Mütərəqqi hüquqi islahatlar vəkillik institutunun cəmiyyətdəki layiqli yerini təmin edib

 

Tarixi gerçəkliklər təsdiqləyir ki, müasir dövlət modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatında tətbiqi çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılıdır. Avratlantik məkana inteqrasiya kursu seçmiş Azərbaycanın qısa müddətdə demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olub.

Müstəqil Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Konstitusiyanın maddələrinin üçdə-birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin edib. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılıb, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında” və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olub.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi (Hüquqi yardım almaq hüququ) respublikada vəkillik institutunun fəaliyyətini tənzimləyən qanunvercilik bazasının formalaşdırılması və müstəqil fəaliyyəti baxımından fundamental hüquqi baza yaradıb. Əsas Qanun həmin maddəsinə əsasən, “I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır”.

Azərbaycanda vəkilliyin yaradılması və hüquq sistemində layiqli yerinin təmin olunması istiqamətində mühüm addımlarından biri də 28 dekabr 1999-cu il tarixdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu olub. Bununla da ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik institutu müstəqil, hakimiyyətin hansısa qolundan asılı olmayan mühüm təsisata çevrilib.

Sözügedən Qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda hüquqqanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, habelə tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmini, eləcə də başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinə imkan yaradır. Qanun, eyni zamanda, Azərbaycan Respublikasında fizikihüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyənləşdirir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə, habelə məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün vəsaiti olmayan şəxslərə hansısa məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından, habelə fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən etdiyi qaydada tərtib edilmiş növbətçilik siyahısına uyğun vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilə bağlanır. Qanuna əsasən, öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

Onu da bildirmək lazımdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkillər Kollegiyası qanunvericilik əsasında təsis edilən, əsas idarəedici orqan olub vəkillik peşəsinin idarə edilməsilə bağlı əsas funksiyaları həyata keçirir. Kollegiya Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu qurumdur.

Vəkillər Kollegiyasının əsas funksiyalarından biri də vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, habelə digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə və təzyiqə yol verilməməsidir. Nizamnaməsinə əsasən, Vəkillər Kollegiyası və onun üzvlərinin əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etmək və vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Vəkillər Kollegiyası eyni zamanda qanunun tələblərinə uyğun olaraq Kollegiya üzvlüyünə qəbulolunma məsələsini həll edir, intizam nəzarətini həyata keçirir, hüquq-mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir. Eyni zamanda, səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydadahallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, habelə digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir.

Xüsusi qeyd etmək lazımdır ki, hələ 2004-cü ildə ilk dəfə olaraq Vəkillər Kollegiyasının təsis olunması Azərbaycanda vəkilliklə bağlı qanunvericiliyin tam olaraq reallaşdırılmasını, vətəndaşların dövlətin hüquqi yardımı ilə maksimum səviyyədə əhatə olunmasını təmin edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 11 mart 2005-ci il tarixli “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” sərəncamı Kollegiyanın maddi-texniki təminatını yaxşılaşdırılmasını təmin edib. Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində Vəkillər Kollegiyasının fəaliyyətinin təşkili üçün müvafiq binamaddi-texniki təminat ilə bağlı məsələləri həll etmək, nəqliyyat vasitələrinin alınması, habelə vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayırmaq, habelə vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləğini artırmaq kimi məsələlərin həlli tapşırılırdı. Sərəncamla Kollegiya üzvlərinin peşəkarlıq səviyyəsinin, habelə onların göstərdikləri hüquqi yardımın keyfiyyətinin artırılması üçün müvafiq tədris prosesini təşkil etmək və digər zəruri tədbirlər görmək tövsiyə edilirdi.

Sonrakı mərhələdə qəbul olunmuş bir sıra Dövlət proqramları və digər sənədlər vəkilliyin cəmiyyətdəki nüfuzstatusunun möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Belə ki, 2004-cü ildə qəbul olunmuş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı, 2007-ci ildə qəbul olunmuş Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya, 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı vəkilliyin fəaliyyətinin yeni dövrün çağırışlarına uyğunlaşdırılması, vətəndaşların hüquqi yardım alması mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub. Bu və digər sənədlər vəkillərin tədrisində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə edilməsinə, vəkillik institutunun müstəqilliyinin təmini, habelə bölgələrdə peşəkar vəkillərin sayının artırılmasına xidmət edib.

Son illər idarəçiliyin bütün sahələr üzrə əsaslı şəkildə təkmilləşdirilməsi, şəffalığın artırılması məqsədilə yeniliklərə meyilli, müasir çağırışları düzgün dəyərləndirərək fəaliyyətində tətbiq edən, bacarıqlı gənc kadrların bütün sahələrdə önə çəkilməsi Vəkillər Kollegiyasından da yan ötməyib. Aparılan genişmiqyaslı hüquqi islahatlar çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin seçki yolu ilə yenilənməsi, vəkillərin sayının peşəkar gənc kadrlar hesabına artırılması qurumun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından son dərəcə əhəmiyyətli addımlardan biri kimi vurğulanmalıdır. Vəkillər Kollegiyasının 7 dekabr 2017-ci il tarixdə keçirilmiş konfransında Rəyasət Heyətinin sədri vəzifəsinə peşəkarlığı, təşəbbüskarlığı, novatorluğuelmi sahədəki uğurları ilə seçilən Anar Bağırovun seçilməsi, eləcə də Rəyasət Heyətinin tərkibinin yenilənməsi qısa müddətdə müsbət və səmərəli nəticələrə yol açıb. Bütün bunlar Vəkillər Kollegiyasının cəmiyyətdəki yerininstatusunun möhkəmlənməsinə, fəaliyyətindəki durğunluğun, passivliyin aradan qalxmasına, onun hüquq sistemində tam müstəqil və nüfuzlu təsisat kimi formalaşmasına zəmin yaradıb. Kollegiyanın Rəyasət Heyətinin, habelə Vəkillərin İntizam Komissiyasının tərkibinə xaricdə təhsil alan, müxtəlif xarici dilləri bilən vəkillərin daxil edilməsi ümumi işin səmərəliyini daha da artırıb.

