Xalq-ordu birliyi sayəsində şanlı
qələbəyə nail olacağıq!
“Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti,
Ali
Baş Komandan.
Müstəqilliyin ilk illərində erməni
silahlılarının Dağlıq Qarabağa və həmsərhəd
ərazilərə hücumu, işğalçılıq
siyasəti vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu, demək
olar ki, Ermənistanla müharibənin gedişində
formalaşdı. Ordunun qurulmasında, ondan əvvəl isə
özünümüdafiə batalyonlarının
yaradılmasında və kəndlərin qorunmasında məhz
Sovet dövründə SSRİ-nin nüfuzlu ali
hərbi məktəblərinin məzunları olmuş zabitlər
əvəzsiz rol oynadılar. Qarabağda erməni
işğalçılarının kənd və rayonlarımızı
viranə qoyması, paytaxta köçkün axını,
mürəkkəb ictimai-siyasi və hərbi şəraitdə
ölkəyə olan təhdidlər Azərbaycanın müstəqilliyini
də təhlükə altına qoyurdu. Xalqı
bu qan-qadadan xilas edə biləcək güclü bir liderə
ehtiyac duyulurdu. Odur ki, 1993-cü il
iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli
tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan
sonra qısa müddətdə ayrı-ayrı siyasi qüvvələrə
xidmət edən hərbi birləşmələr əvəzinə,
vahid komandanlığa tabe olan nizami ordu
formalaşdırıldı. Onun ölkə rəhbərliyinə
qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial,
iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
əsl dönüş yaratdı. Milli
Ordunun formalaşdırılması, Azərbaycanın milli
maraqlarını qorumağa qadir olan nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar
atıldı. Bütün siyasi və diplomatik vasitələrin
işə salınması nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə
edildi. Atəşkəsin elan edilməsi Azərbaycanın
dövlət olaraq, iqtisadi, sosial, siyasi və hərbi
baxımdan dirçəlməsi, qüdrətlənməsi,
ordusunu dünya standartlarına uyğun
formalaşdırması üçün çox önəmli
idi. Məhz ölkədə nisbi sakitlik bərpa
edildikdən sonra ordu quruculuğu ilə bağlı
genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı
qoşun növlərinin sistemləşdirilməsi başa
çatdırıldı. Orduya
çağırışla bağlı bütün problemlər
həll edildi. Dövlətçiliyi və
hərbi andı hər şeydən uca tutan, hərbçi
olmağı şərəf bilən zabitlər hərbi hissələrin
rəhbərliyinə cəlb olundu. Ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşdırıldı.
Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş ruhunun yüksəldilməsinə
diqqət artırıldı, gənclər arasında hərbi-vətənpərvərlik
duyğularının artırılması istiqamətində
işlər görüldü. Ordu
quruculuğunun müxtəlif sahələri ilə
bağlı zəruri olan qanunlar qəbul edildi.
Ölkədə hərbi kadr hazırlığı və
beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi
formalaşdırıldı. Ümummilli lider Heydər Əliyev
demişdir: “Biz bu gün böyük iftixar hissi ilə deyirik
ki, Azərbaycan Respublikasının Milli Ordusu -
respublikamızın milli təhlükəsizliyini, əhalimizin
əmin-amanlığını və mühafizəsini təmin
etmək üçün, ölkəmizin sərhədlərinin
qorunması, ərazi bütövlüyünün,
torpaqlarının müdafiə edilməsi üçün
Azərbaycanın layiqli Silahlı Qüvvələri
vardır”.
Əgər
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev
hakimiyyətə qayıtmasa, öz zəngin dövlət idarəçiliyi
təcrübəsi, rasional düşüncəsi, iradəsi,
qətiyyəti sayəsində dövlətin digər
atributları ilə yanaşı, Milli Ordu quruculuğuna
başlamasaydı, nələrin baş verəcəyini
göz önünə gətirmək belə adamı dəhşətə
gətirir. Qısa zamanda Milli Ordunun
formalaşması üçün təcili və təxirəsalınmaz
tədbirlər başlandı. Hər
şeydən əvvəl bütün silahlı qüvvələr
vahid komandanlıq altında birləşdi, ciddi struktur və
kadr dəyişiklikləri həyata keçirildi və ordunun
siyasiləşdirilməsi kəskinliklə aradan
qaldırıldı.
