Azərbaycanın şirin su ekosistemləri:
problemlər və gözləntilər
Dünyanın arid və semiarid regionlarında tədricən dərinləşən və ciddi problemə çevrilmiş şirin su ehtiyatlarının çatışmazlığı bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üzləşmişdir. Artıq şirin su problemi qlobal məsələyə çevrilib və onun həlli dünya ölkələrinin birgə səyi ilə mümkündür. Araşdırmalar göstərir ki, bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və s. əsas rol oynamışdır.
Azərbaycan Respublikası ərazisinin 60%-dən çoxu arid və semiarid landşaftlardır. Bu ərazilərdə insanların həyat fəaliyyəti bilavasitə şirin su ehtiyatları ilə təminatla bağlıdır. Kür-Araz ovalığında kənd məskənlərinin və aqrolandşaftların yerləşməsinin təhlili göstərir ki, bu tip antropogen landşaftların lokallaşdığı sahələr Kür və Araz çayları və onlara tökülən çaylar boyunca uzanan ərazilərdir. Lakin magistral suvarma kanallarının (Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil və s.) çəkilməsi ilə qeyd olunan landşaftlara çaylardan kənar ərazilərdə də rast gəlinir. Bu baxımdan şirin su mənbələrində yaranan qısamüddətli problem insanların həyat fəaliyyətinin bütün istiqamətlərində ciddi problemlərə səbəb olur.
Məlum olduğu kimi, Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsi 2020-ci ilin iyun ayında, yəni ilin isti dövrünün başlanğıcında şirin suya tələbatın artacağının gözlənildiyi bir zamanda kəskin şəkildə aşağı düşmüşdür. Tədqiqat apardığımız 2020-ci ilin iyun ayının 10-da Kür çayı deltasının dəniz sahilindən çay yatağı boyunca axının əksinə olaraq Neftçala rayonunun Xıllı məntəqəsinə qədər şor dəniz suyunun yatağı tamamilə doldurduğunu müşahidə etdik.
İyun ayının 22-də ərazidə təkrar olduğumuz zaman dəniz suyunun yataqboyu Salyan məntəqəsinə irəlilədiyini və artıq Qaralar kəndinə çatdığının şahidi olduq. Bu zaman Bakı-Astara şose yolunun Kür çayı üzərindəki körpünün yaxınlığında apardığımız müşahidələr göstərdi ki, Qaralar kəndindən Salyana qədər olan çay yatağında çay və dəniz suyu bir-birinə qarışmış vəziyyətdədir. Lakin bu hissədə şor dəniz suyu daha ağır olduğu üçün alt qatlara enmiş, üstündə isə qismən çay suyu mövcud idi. Burada axın çox zəif olduğundan suyun bulanıqlığı xeyli azalmış, şəffaflığı artmışdı. Çayın bu hissəsində əvvəlki illərdə iyun ayında 100-150 m enində yataqboyu bulanıq su axırdı. Müşahidə apardığımız dövrdə isə çayda suyun səviyyəsinin kəskin şəkildə azalması ilə əlaqədar olaraq yatağın sulu hissəsinin eni 4-5 m-ə qədər azalmışdır. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar və axınla əlaqəsi kəsilmiş kiçik gölməçələr əmələ gəlmişdi. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olmuşdur (Şəkil 1).
Sabirabad rayonunda Arazla Kürün qovuşduğu yerdə və ona yaxın ərazilərdə 2020-ci ilin iyun ayının 24-də çay dərəsi boyunca müşahidələrimiz göstərdi ki, bu hissədə Araz çayında suyun azalması daha böhranlı vəziyyətdədir. Yatağın sulu hissəsi normal vəziyyətdən 5 dəfədən çox kiçilmişdir. Burada da yataqda adalar və axınla əlaqəsi qırılmış, durğun sulu gölməçələr əmələ gəlmişdir. Yatağın axın olan hissəsində suyun dərinliyi ən yaxşı halda 80-100 sm-ə çatırdı. Suqovuşanda əsas təhlükəli vəziyyət Araz çayında yaranmışdı. Çayın qurumuş yatağında allüvial lil çöküntüləri dərinliyi 50 sm-dən çox olan çatlarla parçalanaraq takırabənzər səth əmələ gətirmişdir (Şəkil 2).