Yeni komandanın fəaliyyəti vəkilliyin daha mütərəqqi instituta çevrilməsini, bu istiqamətdə bir sıra innovativ layihələrin uğurla reallaşdırılmasını təmin edib. Vəkillərin etik davranış qaydalarına riayət etmələri istiqamətində təbliğat gücləndirilib, eyni zamanda, Kollegiyasının bir sıra xarici ölkə və yerli dövlət qurumları ilə əməkdaşlığı genişləndirilib. Mülki Prosessual, İnzibati-Prosessual məcəllələrə, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərdən sonra ölkə üzrə vəkillərin sayının artırılması istiqamətində mütərəqqi addımlar atılıb.

Dövlətimizin başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafını da təmin edib. Sərəncama əsasən, Nazirlər Kabinetinə 2 ay müddətində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görmək; regionlarda apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrinin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmini məqsədilə onları müvafiq binalarla (yerlərlə) təmin etmək; vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə qanunla müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasını təmin etmək; Kollegiyanın maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək; Kollegiyanın istifadəsindəki binaların təmiri, zəruri kompüter avadanlığının, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırmaq tapşırılıb.

Sərəncamla, həmçinin Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etmək, quruma yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbuluna şərait yaratmaq; göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlər görmək; vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfidensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrini təmin etmək; Azərbaycan Respublikasının şəhər və rayonlarında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirmək; Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görmək; Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sistemini təşkil etmək; bu sisteminElektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək tövsiyə olunub.

Dövlətimizin rəhbərinin 7 noyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa dəyişikliklərin təsdiqlənməsi ilə vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksək keyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması məsələləri uğurlu həllini tapıb.

Sərəncama əsasən, qısa zamanda ölkədə vəkillərin sayının artırılması məsələsinin həllini tapması da mühüm addımlardan biri kimi yadda qalıb. Müqayisə üçün bildirək ki, əgər 2005-ci ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 370 nəfər idisə, hazırda bu rəqəm 1800 nəfəri ötüb. Mühüm yeniliklərdən biri də Vəkillər Kollegiyasının müasir bina ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə verilməsi müəyyən edilmiş ödənişin məbləğinin 3 dəfəyədək artırılması olub.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncama əsasən, Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində yer alan elektron vəkil kabinetlərində “Elektron məhkəmə” portalına çıxış təmin edilib. Eyni zamanda, vəkillərin məhkəmə hakimiyyətinin Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində fəal iştirakı da onun cəmiyyətdəki yerinə verilən yüksək qiymətin təcəssümüdür.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı isə məhkəmələrlə yanaşı, vəkilliyin də inkişafının gələcək hədəflərini müəyyənləşdirib. Sənəddə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Vəkillər Kollegiyasına da bir sıra vacib tövsiyələr verilib. Bu baxımdan, mülki prosessual qanunvericiliyin təhlil edilib beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyətə malikdir.

Ümumilikdə, 2017-ci illə müqayisədə vəkillərin sayının 83 faizədək artırılması, vəkilliyə qəbul prosesinin sadələşdirilməsi, vəkil qurumlarının sayının 39-dan 73-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, bir sıra “ASAN xidmət” mərkəzlərində aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin təşkili, Kollegiyanın fəaliyyətinin ictimaiyyətə açıqlığının təmini, Regional Vəkil bürolarının yaradılması və s. tədbirlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Xüsusi vurğulamaq istərdik ki, Vəkillər Kollegiyası bu günlərdə fəaliyyətini ölkədə elan edilmiş hərbi vəziyyət rejimə uyğunlaşdıraraq Ermənistanın Azərbaycana qarşı təxribatlarının, habelə mülki əhaliyə qarşı törədilən vandalizmin beynəlxalq arenada hüquqi cəhətdən ifşası istiqamətində tədbirlər həyata keçirir. Kollegiyanın bir neçə gün əvvəl keçirilmiş iclasında cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması məsələləri müzakirə olunub. İclasda erməni təxribatları, dinc əhaliyə qarşı törədilən terror əməlləri və aparılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquqi yardımın göstərilməsi qərara alınıb. Eyni zamanda, Vəkillər Kollegiyasının bir sıra üzvlərinin səfərbərliyə cəlb edilməsi ilə bağlı həmin vəkillərin ailələrinə hər ay 500 manat ödənilməsi, onların üzvlük haqqından azad edilməsi və digər mühüm güzəştlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, Kollegiya işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manat pul vəsaiti ianə edib.

Bu gün hər bir vətəndaş kimi, Azərbaycan Vəkillər Kollegiyasının çoxsaylı üzvləri də Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanmış haqq mübarizəsini ürəkdən dəstəkləyir, Ordumuzun uğurları ilə qürur duyur. Ürəkdən inanırıq ki, beynəlxlaq hüququn norma və prinsiplərini hər zaman rəhbər tutan Azərbaycan qısa zamanda apardığı əks-həmlə əməliyyatlarını uğurla başa çatdıracaq, qürur yerimiz olan üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə dalğalanacaq.

 

Zaman SƏMƏDOV,

hüquqşünas.

 

Respublika.- 2020.- 10 oktyabr.- S.10.