Azərbaycan dövləti mütəmadi olaraq sahibkarlara dəstək
nümayiş etdirir
Yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Hətta inkişaf etmiş ölkələrdə pandemiya qurbanlarının sayının minlərlə olduğu, böhranın çıxılmaz vəziyyət yaratdığı indiki çətin və mürəkkəb dövrdə Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaqdadır.
Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən karantin dövründə işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir. Pandemiyadan az itkilərlə çıxmaq üçün qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti makroiqtisadi sabitliyi qorumaq üçün imkanlarını səfərbər edib. Hökumət əhalinin sosial rifahının yaxşılaşdırılması, sahibkarlara dəyən zərərin ödənilməsi istiqamətində ciddi qərarlar qəbul edib, bir sıra qanunvericilik aktlarında dəyişikliklər olunub. Bu dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirildi.
Azərbaycanda sahibkarlara davamlı dəstək göstərilməsi əsas priotetlərdən biridir. Son illərdə həyata keçirilən Dövlət proqramları, bu istiqamətdə görülən işlər müvafiq olaraq sahibkarlığın inkişafına mühüm zəmin yaradıb. Xüsusilə pandemiya dövründə sahibkarlara dəstəyin artırılması, həm iqtisadi paket, həm dolayı təşviq tədbirləri ilə sahibkarların dəstəklənməsi bir daha təsdiq etdi ki, ən həssas dönəmlərdə belə dövlətimiz, Prezident cənab İlham Əliyev sahibkarların yanındadır. COVİD-19 pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradıldı. İşçi qrup tərəfindən koronavirusdan ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edildi, eyni zamanda, iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram hazırlandı. Məhz pandemiya dövründə minlərlə kiçik sahibkara dövlət tərəfindən dəstək verildi.
Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, peşəkar tibbi personal, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, “Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı uğurla adlayıb keçməyə imkan verdi.
Mübaliğəsiz demək olar ki, Azərbaycan dövləti mütəmadi olaraq sahibkarlara dəstək nümayiş etdirir. Xüsusən pandemiya dövründə sahibkarlara dəstəyin artırılması, həm iqtisadi paket, həm dolayı təşviq tədbirləri ilə sahibkarların dəstəklənməsi göstərir ki, ən həssas dönəmlərdə belə Azərbaycan dövləti sahibkarının yanındadır və sahibkarlığın dəstəklənməsi siyasətini davam etdirir.
Azərbaycan Prezidenti
İlham Əliyev Biləsuvar və
Saatlı rayon icra
hakimiyyətləri başçılarını vəzifələrinə
təyin olunmaları ilə əlaqədar videoformatda
qəbulda da dövlətin sahibkarlara dəstək göstərdiyini,
müdafiə etdiyini, şərait
yaratdığını, onların gəlirlərinin
artırılmasına çalışdığını
vurğulayıb: “Sahibkarların da
dövlət dəstəyinə uyğun olaraq məcburi öhdəlikləri
vaxtında yerinə yetirməsi vacibdir. Pandemiya da göstərdi ki, bu gün qeyri-rəsmi məşğulların
sayı kifayət qədər çoxdur.
Çoxlu sayda vətəndaşlarımız
var ki, sahibkarlıq subyektləri
onlarla əmək müqaviləsi
bağlamırlar. Çox təəssüf
ki, qeyri-leqal, yaxud gizli iqtisadiyyatda
çalışaraq vergidən yayınan sahibkarlar
var. Onlar bir tərəfdən vergidən
yayınır, digər tərəfdən isə haqsız rəqabət
yaradırlar. Bu da təbii ki, iqtisadi inkişafa
mane olan amillərdən
hesab olunur. Sahibkarların dövlət qarşısında
fiskal və məcburi öhdəlikləri
zamanında yerinə yetirməsi vacibdir”.
Ölkəmizdə istənilən sahədə
sahibkarlıqla məşğul
olan hər bir vətəndaş son illər iqtisadiyyatımızın
dinamik inkişafının
təmin olunması, bu sahədə gəlirlərin tam şəffaflaşdırılması
istiqamətində ardıcıl
olaraq islahatların həyata keçirilməsinin
şahididir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığı
ilə pandemiya dövründə dövlət
və özəl sektorda işçilərin
əsassız yerə
işdən çıxarılmaması,
ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan
işçilərin əməkhaqlarının
saxlanması istiqamətində
aparılan məqsədyönlü
işlər sahibkarların
daha səmərəli
fəaliyyət göstərmələrinə
təkan oldu. Belə
ki, əhalinin maddi durumunun pisləşməsi nəticəsində
alıcılıq qabiliyyəti
ən aşağı
səviyyəyə düşə
bilərdi ki, sözsüz ki, bu da özəl
sektorun böhrana düçar olmasına səbəb ola
bilərdi. Bir sıra mühüm
obyektlər kimi, ərzaq mağazalarının
da fəaliyyətinə
heç bir məhdudiyyət qoyulmaması
və nəticədə
bu sahədə çalışanların işlərinin
itirməməsi də
hər bir sahibkar üçün çox önəmli idi. Beləliklə, dövlətimizin atdığı məqsədyönlü
addımlar nəticəsində
digər dünya ölkələrində müşahidə
etdiyimiz iqtsadi böhran ölkəmizdən
yan keçdi.
Mən də kiçik bir sahibkar kimi, pandemiya dövründə
dövlətin sahibkarlara
göstərdiyi diqqət
və qayğını
təqdirəlayiq hesab
edirəm. Bir daha əmin
oldum ki, dövlətimiz bu sahənin inkişafına
daim diqqət göstərir.
Bir məsələni
də xüsusilə qeyd etmək istəyirəm ki, son günlər cəhbədə
Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatının
qarşısını alması
xalqımız tərəfindən
böyük əhvali-ruhiyyə
ilə qarşılanır. Ordumuz öz
doğma torpaqlarını
rəşadətlə qoruyur,
düşmənə ağır
zərbələr endirir.
İnanırıq ki, 30 ilin həsrətinə son qoyulacaq,
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında
ordumuz zəfər çalacaqdır.
Müşfiq MAMIYEV,
sahibkar, YAP üzvü.
Respublika.- 2020.- 2 oktyabr.- S.7.