FRANSA QƏHRƏMANI: “ARMED MİŞEL” SƏNƏDLİ POVESTİ HAQQINDA TƏƏSSÜRAT

 

Tarixi sevmək və bilmək vacibdir. Zaman-zaman, xüsusilə Vətənin taleyüklü problemlərlə qarşı-qarşıya dayandığı, müstəqilliyinə təhdidlə üzləşdiyi ən böhranlı dövrlərində onun ayrı-ayrı parlaq səhifələrinin xatırlanaraq aktuallaşdırılması xalqda mənlik şüurunu, milli duyğuları dirçəltməklə ona fiziki və mənəvi varlığını qorumaqda yenilməz qüvvət verir. Və tarix sadəcə bir-birini sonsuz olaraq əvəz edən epoxaların qiyamlar, inqilablar, müharibələr, azadlıq hərəkatları və i.a kimi bitib-tükənməyən hadisələrindən ibarət deyil, həm də bu hadisələri özündə fokusdakı kimi cəmləyib idarə edən, təsir göstərən və məna verən şəxsiyyətlərdir. Onların arasında əllərində silah Vətən üçün, millət üçün, bəşər üçün canından-qanından keçməyə hazır, mübarizə örnəkləri ilə yurddaşlarında özlərinə inam, güvən yaradan, şücaətə ruhlandıran qəhrəmanlar da çoxdur. Azərbaycanın qədim Şəki torpağında dünyaya gəlib boya-başa çatsa da, taleyin hökmü ilə II Dünya müharibəsinin qanlı döyüşlərdən, işgəncəli əsirlikdən keçən əzablı yollarında Fransaya gedib çıxan, antifaşist Müqavimət hərəkatına qoşulub rəşadət göstərən Əhmədiyyə Cəbrayılov belə unudulmaz qəhrəmanlardandır. İgid döyüşçünün 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında (11 avqust 2020) bu məqam xüsusi olaraq qeyd edilir: “Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir”. Bəli, nümunədə tərbiyə etmək, yol göstərmək xüsusiyyəti var. İnsanlar, xüsusilə gənclər öz qəhrəmanlarını tanımalıdırlar.

Əslində Əhmədiyyə Cəbrayılov adı mənə uşaqlıqdan tanışdı və hətta ilk dəfə eşidəndə Əhmədiyyə (yəni Əhməd deyil) ismi az-qala keçmiş partizanın “fransız adı” (Armed Mişel) qədər mənə qəribə görünmüşdü. Məsələ burasındadır ki, atam - publisist, yazıçı, Əməkdar jurnalist Əşrəf Hacıyev (1932-2001) “Azərbaycan gəncləri” qəzetində işlədiyi zaman onun haqqında bir məqalə yazmışdı. Təfsilatları unutsam da, atamın bu insanla görüşdüyü, qeyri-adi macəralı, məşəqqətli həyatından, Fransa torpağında göstərdiyi misilsiz igidliklərdən danışdığı xatirimə gəlir. Evdəki söhbətlərdən anlamışdım ki, bu məqalə oxucularda o vaxt böyük reaksiya doğurmuş və ümumiyyətlə nə isə mühüm bir hadisə olmuşdu.

Odur ki, sərəncamla əlaqədar axşam televiziyada gedən Əhmədiyyə Cəbrayılova həsr edilən verilişi ikiqat maraqla izlədim. Dəvət edilmiş tarixçi-alim, deputatlar onun bioqrafiyasından ayrı-ayrı faktları yada salırdılar, elə dialoqa yön verən aparıcı özü də onlardan az məlumatlı görünmürdü. Onlar Fransa prezidenti general Şarl de Qollun Moskva səfəri (1966) ərəfəsində SSRİ rəsmilərinə prezidentin onu qarşılayanlar arasında Armed Mişeli görmək arzusunun bildirilməsinin Kremldə necə böyük çaşqınlıq, təlaş yaratması, Armed Mişelin Şəkinin Oxud kəndində yaşayan Əhmədiyyə Cəbrayılov olduğunu çətinliklə müəyyənləşdirib, Moskvaya gətirildiyindən həvəs və həyəcanla danışırdılar. Deyilənlərdən, elə sonra tanış olduğum internet materiallarındakı kimi, belə bəlli olurdu ki, həmin vaxtadək etibarsız sayılan, yaşadığı yerdən kənara çıxmasına qadağa qoyulan Əhmədiyyə Cəbrayılov məhz 1966-cı ildə de Qolla, yəni müharibə illərindən tanıdığı fransız müqavimətinin lideri ilə görüşündən sonra anidən ölkədə tanınmış və insanların sevimlisinə çevrilmişdi.

