Qorxuya düşən Paşinyan kömək üçün
beynəlxalq axtarışa çıxıb
Ermənistanla Azərbaycan arasında 30 ildir münaqişə davam edir. Səbəb Azərbaycan ərazisinin 20%-dən çoxunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasıdır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz ev-eşiyini tərk edərək, məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmalı olub.
Tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqlar Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən nəticə vermir. Nəticədə illərdir aparılan müzakirələrdə münaqişənin siyasi həlli istiqamətində heç bir irəliləyiş olmayıb. Məsələ ondadır ki, beynəlxalq ictimaiyyət Ermənistanla təcavüzkar dövlət kimi davranmır, ona konstruktivlik nümayiş etdirməsi üçün təzyiqlər göstərmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə görə, Ermənistan qüvvələri Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal olunmuş ərazilərindən çıxmalıdır.
Bakı uzun illərdir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, onun işğal olunmuş ərazilərində qalmasının regionda sülh və sabitliyə böyük təhdid yaratdığını bildirir. Lakin Ermənistan hərbi-siyasi rəhbərliyi davamlı olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd bəyanatlar səsləndirir, bəzən hətta Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edir, ATƏT-in Minsk qrupunu danışıqlar formatını dəyişməyə çağırır. Bununla yanaşı, erməni tərəfi mütəmadi olaraq işğal olunmuş ərazilərdən Azərbaycana qarşı təxribatlara əl atır, nəticədə hərbçilərlə yanaşı, mülki şəxslər də həlak olur.
Sonuncu belə təxribat bu ilin 12-16 iyul tarixlərində münaqişə zonasından kənarda, Azərbaycanın Ermənistanla sərhədindəki Tovuz rayonu istiqamətində baş vermişdi.
Bu il senytabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi növbəti dəfə pozub, Azərbaycan ordusunun mövqelərinə, həmçinin mülki yaşayış məntəqələrinə iri çaplı silahlardan, artilleriya qurğularından zərbələr endirməyə başlayıb. Nəticədə Azərbaycan tərəfi yenə həm hərbiçilərini, həm də mülki vətəndaşlarını itirib. Azərbaycan Ordusunun işğalçılar üzərində qələbəsindən təşvişə düşən baş nazir Paşinyan kömək üçün beynəlxalq axtarışa çıxıb. Azərbaycan Prezidenti İlahm Əliyev isə qətiyyətli mövqeyini ortaya qoyaraq, erməni işğalçılarının Azərbaycan ərazilərindən çıxmayınca döyüşün davam edəcəyini bildirib.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib ki, “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibədə Ermənistanın hərbi-siyasi hakimiyyətinin çirkin məqsədi, təcavüzkarlıq məqsədini bir daha açılıb göstərildi. “Biz sülh tərəfdarıyıq, ancaq torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacayıq” ifadələrini ən mötəbər tribunalardan dəfələrlə səsləndirən dövlətimizin başçısı bu dəfə də bütün dünyaya bəyan etdi ki, Azərbaycan haqq yolundadır, o öz torpaqlarının azadlığı, xalqın təhlükəsizliyi üçün vuruşur, hüquqlarının qorunması uğrunda mübarizə aparır.”
Komitə sədri vurğulayıb ki, bu fikirlər xalqın ürəyinin səsidir və Azərbaycan əsgərinin hünərləri, vətəndaş həmrəyliyi, ölkə sakinlərinin hamılıqla öz prezidentinə arxalanması və dəstək verməsi, qələbəyə inam və cəbhədəki ruh yüksəkliyi göstərir ki, azğın düşmən tezliklə yerində oturdulacaq, torpaqlarımız azad nəfəs alacaqdır.
“Əlbəttə bu torpaqda erməni faşistlərinə, terrorçulara, xalqımızın qanını içənlərə yer ola bilməz. Azərbaycan dövləti, xalqımız, ölkə rəhbəri, Ali Baş Komandanımız beynəlxalq hüquq normalarına, sülhə, humanizmə, qəbul olunmuş qətnamə və qərarlara sadiq qalaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllini 30 il gözlədi. Bu illər ərzində isə Ermənistan heç vaxt təcavüzdən, separatizmdən, işğalçılıq siyasətindən əl çəkmədi, bir daha yeni torpaqlar işğal etmək niyyətini həyata keçirməyə çalışdı. Atəşkas daimi pozuldu, dinc sakinlər öldürüldü, kəndlər dağıdıldı, hərbçilərimiz qətlə yetirildi. Həm də Ermənistan danışıqlar prosesini pozdu, BMT-nin Təhlükəsizliyi Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun və bir çox beynəlxalq təşkilatların qərarlarına heç bir məhəl qoymadı. Bəşəriyyətə, ali dəyərlərə, beynəlxalq hüquq normalarına hörmətsizlik etdi.
