Zəfər günü
yaxındadır
“Ermənilik xəstəliyi”, yaxud da erməni məkri! Bu sözlər özündə nəyi ehtiva edir? Ayrı-ayrı ölkələrdə yaşayıb müxtəlif millətləri təmsil edən neçə-neçə dövlət başçısı, diplomat, hərbçi, yazıçı-filosof, tarixçi, politoloq... erməni məkrinin mayasındakı nüvəni-ekstremizmi, separatizmi, terrorizmi, vandalizmi, faşizmi, vəhşiliyi, qəsbkarlıq-istilaçılıq hərisliyini, hiyləni, yalanı, “erməni xəstəliyi”ni öz dəyərli əsərlərində sübuta yetirməyə çalışmışlar. Əsrləri keçib XXI yüzilliyə gəlib çıxmışıq, erməni məkri - “erməni xəstəliyi” - erməni varvarlığı hələ də yaşayır, yaşadıqca da təkcə türk dünyasına yox, bütün bəşəriyyətə, insanlığa ciddi təhlükə törədir.
Son 115 ildə ermənilərin tərcümeyi-hallarını çözələdikcə onların toplu halda yer kürəsinin müxtəlif guşələrində, xüsusən də Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri, bir sözlə, erməni məkrini, “erməni xəstəliyi”ni yalnız və yalnız vandalizmin ən bariz nümunəsi kimi səciyyələndirmək lazımdır. Başqa bir müqayisə bu çərçivəyə sığmır.
Biz “erməni faşizmi” arqumentini təsadüfən, gəlişigözəl olduğu üçün söyləmirik. Almaniya faşizminin bəşəriyyətə gətirdiyi dəhşətli bəlalardan, faciələrdən, zülmlərdən xəbərdarıq. 1923-cü ildə İtaliyada doğulan, 1933-cü ildə Almaniyada intişar edən faşizmə 1945-ci ildə - İkinci Dünya müharibəsinin bitdiyi gün son qoyuldu. Ancaq yer üzündə bundan da dəhşətli olan, uzun illər yaşamış və indi də yaşamaqda davam edən erməni faşizmi də mövcuddur.
Ermənilər hər zaman türk millətinə arxadan zərbə vurmağa çalışıb, özlərinə məxsus ənənəvi üslublardan, erməni hiyləsindən məharətlə yararlanıblar. Arxadan güllə, qəsd, şərləmək, şantaj, yalan təbliğat, fəndgirlik, yaltaqlıq onların əsas silahlarıdır. Bunların hamısının məcmusu isə “erməni məkri” - “erməni faşizmi”dir.
1988-ci il fevralın 24-də illər boyu hazırlıq görən erməni separatçıları artıq hərəkətə keçdilər. Dağlıq Qarabağda Əsgəran rayonunun 16 və 23 yaşlı iki gənci qətlə yetirildi. Bu, bizim ilk qurbanlarımız idi. Bundan sonra Ermənistandan soydaşlarımızın qovulması hərəkatına təkan verildi. Mart ayında 54 azərbaycanlı ailə Vedi rayonunun Şirazlı kəndindən çıxarıldı, onlar quldurların zorakılığından güclə qurtula bildilər. Ermənilər total basqınlara başlamışdılar. Azərbaycanlıların yaşadıqları bölgələrə gələrək hamının gözləri qarşısında elə dəhşətlər törədirdilər ki, bir başqasına dərs olsun və onlar həmin yerləri təcili tərk etsinlər.
Noyabrın 12-də Spitak rayonunun rəhbərliyi terrorçu quldurların müşayiəti ilə bölgədəki bütün azərbaycanlıları öz yerlərindən qovdular. Rayonun 36 sakini elə yerindəcə öldürüldü, 5-12 yaşlarında 70 uşaq valideynlərinin gözləri qarşısında əvvəlcədən hazırlanmış geniş diametrli boruların içərilərinə doldurularaq hər iki tərəfdən qaynaq edilib örtülmüşdü. 27 uşaq isə naməlum istiqamətə aparılmışdı. 1988-ci il noyabrın 28-də Spitakda daha bir qeyri-insani hadisəyə rəvac verildi. Baş götürüb qaçan qaçqınlar dairəyə alınaraq qətlə yetirilmişdi. Ertəsi gün Spitakın Saral kəndindən baş götürüb qaçmaq istəyən azərbaycanlılar yolda gülləbaran edilmiş, hətta südəmər körpələrə belə rəhm olunmamışdı. Adi erməni faşizmi bax, budur.
1992-ci il, 26 fevral. Bu tarixi hər bir vətən övladı yadda saxlamalı, intiqam hissini qəlbində sönməyə qoymamalıdır, qoymadı da... Bax, bu gün içimizdəki Xocalı soyqırımının yanğısı ilə intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb qana-qanla cavab vermək iqtidarında olduğumuzu sübut etmək anını yaşayırıq.
