XALQIMIZIN
ƏDALƏTLİ MÜHARİBƏSİ
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də səhər vaxtı Azərbaycan xalqına müraciətində bildirdi ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən və davam edən hərbi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimiz ağır artilleriya silahlarından atəşə tutulması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq əks-hücum əməliyyatına başlayıb və uğurla həyata keçirir. Prezident İlham Əliyevin dediyi kimi, “bu, erməni faşizminin növbəti təcavüzüdür. Bəli, erməni faşistləri özlərinin çirkin və murdar niyyətini, fitnəkar və təxribatçı simasını açıb göstərdi, bir daha təcavüzkar və işğalçı olduğunu, sülhə düşmən olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə demişdir ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Ancaq təəssüflər olsun ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda daxili siyasi vəziyyətin gərgin olması və vətəndaş müharibəsinin başlanması səbəbindən erməni-daşnak hərbçiləri torpaqlarımızın bir hissəsini zəbt etdilər. Dağlıq Qarabağı və bəzi rayonlarımızı işğal etdilər. Bu işğalı pisləyən BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 dəfə qətnamə qəbul edib. Bir daha xatırlayıram ki, bu qətnamələri qəbul edərkən (Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qərar, Ağdamın işğalı ilə əlaqədar 853 saylı qərar, Qubadlı və Füzulinin işğalı ilə əlaqədar 874 saylı qərar, Zəngilanın işğalı ilə əlaqədar 884 saylı qərar) Ermənistan hökumətindən tələb edilib ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etsin. O vaxtdan 27 il keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi müxtəlif yalançı bəhanələrlə işğaldan əl çəkməyib. Və hər dəfə də müntəzəm şəkildə, davamlı olaraq cəbhədə atəşkəsi pozur, tez-tez bölmələrimizə hücumlar edir. Dağlıq Qarabağı işğal etməklə orada möhkəmlənməyə çalışırlar.
Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın haqq səsini dəstəkləyir. Dəfələrlə aparılan sülh danışıqlarını pozan Ermənistanın cinayətkar rəhbərliyi torpaqlarımızda möhkəmlənməyə ümid edir. Ancaq bu, yolverilməzdir. Prezident İlham Əliyev demişdir ki, əgər Ermənistan rəhbərliyi torpaqlarımızı işğaldan azad etməsə, o zaman sözü Azərbaycan əsgəri deyəcək. Bəli, bu gün güclü və möhkəm nizami Azərbaycan Ordusu var. Ali Baş Komandanın dediyi kimi, ordumuzun döyüş qabiliyyəti getdikcə artır. Ordumuz müasir səviyyədə NATO standartlarına uyğun komplektləşdirilib. Azərbaycan Ordusu işğalçını heç vaxt cəzasız qoymayacaq və qoymadı da. Aprel döyüşlərində, Naxçıvan döyüşlərində düşmənə ağır zərbələr vuran ordumuz bu günlərdə də güclü əks-hücum əməliyyatlarını uğurla davam etdirərək bir-birinin ardınca doğma torpaqlarımızı işğaldan azad edir. Düşmən tərəfi isə qorxaqcasına qaçmağa tələsir.
Ermənistanın xunta rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də yalan və saxta danışaraq kəkəliyə-kəkəliyə özünü biabır etdi. Bu yaxınlarda “Rossiya 1” kanalının aparıcılarının suallarına yalan-yalan cavablar verən Paşinyan bir daha başlayan müharibənin səbəblərini saxtalaşdırdı və heç bir fakta əsaslanmayan Türkiyənin mövqeyini öz bildiyi kimi qeyd etdi. Ancaq Prezident İlham Əliyevin cavabları elmi arqumentlərlə, tarixi faktlarla əsaslandırıldı və qrammatik cəhətdən rus dilində əla cavablandırıldı. Geniş auditoriya cənab İlham Əliyevin cavabları qarşısında baş verən hadisələrin şahidi oldu. Mən şəxsən Prezident İlham Əliyevin elmi və tarixi köklərə əsaslanan cavablarından qürur hissi keçirdim və fəxr etdim ki, mənim Prezidentim, Azərbaycan xalqının Prezidenti bütün istiqamətlərdə dünyanın ən istedadlı Prezidentidir. Aparıcılar da, geniş auditoriya və hamı da Prezident İlham Əliyevin məzmunlu və doğru-düzgün cavablarından məmnun qaldı. İlham Əliyev konkret faktları və tarixi köklərə əsaslanan arqumentlərlə əsaslandırdı ki, məhz indiki müharibənin başlanmasının günahları cinayətkar Ermənistan rəhbərliyidir. Çünki biz öz torpaqlarımızı azad etmək uğrunda, ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə məcbur olub müharibəyə qatılmışıq. Bu, bizim Vətən müharibəsidir. Bütün dünya və beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Bu bizim haqqımızdır. Biz öz torpağımızda müharibə aparırıq. Bəs Ermənistan? Bütün dünya bilir ki, Ermənistan özgə torpağa soxulub, başqa torpağı, yəni Azərbaycan torpaqlarını işğal edib. Qəribədir, bizim torpağımızda bizimlə müharibə aparır. Bu, həyasızlığın son həddidir. Bizi məcburən müharibəyə cəlb edən işğalçı öz cəzasını almalıdır və alacaq da.
