Ali Baş Komandanımızın ətrafında sıx birləşərək düşmən üzərində layiqli zəfər qazanacağıq

 

Güclü ordu dövlətin və xalqın təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Nizami Azərbaycan Ordusunun təməlinin qoyulduğu 1993-cü ilin payızından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda bütün qoşun növlərinin mövcud olduğu, müasir döyüş imkanlarına malik Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaratdı. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli maraqlarını qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bütün siyasidiplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü ilin mayında atəşkəs əldə edildi. Atəşkəsin elan edilməsi Azərbaycanın dövlət olaraq, iqtisadi, sosial, siyasi və hərbi baxımdan dirçəlməsi, qüdrətlənməsi, ordusunu dünya standartlarına uyğun formalaşdırması baxımından çox önəmli idi. Məhz ölkədə nisbi sakitlik bərpa edildikdən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin sistemləşdirilməsi başa çatdırıldı. Orduya çağırışla bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, gənclər arasında hərbi-vətənpərvərlik duyğularının artırılması istiqamətində işlər görüldü. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı.

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasielmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində bu gün ordumuza göstərilən diqqət sayəsində silahlı qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopterartilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını nümayiş etdirirlər. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla sübut edirlər. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır.

Otuz ilə yaxındır ki, Azərbaycan Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkir. Bir milyon məcburi köçkünümüz öz doğma yurdlarının həsrəti ilə yaşayır, evlərinə qayıdacaqları günü gözləyirlər.

Məlum olduğu kimi, bu ilin sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Müstəqil Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını layiqincə aldı. Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.”

Son günlər Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi. Ermənistanı belə bir təxribata bir neçə səbəb sövq edirdi. Son hadisələrlə bağlı xəbərlər bir daha onu göstərdi ki, Azərbaycan cəmiyyəti, xalqımız Qələbə üçün uzun illər həsrət çəkmişdir. Bu, xalqımızın içində illərdir yığılıb-qalan Qələbə həsrətinin, torpaq nisgilinin vulkan kimi üzə çıxması idi.

Torpaqlarımızın bir hissəsinin azad olunması, yüksəkliklərin ələ keçirilməsi, düşmənin yüzdən artıq canlı qüvvəsinin məhv edilməsi onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda can verməyə hazırıq. Yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Ordusu düşmənə vurduğu son zərbələri ilə ermənilərə nəinki dərs verdi, həm də sübut etdi ki, onların özləri barədə yaratdıqları mif sabun köpüyü imiş.

Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizlənib. Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib.

Ən başlıcası odur ki, ordunun şəxsi heyətində yüksək əhvali-ruhiyyə var. Hesab edirəm ki, belə bir ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Hər gün ordumuzun mütəşəkkil döyüş hazırlığının, əsgərlərimizin çox yüksək hərbi-vətənpərvərlik hissinin şahidi oluruq. Bilirik ki, ordumuzun maddi-texniki bazası son dərəcə güclüdür. Azərbaycanın öz istehsalı olan silahları deməyə əsas verir ki, dövlətimizin nə qədər qüdrətli hərbi potensialı var. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin orduya göstərdiyi qayğının nəticəsidir.

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsini arzulayır və bunun üçün də hamımız bir yerdə olmalıyıq. Əlbəttə ki, hər şey Vətən üçün, hər şey cəbhə üçün olmalıdır. Bu məsələdə hər kəs cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında birləşməlidir. Bu zaman Azərbaycan əsgərlərinin gözü arxada qalmayacaq və qətiyyətlə irəli gedəcəyik.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başladığı işləri davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Bu mənada güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən biri kimi diqqəti cəlb edib. Reallıq ondan ibarətdir ki, respublikamızın artan maliyyə imkanları Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyev demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.

Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir. Ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdirbunun üçün böyük imkanlara malikdir. Bu gün hər birimiz özümüzü hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edirik.

Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir. “Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan etdi”.

Əminəm ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində layiqli zəfər çalacaqdır. Vətənimizin hər qarış torpağı müqəddəsdir. Bütün xalqımız möhtərəm Prezidentimizə arxalanır, güvənir. Qələbə bizimlədir! Mən də bir azərbaycanlı anası və ziyalısı kimi, dualar edir, tezliklə Azərbaycanın üçrəngli bayrağının Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda, Qubadlıda bir sözlə, bütün Qarabağda dalğalanmasını arzu edirəm.

Bu gün ön cəbhədəki əsgərlər Azərbaycan dövlətçiliyinin, ərazi bütövlüyünün qorunmasında ayıq-sayıqdırlar. Qələbə sorağı ilə bizləri sevindirin, Azərbaycan igidləri!

 

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universitetinin

Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 2 oktyabr.- S.6.