Atamın “Biblioqrafik göstərici”sində (“Avropa”, 2018) yuxarıda bəhs etdiyim məqaləni tapdım, “Kavaler Armed Mişel” başlığı altında 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetinin 4 sayında (20, 22, 25, 27 noyabr, ¹139-143) ardıcıl olaraq dərc edilmişdi. Maraqlı idi ki, o, de Qollun Moskva səfərindən xeyli əvvəl işıq üzü görmüşdü. Arxivindəki qovluqdan məqalənin saralmış qəzet kəsiklərini də çıxarıb oxudum. Müəllifin redaksiya adından yazdığı qısa girişdən artıq məlum olurdu ki, ölkə, heç də indi düşünüldüyü kimi, Əhmədiyyə Cəbrayılovun varlığından xəbərsiz deyilmiş. Burada “alman faşizmi üzərində qələbədən 20 ilə yaxın bir vaxt keçməsinə” baxmayaraq, döyüşçülərimizin cəbhələrdə göstərdikləri şücaətinin unudulmadığı, hətta “hər il onların əfsanələrə sığmayan igidlikləri barədə yeni-yeni faktlar” aşkara çıxarıldığı, eyni zamanda sovet əsgərlərinin, o cümlədən azərbaycanlı döyüşçülərin qəhrəmanlıqlarının Avropa xalqlarının xatirəsində də yaşadığı qeyd edilir. Fransız müqavimət hərəkatında fəal iştirak edib, “Fransanın yüksək hökumət mükafatlarına layiq görülmüş” Əhmədiyyə Cəbrayılovun həyatı “solmaz qəhrəmanlıq nümunəsi” kimi səciyyələndirilir. Qəzet ölkənin hər yerindən qəhrəmanın həyatı ilə maraqlanan gənclərdən - müxtəlif peşə sahibləri, əsgər və zabitlərdən Nuxa (indi Şəki) şəhəri yaxınlığındakı Oxud kəndinə, kolxozda baş aqronom işləyən Ə.Cəbrayılova ünvanlanmış çoxlu məktublar gəldiyini xəbər verir və onlardan bəzilərindən sətirlərlə tanış edir. Xarkov vilayətinin İzyum rayonunun Qusarovka stansiyasındakı 8-ci “a” sinif şagirdləri Nina Qerqel və Nadya Taqanın: “Qəzet məqaləsindən xəbər tutduq ki, siz bizim həmyerlimizsiniz, çünki doğma İzyumşina uğrunda qan axıtmısınız...” sözləri məni xüsusilə mütəəssir etdi...

