Tarixi qələbəmiz hər
birimizə sevincli anlar
yaşadır
Otuz
ilə yaxındır ki, Azərbaycanın cənnət
guşəsi Dağlıq Qarabağ və münbit torpaqlara
malik, bir çox təbii ehtiyatlarla zəngin olan ətraf
rayonlar vəhşiləşmiş, insanlıqdan tamamilə
uzaq olan ermənilər və onların havadarlarının
birbaşa dəstəyi ilə işğal olunmuşdu.
Bütün dünya birliyi bu məsələdə Azərbaycanın haqlı olduğunu qəbul etsə də, nədənsə bəzi söz sahibi qüvvələr daim qərəzli mövqe tutaraq mənfur ermənilərə hər cür dəstək nümayiş etdirərək onlara haqq qazandırırdılar. Sözsüz ki, Azərbaycana olan təzyiqlər, aparılan mənasız sülh danışıqları artıq xalqımızı bezdirmişdi. Hər dəfə düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində dinc sakinlərin qətlə yetirilməsi və heç bir tədbir görülməməsi bütün tərəqqipərvər insanların hədsiz hiddətinə səbəb olmuşdu. Artıq Azərbaycan xalqının səbir kasası daşmışdı. Xalq açıq-aşkar hərbi yolla torpaqlarını azad etmək üçün səsini ucaldırdı. Ermənilər elə bilirdilər ki, Azərbaycan ordusu 90-cı illərin ordusudur. Onlar erməni ordusunun döyüşkən bir ordu olması haqqında miflər, uydurmalar yayırdılar. Ermənistan baş naziri Nikol Paşinyanın əmri ilə ermənilər dəfələrlə Azərbaycan Dövlət sərhədini pozmağa cəhd etmişdir, lakin qüdrətli ordumuz onlara layiqli dərs və cəza verdi. Ermənilər öz zəifliyini qəbul etmək əvəzinə yenidən ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürürdülər. Məlumdur ki, dövlətimizin başçısı cənab İlham Əliyev siyasətində humanizm prinsipləri əsas götürülür. Bu baxımdan Ali Baş Komandanın dəfələrlə yüksək kürsülərdən heç bir qeyd-şərtsiz qoşunların işğal olunan torpaqlarımızdan çıxarılması təklifinə ermənilər heç bir reaksiya vermədilər. Belə olan halda Azərbaycan dövləti əks-hücum əməliyyatı həyata keçirərək, hərbi yolla torpaqlarımızı azad etmək qərarına gəldi. Elə ilk hərbi əməliyyatlar şanlı ordumuzun qələbələri ilə Azərbaycan xalqını və Azərbaycan sevənləri sevindirdi.
Azərbaycanı sevməyən bir sıra ölkələr bundan təşvişə düşdülər. Çünki onlar təsəvvür edə bilmirdilər ki, Azərbaycanda bu cür qüdrətli milli ordu formalaşıb. Sözsüz ki, bu tip dövlətlər bu günlər Azərbaycan ordusunun mənfur düşmən üzərində şanlı qələbəsini heç cür həzm edə bilmir. Ancaq onlar üçün artıq gecdir. Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə xalqa müraciəti zamanı cəsarətlə bildirdi ki, Azərbaycan ordusunun qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bu gün böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, xalqın öz Prezidenti ətrafında yumruq kimi birliyi mövcuddur. İstər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız dayanmadan Azərbaycan ordusuna maddi və mənəvi dəstəyini nümayiş etdirdi. Xalqın vətəninə, liderinə, rəşadətli əsgərinə olan sonsuz sevgi və hörməti yenilməz ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Pərakəndə erməni silahlı qruplaşmalarından fərqli olaraq milli ordumuzda fərarilik, qorxaqlıq və digər xoşagəlməz hallar baş vermədi. Ermənilər artıq öz məğlubiyyətlərini yaxşı başa düşürlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəbhədə məğlubiyyətə düçar olan ləyaqətsiz düşmən istifadəsi qadağan olunmuş silahlarla mülki əhaliyə atəş açdılar. Günahsız körpələr və qocalar da daxil olmaqla mülki insanlar qətlə yetirildi. Bir sıra yaşayış məntəqələrinə külli miqdarda maddi ziyan dəymiş, ictimai və şəxsi mülkiyyət yararsız hala salınmışdır. Lakin, düşmənin bu cür iyrənc əməlləri Azərbaycan xalqını qorxutmadı. Hər kəs öz yurdunda mətin və mübariz dayandı. Gün kimi aydındır ki, xalq öz güclü liderinə inanır və ətrafında dəmir yumruq kimi sıx birləşmişdir.
Bu gün hər birimiz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun qələbəsindən qürur duyur, azərbaycanlı olmağımızla fəxr edirik. Şanlı ordumuz öz zəfərləri ilə bütün dünyaya gücünü, dövlətimizin qüdrətini, ordumuzun yenilməzliyini sübut etdi. Ali Baş Komandanımızın Qarabağımızın mirvarisi sayılan Şuşa şəhərinin azad olunmasını elan etməsi, ardınca erməni ordusunun kapitulyasiyası, ermənilərin təslim olmağa məcbur olması, bütün işğal altında olan torpaqların azad olunması bütün Azərbaycan xalqı kimi ədliyyə işçilərinə də böyük qürur və sevinc hissi yaşadır.
Noyabr ayı xalqımızın yaddaşında zəfər ayı kimi qalacaqdır. Ədliyyə işçiləri inanırlar ki, tezliklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ən qısa zamanda Qarabağda da öz töhfələrini verəcək, digər ərazilərimiz kimi, işğaldan azad olmuş ərazilərimizdə də dövlətçilik və qanunçuluq prinsipləri bərqərar ediləcəkdir.
Sabit
MUSAYEV,
Ağstafa notariat ofisinin notariusu,
1-ci dərəcəli ədliyyə qulluqçusu.
Respublika.- 2020.- 17 noyabr.- S.8.