Beynəlxalq səviyyəli jurnallar Azərbaycan
elmini dünyaya tanıdır
“Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi
Riyaziyyat Jurnalı” “Science Citation Index Expanded” bazasında yer
alıb
Bu günlərdə aldığımız xəbər Azərbaycan elmi ictimaiyyətini, o cümlədən türk dünyasını ürəkdən sevindirib. Elmimizin dünyaya tanıdılmasına xidmət edən daha bir beynəlxalq səviyyəli jurnalımız dünyanın ən mükəmməl qiymətləndirmə sistemi tərəfindən yüksək dəyərləndirilib: Belə ki, “TWMS Journal Pure and Applied Mathematics” jurnalı “Science Citation Index Expanded (SCİE)” bazasında yer alıb. Bu, Azərbaycanın elm tarixində daha bir əlamətdar hadisədir və hər bir vətəndaşımıza qürur yaşadır. Düşünürəm ki, bu uğur jurnalın redaksiya heyətini, onun bu pilləyə yüksəlməsində əməyi olan hər kəsi daha çox sevindirir, çünki bir neçə il əvvəl onun nəşrinə başlayarkən məhz bunu hədəf götürmüşdülər.
Həmsöhbətimiz Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, sözügedən jurnalın baş redaktoru, akademik Fikrət Əliyevdir. Onunla müsahibəni oxucularımıza təqdim edirik:
–Fikrət müəllim, bu əlamətdar hadisə münasibətilə sizi, kollektivinizi, bütünlükdə Azərbaycan elmi ictimaiyyətini təbrik edirik. Bu, həm də türk dünyası alimlərinin uğurudur, elə deyilmi?
–Təbrikə, xoş sözlərə görə təşəkkür edirəm. Sizin də dediyiniz kimi, bunu həm də türk dünyası alimlərinin uğuru saymaq olar. Bu, bizim birgə əməkdaşlığımızın, gərgin əməyin nəticəsidir. Bu işdə xidməti olan hər kəsə minnətdaram.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti
1999-cu ildə yaranmışdır və Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
İran, Türkmənistan, Çin, Monqolustan, Rusiya, ABŞ və
Avropa İttifaqı dövlətlərinin bir qrup
riyaziyyatçılarını öz ətrafında birləşdirir.
Cəmiyyətin əsas məqsədi türkdilli
dövlətlərin bütün dünyada
çalışan bilim adamlarını bir araya gətirməkdən
ibarətdir və mütəmadi olaraq keçirilən
toplantılar onu göstərir ki, cəmiyyət az da olsa
öz məqsədinə çatmışdır. Mən 2007-ci ildən bu cəmiyyətin
vitse-prezidentiyəm və işin içində olan bir adam
kimi deyə bilərəm ki, bu cəmiyyətdə təşkilatlanan
elm adamları bir-birləri ilə müəyyən əlaqələr
yaradır, konfranslar keçirir, məqalələr yazır,
fikir mübadilələri aparırlar ki, bu da
qloballaşma prosesində iştirakı daha da sürətləndirir.
Müxtəlif vaxtlarda keçirilən konqreslərdə
dünyanın ayrı-ayrı ölkələrindən
nümayəndələr iştirak edir ki, bu da həmin
toplantıların dünya miqyasına çıxa bilməsinə
zəmin yaradır. Cəmiyyətin hər iki jurnalı “Clarivate Analytics”in
(“Thomson Reuters”) “Emerging Sources Citation Indeks (ESCİ)”
bazasına daxil edilmişdir. Bu isə o, deməkdir
ki, dünya elmi ictimaiyyəti belə bir cəmiyyətin
mövcudluğunu qəbul edir, onun fəaliyyətini dəyərləndirir.
Məmnunluq hissi ilə qeyd etmək
lazımdır ki, dünyanın müxtəlif aparıcı
elmi mərkəzlərindən olan alimlər öz məqalələrini
bu jurnallarda çap etdirirlər. Əgər
çap prosesinə diqqətlə baxsaq, görərik ki,
türk olmayan çoxlu sayda alimlər də əsərlərini
bu jurnalda çap etdirir.