Yaxşı
yadımızdadır, 1994-cü il
yanvarın 24-də ümummilli lider Heydər Əliyev cəbhəyə
yola düşən yeni hərbi hissənin şəxsi heyətinə
xeyir-dua verərkən deyirdi: “Bilin ki, sizin hər birinizin
arxasında böyük Azərbaycan ölkəsi durmuşdur.
Bilin ki, hər biriniz öz doğma vətəninizi,
öz ananızı, atanızı, bacınızı,
qardaşınızı müdafə etmək
üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız
Azərbaycan Respublikasının müstəqilliyinə və
ərazi bütövlüyünə kömək edəcəkdir.
Bilin ki, ümumi qələbəmiz sizin hər
birinizin fəaliyyətindən, qəhrəmanlığından
asılıdır”.
Artıq bir necə gundur ki, Vətənimizdə
qanlı doyuslər davam edir. Erməni
isgalçı qüvvələri tarixi, əzəli Azərbaycan
torpaqlarında xalqımıza qarsı hərbi əməliyyatlar
aparmaqdadır.
Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək
səviyyədədir. Bütün yaralı əsgər və
zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə
sağalıb yenə də döyüş bölgələrinə
getsinlər, Vətən uğrunda haqlı savaşı davam
etdirsinlər. Bu eyni zamanda Azərbaycan əsgərinin
əhval-ruhiyyəsinin ən yüksək səviyyədə
olmasının göstəricisidir. Bu
gün döyüş meydanında əldə olunmuş
üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz,
strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan
əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq
borcunu şərəflə və ləyaqətlə yerinə
yetirir.
Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin
gücünü və yüksək döyüş qabiliyyətini
aydın nümayiş etdirdi. Erməni
işğalçıları əmin oldular ki, onların
qarşısında 1990-cı illərin əvvəllərində
olduğu kimi, pərakəndə hərbi dəstələr
deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan
döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən
güclü ordusudur və qarşısına qoyulmuş istənilən
vəzifəni icra etmək qüdrətindədir.
ümumiyyətlə, Azərbaycanın qüdrətli və
nizami orduya malik olması məhz ümummilli lider Heydər
Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev ulu öndərin
ideyalarını layiqincə yerinə yetirərək ordu
quruculuğu sahəsində səylərini daha da
artırıb, Azərbaycan Silahlı Qüvvələrinin
müasir hərbi texnika ilə təchiz edilməsinə,
möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə
seçilən, düşmənə sarsıdıcı zərbə
vurmağa qadir bir ordu yaradılmasına nail olub. Ona görə də cəbhə xəttində erməni
silahlılarının bütün təxribat cəhdlərinin
qarşısı qətiyyətlə alınır,
düşmənə layiqli cavab verilir. Azərbaycan
Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir
silahlarla təminatı, ən əsası şəxsi heyətin
döyüş ruhu, mənəvi ovqatı və ordu ilə
xalqın monolit birliyi bunu deməyə əsas verir ki, ordumuz
işğal altında olan torpaqlarımızı azad etməyə
tam hazırdır.
Ali
Baş Komandan, Prezident İlham Əliyevin apardığı
ardıcıl siyasətin nəticəsində bu gün
ordumuza göstərilən diqqət sayəsində Silahlı
Qüvvələrimiz müasir silah-sursat, döyüş
texnikası, o cümlədən təyyarə, helikopter və
artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin
sayı və döyüş əzmi baxımından
düşmən ordusunu dəfələrlə qabaqlayır. Çox böyük qürurverici haldır ki, bu dəfə
də Silahlı Qüvvələrin bütün şəxsi
heyəti qisas və qələbə hissi ilə
yaşayır, torpaqlarımızı işğaldan azad etmək
uğrunda müqəddəs borcunu yerinə yetirməyə
qadir olduqlarını nümayiş etdirirlər. Azərbaycan əsgəri yalnız öz gücü
və qüvvəsinə güvənərək düşməni
işğal olunmuş torpaqlardan qovmaqla ərazi
bütövlüyümüzü bərpa etməyə qadir
olduqlarını əzmkarlıqla nümayiş etdirirlər.
Təbii ki, bütün bunlar Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyevin tövsiyə və
tapşırıqları əsasında
reallaşdırılır.
2016-cı ilin aprelin 2-nə keçən gecə cəbhə
xəttində baş verən qanlı döyüşlərə
səbəb yenə də ermənilərin növbəti təxribatlara
cəhdi olmuşdur. Ancaq görünür, bu dəfə Milli
Ordumuz düşmənə layiq olduğu yeri göstərdi.
