Peşə bayramı uğurlu
göstəricilərlə qeyd edilir
Azərbaycan Dəmir Yolu-140
Böyük inkişaf yolu keçmiş Azərbaycan dəmir yolu nəqliyyatının 140-cı ili tamam olur. Azərbaycanda ilk dəmir yolu 1880-ci il yanvar ayının 20-də, uzunluğu 20 kilometr olmaqla istifadəyə verilmişdir. Bakı-Sabunçu-Suraxanı istiqamətlərində hərəkətə başlayan qatarlar, dəmir yolu əsasən neft daşımaları üçün nəzərdə tutulmuşdu. Qısa bir zaman kəsiyində bu istiqamətlər üzrə sərnişin daşımasına da başlanıldı. Bakı-Sabunçu-Suraxanı xətti istifadəyə veriləndə, artıq Bakı-Tiflis və Bakı-Dərbənd xətlərinin də reallaşması planı hazır idi. 1879-cu ildə inşasına start verilən, uzunluğu 514,86 verstlik Bakı-Tiflis dəmir yolu xətti 8 may 1883-cü ildə istifadəyə verildi. Həmin gün dünyada ilk dəfə olaraq, Bakı yük stansiyasından neft məhsullarının çən vaqonlarla daşınmasına başlanıldı.
Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev 7 oktyabr 2005-ci ildə “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü, müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
140 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli, şanlı inkişaf yolun keçib. Vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli dövrü ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dönəminə təsadüf edir. Ulu öndər ölkə dəmir yolunun ən müasir tələblər səviyyəsində olması üçün bu sahəyə xüsusi diqqət və qayğı göstərirdi. Bilirdi ki, hər bir ölkənin iqtisadi inkişafı onun nəqliyyat sektorunun inkişaf səviyyəsindən asılıdır. Təməli dahi Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu islahatları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, son 5 ildə Azərbaycan dəmir yolunun yenidən qurulması, müasir dünya standartlarına cavab verməsi üçün misli görünməmiş işlər həyata keçirilib, mübaliğəsiz demək olar ki, 40-50 ildə görünməyən işlər bu dövrdə reallaşdırılıbdır. Bu dövrü Azərbaycan dəmir yolu sektorunun yeni inkişaf və intibah erası kimi dəyərləndirmək olar. Bu dövrdə “ADY” QSC-nin sədri, “Şöhrət” ordenli Cavid Qurbanovun əzmkar fəaliyyəti və rəhbərliyi ilə dəmir yolu xətlərinin yenidən qurulması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, müasir texniki vasitələrin, o cümlədən vaqon və lokomotiv parkının yeniləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və əsaslı təmir və tikinti işləri uğurla həyata keçirilmiş, işçilərin sosial və mənzil şəraiti yaxşılaşdırılmışdır. Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu olub. Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticədə yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq. Hazırda lokomotivlərin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub. Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş olunub. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.
Bu gün “ADY” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunda yeniləşmə, yeni texnologiyaları mənimsəmə dövrünü yaşayır. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atır. Qarşıya qoyulmuş əsas vəzifə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara tranzit yüklərin cəlb edilməsidir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb nəqliyyat dəhlizlərinin reallaşması böyük əhəmiyyət kəsb edir.
Azərbaycan dəmiryolçuları 2020-ci ilin ötən dövrü ərzində pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq tikinti-quruculuq, yenidənqurma işlərini uğurla davam etdirmişdir. Cari ilin mart ayının 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Göradil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu. Yenidən qurulan bu sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verildi. Bundan əvvəl, ötən ilin mayında Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu, noyabr ayında isə Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti istismara verilmişdir. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yeniləşməsi istiqamətində həyata keçirilən işlər ən müasir standartlara cavab verir, ölkəmizin iqtisadi potensialını nümayiş etdirir. Görülən bu işlərin nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə vətəndaşların rahatlığına xidmət edir. Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması da bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz bir şəkildə şəhər istiqamətinə və geriyə mənzil başına rahat və təhlükəsiz bir şəkildə çatmasına hərtərəfli imkan yaradır.
