Şuşa yenidən
xalqımızın mədəniyyət məbədinə
çevriləcək
Bu günlərdə həyəcanlı və eyni zamanda qürurverici, sevincli günlər yaşayırıq. Hər bir azərbaycanlının uzun illər səbirsizliklə gözlədiyi gün artıq gəlib çatıb. Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində müzəffər ordumuz düşmənə ağır zərbələr endirərək inamla irəliləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib.
O söyləyib ki, əsrlərdən bəri Azərbaycanın ecazkar diyarı olan Qarabağa göz dikmiş erməni işğalçıları işğal etdikləri ərazilərdəki qədim Azərbaycan mədəniyyətinə və sənətkarlığına ciddi ziyan vuraraq, onları məhv edib, yerli toponimləri planlı şəkildə dəyişdirib. Ancaq tarix yazısını dəyişdirmək mümkün deyil. Çünki tarix yalnız həqiqətdən keçir, həqiqət isə birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir! Əzəmət qalamız olan Şuşada Vaqifin, Xan qızı Natəvanın ruhuna ilham verən, Xan Şuşinskinin səsinə səs verən, Üzeyir Hacıbəylinin nəfəsi duyulan, cənnət Qarabağın izi var və o iz Azərbaycana məxsusdur: “Böyük ümid və əminliklə deyə bilərik ki, Qarabağ, o cümlədən baş tacımız Şuşa bir gün yenidən xalqımızın sənət və mədəniyyət məbədinə çevriləcək və artıq 28 ildir ki, muzeyimizdə müvəqqəti məskunlaşmış Şuşa filialının doğma divarlar üçün qəribsəmiş eksponatları Mehmandarovun imarətindəki əzəli yerlərinə qayıdacaqlar. O gün olsun Qarabağ torpağında evlərdə yenidən hanalar qurulsun, obadakı qız-gəlinlərin toxuduğu ilmələr uzun illərin intizarından sonra doğma yurda qovuşmaqdan qaynaqlanan sevinc hisslərini xalça naxışlarına çevirərək Qarabağ ellərinin dirçəlişinə şahidlik etsin, baş ucalığı gətirsin! Qoy qarabağlı qız-gəlinlərin xalça toxuyan əlləri yoruldum bilməsin! Qoy yenidən Qarabağın hər obasında “Bağçada güllər” açsın, yenidən tikilən imarətləri dəst xali-gəbələr bəzəsin, bu torpağı qoruyan “Əjdaha”lar müsəlləh olsun,” Ləmpə”lər otaqları əsrarəgiz nura boyasın”.
Ş.Məlikova əlavə edib ki, Prezident
və Ali Baş Komandan İlham Əliyevin
qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun,
düşmə tapdağından azad ediləcək.
Xalq Cəbhəsi.- 2020.- 6 oktyabr.-
S.16.