Böyük itkilər verən Ermənistan hərbçiləri
çıxış yolunu qaçıb canlarını
qurtarmaqda gördülər. Belə də
olmalı idi. Çünki bu gün Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə ölkədə güclü nizami ordu qurulub,
Silahlı Qüvvələr müasir texnika, hərbi sursatla təchiz
olunub və bölgənin ən güclü ordusuna
çevrilib. Azərbaycan Ordusunun peşəkarlığı,
döyüş qabiliyyəti gündən-günə
artır, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
zəruri addımlar atılır. Hərbçilərin
sosial müdafiə məsələlərinin gücləndirilməsi
daim dövlətimizin diqqət mərkəzindədir. Ordumuza xidmət edənlərin əksəriyyəti
gənclərdir. Onlar milli vətənpərvərlik
ruhunda tərbiyə alırlar, ümidləri doğruldur və
Vətənin hər qarış torpağı uğrunda
canlarını qurban verməyə hazırdırlar. Müharibə və atəşkəs zamanında
itkilər vermək təbii haldır. Vətən,
torpaq uğrunda həlak olmuş bütün şəhidlərimiz
bizim fəxrimiz, qürurumuzdur. Biz
onların ruhu qarşısında baş əyirik.
Xəbər verildiyi kimi, sülh
çağırışlarına məhəl qoymayan Ermənistan
sentyabrın 27-də səhər saatlarında
qoşunların təmas xəttində növbəti
genişmiqyaslı təxribata əl atıb. Buna cavab olaraq
Azərbaycan Ordusunun Komandanlığı tərəfindən
Silahlı Qüvvələrin döyüş aktivliyinin
qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini
təmin etmək məqsədilə
qoşunlarımızın bütün cəbhə boyu əks-hücum
əməliyyatına başlaması barədə qərar qəbul
edilib. Şübhə yoxdur ki, Azərbaycan
Ordusu ölkənin ərazi bütövlüyünü tam bərpa
edəcək. Bu günlərdə təmas
xəttində baş verən döyüşlərdə
ağır məğlubiyyətə uğrayan Ermənistan tərəfi
Azərbaycan Milli Ordusunun hansı qüdrətə malik
olduğunu gördü. Düşmənə
bəlli oldu ki, Azərbaycan Ordusu həm peşəkarlıq,
həm texniki, həm də hazırlıq baxımından nəinki
Qafqazda, hətta dünyada ən yüksək səviyyədədir.
Bizim ordu ilə üz-üzə gəlməyə
qadir olmadığını görən Ermənistan tərəfi
dərhal beynəlxalq təşkilatların
qapısını döyərək, yenidən ənənəvi
əzabkeş obrazına girdi. Döyüşlər
barədə saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini
aldatmağa cəhd etdi. Lakin reallıq başqadır:
döyüşlər işğal edilmiş Azərbaycan
torpaqlarında gedir, bu isə o deməkdir ki, bundan əziyyət
çəkən məhz bizim mülki şəxslərdir. Artıq bunu beynəlxalq aləm də çox
yaxşı bilir.
Azərbaycan işğalla heç zaman
barışmayacaq. Azərbaycanın tam haqqı var ki, öz
torpaqlarını işğaldan azad etsin. Tarixi
həqiqət, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycan
əsgərinin tərəfindədir. Azərbaycan
Prezidenti xəbərdarlıq etmişdi ki, əgər iyul və
avqust aylarında Azərbaycana qarşı törədilmiş
hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman
olacaq. Təəssüf ki, Ermənistan bu
xəbərdarlıqdan nəticə çıxarmadı, yeni
təxribatlar törətməyə çalışdı və
bunun da layiqli cavabını aldı.
Ölkə Prezidenti cənab İlham Əliyev
sentyabrın 27-dən başlanan hərbi təxribatı
zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi
Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə
görüşündəki çıxışında
Silahlı Qüvvələrimizin ölkənin ərazi
bütövlüyünün təmin olunması uğrunda
döyüşlərə başlamasını yüksək
dəyərləndirib. 2020-ci ilin 27 sentyabrı ümumilikdə
xalqımızın yaddaşında qalacaq. Xalqın hafizəsinə bu tarix əbədi
yazılacaqdır. Ona görə ki, 30 ildən
artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində yeni mərhələnin
başlancığı oldu.