Əhmədiyyə Cəbrayılov haqqında internetdə olan çoxsaylı və müxtəlif materialları araşdırmamın nəticəsi göstərdi ki, 1966-cı ildən sonra barəsində çoxlu məqalə, povestlər, pyes və s. yazılıb, sənədli filmlər, xronikalar çəkilsə də, o, həqiqətən 1966-cı ilə qədər də müharibə qəhrəmanı kimi tanınırdı. Görünür, Ə.Cəbrayılova həsr edilmiş mətbuatda çıxan ilk yazı jurnalist Nikolay Paniyev və tarixçi Qaraş Mədətovun məqaləsidir ki, artıq 1960-cı ildə (27 mart-2 aprel) Moskvada “İzvestiya” qəzetinin əlavəsi kimi yenicə çıxmağa başlayan “Nedelya” (“Həftə”) qəzetində çap edilmişdir. Cəsur döyüşçünün adına elə həmin 60-cı ildə “Azərbaycan SSR-in 40 illiyi” (Bakı, 1960) kitabında da rast gəlirik. Burada, 1943-1945-ci illərdə Fransa antifaşist müqavimət hərəkatında iki min nəfərə yaxın azərbaycanlının iştirak etdiyi, onların arasında Ə.Cəbrayılov, X.Hacıyev, D.Abdullayev, N.Abdullayev, R.Rzayev, Ə.Möhsümov, M.Məhərrəmov və b. kimi bir neçə ali fransız hərbi orden və medalları ilə təltif edilənlərin də olduğu qeyd edilir. Əhmədiyyə Cəbrayılovun şəxsi igidliyinə görə paradda əsgərə generaldan irəlidə getmək kimi hüquq verən yüksək mükafatla - “Hərbi medal”la təltif edilməsi xüsusi vurğulanır. 1963-cü il nəşri olan “Azərbaycan tarixi”ndə Əhmədiyyə Cəbrayılovun adı yenə Fransa Müqavimət hərəkatında iştirak edən azərbaycanlı döyüşçülər cərgəsində çəkilir. Ə.Cəbrayılov haqqında V.Sokolovun “Starşina-serjant” jurnalının 1964-cü il 2-ci sayında yer alan “Ona Moris Torez təşəkkür etmişdir” başlıqlı kiçik məqalədə isə onun Fransada partizanlara qoşulub igidliklər göstərdiyi, orden və medalları barədə məlumat verilirdi. Burada “hazırda doğma rayonunda yaşayan” Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatı partizanları komitəsinin üzvləri ilə müntəzəm olaraq məktublaşdığı, həmin veteranlar arasında çoxlu dostları olduğu barədə qeyd xüsusilə diqqətimi çəkdi. Bu yazını “İzvestiya” qəzetinin götürüb yenidən çap etməsi (23 fevral 1964-cü il) bütün SSRİ məkanında, o cümlədən Azərbaycanda cəsur partizanın şəxsiyyətinə böyük maraq oyatdı. Əşrəf Hacıyevin 1964-cü ilin noyabrında “Azərbaycan gəncləri”ndə dərc etdirdiyi oçerk bu marağa cavab olub, oxucuların xahişi ilə, necə deyərlər, xalqın sifarişi ilə yazılmışdı. 1965-ci ildə “Bakinski raboçi” qəzetində “Fransa Azərbaycan qəhrəmanını xatırlayır” başlıqlı məqalə verilir, Azərnəşrdə Ə.Əlişanbəylinin “Əhmədiyyə Cəbrayılovun həyatı haqqında “Döyüş yollarında” adlı povesti çap edilir. Ola bilsin ki, başqa yazılar da olmuşdur. Hətta bu adları çəkilənlər də Ə.Cəbrayılovun 60-cı illərin əvvəllərindən müharibə qəhrəmanı kimi qəbul edildiyini, sevildiyini anlamaq üçün yetərlidir. Bu baxımdan bəzi mənbələrdə, o cümlədən azərbaycanca Vikipediyada guya 1968-ci ildə onun üzərindən vətən xaini adının götürülməsi (nə vaxt verilmişdi ki?!) haqqında məlumatın yanlış olduğu aşkardır.

