Azərbaycanın şanlı üçrəngli bayrağı Qarabağda dalğalanır!

 

Artıq 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan, BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinə məhəl qoymadan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonunu işğal altında saxlamaqla, eləcə də, sülh danışıqlarının formatını dəyişdirməyə cəhd göstərməklə, mütəmadi olaraq hərbi təxribatlar törətmək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsələnin həllinə məsuliyyətsiz, daha dəqiqi, ermənipərəst yanaşmalarından sui-istifadə edərək mövcud “status-kvo”nu saxlamaq cəhdləri ilə sülhə olan bütün ümidləri heçə endirdi, Azərbaycan xalqının və siyasi rəhbərliyinin səbir kasasını doldurdu.

 

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq Ali Baş Komandanımızın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarının fonunda qısa müddətdə əldə etdiyi uğurlu nəticələr hər bir Azərbaycan vətəndaşı kimi, məni də çox sevindirirböyük qürur hissi yaradır.

 

Bu gün Azərbaycan Ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordunun inkişafına göstərdiyi qayğı və ordu quruculuğu sahəsində görülən mühüm işlər nəticəsində Azərbaycan Ordusu müasir tələblər səviyyəsindədir və dünyanın 50 güclü ordusu sırasındadır. Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir.

 

Doğrudur, dövlətimiz ordunu yüksək səviyyədə təchiz edir, əsgərlərimizin heç nəyə ehtiyacı yoxdur. Amma ana ürəyi dözmür, əsgərlərə lavaş bişirir, corab toxuyur, alma, limon göndərir... Xalqın belə böyük dəstəyini, əslində qəhrəmanlığını görəndə qələm aciz qalır, söz tapmaqda çətinlik çəkir. Ürəyimizdə qürur keçiririk: Xalqımız var olsun! Yaşa, böyük, rəşadətli xalqım! Yaşa, Vətən!

 

Lakin indi hər bir Azərbaycan vətəndaşının borcu, ön cəbhənin əsgəri deyilsə də, arxa cəbhənin əsgəri olmağı bacarmağından ibarətdir. Müharibədə qələbə son nəticə etibarilə təkcə ön cəbhədəki uğurlu döyüş əməliyyatları ilə deyil, həm də onların həyata keçirilməsini şərtləndirən ölkənin iqtisadi gücü, təsərrüfat sahələrinin qarşılıqlı əlaqələrinin təşkili, cəbhənin müxtəlif təyinatlı tələbatlarının vaxtında təmin edilməsi, döyüşkən ruh, sərt nizam-intizam kimi kompleks amillərlə bağlıdır. Hər şeyinbütün imkanların cəbhənin tələblərinə tabe edilərək, düşmən üzərində qələbənin tam təmin olunmasına yönəldilməsi müharibə dövrünün əsas yazılmamış qanunlarından biridir.

 

Mən də bir Azərbaycan vətəndaşı, vətənpərvəri kimi Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyurtez bir zamanda torpağımızın düşmən işğalından azad ediləcəyinə və ərazi bütövlüyümüzün bərpa olunacağına bütün varlığımla, qəlbimlə inanıram.

 

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindəki aşağıdakı sözlər XXI əsr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruqbundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!”.

 

Sonda demək istəyirəm ki, cənab Prezident, Sizinlə, ordumuzla fəxr edirik, qürur duyuruq və inanırıq ki, Azərbaycanın üçrəngli bayrağı tezliklə işğal olunmuş bütün ərazilərimizdə, Dağlıq Qarabağın hər yerində - Xankəndidə, Şuşada dalğanalacaqdır!

 

Rövnəq RZAYEV,

Azərbaycan Dövlət İqtisad

Universiteti (UNEC)

Fizikakimya kafedrasının müdiri,

fizika elmləri doktoru, professor,

Əməkdar müəllim

 

Respublika.- 2020.- 9 oktyabr.- S.6.