Erməni vandallarının təxribat cəhdi dərhal
Azərbaycan Ordusunun daha sərt üzü ilə
qarşılaşdı. Yenilməz xalqımız, dövlətimiz,
ordumuz yumruq kimi birləşdi, səfərbər oldu.
Dağlıq Qarabağa, işğal olunmuş torpaqlara
qayıtmaq eşqi, həvəsi səbir kasası
daşmış xalqı heç nədən çəkinməməyə
vadar edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik
Şurasının iclasında demişdir: “Mən əminəm
ki, bizim uğurlu əks-hücum əməliyyatımız
işğala son qoyacaqdır! Ədalətsizliyə son
qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son
qoyacaqdır! Çünki Azərbaycan xalqı
öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti
ilə yaşayır. Ermənilər tərəfindən,
Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba
torpaqlarından zorla didərgin salınmış insanlar
öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər
tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin
qalıqlarına. Baxın Füzuli şəhərinin
qalıqlarına. Baxın işğal
edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın
dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları
törədib və biz tam haqlıyıq. Bizim
mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan
vətəndaşları dövlətə tam dəstək
göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan
Ordusunun yanındadır. Otuz ilə
yaxın öz doğma torpaqlarına qayıda bilməyən
soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən
gələni edəcəyik ki, sizi öz doğma
torpaqlarınıza qaytaraq. Mən Ermənistana
xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən
sonra bir neçə dəfə xəbərdarlıq
etmişdim ki, əgər onlar öz çirkin əməllərindən
əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul
ayında dərs verdik. Amma
görünür ki, bu, onlar üçün dərs
olmadı. Bu dəfə də dərs
veririk və verəcəyik. Bu gün
şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum
əməliyyatı keçirir və bu əməliyyat davam
edir. Onu da bildirməliyəm ki, bizim
bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə
ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü
yazılanların sayı on minlərlə insanı əhatə
edir. Bu, xalqımızın öz dövlətinə
sadiqliyini göstərir”.
Cəmi bir neçə gün ərzində də
önəmli yüksəkliklər işğaldan azad
edilmiş, nəzarətə
götürülmüşdür. Düşmənin
xeyli sayda canlı qüvvəsi məhv edilmişdir. Məhv edilən, sıradan çıxarılan hərbi
texnikanın, silah-sursatın isə sayı-hesabı yoxdur.
Artıq Azərbaycan Ordusu dayanmaq fikrində
deyil, o, Qarabağı, işğal olunmuş
torpaqlarımızı son qarışınacan azad etmək əzmində,
qüdrətində və qərarındadır. Onu bu
yoldan, Haqq savaşından heç kim və
heç nə dayandıra bilməz və bilməyəcək.
Qələbə, Zəfər Azərbaycanla, Azərbaycan
Ordusu ilədir.
Dağlıq Qarabağda hadisələr başlayanda
övladlarımın 2-3 yaşı var idi. Həmişə
fikirləşirdim ki, əgər torpaqlarımız
işğaldan azad olunmasa biz gələcək nəsillər
üçün böyük bir problem qoyacağıq. Nəvə-nəticələrimiz bizi həmişə
qınayacaq. Çox şükürlər
olsun ki, bu problem Prezident, Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə öz həllini yaxın
günlərdə tapacaq, müqəddəs
torpaqlarımız işğaldan tam azad olunacaqdır.
Azərbaycan xalqı bu gün həm həyəcanlı,
həm də qürurverici günlərini yaşayır. Cəbhə bölgəsində
Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin
keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir
olan, əldə etdiyi qələbələrlə fəxr edən
xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm
ölkənin qüdrətini artırır, həm də
ordunu daha da qüvvətli edir. Möhtərəm
İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə,
hərbi birləşmələrimizdə ruh yüksəkliyi
var. Eyni zamanda, ordumuza könüllü yazılanların
sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə
sadiqliyini göstərir. Bu gün hər
bir qeyrətli Azərbaycan vətəndaşı və
ziyalısı kimi, mən də həyatımın ən həyəcanlı
və şərəfli günlərini yaşayıram. Xalqımızın mərd, igid oğulları torpaqlarımızı
yağı düşməndən azad etmək naminə
canlarından keçirlər.
Hamımız üçün müqəddəs
sayılan torpaqlarımızın bir hissəsinin azad
olunması onu göstərdi ki, Vətənimizin hər
qarışı uğrunda canımızdan keçməyə
hazırıq.