Şirin su ekosistemlərində əmələ gəlmiş problemə tarixi aspektdə yanaşsaq, düzgün nəticə əldə etmək xeyli çətinləşir. Əslində Kür çayında suyun kəskin azalması son dövrlər Kür çayı hövzəsində və regionda gedən kompleks təbii-antropogen proseslərlə bağlıdır. Ərazidəki şirin su ekosistemlərində baş verən dinamiki dəyişmələr tədricən baş vermiş, xüsusilə son 40-50 illik dövrdə daha da intensivləşmişdir. Respublikamızın ərazisindəki bəzi su anbarlarının, göllərin, çalaların və çayların quruması və suyunun azalması bilavasitə şirin su ekosistemlərində baş verən təbii-antropogen dəyişmə ilə bağlıdır. Biləsuvar rayonu ərazisindəki Bolqarçay su anbarı 1965-ci ildə istismara verilmişdir. Su anbarının ümumi həcmi 12 milyon kubmetr hesablanmış və onun köməyi ilə 3200 ha artıq əkin sahəsinin suvarılması nəzərdə tutulmuşdu. Lakin sonrakı illərdə anbara su yığmaq mümkün olmadığından qeyd olunan əkin sahələrinin suvarılmasında Araz çayından qidalanan kanallardan istifadə edildi. Anbara suyun yığılmaması İran İslam Respublikasında Bolqar çayının suyundan istifadənin artması ilə bağlıdır.
Hacıqabul gölünün quruması da şirin su ekosistemlərində yaranan problemlərlə bağlıdır. Buna səbəb gölün qidalanmasında əsas rol oynayan təbii və süni (antropogen) su mənbələrinin kəsilməsidir. Hacıqabul gölünün əsas təbii qidalanma mənbəyi Şirvan düzündə vaxtilə mövcud olmuş Qarasu su-bataqlıq ekosistemi olmuşdur. Bu bataqlıq paralel istiqamətində (Hacıqabul gölündən) qərbə doğru 100 km-dən çox uzanırdı. Köçəri su quşlarının qışlaq yeri olan ərazi bataqlıq və su bitkiləri ilə birlikdə zəngin ekosistem əmələ gətirirdi və regionda biomüxtəlifliyin əsas mənbəyi olmuşdur.
Muğan düzü ilə Salyan
düzünün qovşaq sahəsində yerləşən
Ağçala Mahmudçala su-bataqlıq ekosistemi də nadir
köçəri su quşlarının sığınacağı
və ətraf kəndlərin ev heyvanlarının yem
bazası kimi tanınır. Lakin son illərdə burda da suyun
çəkilməsi prosesi müşahidə edilir.
Çay-dərə ekosistemləri Azərbaycan təbiətinin
bütövlüyünü, tamlığını qorumaqla
yanaşı, təbii ekosistemlərin mövcudluğunun vacib
şərtlərindən biridir. Təbiətdəki
abiotik və biotik elementlər fasiləsiz olaraq çay dərələri
boyunca hərəkət edərək müxtəlif səviyyəli
dağ və düzənlik ekosistemləri arasında
qarşılıqlı əlaqənin maddələr və
enerji mübadiləsi ilə təmin edirlər. Bu baxımdan çay-dərə ekosistemləri təbiətimizin
qan damarlarıdır və ya ekoloji koridorlarıdır. Onlarda yaranan hər hansı problem digər ekosistemlərin
də pozulmasına və tamamilə fərqli şəkildə
yenidən qurulmasına səbəb olur.
