Ərazi bütövlüyümüz tam təmin olunacaq

 

Son bir neçə gündür ki, Azərbaycan xalqı, hər bir insanımız çox sevincli günlər və anlar yaşamaqdadır. Hər bir vətəndaşımız hər an şanlı ordumuzun yeni uğurlarını eşitmək, erməni işğalında olan əzəli torpaqlarımızın azad olunmasının yeni-yeni qələbə müjdəli xəbərlərinin arzusu ilə yaşayır. Biz, təhsil işçiləri və bütün xalqımız cəbhədə əldə olunan qalibiyyətləri bizə yaşatdığına görə Ali Baş Komandanımız cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

 

Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir. Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində silahlı qüvvələrimiz ən müasir silahlar, döyüş texnikası ilə təchiz olunmuşdur. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından Azərbaycan ordusu dəfələrlə düşmən ordusunu qabaqlayır, öz gücü və qüdrətini ərazi bütövlüyümüz uğrunda gedən haqlı mübarizəmizdə, yağı düşmən tapdağından azad olunmuş torpaqlarımızda sübut etməkdədir. Cəmi bir neçə gün ərzində şanlı ordumuzun əsgərləri ən yüksək strateji yüksəklikləri ələ keçirmiş, işğalda olan torpaqlarımızın bir qismini azad etmişdir və inanırıq ki, az bir müddət ərzində bütün torpaqlarımızda da Azərbaycan bayrağı dalğalanacaqdır. Azərbaycan Ordusu üzərinə düşən bu müqəddəs vəzifələri yerinə yetirməyə qadir olduğunu döyüş meydanlarında şücaətlə nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyev bəyan etmişdir: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

 

Azərbaycanın müstəqil dövlət kimi daha da inkişafı, qüdrətlənməsi üçün xalqımızın və cəmiyyətimizin bütün nümayəndələri öz işlədikləri sahələrdə əməli işləri ilə töhfə verməlidirlər. Bu gün yetişən gənc nəslin vətənpərvər ruhda böyüyüb təhsil almaları, ölkəmizə, onun işıqlı, sabahına, xoşbəxt gələcəyinə inam ruhunda tərbiyə almaları dərslərimizdə yüksək səviyyədə aşılanır. Müasir pedaqoji texnologiyalardan istifadə edərək bütün bilik və bacarıqlara sahib olan vətəndaş yetişdirmək vəzifəsinin öhdəsindən müəllimlərimiz layiqincə gəlir. Çünki yetişən gənc nəsil gələcəyimizin möhkəm qarantıdır. Bu gün Azərbaycan müəlliminin cəbhəsi sinifdir, əsgəri şagirddir.

 

Azərbaycan xalqının bu gün apardığı mübarizə haqq işidir, haqq mübarizəsidir. Bu barədə cənab Prezident vurğulamışdır: “Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”. Bütün xalqımız Ali Baş Komandana inanır ki, az bir zaman kəsiyində bütün torpaqlarımız tam azad olunacaq, yurd-yuvalarından didərgin vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Mən bir vətəndaş, Qarabağ qazisi və müəllim kimi bu günün çox uzaqda olmadığına qəti əminəm”.

 

Cavad MUSTAFAYEV,

Sabunçu rayonu 215 saylı

tam orta məktəbin direktoru,

Hərbi xidmətlərə görəmedalı ilə

təltif olunmuş Qarabağ qazisi.

 

Respublika.- 2020.- 9 oktyabr.- S.5.