Təki Müstəqil Azərbaycanın ərazi
bütövlüyü təmin olunsun. Artıq
böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan
Ordusunun qoşun növləri və bölmələrinin həyata
keçirdiyi uğurlu əks-həmlə əməliyyatı
nəticəsində işğal altında olan bir sıra kəndlərimiz,
vacib yüksəkliklər və əlverişli ərazilər
azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində
aparılan hərbi əməliyyat nəticəsində uzun
illər ərzində düşmən işğalı
altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd
Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri
düşməndən təmizlənib. Bundan
başqa, Goranboy istiqamətində qoşunlarımızın
keçirdiyi hərbi əməliyyat nəticəsində
Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib.
Son hadisələr Prezident-xalq-ordu birliyini bir daha
nümayiş etdirir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli
mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində
uğurla həyata keçirilən əks-hücum əməliyyatları
otuz ildən artıq davam edən işğala son qoyacaq!
Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum
əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı,
illərdən bəri işğal altında olan
torpaqlarımızın azad olunması arzularının
reallaşması, gerçəkləşməsi deməkdir.
Möhtərəm Prezidentimiz daim bəyan edir
ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda
yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin
təbliği onların ideoloji fəaliyyətinin əsasını
təşkil etməli, azərbaycançılıq məfkurəsinə
söykənməlidir.
Xalqımız
tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan
Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi öz ədalətli
həllini tapacaq, soydaşlarımız doğma
yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında,
inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Möhtərəm Prezidentimiz hər zaman bildirir ki,
xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər
zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz
şəraitdə yaşamasını istəyən, Azərbaycanın
ən yüksək zirvələri fəth etməsi
üçün təkmil islahatlar həyata keçirən, ən
əsası Azərbaycanın sözünü imzası qədər
dəyərli edən ölkə Prezidentinə milyonların
sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar
birliyi fonunda hər bir çətinlik dəf edilir,
qarşıya qoyulan hədəflərə yüksək səviyyədə
nail olunur. Daim inkişafın, tərəqqinin,
özünə diqqət və qayğının şahidi
olan xalqın dövlətinə, Prezidentinə inamı şəksizdir.
Xalqın öz rəhbərinə
inamının böyük olduğu ölkədə dövlət
başçısına milyonların sevgisi danılmazdır.
Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf
strategiyasının müəyyənləşdirilməsinə
geniş imkanlar açır. Dövlətimizin
başçısı cənab İlham Əliyev daim
çıxışlarında xalqa arxalandığını
bəyan edərək, irəli sürülən təşəbbüslərin
ölkə əhalisi tərəfindən dəstəklənməsinin
davamlı uğurlara yol açdığını diqqətə
çatdırır: “Mən həmişə Azərbaycan
xalqının dəstəyini hiss etmişəm və hiss edirəm.
Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və
xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra
da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Bu gün bu arzumuza qovuşmuşuq. 30 ildir ki, hər
birimizin ürəyindən düşmənə atəşlər
açılır. Bu gün yurd həsrəti
olan ürəklərimiz, nəhayət ki, yüngülləşir.
Övladlarımız igid bir xalqın cəsarətli
oğulları kimi cəbhədə vuruşduqca qürur
duyuruq. “Hər şeydən keçilər Vətəndən
keçilməz” deyirik. Azərbaycan, onun
övladları Vətən müharibəsi aparır, Vətən
uğrunda şəhid olur. İşğal
altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin
ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir.
Azərbaycanın ərazi
bütövlüyü, torpaqlarımızın
işğaldan azad olunması yolunda canından keçən
şəhidlərimizin qanının yerdə
qalmayacağını bəyan edən möhtərəm
Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə
və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim
işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bəlkə indiyədək Azərbaycan dilində
özünəməxsus missiyası olan nida işarəsi
heç bir zaman belə qətiyyətli görünməyib.
Çünki Qarabağ Azərbaycandır! hökmü
ölkə rəhbərinin dilində israrla, qətiyyətlə,
inamla təsdiq edilir!
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqa təbrikində dövlətimizin başçısı cənab İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Milli Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.
Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. Hər bir Azərbaycan vətəndaşı silaha sarılıb işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olmağa hazırdır. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır! Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayan və öz ülvi arzusuna çatmaq ərəfəsində olan xalqımız xoşbəxtdir!
Müstəqil Azərbaycan heç vaxt ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək. Dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq!
Aydın QASIMOV,
hüquq elmləri doktoru.
Respublika.- 2020.- 8 oktyabr.- S.5.