Bu gün böyük qələbənin müjdəsini gözlədiyimiz tarixi bir anda hamıya məlum faktları, hadisələri dilə gətirmək zənnimcə çox təbii və vacibdir. Bu, hər şeydən öncə tutulduğumuz unutqanlıq mərəzindən xilas olmaq və olanların bir daha təkrarlanmaması üçün lazımdır. Mən bütün bu acıları yaşayan soydaşlarımızdan biri kimi deyirəm ki, keçmişini unudan millət gələcəyini qura bilməz. Doğulduğum Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndi Zəngəzurun qeyrət qalası kimi tanınırdı. Bu kənd Azərbaycan elminə çoxlu sayda alimlər bəxş etmişdi, adı tarixə yazılan oğulları ilə həmişə fəxr edir. Hadisələr başlayanda nüvədililər demək olar ki, ermənilərə dörd il müqavimət göstərdi, lakin 1988-ci ildə havadarlarının köməyi ilə ermənilər öz təmizləmə siyasətlərini nəhayət ki, həyata keçirə bildilər. Doğmalarım ailəlikcə Zəngilan rayonunda məskunlaşdı. Təəssüf ki, Qərbi Azərbaycanda öz məkrli siyasətini istədiyi kimi həyata keçirən ermənilər “böyük Ermənistan” xülyasını reallaşdırmaq məqsədilə Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən və ətraf rayonların işğalına rəvac verdilər. Çox çətin zamanlar idi. Burada məskunlaşan qaçqınlar üçün isə daha çətin idi, çünki öz doğma torpağımızda həm də məcburi köçkün taleyi yaşamaq təhlükəsi getdikcə artırdı. Mən, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndərimiz Heydər Əliyevlə əlaqə yaradıb ondan kömək istədim. Məhz bu böyük şəxsiyyətin göstərdiyi köməyə görə zəngilanlılar düşmənə müqavimət göstərir, doğma torpaqlarını qoruyurdular. Təəssüf ki, bu da uzun sürmədi, Zəngilan işğal olundu. Bu dəfə həmyerlilərim Bakıda məskunlaşdı...
Hər şeyin öz zamanı var. Nəhayət, Azərbaycan xalqı itirilmiş torpaqlarının müdafiəsinə qalxdı, şanlı ordumuz qələbə dalınca qələbə qazanır, ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, biz tarixin ən şərəfli anlarını yaşayırıq. Bu il sentyabrın 27-də başlanan müharibə Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bütün xalq ayağa qalxıb Prezidentimizin əks-hücum qərarını dəstəklədi. Xalq-prezident, xalq-dövlət, xalq-ordu birliyi bu gün tam gücü ilə özünü göstərir. Müdrik Prezidentimiz, Ali Baş Komandanımız Azərbaycanın ərazi bütövlüyünü təmin edir, torpaqlarımızı işğaldan azad etməklə öz adını xalqımızın tarixinə qızıl hərflərlə yazdırır. Xalqa müraciətində söylədiyi aşağıdakı fikirlər hər bir vətəndaşımızın ürəyindən xəbər verir: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan ermənilər bu gün Azərbaycan ordusu tərəfindən layiqli cavabını alır. Ordumuz irəlilədikcə düşmənin əsl siması daha aydın görünür. İnsanlığa sığmayan hərəkətləri ilə özlərini bir daha ifşa edirlər. Müharibənin öz qanunları var. Onlar bu qanunlara da məhəl qoymur, cəbhə bölgəsindən çox uzaqlarda yerləşən şəhərlərimizi atəşə tutur, dinc əhalini məhv edirlər. Son günlərdə Gəncədə törədilən vəhşiliklər də erməni faşizminin daha bir sübutudur. Dünya liderlərinə yalvara-yalvara atəşkəs istəyən də, onu pozan da onlar oldu.
Ermənilər unutmamalıdırlar ki, Azərbaycan xalqını heç nə ilə qorxuda bilməzlər. Xalqımızın milli ruh yüksəkliyi də bunu sübut edir. Düşmən kəndlərimizi, şəhərlərimizi müxtəlif növ silahlardan atəşə tutur, evlər dağıdılır, mülki əhali arasında ölənlərimiz, yaralılarımız var, lakin bir nəfər də olsun yurdunu tərk etmir. On minlərlə könüllü müqəddəs bayrağımızı başı üstünə qaldıraraq torpaqlarımızın işğaldan azad olunması yolunda savaşa atılmaq istəyir.
Dünya bilməlidir ki, bu, bir haqq savaşıdır və bu savaşda xalq qüdrətli ordumuza, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinə, məntiqinə, dövlətçiliyimizə, xalqımıza sədaqətinə inanır və tezliklə Qarabağın, onun ətrafında olan rayonların bütövlükdə işğaldan azad olacağına əminliyini bildirir. Azərbaycan xalqının bu sarsılmaz birliyini, dövlətimizin başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşdiyini bütün dünya görür və bu, hər bir vətəndaşımızda qürur doğurur.
Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq etnik millətlərin nümayəndələri də ön cəbhədə döyüşür, şücaət göstərir, Qarabağın işğal altında olan hər bir bögəsində üçrəngli bayrağımızın dalğalanması naminə canından keçir. Xalqımızın sarsılmaz birliyinin bir bariz nümunəsi də budur.
Tarixin ibrət dərsləri var. Bu gün Azərbaycan ordusu erməni təcavüzkarlarının dərsini verir. İnanırıq ki, tarixi qələbəmiz uzaqda deyil, Azərbaycanın üçrəngli bayrağının Şuşada dalğalanacağı gün yaxındadır.
Fikrət ƏLİYEV,
Bakı Dövlət Universiteti
Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat
İnstitutunun direktoru, akademik.
Respublika.- 2020.- 14 oktyabr.- S.6.