Ermənistanın baş naziri Paşinyan son illər nəinki dünyaya hörmətsizlik etdi, o xalqımızın hissiyyatı ilə oynadı, yeni torpaqlar işğal etmək eşqinə düşdü. Belə olan halda Azərbaycan öz sözünü deməli idi və bu gün Prezidentimiz İlham Əliyev, xalq, şanlı ordumuz öz sözünü deyir. Döyüşlə, qələbə ilə deyir”, deyə Tahir Rzayev bildirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək atəşkəs rejiminin pozulmasından narahatlığını ifadə edib. Əslində ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidentinin Dağlıq Qarabağ probleminin həlli istiqmətində qətiyyətli addımlar ataraq öz ərazi bütövlüyünü bərpa etmək istəyən ölkənin prezidentinə zəng etməsi olduqca anlaşılandır. Anlaşılmayan Fransa Prezidentinin atəşkəsin pozulmasından narahat olması və atəşkəsə çağırış etməsidir.
O qeyd edib ki, E.Makron əslində telefon danışığında işğalın bu günə qədər davam etməsindən, həmsədri olduğu təşkilatın problemi həll edə bilməməsindən, Ermənistanın yeni ərazilər işğal etmək niyyətindən narahat olmalı və elə Ermənistanın baş nazirinə zəng edərək dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını istəməli idi. Ancaq tam əksinə, Makron bir neçə gün öncə Riqada olarkən ermənilərə xitabən bəyan etmişdi ki, “Fransa öz rolunu oynayacaq, Dağlıq Qarabağın (əslində isə bəyanatda “Şimali Qarabağ” ifadəsi işlətmişdi) yenidən fəth olunmasına icazə verməyəcək, sona qədər müqavimət göstərəcək” və sair.
Hikmət Babaoğlu qeyd edib ki, bunlar atəşəkəsin pozulmasını təşviq edən, Ermənistanıın işğalçılıq siyasətini dəstəkləyən fikirlərdir və işğalçını işğala daha da həvəsləndirməkdir:
“Belə olan halda görəsən nə oldu ki, birdən-birə Makronun yadına atəşkəs və sülh düşdü? Bax, bu “nə oldu” sualının cavabı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin savaşda göstərdiyi rəşadət və igidliklərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin cavabı isə olduqca qətiyyətli və prinsipial oldu. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki vətəndaşımız həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu layiqli cavabdır və o deməkdir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər heç bir atəşkəsdən söhbət gedə bilməz!”
“Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova isə deyib ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları Ermənistanın baş naziri Nikol Paşinyan və komandası üçün çox acınacaqlı bir vəziyyət yaradıb. Ermənilərin "uğurlu müdafiə" təbliğatına baxmayaraq artıq Ermənistan cəmiyyətində müharibədə aldıqları ağır məğlubiyyətlər səbəbindən ciddi təşviş hiss edilməkdədir.
Onun sözlərinə görə, Paşinyan müxtəlif yalan məlumatlar əsasında beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işini dayandırması üçün bizə təzyiqlərin göstərilməsi istiqamətində var qüvvəsi ilə çalışır: “Rossiya 1” telekanalının "60 deqiqə" verlişində Ermənistanın baş nazirinin "təcavüzü və təcavüzkarı dayandırmaq və cəzalandırmaq" çağırışı isə erməni siyasi elitasının növbəti hədyanı və həyasızlığıdır. Əslində Paşinyanın bu verilişdə irəli sürdüyü tezislər Azərbaycan Prezidentinin aydın və dəqiq, konkret hədəflərə yönəlmiş çıxışı ilə darmadağın edildi. Bunu bütün dünya gördü. Erməni baş nazirin aciz duruma düşdüyü hamı tərəfindən etiraf edilir”.
S.Seyidova onu da bildirib ki, işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində başladılan hərbi əməliyyatlar beynəlxalq hüququn bizim tərəfimizdə olması ilə üst-üstə düşür: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz öz torpaqlarımızda işğalçıya qarşı mübarizə aparırıq. Dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizin bərpası üçün öz ərazimizdə işğalçıya qarşı vuruşuruq. Hər kəsə də aydındır ki, işğalçı, təcavüzkar dövlət Ermənistan, işğala məruz qalan isə Azərbaycandır. Bəli, işğalçı və təcavüzkar cəzalandırılmalıdır. Beynəlxalq ictimaiyyət də çox gözəl anlayır ki, təcavüzkarın ünvanı Bakı yox, İrəvandır. Lakin çox təəssüf ki, biz bəzən bunun əksini görürük. Fransa kimi Minsk Qrupunun həmsədri olan bir dövlətin başçısı açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyaraq, işğalçıya dəstək verir. Lakin Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti öz Ali Baş Komandanıının yanındadır və ona inanır. Heç bir təzyiq bizi haqq işimizdən yayındıra bilməyəcək”.
Araşdırmaçı-jurnalist Elçin Alıoğlunun sözlərinə görə, düşmənin bu barbar atışları Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırıb:
“BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyil. Beləliklə, KTMT anlaşması və ikitərəfli müqavilələr çərçivəsində Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyi duruma implimentasiya olunmur. Çünki Azərbaycanın şəhər və rayon mərkəzlərini vurmaqla Ermənistanın özü özünə qarşı real təhlükə yaradıb, KTMT-nin şərtlərini pozub, Rusiya üçün yeni və əlavə təhlükə formalaşdırıb. Yəni Azərbaycan artıq döyüş əməliyyatlarını asanlıqla Ermənistan ərazisinə keçirə bilər. Beynəlxalq hüquq bizə bu haqqı tam verir”.
Cavid
Xalq Cəbhəsi.- 2020.- 6 oktyabr.-
S.9.