Ümumiyyətlə, müxtəlif mənbə və xatirələri müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlmişəm ki, Əhmədiyyə Cəbrayılovun müharibədən 15 il sonra yada düşməsi, ona münasibətin müsbətə doğru dəyişməyə başlaması SSRİ Nazirlər Sovetinin sədri N.Xruşşovun Fransaya rəsmi səfəri (1960-cı ilin 23 mart-3 aprel) öncəsi iki ölkənin dostluğunu, yaxınlığını göstərən tarixi bağların axtarışı ilə əlaqədar olmuşdur. Elə həmin il de Qollun Müqavimət hərəkatının qəhrəmanı kimi Əhmədiyyə Cəbrayılovun adına 4 milyon frank köçürməsi, onun isə mükafatdan imtina edib, elə həmin Xruşşovun məsləhəti ilə bu məbləği Sülh Fonduna keçirməsi də yəqin ki öz rolunu oynamışdı.

Beləliklə, Əşrəf Hacıyevin “Kavaler Armed Mişel” başlıqlı yazısı Azərbaycan oxucusunu öz ana dilində Əhmədiyyə Cəbrayılov şəxsiyyəti, onun döyüş yolu ilə ətraflı şəkildə tanış edən ilk əsərlərdəndir, bəlkə də birincidir. Bədii-sənədli nəsrin, bədii publisistikanın gözəl nümunələrindən olub portret-oçerk janrında qələmə alınmışdır. Bu yazını oxuyanda Qorkinin oçerki “hekayə ilə tədqiqat arasında nə isə ortada duran bir şey” hesab etdiyi yadıma düşdü. Əslində oçerk də hekayədir, o fərqlə ki, uydurma personajlardan, hadisələrdən deyil, real insanlardan və gerçəkdə baş verənlərdən söhbət açır. Oçerk faktlara istinad etməklə analitik, idraki səciyyə daşıyır, lakin elmi-tarixi tədqiqatdakı kimi, sırf elmi, dəlil-sübut dili ilə danışmır, burada hadisələrin bütöv mənzərəsi əyani, parlaq obrazlarda və obrazlı bədii dildə canlandırılır. Bir sözlə, oçerkə sənədlilik, faktikliyin bədii təxəyyüllə üzvi şəkildə sintezi xasdır. Portret oçerkdə isə hətta, bəzi alimlərin fikrinə görə, bədii metod sənəddən daha önəmlidir.

Əşrəf Hacıyev həmişə olduğu kimi, yazı yazmazdan qabaq material toplamış, Əhmədiyyə Cəbrayılov ilə görüşüb xatirələrini dinləmiş, tanış olduğu sənədləri, müvafiq ədəbiyyatı ciddi araşdırmışdı. Bütün bunlar, doğurduqları emosiya-duyğular, mənəvi ovqatla birləşərək, ona xəyalında hadisələrin cərəyan etdiyi zaman və məkan gerçəkliyinin bütöv mənzərəsini, tarixi fonu təsəvvür etməyə, bu fonda qəhrəmanının psixologiyasına, mənəvi iç dünyasına nüfuz etməyə kömək etmişdir. Sonra isə bədii ədəbiyyatın arsenalında olan təsvir vasitələri, ədəbi texnikalardan istifadə etməklə təxəyyülündə yaratdığını kağız üzərinə köçürüb maddiləşdirmişdir. Burada müəllifin mövqeyi material seçimi və oçerkin kompozisiyasında, Əhmədiyyənin taleyində önəmli rol oynamış insanların (madam Janna, kapitan Bessen, kapitan Delplanq, partizan dostları Roje, Pavel) portretlərinə ştrixlərdə, fəlsəfi-publisistik mühakimələrindəki dəyərləndirmədə, emosional çalarlı leksikası və ifadəli üslubiyyatında təzahür edir. Bu məqamlar öz növbəsində əsərin təkcə bilgi-məlumat verməklə qalmayıb, həm də bədii-estetik əhəmiyyətini şərtləndirir.