Qarabağ düzündən axan və mənbəyi erməni
işğalı altında olan Xaçınçay tamamilə
qurumuş, çay yatağı isə zibilliyə və
qum-çınqıl karxanasına çevrilmişdir. Hətta ilin
yağıntılı dövründə
Xaçınçayın dərəsində axının əmələ
gəlməsi problemə çevrilib. Yaxın
keçmişə qədər Xaçınçay çox
qiymətli saqqız ağacdan ibarət düzən meşə
ekosistemlərinin inkişafında mühüm rola malik
olmuşdur.
Aparılmış müşahidələr göstərir
ki, Kür-Araz ovalığında səth sularının
düzgün idarə olunmaması bir sıra hallarda
bataqlıq, bataqlıq-çəmən və
çala-çəmən ekosistemlərinin artmasına şərait
yaradır. Bunu xüsusilə Mil düzündə yerləşən
Ağgöl və onun ətrafında baş verən təbii-antropogen
proseslərdə aydın görmək mümkündür.
Əraziyə aid müxtəlif illərdə çəkilmiş
kosmik şəkillərin və topoqrafik xəritələrin
təhlilindən məlum olur ki, son 30-35 il
ərzində Ağgöl və onun ətrafında
formalaşmış bataqlıq və bataqlıq-çəmən
kompleksinin sahəsi 2 min ha çox artmışdır.
Kür çayının mənsəbinə yaxın dəniz
suyunun çay dərəsinə dolması çayın
deltasında və hövzəsində baş verən təbii-antropogen
proseslərlə bilavasitə əlaqədardır. 2020-ci ilin may ayına aid
kosmik şəkillərin köməyi ilə
aparılmış hesablamalardan məlum olmuşdur ki, Kür
çayının deltasının sahəsi 134 kvadratkilometr, əsas
çay boyunca onun uzunluğu 18 km, dənizlə olan sahil xəttinin
uzunluğu 59 km-dir. Elmi mənbələr Kürün
müasir deltasının XVIII əsrin axırı, XIX əsrin
əvvəllərində formalaşmağa
başladığını təsdiqləyir. Xəzər
dəniz səviyyəsinin dövrü olaraq dəyişməsi
Kürün deltasının ölçülərinin də
tez-tez dəyişməsinə və məcra proseslərinin
yenidən qurulmasına şərait yaradır. Dəniz
səviyyəsinin 1978-ci ilə kimi mütəmadi olaraq
aşağı enməsi (-28,8 m) eroziya
bazisinin artması və çay yatağında dib
eroziyanı intensivləşdirmişdir. Sonrakı
illərdəki kimi (1995-ci ilə) Xəzər dənizi səviyyəsinin
yenidən qalxması dəniz səviyyəsindən
aşağıda qalan Kür çayı yatağına dəniz
suyunun dolmasına səbəb olmuşdur. Lakin
dəniz suyu ağır olduğu üçün
yatağın dibinə enmişdir. Çay
suyu isə onun üzəri ilə dənizə doğru hərəkət
etmişdir. Əslində klassik
hidrogeomorfoloji şəraitə görə, dəniz səviyyəsinin
qalxmasına və eroziya bazisində baş verən dəyişmələrə
müvafiq olaraq çay yatağında dib
çöküntülərin toplanması prosesi baş verməli
idi.
Lakin
Kür çayı hövzəsində 1950-ci illərdən
sonra aparılan əsaslı hidrotexniki dəyişmələr
çayda asılı gətirmələrin 1952-ci ildəki 34,6 milyon tondan, 1993-cü ildəki 11,4 milyon tona
qədər, yəni 3 dəfədən çox azalmasına
səbəb olmuşdur. Bu isə çay
yatağı dibinin dərinliyinin eroziya bazisinə
uyğunlaşmasına imkan verməmişdir. Çayda asılı gətirmələrin
azalmasında Kür çayı hövzəsində yerləşən
qum-çınqıl karxanalarının da rolu
böyükdür. Belə karxanalar Kür
çayı yatağına yaxın Mingəçevir şəhəri
yaxınlığında, Yevlax rayonu ərazisində, Araz
çayının qədim gətirmə konusuna uyğun gələn
İmişli rayonunda inkişaf etmişdir.