Qeyd edim ki, 2020-ci ilin ötən 7 ayı ərzində yük daşımalarında artım dinamikası müşahidə edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artım olmuşdur. Bundan başqa bu dövrdə qeyri-neft yüklərin tranzit daşımalarında da 36,83 faiz artıma nail olunmuşdur. Yük dövriyyəsində də artım müşahidə olunmuşdur. Ötən 7 ayda Bakı-Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması layihəsi çərçivəsində mövcud müqavilə üzrə işlərin 83,08 faizi, o cümlədən iyul ayında 0,8 faizi yerinə yetirilmişdir. Dəyişən cərəyanla işləyən lokomotivlər üçün Biləcəri və Gəncədə depoların tikintisi üzrə layihə uğurla həyata keçirilir. Hazırda alınan yeni elektrovozlar üçün Biləcəridə mövcud lokomotiv deposunun ərazisində dəyişən cərəyan lokomotivlərinə 5 pilləli texniki xidmət və təmirin yerinə yetirilməsini təmin etmək məqsədilə yeni lokomotiv deposunun tikintisi layihəsi çərçivəsində və Yeni Gəncə lokomotiv deposunun tikintisi layihəsi üzrə yeni dəyişən cərəyan lokomotivlərinə 3 pilləli texniki xidmət və təmirin yerinə yetirilməsini təmin etmək üçün geologiya və topoqrafiya işləri tamamlanmışdır. 20 ədəd VİC sərnişin vaqonunun, 4 ədəd KİSS markalı elektrik qatarının və istismar avadanlıqlarının alınması müqaviləsi üzrə 10 ədəd “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir sərnişin vaqonu və 4 ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarı alınaraq ölkəmizə gətirilmişdir. Xüsusi təyinatlı qatarın alınması layihəsi üzrə, Yeni sərnişin qatarlarının alınması işləri davam etdirilir. Güzdək-Qaradağ (20-ci sahə) dəmir yolu xəttinin tikintisi davam etdirilir. Hazırda torpaq yatağının hazırlanması işləri görülür. Ləki-Qəbələ Dəmir yolu xəttinin tikintisi işləri uğurla aparılır. Ləki-Qəbələ bir xətli dəmir yolunun uzunluğu yeni oxa əsasən 42,29 km, yan yollarla birlikdə isə 44,49 km təşkil edir. Ümumilikdə 41,48 km dəmir yolu xətti qoyulmuş, 24,10 km-lik uzunluqlu relslər quraşdırılmışdır. Nəzərdə tutulmuş bütün işlər uğurla davam etdirilir.
Bu gün “ADY”da yeniləşmə prosesi fasiləsiz davam etdirilir. Həyata keçirilən bu işlərdə Cəmiyyət rəhbərliyi ilə MHİRK əlbir fəaliyyət göstərir. Tərəfimizdən Həmkarlar İttifaqı üzvlərinin sosial-məişət, əmək hüquqları və maddi rifah halının yaxşılaşdırılması həmişə ön plana çəkilir. Qeyd edim ki, son 4-5 ildə Cavid Qurbanovun diqqət və qayğısı sayəsində 200-ə yaxın dəmiryolçu yeni müasir tipli mənzillərlə təmin olunub və bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Dəmiryolçulara göstərilən qayğıya görə “ADY” rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk. “ADY” QSC ilə MHİRK arasında imzalanmış saziş məhz bu məqsədlərə xidmət edir. Bu il bağlanmış sazişə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan 75 dəmiryolçu ailəsinə 28913,00 manat məbləğində hər ay maddi yardım göstərilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada şəhid ailəsinin üzvü olan 20 nəfər dəmiryolçuya 250 manat maddi yardım verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olmuş I və II qrup (işləməyən) 44 nəfər dəmiryolçuya 16445,00 manat hər ay maddi yardım göstərilir. Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş 8 nəfər dəmiryoçuya il ərzində hər birinə 400 manat miqdarında pul kompensasiyası ödənilir. Əmək (peşə) xəsarəti alan 297 nəfər dəmiryolçuya 108866,00 manat hər ay yardım edirik. Himayəyə götürülmüş 12 ailəyə 4479,00 manat yardım göstərilir. Azərbaycan Dəmiryolçularının MHİRK Rəyasət Heyətinin müvafiq qərarına əsasən Aprel döyüşlərində həlak olmuş Elnur Əliyevin 2 az yaşlı uşağına 18 yaşına çatana kimi 300 manat həcmində yardım göstəriləcəkdir.
Hər ilin yekununa görə müəssisələrdə müxtəlif istiqamətlər üzrə müsabiqələr keçirilir: “İlin ən yaxşı müəssisəsi”, “Əla yol işçisi”, “İlin ən yaxşı mütəxəssisi”, F.Ağayev adına “İlin qabaqcıl maşinisti”. Qaliblər xüsusi diplom, fəxri fərman və pul mükafatları ilə təltif olunurlar.
Bildiyimiz kimi cari ildə bütün dünyanı ağuşuna almış koronavirus pandemiyası Azərbaycanda da özünü göstərmişdir. Dövlətimizin bu xəstəliyə qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlərə uyğun olaraq “ADY” QSC-nin rəhbərliyi tərəfindən lazımi tədbirlər görülmüş, bütün idarə və müəssisələrdə dezinfeksiya işləri aparılmış, antiseptik dərmanlarla təmin olunmuşlar.
Bu gün bütün Azərbaycan xalqı ilə bərabər ölkə dəmiryolçuları da özlərinin ən şərəfli və sevincli günlərini yaşayır. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın bir müddət ərzində erməni əsarətində qalmış torpaqlarımızı işğaldan azad edir. Əminik ki, az bir zamanda bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq, ərazi bütövlüyümüz tam təmin olunacaq. Fürsətdən istifadə edib, “ADY” QSC-nin sədri Cavid Qurbanov başda olmaqla bütün dəmiryolçuları bu peşə bayramı münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, işlərində yeni-yeni uğurlar arzulayıram.
Fəzail
BAĞIROV,
Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar
İttifaqı
Respublika Komitəsinin sədri.
Respublika.- 2020.- 13 oktyabr.- S.12.