Əşrəf Hacıyev burada “həddi-hüdudu” olmayan, “vəba xəstəliyi kimi qorxunc və murdar” faşist qəddarlığı səhnələrini, faşist əsarətinin dəhşətlərini təsvir edib, “Məgər insan şərəfini və ləyaqətini ayaqlar altına atmaqdan zövq duyan insan sayıla bilərmi?” deyə ritorik sualı ilə faşizmin əsl mahiyyətini göstərir. Əsirlikdən qaçıb, makilərə, yəni fransız partizanlarına qoşulan, faşistlərə qan udduran Əhmədiyyə Cəbrayılovun timsalında “bəşərə qarşı nifrət toxumu səpən faşizmin kökünü kəsmək istəyən namuslu insanların mübarizəsi”ndən danışır. Oçerkin vətənpərvərlik, qəhrəmanlıq və humanizm pafosu məhz bu ideyadan doğur. Müəllif qəhrəmanının əsirlik həyatından, başçılıq etdiyi partizan əməliyyatlarından seçdiyi (almanların şərq cəbhəsinə hərbi sursat daşıyan vaqonlarını məhv etmək üçün Taybe ilə Bordonu birləşdirən dəmiryol xəttinin, Monmarsanda silah anbarının partladılması, Montabandan Almaniyaya həbs düşərgələrinə aparılan ailələrin xilas edilməsi) lövhələr, ayrı-ayrı detallar vasitəsilə onun yaşamaq eşqi və əzablara dözüm, cəsarət və təvazökarlıq, igidlik və fəhm, düşmənə qəzəb və dosta sevgi, sədaqət, düşdüyü durumu adekvat qiymətləndirmək qabiliyyəti və riskdən qorxmaması kimi müsbət mənəvi keyfiyyətlərinə işıq salır. Oçerkdəki peyzajlar partizanlara verilən tapşırıqların çətin, təhlükəli olduğunu nəzərə çarpdırmaq, xarakterləri açmaq üçün fon yaratmağa kömək edir. Məsələn, partizanlar körpünü partlatmağa getdikləri axşamın təsvirindəki kimi: “Çisək şiddətli yağışa çevrilir, elə yağır ki, tut ucundan göyə qalx. Səma guruldayır. Şimşək odlu qılıncını sıyırıb göyü doğrayır. Hər yanı nura boyayan ani işıqda başını şinelin içinə çəkmiş alman soldatı kölgə kimi görünür. Sanki yağış onu qovur, hey o tərəf-bu tərəfə qaçır. Soldatın üzü o tərəfə dönən kimi iki qaraltı relslərin üzərindən aşır”.

Əhmədiyyə Cəbrayılovun portreti tam olmazdı, əgər onda Vətən sevgisi və həsrəti əksini tapmasaydı. Bu məqamı qabarıq vermək üçün yazıçı assosiasiyalardan istifadə edir. Vətəndən uzaqlarda rastlaşdığı müxtəlif predmetlər, mənzərələr, hadisələr Əhmədiyyəyə kəndini, evini, ailəsini xatırladır. Budur, əsirlikdədir, işlədiyi hərbi xəstəxananın həyətindəki şabalıd ağacının altında halsız uzanıb gözlərini yummuşdur: “Amma bu ağac... Şabalıd ağacı... Qəribə şirin bir röya... Meşəyə şabalıd yığmağa getmişdilər, üstü qırmızı mərcanlarla dolu ağac da vardı, zoğal ağacı...” Qundaq zərbəsi onu xəyallardan ayırır və o, yuxusunu anlayır: “şabalıd ağacı da, zoğal da onun uşaqlığı, kəndləridir. Dağlar qoynundakı Oxud kəndi. Ancaq o, bu yerləri bir daha görməyəcək...”

