qasımov “Azərbaycan dilində hərbi leksika (təşəkkülü, inkişafı, sabitləşməsi)” 2003-cü il. Dissertasiyanın hər səhifəsində istər dilçi, istərsə də vətəndaş kimi milli kimliyə, milli təfəkkürə yüksək dəyər verən bir ziyalı ürəyi var idi. Təbii ki, müstəqillik qazanmış respublika üçün Milli Ordu ən mühüm məsələlərdən idi. Hərbi terminlər məsələsi o dövr üçün həm dilçilik, həm də vətənpərvərlik tərəfindən əhəmiyyətli idi. Əsərdə qədim abidələrimizin dilində rast gəlinən hərbi terminlərin bu günə kimi keçdiyi inkişaf və təşəkkül mərhələlərinin sistemli şəkildə öz əksini tapması bu sahəyə böyük qayğı və töhfə idi. Daha sonra 2010-cu ildə professorun həmmüəllif olduğu “İngiliscə-azərbaycanca-rusca hərbi terminlər lüğəti” işıq üzü görmüş və bu sahəni praktik cəhətdən də zənginləşdirmişdir. Bu gərgin və ardıcıl tədqiqatların davamı olaraq 2017-ci ildə magistrlar üçün nəzərdə tutulmuş “Azərbaycan terminologiyasının əsasları” adlı dərsliyi ali məktəblərdə elmi-pedaqoji əhəmiyyətə malik vəsait kimi istifadə olunmağa başladı.
İkram müəllimin elmi
yaradıcılığı ilə
tanışlığım belə başladı. Bəli, məhz
həmin gün Milli Kitabxanada. Çünki o heç vaxt özündən sitat gətirməz, “Mən filan kitabımda filan, filan cür yazmışam” və s. bu kimi cümlələrdən
istifadə etməzdi,
necə ki bu gün etmir. O, 11 kitabın, ali məktəblər
üçün 10-a qədər
tədris fənni proqramının, xeyli sayda respublika və respublikadankənar nəşr olunmuş məqalələrin müəllifidir.
Alim öz şəxsi, fərqli fikirlərini bizimlə paylaşarkən
sanki dilçilikdə
daşlaşmış, hamıya
məlum olan bilgilər kimi təqdim edir, bu da bir
daha onun olduqca təvazökar insan olduğunu sübut edir.
Daha sonra
professor İkram Qasımovun
doktorantı olmaq mənə qismət oldu. Onu elmi rəhbər kimi də
tanıdım. Tələbkar,
dissertantına can yandıran,
işləməyə həvəsləndirən,
qarşı tərəfin
fikrinə hörmətlə
yanaşan, heç vaxt yersiz tərifləməyən,
amma heç zaman da ruhdan
düşməyə qoymayan
əsl ziyalı! Hər hansı məqaləni hazırlayarkən,
yaxud dissertasiya üzərində işləməzdən
əvvəl onunla görüşürdüm, rəhbərimin konkret mövzuyla, eləcə də dilçiliyimizin başqa sahələri haqqında fikir və mülahizələri
mənə ilham verir və hər görüşdə yeni bir fikir doğulurdu.
Elə bu illərdə BSU-da İkram müəllimin
2010-cu ildən rəhbərlik
etdiyi Müasir Azərbaycan dili kafedrasında müəllimlik
fəaliyyətinə başladım. Kafedranın qapısından
daxil olan hər kəs ilk olaraq İkram müəllimi soruşurdu.
Bu təkcə kafedraya rəhbərlik etməsi ilə bağlı deyil, eyni zamanda insanların
ona olan rəğbətinin, hörmətinin
ifadəsi idi. Çünki o, hamını - tələbəni də, dissertantı da, müəllimi də, ona üz tutan
həmkarını da
səbrlə, təmkinlə
dinləyir. Heç kəsdən
kömək əlini əsirgəmir, yol göstərməyə, ən
çətin məqamda
belə ümid verməyə çalışır.
Görünür, bu səbəbdəndir
ki, “Allah Kərimdir!” kəlməsi onun müsahibi ilə dialoqlarının son cümləsidir.
Bu ifadə heç
vaxt İkram müəllimin dilindən
əskik olmur, sanki insana həmişə
bir ümid yeri buraxır, hər şeyin yaxşı olacağına
inandırır. Xarakterindəki diqqətcillik, həssaslıq,
onun işinə qarşı münasibətində
də özünü
göstərir. Oxuduğu hər
bir yazıya, yoxladığı hər
bir sənədə o
qədər diqqətlə
yanaşır ki, bu vaxta kimi
heç kəsə güldən artıq söz dediyini eşitməsəm də,
peşəkarlığından irəli gələn zabitəsi insanı daha da məsuliyyətli
və diqqətli olmağa məcbur edir.
İllər keçir... Amma biz İkram
müəllimdən təbii
ki, hələ də öyrənirik.
İstər mühazirə, istər
seminar dərslərində hər hansı problem yaranarsa, nəsə bir sualımız olarsa, hər zaman ona üz
tuturuq. Sanki bütün cavabsız suallarımızın, mübahisəli
fikirlərimizin pənah
yeridir İkram müəllim. O da öz növbəsində
cavablarını müxtəlif
elmi ədəbiyyatlardan
gətirilən nümunələrlə
əsaslandırır, beynəlxalq
konfranslarda qazandığı
təcrübələri ilə
paylaşır. Bakı Dövlət
Universitetində təhsil
aldığı dövrdə
filologiya fakültəsində
ona dərs deyən müəllimlərinin
- görkəmli alimlərimizin
fikirlərini səsləndirir.
Hərdən düşünürəm ki,
İkram müəllimin
dərs dediyi, rəhbərlik etdiyi yetişdirmələrinin ona
bu qədər sevgi bəsləməsinin
bir səbəbi də alimin öz müəllimlərinin
- dilçiliyimizə əvəzolunmaz
töhfələr verən
o insanların xüsusi
hörmətlə xatırlaması
və gənc nəslə təbliğ etməsidir. Hər dəfə onlardan
danışanda baxışlarından
qürur, fəxarət
duyulur.
Yetmiş
illik yubileyi münasibətilə
İkram müəllimi
təbrik edir, ona uzun və
sağlam ömür,
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.
Sevinc
KƏRİMOVA,
BSU-nun Müasir Azərbaycan dili
kafedrasının baş
müəllimi.
Respublika.- 2020.- 15 noyabr.- S.7.