“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri
və Tətbiqi Riyaziyyat Jurnalı” Bakı Dövlət
Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr
olunur və son illərdə jurnalda çap edilən məqalələrə
istinadların sayı xeyli artmışdır. Bu fakt isə
həmin jurnala tezliklə keyfiyyət dərəcəsi verilməsini
təmin etmək baxımından böyük əhəmiyyətə
malikdir. Bu yaxınlarda
aldığımız xoş xəbər doğrudan da Azərbaycanın
elm tarixində daha bir əlamətdar hadisə oldu. Belə
ki, Amerika Birləşmiş Ştatlarının “Clarivate
Analytics” Agentliyinin bu günlərdə açıqlanan
2020-ci ilin hesabatına əsasən, Bakı Dövlət
Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat
İnstitutunda nəşr olunan və “Emerging Sources Citation
Indeks (ESCİ)” bazasında yer alan “TWMS Journal Pure and Applied
Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin
(TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) bir pillə
yüksələrək “Science Citation Index Expanded” (SCİE)
bazasında yer almışdır. Beləliklə,
“Science Citation Index Expanded” (SCİE) bazasına daxil olan
jurnallarımızın sayı 2-yə
çatmışdır. “Clarivate Analytics”
Agentliyi tərəfindən Science Citation Index siyahısına
salınan ilk və yüksək təsir əmsalına malik
“Applied and Computational Mathematics” beynəlxalq jurnalıdır.
2010-cu ildən ingilis dilində nəşr olunan “Türk
Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və
Tətbiqi Riyaziyyat Jurnalı”nda nəzəri və tətbiqi
riyaziyyatın müxtəlif sahələrinə aid yüksək
səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr
dərc edilir.
Nəşrin redaksiya heyətinə 20-dən
çox ölkənin tanınmış alimləri daxildir.
Jurnal 30-dan çox ölkənin universitet və
elmi mərkəzlərində yayılır. Bütün məqalələr “Math. Reviews”,
“Zentrablatt”, “VİNİTİ” kimi nüfuzlu bazalarda referat
olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi
çap olunub. Bu, çox ağır əmək
tələb edən işdir. Artıq bu
işlərin öhdəsindən gələ bilən bir qurum
yaranıb. Qeyd edim ki, əgər ACM jurnalı Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi dəstəyi
ilə çap olunursa, bu yeni jurnal isə BDU-nun maddi dəstəyi
ilə işıq üzü görür.
–Fikrət
müəllim, Azərbaycan elminin növbəti bu uğuru
dünya elmi ictimaiyyəti tərəfindən necə
qarşılandı?
–Çox
yaxşı, dünyanın müxtəlif yerlərindən
saysız-hesabsız təbrik teleqramları almışıq,
dostlarımız, həmkarlarımız çox sevinirlər,
hamısı təbrik edir, uğurlar arzulayırlar. Bu da bizi çox sevindirir. Məsələn,
Türkiyənin İşıq Universiteti riyaziyyat
bölümünün rəhbəri, “TWMS Journal of Applied and
Engineering Mathematics” jurnalının baş redaktoru, həmyerlimiz
Elman Həsənoğlu yazır: “Dünyanın ən
nüfuzlu elmi-tədqiqat qiymətləndirmə təşkilatı
olan “Clarivate Analytics”in SCİ Expandent verilənlər
bazasına daxil olmağınız münasibətilə təbrik
edirəm. Bu uğur rəhbərlik etdiyiniz
institutun və Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətdə
layiqli yer tutmasının bariz nümunəsidir”.
Eləcə
də Kanadadan Hari Mohan Srivastava, Çin Tibb Universiteti tibbi tədqiqatlar
bölməsindən Erdal Karapınar, Ankaradan Ağacık
Zafer, İstanbuldan Feyzi Başar və başqaları da öz
xoş arzularını bildirirlər.