Yaxud o, pay-piyada İzyumdan Lvova sürülən “mədəsi boş, susuzluqdan dili ağzına yapışmış əsirlərin” arasındadır. Yenə xatirələr onu çəkib doğma yerlərə aparır. “O, uşaqlıqdan piyadaçılığa öyrəşmişdi. Texnikumda oxuyanda hər gün kənddən şəhərə gedib-gələrdi. Sular daşıb çaylardan keçən cığırın iz-tozunu itirəndə, o, birinci Kiş çayından təzə cığır salardı. Axşamüstü dərsdən qayıdanda bunun işlək cığıra çevrildiyini görüb sevinərdi...” Oçerkin başqa bir yerində Əhmədiyyə Fransadakı dağları Oxud dağlarına bənzədib, özünə təskinlik verir. “Lakin vətən buralardan çox uzaqdadır. Ona elə gəlir ki, səmada sayrışan ulduzlar Qafqaz dağlarının ətəklərində sayrışır, parlaq şüalar oradan axıb gəlir ki, onun ürəyini ümidlə doldursun... “ Və bu ümid sonda gerçəyə çevrilir, elə oçerk də “bizim azərbaycanlı balasının” vətənə dönməsi ilə bitir.

Oçerkdə başqa ədəbiyyatlarda rast gəlmədiyim xatirə xarakterli epizodlar, mühüm detallar vardır ki, zənnimcə, Ə.Cəbrayılovun bioqrafiyasının bəzi məqamlarına aydınlıq gətirməkdə faydalı ola bilər. İdeyasına gəlincə o, insan, azadlıq, mübarizə, Vətən anlayışlarının qarşılıqlı əlaqəsində təzahür edir. Məlumdur ki, azadlıq çoxmənalı anlayışdır və ona hansı bucaqdan (fəlsəfi, hüquqi, əxlaqi, iqtisadi, məişət və s.) baxılmasından asılı olaraq verilən tərifləri də - dərk olunmuş zərurətdən tutmuş özbaşınalığa qədər - az deyil. Əşrəf Hacıyev isə yazır: “Azadlıq namuslu olmaq hüququdur. Bəli, namuslu insan gərək necə olursa-olsun, namusunu qorusun”. Məhz bu fikir-müddəa oçerkin konsepsiyasının əsasında durur. Yazıçının Əhmədiyyə Cəbrayılovdan “çəkdiyi” portret insanın heysiyyatını alçaldıb təhqir edən, “Mən”ini əzib tapdalayan mühitdə, ən faciəvi, çıxılmaz situasiyalarda belə əzab və işgəncələrə sinə gərib öz namusunu, şərəfini, ləyaqətini qoruya bilən, şəraiti üstələyən qalib İnsanın, “doğma torpağının və faşist köləliyində əzab çəkən insanların intiqamını alan”, Vətənini sevən və qarşısında borcunu yerinə yetirən sadə və təvazökar, həm də məğrur və igid xalq qəhrəmanının portretidir.

P.S. Son illər düşmənlərimiz, ermənipərəst rus vikipediyaçılarının timsalında Əhmədiyyə Cəbrayılovun şöhrətini, əslində, atamın təbiri ilə desək, “bizim azərbaycanlı balası” olduğunu həzm edə bilməməkdə çox irəli gedərək, onun hətta, nə qədər qəribə görünsə də, bir kabus, mif olduğunu sübut etməyə qalxışmışlar. Fransız siyasətçisi və hərb tarixçisi Pyer Malinovski müsahibələrindən birində Əhmədiyyə Cəbrayılov haqqında məqalənin rus Vikipediyasından çıxaranların həqiqəti silmək istəyini “sadəcə idiotizm”, yəni əbləhlik adlandırmışdır. Lakin bu şüurlu “idiotizm”in çirkin qərəzini nəzərə alsaq, onun adını əbləhfəriblik (klassik ədəbiyyatımızda işlədilən “əbləhfərib” sözü “axmaq aldadan” mənasındadır) də qoymaq olar. Çünki ağlı və qəlbi olan hər kəs onların “canfəşanlığının” canı və qanı bahasına dünyanı faşizm əsarətindən qurtaran döyüşçülərin xatirəsinə təhqir, hörmətsizlik və böyük insafsızlıq olduğunu görür və anlayır. Həm də düşmənlər qoy unutmasınlar ki, qəhrəmanının arxasında qədirbilən xalqı durmuş, durur və duracaqdır.

 

Arzu HACIYEVA,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru.

 

Respublika.- 2020.- 1 oktyabr.- S.11.