Bundan başqa, Kür çayına tökülən
bir sıra çaylarda da hazırda qum-çınqıl
karxanaları fəaliyyət göstərir. İlk baxışda
ziyansız görünən bu antropogen fəaliyyət
çox qısa zamanda min illər boyu formalaşmış
çay-dərə şirin su ekosistemlərinin əsaslı
şəkildə məhv olmasına və məcra proseslərinin
tamamilə dəyişməsinə səbəb olur.
Şirvan düzündən axan Ağsu, Girdman, Göyçay
və s. çayların orta axınında fəaliyyət
göstərən qum-çınqıl karxanalarının təsiri
ilə bu çaylarda asılı gətirmələrin
miqdarı dəyişmişdir. Asılı gətirmələrin
azalması ilə qeyd olunan çayların Şirvan
düzündən keçən dərələri kəskin
şəkildə dərinləşmiş, hətta bəzi
yerdə kanyonvari dərə şəklini almış, dərə
yamaclarında isə sürüşmə və uçqunlar
fəallaşmışdır. Dərənin
dərinləşməsi ilə çayboyu ətraf ekosistemlərdə
aridləşmə meyilləri güclənmişdir.
XX əsrin 60-cı illərində Göyçay boyunca
salınmış çox qiymətli elmi və təsərrüfat
əhəmiyyəti olan şabalıdyarpaq palıddan ibarət
meşə zolağındakı ağaclarda qurumalar əmələ
gəlmişdir. Kür çayı yatağına dəniz
suyunun dolmasının əsas səbəblərindən biri də
Xəzər dənizinin Neftçala sahilləri
üçün xarakterik olan şərq, şimal-şərq
və cənub-şərq istiqamətli küləklərin təsiri
ilə dəniz suyunun Kür çayının mənsəbinə
və yataqboyu çay axınının əksinə qovulub
doldurulmasıdır. Deltadan axan
çayın dənizlə təmas etdiyi sahədə
müxtəlif mənşəli çöküntülərin
toplanması ilə çay dərəsində suyun səviyyəsi
30-40 sm-ə qədər azalır. Yəni
təmas zonasında çay yatağı ilə dəniz
arasında sualtı təbii bənd formalaşır.
Problemin
aktuallığını və həllinin vacibliyini nəzərə
alaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin bununla bağlı müşavirə keçirməsi
və 27 iyul 2020- ci il tarixli “ Su ehtiyatlardan
səmərəli istifadənin təmin edilməsinə dair
2020-2022-ci illər üçün tədbirlər planı”
haqqında sərəncam verməsi çox təqdirəlayiq
və vaxtında görülmüş tədbirlərdir.
Məsələnin həllinin siyasi, iqtisadi, elmi və mədəni
- maarifləndirmə aspektləri mövcuddur. Problemin siyasi
aspektlərinin həllinin vacibliyi respublikamızın
mövcud su ehtiyatlarının 70%-ə qədərinin tranzit
mənbələr hesabına formalaşmasından irəli gəlir.
Yerli mənbələr hesabına formalaşan
şirin su ehtiyatları hesabına hazırkı tələbatımızın
ödənilməsi mümkünsüzdür.
Dünyanın bir sıra ölkələri ((məsələn:
Özbəkistan və Tacikistan; Misir və Sudan və s.)
dövlətlərarası münasibətlərini su
ehtiyatları üzərində qurmuşlar. Bu cəhətdən
Azərbaycan Respublikası da tranzit su mənbələrimizdən
istifadə edən ölkələrlə münasibətlərdə
su ehtiyatları ilə bağlı problemləri davamlı
şəkildə nəzərə almalıdır.
