Ordumuzun Qarabağ mücadiləsi

 

Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Bununla bərabər, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar da heç bir nəticə vermir. Faşist ideologiyalı Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədir.

 

 

 

Son aylarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları intensiv xarakter almışdır.

 

Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçılıq siyasətini davam etdirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurur. Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmır və bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır.

 

İşğalçı, tarix boyu türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan Ermənistan əl çəkmək niyyətində deyil. Sentyabrın 27-də səhər saatlarında işğalçı dövlət cəbhənin təmas xəttində mülki əhalinin yerləşdiyi ərazilərə qarşı hərbi təxribatlara başlayıb və xüsusilə, mülki vətəndaşlarımızı hədəfə alıb. Lakin Azərbaycan Ordusu düşmənə layiqli cavablar verir və sarsıdıcı zərbələr endirir. Əminliklə demək olar ki, Ordumuzun bu addımları torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir yekun, uğurlu nəticəyə nail olunmasına yol açacaq. Azərbaycan beynəlxalq hüquq normalarına hər zaman sadiqlik nümayiş etdirən ölkədir və Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Vurğulamaq lazımdır ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək, qüdrətli Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğladan azad olunması üçün sona qədər mübarizə aparacaq.

 

Prezident İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq etmişdir ki, Tovuz hadisələrindən sonra əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr, peşman olacaqlar. Azərbaycan Ordusu 2016-cı ildə, 2018-ci ildə, 2020-ci ilin iyul ayında düşmənin əməlli-başlı dərsini verdi, belə hadisələr çox olub.

 

Azərbaycan Ordusu ermənilərin hərbi təxribatına cavab olaraq hazırda cəbhənin müxtəlif ərazilərində əks-hücum əməliyyatı keçirir. Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər və əlverişli ərazilər azad olunmuşdur.

 

Qürur hissi ilə vurğulamaq lazımdır ki, Ordumuzun şəxsi heyətində yüksək əhval-ruhiyyə var. Hər gün Ordumuzun mütəşəkkil döyüş hazırlığının, əsgərlərimizin çox yüksək vətənpərvərlik hissinin şahidi oluruq. Bilirik ki, Ordumuzun maddi-texniki bazası son dərəcə güclüdür.

 

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü sayəsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.

 

Təmas xəttində yaranmış mürəkkəb və gərgin vəziyyətin təqsirkarı Ermənistan və onun planlaşdırılmış məkrli təxribatlarıdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Ermənistan ordusu mülki əhalini də hədəfə alır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı evmülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Ancaq erməni hücumunun qarşısı qətiyyətlə alınır, işğal altında olan ərazilərimiz azad olunur, ermənilər ağır itkilər verərək, onlara məxsus tank və digər texniki hərbi sursatları ataraq qaçmağa məcbur olurlar.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqına müraciətində demişdir:

 

Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. 30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Amma bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətinə salıb. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərlərinin bizim torpaqlardaişi var? Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!”

 

Qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Qələbə günü yaxınlaşır. Şəxsən mən əminəm ki, vaxt gələcək ki, 30 ilə yaxın işğal altındakı Qərbi Azərbaycandakı Dərələyəz mahalına da dönüş başlanacaq, mənfur ermənilər məcburən o yerləri də tərk edəcəkdir.

 

Qürurla qeyd edilməlidir ki, bu günlərdə Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı, Cəbrayıl şəhəri və rayonun bir neçə kəndləri işğaldan azad olundu.

 

 

 

Rəsul BAYRAMOV,

Səyyar-A” MMC-nin

direktoru.

 

Respublika.- 2020.- 7 oktyabr.- S.9.