Bayrağımız Şuşada
dalğalandı
Bu gün xalqımızın sevincinin həddi-hüdudu yoxdur. Son 30 ildə Azərbaycanda uşaqlı-böyüklü hər kəsin ürəkdən sevindiyinin şahidi olmaq doğrudan da qürurvericidir. Bu sevinci bizə Ali Baş Komandanımız və Ordumuz bağışlayıb. Məhz Prezidentlə Xalq və Ordunun birliyi 44 gün davam edən müharibənin Qələbəylə başa çatmasına təminat verdi. Amma bu bir gerçəkdi ki, biz həmin 44 günü 30 ilə yaxın bir zaman kəsiyində həsrətlə gözləmişdik.
Məlum olduğu kimi, Dağlıq Qarabağın və onunla həmsərhəd olan 7 rayonumuzun 1988-ci ildən başlayaraq işğal edilməsi 1993-cü ildə başa çatdı. Məhz həmin müddətdə Qarabağda, ümumilikdə 900 yaşayış məntəqəsi, 150000 ev, 7000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 927 kitabxana, 695 tibb məntəqəsi, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40000 muzey eksponatı, 600 sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur dağıdılıb məhv edildi. Düşmən təkcə vətəndaşlarımıza deyil, ekologiyamıza da qənim kəsildi. Amma bütün vəhşi yanaşmalar bu ilin sentyabr ayının 27-dən başlayaraq öz cavabını aldı. Belə ki, ordumuzun əks-hücumu ilə qısa bir zamanda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, eləcə də Azərbaycanın tacı olan Şuşa şəhəri və digər ərazilərimiz düşməndən azad edildi. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən düşmən cəbhədən 100 kilometr uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərini, eləcə də Goranboy, Ağcabədi, Tərtər, Beyləqan rayonlarını, həmçinin Xızı, Mingəçevir, Bakıətrafı ərazilərimizi atəşə tutdu. Tərtərdə daş üstə daş qalmadı. Bərdə şəhərində dinc sakinlər - 21 nəfər şəhid oldu, 70-ə yaxın insan yaralandı. Onların arasında uşaqlar, qocalar da var idi. Sakinlərin avtomobillərinə, obyektlərinə külli miqdarda ziyan dəydi. Amma dağıntılara, insan itkisinə baxmayaraq, rayonu heç kim tərk etmədi, heç kim əlini işdən soyutmadı. Çünki bizim İlham Əliyev kimi Prezidentimiz, Ali Baş Komandanımız və qüdrətli Silahlı Qüvvələrimiz var, biz onlara güvənirik. Şükürlər olsun ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmənlərdən azad edən Ordumuz qalib gəldi. Bayrağımız Şuşada dalğalandı!
Noyabr ayının 22-də ədliyyə işçilərinin peşə bayramıdır. Builki bayramımızın ovqatı əvvəlki illərdəkindən daha gözəldi. Bunun da əsas səbəbi bizə bəxş edilən Qələbədir. İndi biz əminliklə xalqımızın üstündən götürülmüş işğal ləkəsinin, qaçqınlıq, köçkünlük ağrı-acısını, sevinc hissini hər kəslə bölüşürük. Bütün sahələrdə olduğu kimi, aid olduğum sahədə də biz öz üzərimizə düşən vəzifəni məhz Prezidentimizin məqsəd və məramına layiq səviyyədə yerinə yetirməyə çalışırıq. Bütün istək və arzumuz qalib xalqın layiqli təmsilçisi olmaqdır.
Mərdan HƏSƏNZADƏ,
Bərdə Regional Asan Xidmət
Mərkəzinin
Notariat Ofisinin notariusu.
Respublika.- 2020.- 18 noyabr.- S.6.