Vətən qəhrəmanları ilə
tanınır
Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cəmşid xan Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ancaq unutmayaq ki, qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimiz dövründə canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov idi.
Mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində dünyaya göz açmışdır. 1998-ci ildə rayonun 1 saylı orta məktəbini bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur. Hazırda 1 saylı orta məktəb Milli Qəhrəmanımız Samid İmanovun adını daşıyır. 2003-cü ildə hərbi təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin vaxtdan Silahlı Qüvvələrimizin döyüş təyinatlı hərbi hissələrin birində xidmətə başlamış, qısa müddətdə zabit vəzifəsinə yüksəlmişdir.
Bu günlərdə Milli Qəhrəmanın həyat yoldaşı Badam İmanova ilə görüşüb söhbət etmişik. O, bizimlə söhbətində bildirdi ki, İmanov Samid Gülağa oğlu 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət etmişdir. Bir müddət müdafiə naziri Zakir Həsənovun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb, sonra yenidən öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinə qayıtmış, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdi.
Özünü peşəkar hərbçi kimi formalaşdırmaq üçün Samid daim öz üzərində çalışırdı. Türkiyə respublikasında “Daxili Təhlükəsizlik əməliyyatlarının planlaşdırması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq”, 2007-ci ildə “Anadolu - 2007” və “Anadolu Qartalı - 2007” birgə taktiki təlimlərlə yanaşı həm də Pakistanda “Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak etmişdir.
2014-cü ilin avqust ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında dəstə qarşı tərəfə keçmiş və əməliyyat keçirmişdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilmişdir. Bu döyüşdə göstərdiyi xüsusi fədakarlığa görə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilərək mükafatlandırılmışdır. Samidin başçılıq etdiyi dəstə onun yüksək komandirlik bacarığı sayəsində daim döyüş uğurları ilə seçilirdi.
2016-cı il aprelin 2-dən 5-nə qədər qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələri tərəfindən törədilən silahlı təxribatın qarşısı alınarkən Tərtər istiqamətindəki Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə Samid ayağından və çiynindən qəlpə yarası alır. Əsgərlər onu döyüş meydanından çıxarmaq istəsələr də, Samid qəti etiraz edir və onun əvəzinə yaralı giziri çıxarmağı əmr edir, son damla qanına qədər döyüşməyi seçir. Əsgərlər geri qayıdanda Samid artıq orada deyildi. O, əsgərləri uzaqlaşdırdıqdan sonra erməni tərəfə əsir düşməmək üçün oradan nisbətən əlverişli yerə çəkilib əlindəki qumbaranı hazır vəziyyətdə saxlayır. Samid şərəfli ölümü düşmənə əsir düşməkdən üstün tuturdu. O, qanaxma nəticəsində qəhrəmancasına şəhid olur. Aprelin 8-i mayor Samid İmanovun nəşi neytral ərazidən götürülür və aprelin 9-da izdihamla son mənzilə yola salınır.
Ondan iki övladı - Fidan və Turan yadigar
qalıb.
Badam xanım Samidin xaraktercə çox sakit, təmkinli, qayğıkeş, anlayışlı
olduğunu deyir: “Samid heç vaxt sirr verməzdi.
Xasiyyətinə bələd olduğum
üçün artıq
suallar verməzdim.
Vaxtını daha çox
hərbi hissədə
keçirərdi. Xüsusən də bayramları əsgərləri ilə
keçirməyi üstün
tuturdu. Onun evdə olduğu
vaxtlar isə bizim üçün bayram olardı. Samid uğurları ilə, göstərdiyi fədakarlıqları
ilə heç vaxt öyünməzdi.
Oğlum Turan yeni dünyaya
gəlmişdi və
biz Samidlə dövlət
tərəfindən verilən
xidməti evə köçməyə hazırlaşırdıq. Hətta
müəyyən ev əşyalarını
da aparmışdıq.
Çox sevinirdik ki, evimiz Samidin
işinə yaxındır
və biz bir az da olsa, əvvəlkindən çox görə biləcəyik onu. Samidin yolunu daha saatlarla,
günlərlə gözləməyəcəyəm.
Amma taleyin yazısı fərqli imiş. Nə biləydik ki, martın 28-i Samidlə keçirdiyimiz son gün olacaq. Bundan belə biz onun
yolunu bir ömür boyu gözləyəcəyik. Bütün qurduğumuz arzular bir anın içində
alt-üst oldu və biz Samidi bir ömürlük itirdik. Artıq qızımız Fidanın 6 yaşı
var. Çox şeyi başa düşür, amma ən əsası
atasının harda olduğunu, heç vaxt gəlməyəcəyini
deyə bilməmişəm.