Su ehtiyatlarından səmərəli istifadə ilə
bağlı problemlər əsasən iqtisadi sahədə
aparılacaq islahatlarla daha çox əlaqədardır. Kənd təsərrüfatında
əkinçiliyin strukturu su ehtiyatlarına
uyğunlaşdırılmalıdır. Daha
çox su tələb edən əkin sahələrinin
miqdarı stimullaşdırılmalıdır. Suya az tələbatı olan yeni sortlar əldə
etməklə onların sahəsini artırmaq lazımdır. Su
ehtiyatları ilə sudan istifadəçilər
arasında münasibətlərin kökündən dəyişdirilməsi
ilə müasir su idarəçiliyinin tətbiq edilməsi
vacibdir. Suvarma əkinçiliyi tətbiq edilən
yeni sahələrin coğrafi cəhətdən kompleks öyrənilməsi
əsasında mənimsənilməsi və suvarma
normasının ekoloji tələblərə uyğunluğu
və iqtisadi səmərəsi hesablanmalıdır. Son zamanlar Ceyrançöl- Acınohur
öndağlığında geniş ərazidə
suvarılan aqroekosistemlər istifadəyə verilmişdir.
Lakin qeyd olunan ərazinin əsas hissəsi
yüksək filtrasiya qabiliyyətinə malik süxurlardan təşkil
olunduğu üçün suvarma suyuna tələbat da
çox olur. Bu isə su
qıtlığı şəraitində yolverilməzdir.
Şirin su ilə bağlı problemimiz,
görünür, bir müddət davam edəcəkdir. Bununla əlaqədar
iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə
ehtiyac vardır.
Tədricən
Ümumi Daxili Məhsul istehsalında kənd təsərrüfatından
fərqli olaraq daha az şirin su işlədən
emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan
sahələrin inkişafı vacibdir. Bunun
üçün respublikamızda kifayət qədər
intellektual baza vardır. Yalnız
bunların səmərəli şəkildə təşkili
lazımdır. Bu sahədə qardaş
Türkiyə Respublikasının son illər həyata
keçirdiyi təcrübələrdən istifadə etmək
faydalıdır. Məsələn, bizdə
də “elm-bilik” mərkəzləri yaratmaqla bu işi sürətləndirmək
olar.
Şirin su ehtiyatlarının yerləşməsinin
miqdarının, istehlakının və ekoloji monitorinqinin həyata
keçirilməsi bilavasitə elmi-tədqiqatlara əsaslanmalıdır. Hazırda bu
sahədə fundamental elmi tədqiqatların mərkəzi Azərbaycan
Milli Elmlər Akademiyasıdır. Lakin əksəriyyətlə
institutlarımızın elmi tədqiqatlara lazım olan
maddi-texniki bazası keçən əsrin ortalarına əsaslanır.
Bu da fundamental elmi nəticələr əldə
etməyi çətinləşdirir. Buna
görə də dövlətimizin dəyərli, beynəlxalq
səviyyədə rəqabət apara biləcək elmi nəticələr
əldə etməsi üçün AMEA institutlarının
maddi-texniki bazası müasir standartlara
uyğunlaşdırılmalıdır. Sudan
istifadə ilə bağlı mədəni-maarifləndirmə
işi həmişə aktual olub, indi isə həyati əhəmiyyətli
məsələyə çevrilmişdir. Təhsil sisteminin bütün mərhələlərində
su və ondan istifadəyə aid nəzəri və praktik
bilik və vərdişlərin təhsil alanlara
aşılanması əhəmiyyətlidir. Fermerlərin
sudan istifadə mədəniyyətlərin
yüksəldilməsi üçün icra orqanlarının,
qeyri-hökumət təşkilatlarının və mətbuat
nümayəndələrinin gücündən istifadə
faydalıdır. Suvarma sahəsində
qabaqcıl, müasir təcrübəyə malik yerli və
xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm
televiziya verilişlərinə ehtiyac vardır.
