Xoş müjdəli sabahların sorağındayıq

 

Bilsin Ana torpaq, eşitsin Vətən,

Müsəlləh əsgərəm mən bu gündən.

 

S.VURĞUN.

 

30 ildir ki, içimizdə torpaq nisgili, Vətən dərdi böyüdü, qol-budaq atdı. Amma arzularımızdan, ümidlərimizdən, Qarabağımızdan bir an belə dönmədik. Səsimizdə, sözümüzdə, həsrətimizdə, ağrı-acımızda harayladıq düşmən caynağındakı torpaqlarımızı. Əlimiz Vətənin gözüyaşlı , qubarlı torpağına, daşına, sinəsi dağlı çiçəklərinə çatsın deyə illərdir bu günü həsrətlə gözlədik. Və nəhayət, 27 sentyabr - bir payız günü bu həsrəti ovutdu, ümidli sabahımızın müjdəçisi oldu.

 

Sentyabr ayının 27-də mənfur ermənilər həmişə olduğu kimi, yenə də mülki əhalini atəşə tutdular. Şanlı Ordumuz bu dəfə cəbhə boyu hücuma keçdi və düşmənə illərdi vermədiyi cavabı verdi. Həyat yoldaşım Tofiq müəllim bu xəbəri verəndə sevincimdən ağladım. Nəhayət, illərdi gözlədiyimiz o gün bu gün idi - 27 Sentyabr.

 

Mən Tərtər rayonunda doğulub boya-başa çatmışam. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zamanı Bərdə Rayon Xəstəxanasında həkim işlədiyim dövrlər idi. Vətənimizin ərazi bütövlüyü uğrunda Tərtərdə, Ağdamda, Xocalıda gedən döyüşlərdə yaralanan əsgərlərimizi Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirirdilər. Çox hadisələrin şahidi olmuşam, Kəlbəcərdən mülki əhalini daşıyan vertolyotun vurulması nəticəsində gətirilən yaralılar və Xocalıdan gətirilən donmuş insanlar gözümün önündən bir an da olsa çəkilmir.

 

Müharibə şəraitində yaşayırdıq o vaxt. Doğma yurd yerimizi tərk etmədik. Ata-babalarımızın uyuduğu torpaqları mənfur düşmənə buraxmadıq. Bu günə qədər doğma yurd yerlərimizə tez-tez gedir, bir gün belə olsun əlaqələrimizi kəsmirik. Hər gedişimizdə yurd həsrəti ilə döyünən ürəyimiz göyüm-göyüm göynəyirdi. Bu günlərdə yolumuz yenə doğma Tərtərə düşdü. Lakin bu gediş həmişəki gedişə bənzəmirdi. Şanlı Ordumuz Ali Baş Komandanımızdan Vətən torpaqlarımızı düşməndən təmizləmək əmri almışdı. Ərənlərimiz zəfər yürüşünə çıxmışdılar. Hacıqabuldan başlayaraq yol boyu insanların böyük ruh yüksəkliyi ilə bir məqsədlə, bir amalla ayağa qalxdığının şahidi olduq. Bərdə Rayon Xəstəxanasının qarşısında yaralı əsgərlərimizə qan vermək növbəsində dayanan insanların sayı-hesabı yox idi. Həyat yoldaşım, övladlarımla birlikdə biz böyük qürur hissi ilə qanvermə aksiyasına qoşulduq. Vaxtilə bu xəstəxanada birlikdə işlədiyim həkim yoldaşlarımdan Ədalət Süleymanov, Zaur Əliyev, Hafiz Əliyev, Zülfiyyə Hacıyeva, Asəf Fərzəliyev, Zöhrab Eyvazov, Vidadi Həsənov, Şəmil Xaliq Məmmədovların gecə-gündüz bilmədən yaralılara yardım göstərmələri, ermənilər tərəfindən ölkəmizə elan olunmamış müharibə zamanı Kəlbəcər rayonundan qaçqın düşmüş, hələ orta məktəbin 4-cü sinfində oxuyarkən erməni vəhşiliklərinin canlı şahidi olmuş Anar Yusifovun bu gün cərrah kimi könüllü olaraq döyüş bölgəsinə yollanması, xalqının, millətinin yolunda əlindən gələni əsirgəməyən həkim yoldaşlarımın ön arxa cəbhədə qəhrəmanlıqla xidmət göstərmələri qəlbimdə fəxarət hissi oyadır.

 

Həkimi, polisi, adi vətəndaşı, qocası, cavanı - hamı bir yumruq olub bu gün. Torpaqlarını işğalçı ermənilərdən azad etmək istəyən Xalqım, sənin bu gününə, qüdrətinə, qeyrətinə, birliyinə min əhsən. Balalarını cəbhəyə toy-bayrama gedər kimi yola salan anaların, şəhid ərənlərini təmkinlə qarşılayan qız-gəlinlərin qeyrətinə alqış. Qarşında baş əyirəm, mənim qüdrətli Xalqım.

 

Döyüşlərə gedən xalqın

 

Çöhrəsində sevinc var.

 

Yağılara, vəhşilərə

 

Qala bilməz bu torpaq.

 

Hər birimiz Vətənimizin bütövlüyü uğrunda rəşadətlə vuruşan şanlı Ordumuzun bu zəfər döyüşündə, haqq savaşında qalib gələcəyinə, üçrəngli Azərbaycan bayrağımızın işğal altında olan müqəddəs torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına əminik.

 

Qəlbimizdə Vətən sevdası, dilimizdə Azərbaycan nidası ümidli, xoş müjdəli sabahların sorağındayıq, doğma Ana Vətən!

 

 

 

Sona ƏSGƏROVA,

Tibb elmləri üzrə fəlsəfə doktoru,

cərrah, mama-ginekoloq.

 

Respublika.- 2020.- 7 oktyabr.- S.10.