Suallarından hər dəfə
bir cür yayınıram. Ona atasının
qəhrəman olduğunu
və daim bizi, uşaqları, dövlətimizi qorumaq üçün səngərdə
qaldığını demişəm.
Oğlumuz Turan isə
hələ indi “Ata” kəlməsinin nə olduğunu başa düşməyə başlayıb.
Hərdən onların ataları
barədə söhbətlərinin
şahidi oluram. Bir-birini sakitləşdirərək, atalarının
gəldiyi gün hər şeyin daha gözəl, maraqlı olacağına ümid edirlər. Bu söhbətləri məni çox kövrəldir. Samidin Turan
barədə çox
arzuları var idi. Onu da özü
kimi mərd, şücaətli, qətiyyətli
böyüdəcəkdi. Arzu edirdi ki, oğlum
olandan sonra onu tez-tez işlədiyim
hərbi hissəyə
aparacağam ki, qoy elə kiçik
yaşlarından hərb
sənətini sevsin.
Amma oğlunu cəmi iki dəfə qucağına götürmək
imkanı oldu. Oğlumuz Turanın atası ilə bir dənə
də olsun xatirə şəkli olmadı.
Samid hər zaman az danışar,
amma sakit baxışları ilə
çox şey deyərdi. Heç zaman peşəsinin
çətin, riskli olduğunu mənə bildirməzdi. Samid hərb
sənəti üçün
dünyaya gəlmişdi,
peşəsini çox
sevirdi. Elə peşəsinə, Vətəninə, dövlətinə,
andına sadiq qalaraq da dünyadan
köçdü.
Mənim
üçün, övladlarım
üçün Samidin
yerini heç kim, heç
nə verməyəcək.
Onun nəfəsi belə bizim xoşbəxtliyimiz üçün bəs idi. Samidin yoxluğu, onun
həyatımızdakı boşluğu
heç zaman dolmayacaq. Amma əminəm ki,
Fidan və Turan böyüyəndə
ataları ilə fəxr edəcək, öyünəcək və
başa düşəndə
ki, qəhrəman atası ilə bütün Azərbaycan fəxr edir, onların qüruru yerə-göyə sığmayacaq.
İnsan qəlbinin ən gözəl, ən böyük nəğməsi
vətən nəğməsidir. Tanrı tərəfindən
seçilmiş insanlar
var ki, bu
nəğmə onları
beşikdən qəbir
evinə kimi müşayiət edir.
Erkən
yaşlarından müharibənin
dəhşətlərini görüb
yaşayan insanların
ürəkləri isə
bu nəğməni qisas yanğısı, döyüş harayı ilə oxuyur. Milli Qəhrəmanımız
Samid İmanov kimi...
Bu gün Azərbaycan
xalqı ayaqdadır, hamı döyüşmək,
işğal altında
qalan torpaqlarımızı
azad etmək üçün ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşmişdir. Yüz minlərlə
soydaşımız döyüşçülərimizə
köməyə getmək
üçün səfərbər
olunub. Düşmənə qarşı nifrət,
axıdılan nahaq qanların qisasının
alınması üçün
hamıda döyüş
əhvali-ruhiyyəsi var.
Qəhrəman əsgərlərimizin rəşadəti
nəticəsində hər
gün böyük uğurlarımızın olacağı
şübhəsizdir. Tam qələbənin əldə
ediləcəyi günü
əminliklə gözləyirik.
Bəli qələbə bizimlə
olacaq çünki bizim işimiz haqq işidir. Torpaqlarımızı mənfur ermənilərin
işğalından azad
etmək istəyirik və azad da
edəcəyik. Artıq qələbə
xəbərləri gəlməkdədir.
Bir neçə kəndimiz işğaldan azad edilib.
Rəşadətli Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz
xalqımızın çoxdan
gözlədiyi qələbəni
təmin etməyə
qadirdir. Bütün xalqımız yağı
düşmənə layiqli
cavab vermək üçün doğma Qarabağımızı düşmən
tapdağından azad etmək naminə səfərbər olunaraq
Ali Baş Komandanın
ətrafında sıx
birləşib. Xalqımızın ordumuzla bir yumruq
altında birləşərək
düşmənə həlledici
zərbə endirməyinin
tam zamanıdır. Hər bir
Azərbaycan vətəndaşı
igid əsgərlərimizin
yanındadır, onunla
birdir.
Bəli, biz də qələbəyə
inanırıq. İnanırıq ki, Samid kimi yüzlərlə şəhidimizin qanı yerdə qalmayacaq. Dövlət
başçısının dediyi kimi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!”.
Xoş müjdələr sorağı
ilə söhbəti qələmə aldı:
Nurəngiz ADİLQIZI,
Respublika.- 2020.- 7 oktyabr.- S.10.