Mərd oğullarımıza dəstək
olmaq bizim üçün qürurdur
Məlum olduğu kimi, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, o cümlədən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə əl atmışlar. Bunun nəticəsində mülki əhali və hərbi qulluqçularımız arasında həlak olan və yaralananlar olmuş, çoxlu sayda evlərə və mülki obyektlərə ciddi ziyan dəymişdir.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır. Düşmən canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verərək işğal etdiyi ərazilərdən geri çəkilməyə başlamışdır.
Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də vətənpərvərlik hissini qat-qat artırmışdır. Vətəndaşlarımız cəbhəyə getmək üçün könüllü yazılır, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətindən aldığımız məlumata görə, bu təhsil ocağı da təşəbbüşə qoşularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 50 min manat vəsait köçürmüşdür. Bununla bağlı AzMİU-nun Elmi Şurasının növbədənkənar iclasında qəbul edilən qərar layihəsində bildirilir ki, torpaqlarımızın erməni işğalından azad olunması, Vətənimizin bütövlüyü uğrunda döyüşən qəhrəman Ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşımızın borcudur. Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir.
R.YUSİFLİ
Respublika.- 2020.- 8 oktyabr.- S.7.