Azərbaycan ordusu zəfər
çalacaq!
Son 30 ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan cəmiyyətinin bir nömrəli ümummilli məsələsinə çevrilib. İşğalçı Ermənistan Azərbaycanın zəbt olunmuş ərazilərində ağlasığmaz vandalizm əməlləri törədib, faşistlik xislətindən əl çəkməyib. Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal edən erməni daşnakları 30 il ərzində təbii sərvətlərimizi talamış, onlar mütəmadi olaraq maddi mədəniyyət nümunələrimizi müxtəlif vasitələrlə özününküləşdirməyə çalışır, bu mümkün olmadıqda isə dağıdıb tamam məhv edirlər. Ermənistan işğal altındakı ərazilərimizdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan çox soydaşımızı öz yurd-yuvasından işgəncə ilə qovub. Erməni hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindən biridir.
Təbii ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçılıq siyasətini davam etdirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurur. Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmır və bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır.
İşğalçı Ermənistan öz təxribatçı fəaliyyətindən əl çəkmək niyyətində deyil. Məlum olduğu kimi, sentyabrın 27-də səhər saatlarında Ermənistan cəbhənin təmas xəttində mülki əhalinin yerləşdiyi ərazilərə qarşı hərbi təxribatlara başlayıb və xüsusilə, mülki vətəndaşlarımızı hədəf alıb. Lakin Azərbaycan ordusu düşmənə layiqli cavablar verir. Ümid etmək olar ki, ordumuzun bu addımları torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir yekun nəticəyə nail olunmasına yol açacaq. Azərbaycan beynəlxalq hüquq normalarına hər zaman sadiqlik nümayiş etdirən ölkədir və Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Vurğulamaq lazımdır ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək. Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq.
Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırlar.
Bu gün qüdrətli Azərbaycan ordusu ermənilərin hərbi təxribatına cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Əməliyyat nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Azərbaycan ordusunun bu gün göstərdiyi rəşadət, şücaət, əks-hücum əməliyyatı işğala son qoyacaq, baş nazir Paşinyanın arzuları gözündə qalacaq, tezliklə öz postunu itirməli olacaqdır. Paşinyan bilməlidir ki, türkün qabağında at oynatmaq olmaz!
Prezident İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq etmişdir ki, Tovuz hadisələrindən sonra əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Axı, Azərbaycan ordusu 2016-ci ildə, 2018-ci ildə, 2020-ci ilin iyul ayında düşmənin əməlli-başlı dərsini verdi.
Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində demişdir: “Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur...”.
Bu gün Azərbaycan savaş meydanında heç də tək deyildir. Qardaş Türkiyə, Böyük Türk Dünyası, Pakistan, Ukrayna bizim yanımızdadır. Zəfər yaxınlaşır, bu gün dünya azərbaycanlıları sonsuz sevinc içərisindədir, hamının qəlbi Azərbaycan, Vətən eşqi ilə döyünür.
Yolumuz haqq yoludur. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatını davam etdirir.
Aytac ASLANLI,
İstanbul Universiteti iqtisadi siyasət fakültəsinin
magistrantı.
Respublika.- 2020.- 2 oktyabr.- S.6.