Qoca tarix həmişə sübut edib ki, təcavüzkar gec-tez öz cavabını alacaq. Əgər kimsə və ya hansı dövlətsə tarixi təcrübədən ibrət dərsi çıxarmağı bacarmırsa, tarix və zaman özü onu cəzalandırır. Uzağa getməyək, 2016-cı ilin Aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl və Tərtər rayonlarının 2 min hektar ərazisi erməni işğalından azad edildi. 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəkliklər azad edilərək 11 min hektar ərazi bizim nəzarətimizə keçdi. Bu döyüşlərdən heç bir ibrət dərsi götürməyən işğalçı dövlətin xunta rəhbərliyi yenidən bu ilin iyul və avqust aylarında təxribat törədərək mövqelərimizə və dinc əhaliyə ağır artilleriya atəşləri ilə hücuma keçməyə cəhd göstərdilər. Düşmən ağır itkilər verərək geri oturduldu. İndi isə yenidən təxribatçı hücuma keçməyə cəhdlər etdilər. Dərhal və vaxtında xalqa müraciət edən Prezident İlham Əliyev bu dəfə düşmənin hiyləgər və məkrli təxribatının qarşısını almaq və əks-hücüm əməliyyatına başlamaq haqqında qərar verdi. Hansı ki, bu qərarı xalqımız çoxdan gözləyirdi və bütün Azərbaycan xalqı Prezidentimizin bu ədalətli qərarına ürəkdən qoşularaq təcavüzkarı məhv etmək üçün döyüşə hazır olduqlarını bəyan etdilər.
Ölkə başçısı Ali Baş Komandan müraciətində qeyd etdi ki, “iyul təxribatından sonra demişdim ki, Ermənistanın ağır məğlubiyyəti onlar üçün dərs olmalıdır”. Ancaq onlar dərs almağı bacarmadılar. Avqust ayında da onlar növbəti təxribat törətdilər. Bu dəfə onlar özlərinin layiqli cəzalarını almalıdırlar.
Əgər bir tarixi təcrübəyə diqqət versək, o zaman bilərik ki, tarix boyu təcavüzkar tərəf həmişə ağır məğlubiyyətə uğrayıb. Vaxtilə “məğlubedilməz ordusu” ilə öyünən və lovğa-lovğa qalibiyyətdən dəm vuran faşistlər son nəticədə nəinki ağır məğlubiyyətə uğradılar, həm də öz Vətənləri olan Berlin şəhərinin 4 hissəyə parçalanmasının günahkarı oldular. Faşist Ermənistan rəhbərliyini də elə acı və kədərli məğlubiyyət gözləyir. Ona görə ki, artıq nə bu döyüş əvvəlki döyüşlər deyil və nə də bugünkü Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan bu gün qüdrətli rəhbərliyə, inkişaf etmiş iqtisadiyyata və dünyada ən güclü orduya malikdir. Azərbaycan Ordusu bütün sahələrdə Ermənistandan güclüdür.
Ermənistan cəbhələrinin faşist xislətli, işğalçı və məkrli niyyəti, avantürist və təxribatçı hərəkətləri hamını bezdirib. Cənab Prezidentimizin də dediyi kimi, daha bəsdir, “biz 32 ildir ki, dözüm göstərmişik. Amma səbrin də, dözümün də həddi var”. Bəli, bu, həqiqətən belədir. Azərbaycan xalqı qonaqpərvər, beynəlmiləlçi və sülhsevər xalq olduğu kimi, həm də qəhrəman xalqdır. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, hələ Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı öz qəhrəman və igid əsgərləri ilə bütün dünyaya nümayiş etdirdi ki, bu xalq döyüşlərdən üzü ağ çıxan, qalib xalqdır. İsrafil Məmmədov 7 nəfər dəstəsi ilə 700 faşisti, tək özü isə 70 nəfər faşisti məhv etdi. Hətta Sovet marşalları və generalları Jukov, Vatutin, Qreçko, Rokosovski və b. azərbaycanlıların döyüş səhnəsini müşahidə edərkən demişdilər ki, onlar (yəni azərbaycanlılar) döyüşdə şir kimi döyüşür, pələng kimi hücuma keçirlər. İsrafil Məmmədov, Həzi Aslanov, Qafur Məmmədov, Gəray Əsədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov kimi qəhrəmanlar yetirən xalqımız bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın əmrini igidliklə icra edirlər.
Sentyabrın 27-də başlanan müharibə Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcından xəbər verir. Bu tarixdən başlayaraq bütün Azərbaycan xalqı ayağa durub. Xalq cənab Prezidentimizin əks-hücum qərarını ürəkdən bəyənir və bütün varlığı və gücü ilə ölkə başçısının yanındadır. Xalq-Prezident birliyi, xalq-dövlət birliyi, xalq-ordu birliyi bu gün tam gücü ilə özünü göstərir. Tarix də sübut edib ki, möhkəm arxa cəbhə ön cəbhədə ordunun qələbələrinə tam təminatdır. Bu birlik, xalq-ordu birliyi isə sarsılmazdır. Bu birliyin potensial gücü ilə məkrli düşmən tezliklə məhv ediləcək, torpaqlarımız işğaldan azad ediləcək, Fundamental zəfərlər əldə ediləcək, Böyük Tarixi Qələbə qazanılacaqdır.
Dünyanın dövlət və hökumət başçıları bilirlər ki, Azərbaycan ədalətli müharibəyə cəlb edilib. Xalqımız özünün ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan müharibə meydanındadır. Biz haqq işi uğrunda, torpaqlarımızı işğaldan azad etmək uğrunda, işğal altında olan Qarabağı, Şuşanı və digər ərazilərimizi azad etmək uğrunda mübarizə aparırıq. Bu, Vətən müharibəsidir. Vətən müharibəsi isə ədalətli müharibədir. Bu ədalətli müharibədə Uca Tanrı qəhrəman və igid əsgərlərimizə kömək etsin.
Ali Baş Komandan Prezident İlham Əliyev dəfələrlə demişdir: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Nuru MƏMMƏDOV,
Tarix elmləri doktoru, professor.
Respublika.- 2020.- 7 oktyabr.- S.4.