Bu məktubların sayını artırmaq da olar. Mən isə
öz növbəmdə xoş sözlərə, təbriklərə
görə bizə dəyər verənlərin hər birinə
təşəkkürümü bildirirəm. Bu diqqət, bu münasibət bizim sonrakı fəaliyyətimizə,
birgə əməkdaşlığa öz müsbət təsirini
göstərəcəkdir.
–Bu
yaxınlarda Bakıda onlayn formatda növbəti beynəlxalq
konfrans keçirildi. Zənnimcə, elmi ictimaiyyət
üçün bu da böyük əhəmiyyət kəsb
edən hadisədir...
–Ənənəvi
olaraq bu il avqust ayının 26-da Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı
Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat
İnstitutunun təşkilatçılığı ilə
onlayn formatda Bakıda keçirilən Sənaye Tətbiqli
İdarəetmə və Optimallaşdırma VII Beynəlxalq
Konfransı (COİA-2020) 3 gün davam etdi. Konfrans “İdarəetmə
nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual
sistemlər”, “Riyazi modelləşdirmə və metodları”,
“Sənaye və iqtisadiyyatda tətbiqlər” və s.
mövzuları əhatə edirdi. Plenar
görüşlərdə tanınmış alimlər idarəetmə
və optimallaşdırmanın bütün aspektlərini təqdim
etmək imkanı əldə edə bilmişdilər və bu
imkandan yararlandılar. Qeyd edim ki, konfransda iştirak etmək
üçün dünyanın müxtəlif ölkələrindən
476 alim və tədqiqatçı qeydiyyatdan keçmiş,
redaksiyaya 300-ə qədər məqalə qəbul
edilmiş, rəy prosesindən sonra 256 məqalə
konfransın materiallarında dərc olunmuşdur.
İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna,
Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti,
Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan,
İtaliya və Küveyti təmsil edirdilər.
Onu da deyək ki, pandemiya dövrünün tələblərinə
uyğun olaraq onlayn formatda keçirilən konfrans texniki
baxımdan yüksək səviyyədə təşkil
olunmuşdu.
Konfransın təxirə salınması barədə fikirlər
səslənsə də, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar naziri Ramin Quluzadə konfransın keçirilməsi
fikrini dəstəklədi və onun yüksək səviyyədə
diqqət və qayğısı sayəsində növbəti
konfrans da uğurla başa çatdı. Üç
günlük konfransın məqsədi tədqiqatçıların
fikirlərini bölüşmək və yekun nəticələri
müzakirə etmək üçün sənaye mütəxəssislərinin
görüşə biləcəyi bir mühiti təmin etməkdən
ibarət idi. Düşünürəm
ki, biz buna nail olduq.
–Hər
bir elmi nəticə o zaman dəyərli olur ki, onu dünya
elmi ictimaiyyəti təqdir etsin və təmsil olunduğu
ölkənin sənayesinə tətbiq olunsun. Bu
gün bu sahədə vəziyyət necədir, alimlərimiz
elmimizin inkişafı üçün daha nələr etməlidirlər?
–Azərbaycan
Milli Elmlər Akademiyasının ötən il
may ayının 1-də keçirilən illik hesabatında belə
bir fikir səsləndirildi: Azərbaycan elmi müəyyən
göstəricilərə görə Qafqazda I yerə
çıxıb. Qürurla demək olar ki, bu, Azərbaycan
elminin ilk təntənəsi idi. Bu uğuru təmin edən
amillərdən biri “Clarivate Analytics”in “Web of Science”
platformasında indekslənən dünyanın müxtəlif
aparıcı jurnallarında Azərbaycan alimlərinin
çap olunan məqalələrinin sayının son zamanlar
artmasıdır. Həmçinin Azərbaycanda
keçirilən beynəlxalq səviyyəli konfransların
materiallarının həmin jurnallarda özünə yer
alması faktı da müəyyən formada rol
oynamışdır. Əldə olunan bu
nailiyyətlərin əsasında isə elmin inkişafına
dövlətimizin göstərdiyi dəstək, qayğı və
diqqət dayanır. Hər bir xalqın,
millətin inkişaf meyarı olan elmin özünün
inkişafı isə dövlət üçün vacibdir və
bu mənada Azərbaycan elminin bu istiqaməti prioritet seçməsi
də çox təbiidir.