Hörmətli
Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr
ayının 27-dən bu günə kimi Ermənistan
qoşunları tərəfindən 30 ilə yaxın bir
müddətdə işğal altında saxlanan Azərbaycan ərazilərinin
azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlar,
bütün sahələrdə olduğu kimi, su
ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi
sahəsində də dönüş yaradacaqdır.Uğurlu
hərbi əməliyyatlar nəticəsində Tərtər
çayı üzərindəki Suqovuşan su anbarı,
Köndələnçaydakı Kaskad su anbarları, Araz
çayı üzərindəki Xudafərin su anbarı və
İranla müştərək tikilməsi nəzərdə
tutulmuş Qız qalası hidroqovşağı və s.
işğaldan azad olmuşdur. Suqovuşan su
anbarı Aran Qarabağın düzənlik ərazilərinin
suvarılmasında vaxtilə əhəmiyyətli rol
oynamışdır. Erməni
işğalçıları buradan mənbəyini
götürən sağsahil və solsahil Tərtərçay
suvarma kanallarını, demək olar ki, yararsız vəziyyətə
salmışdır. Hazırda Suqovuşan
su anbarından Tərtərçaya suyun buraxılması
çayboyunca yaşayan əhalinin sevincinə səbəb
olmuşdur. Azərbaycanın iri su
anbarı olan Tərtərçay üzərindəki ikinci su
anbarı Sərsəng su anbarıdır. Sərsəng
su anbarı həm elektrik enerjisi istehsalında və suvarmada
geniş istifadə edilirdi. İndi
işğalda olan bu su anbarı da yaxın zamanlarda
azadlığa qovuşacaqdır. Araz çayı üzərindəki
Xudafərin su anbarı və Qız qalası
hidroqovşağı Azərbaycan Respublikasının və
İranın Arazboyu düzənliklərində 75 min hektar əkin
sahəsinin suvarılmasında və eyni zamanda 102 meqavat
elektrik enerjisi alınmasında istifadəsi nəzərdə
tutulmuşdur. Xudafərin su anbarında tikinti
işlərinə İran tərəfindən 1999-cu ildə
başlanmış və 2008-ci ildə başa
çatmışdır. Lakin Ermənistanın
işğalı ilə əlaqədar nəzərdə
tutulmuş layihə tam başa çatmamışdır.
Burada bir maraqlı məsələ vardır.
Bu iki su anbarının tikinti layihəsi
keçən əsrin 70-80-ci illərində
hazırlanmışdır. Həmin vaxt
iqlim dəyişmələri indiki qədər
özünü kəskin göstərmirdi. Lakin Kür çayında suyun kəskin surətdə
azalması və çayın aşağı axında 80 km
məsafədə yatağın quruması qeyd olunan layihələrə
müasir dövrün tələblərinə uyğun olaraq
yenidən baxılmasını tələb edir.
Müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız -Həkəriçay, Oxçuçay, Bəsitçay, Bərgüşad və s. azadlığına qovuşmuşdur. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələri işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalmışdır. Su anbarlarının düzgün idarə edilməməsi, vaxtında profilaktik tədbirlərinin görülməməsi, çaylara çirkab və dağ-mədən sənaye tullantılarının təmizlənmədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çaylarımızda ekoloji pozuntulara səbəb olmuşdur.
İşğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Bu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcəkdir.
Yaxın gələcəkdə Qarabağın bütün ərazisi işğaldan azad olduqdan sonra buradakı şirin su ehtiyatlarının müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsinin həyata keçirilməsi vacibdir.
Ramiz MƏMMƏDOV,
Akademik.
Respublika.- 2020.- 18 noyabr.- S.8.