Müasir dövrümüzdə elmin inkişaf mərhələlərinə
diqqət yetirsək, görərik ki, bu gün tənqid
etdiyimiz sovet dönəminin özündə də
böyük işlər görülüb. Ulu öndərimiz
Heydər Əliyev Azərbaycana rəhbərliyinin
bütün dövrlərində elm faktoruna böyük diqqət
yetirmişdir. Onun respublikaya birinci rəhbərliyi
dövründə AEA, sözün əsl mənasında,
özünün qızıl dövrünü
yaşayırdı: “Elmlər Akademiyası Azərbaycan
xalqının tarixi nailiyyətidir...” deyən ulu öndər
elmimizə, onun cəfakeş insanlarına həmişə
güvənirdi. Doğrudur, bu gün dövran dəyişib,
dünya elminin qarşısında böyük qlobal məsələlər
dayanır. İndi dünya elminə
yeni-yeni töhfələr vermək, dünya elmi ictimaiyyətini
təəccübləndirmək o qədər də asan deyil.
Ancaq buna baxmayaraq, elmimiz yeni, dövrün tələb
etdiyi istiqamətdə yenilənir, inkişaf edir. Buna bu
gün daha çox ehtiyacımız var. Dövlət
başçısı cənab İlham Əliyev Milli Elmlər
Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində
müasir cəmiyyətin yüksək inkişafında elm
faktorunun roluna və əhəmiyyətinə xüsusi diqqət
yetirərək demişdir: “Mən çox istəyirəm ki,
Azərbaycan alimləri gələcəkdə də ölkəmizin
hərtərəfli inkişafında daha fəal rol
oynasınlar. Çünki ölkəmizin gələcəyi
elmi potensialın səviyyəsi ilə bilavasitə
bağlıdır”. Zənnimcə, hər
bir elm adamı bu sözləri proqram kimi qəbul etməli, məsuliyyətini
artırmalı, Vətən elminin qoruyaraq inkişaf etdirilməsini,
dünyaya tanıdılmasını özünün vətəndaşlıq
borcu saymalıdır. Məhz belə olan təqdirdə
elmi uğurlardan, nailiyyətlərdən danışmaq
mümkündür. Bilirsiniz, burada bir
nüansı da diqqətə çatdırmaq lazımdır.
Məlumdur ki, biz 70 ildən artıq bir müddətdə
sovet rejimi şəraitində yaşamışıq. Azərbaycan elmi də məhz bu quruluşun şərtləri
daxilində inkişaf edib, sovet ideologiyasını tərənnüm
edib. Bu cəmiyyət çökən kimi riyaziyyat,
texnika, təbiət elmləri tez revanş edib dünya elminə
töhfələr verməyə başladı. Alimlərimizin
dünya elm ictimaiyyətinin təqdir etdiyi elmi nəticələri
Azərbaycan sənayesinə tətbiq olundu.
Elmi çətin və mürəkkəb bir fəaliyyət
sahəsi adlandıranlar heç də yanılmırlar, elm hər
bir cəmiyyətin inkişafıdır, tərəqqisidir. Dahi Nizaminin məşhur
misralarında deyildiyi kimi:
Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
–Fikrət
müəllim, maraqlı müsahibəyə görə təşəkkürümüzü
bildiririk, bundan sonrakı fəaliyyətinizdə uğurlar
arzulayırıq. Dünya elminə yeni-yeni töhfələrinizi
gözləyirik!
P.S.
Müsahibə çapa hazırlanarkən məlumat aldıq
ki, 31 dekabr 2017-ci ildən sonra “TWMS Journal of Pure and Applied
Mathematics” jurnalında dərc olunan məqalələr
Essential Science Indicators (Əsas Elm Göstəriciləri) və
Journal Citation Reports Science bazalarına daxil ediləcək.
Zümrüd
QURBANQIZI
Respublika.- 2020.- 1 oktyabr.- S.10.