Qarabağ Azərbaycandır!

 

Otuz ildir ki, erməni vandalizmindən, təcavüzündən xalqımız əziyyət çəkir. Məhz buna görə də xalqın səbri bir gün daşmalı idi... Və daşdı... Sentyabrın 27-də səhər tezdən azğınlaşmış ermənilər sərhədyanı kəndlərdə yaşayan mülki əhalimizi güllə atəşinə tutdu, sıravi vətəndaşların evinə mərmi və topla hücum etdilər.

 

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri uğurlu əks-həmlə əməliyyatlarına başlayıb və bu əməliyyatlar hazırda da davam etməkdədir. Rəsmi məlumatlara əsasən, Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində Ermənistan ötən bir neçə gün ərzində ağır itkilər verərək geri çəkilir, terrorçu, faşist xislətli erməni qoşunlarının əsas atəş nöqtələri silahlı qüvvələrimiz tərəfindən zərərsizləşdirilir, işğal altında olan bir sıra ərazilərimiz azad edilir. Qüdrətli Azərbaycan ordusunun rəşadəti nəticəsində Suqovuşan, Talış, Cəbrayıl, Hadrut və digər şəhər və kəndlərimiz işğaldan azad edilmiş, həmin ərazilərdə bu gün üçrəngli Azərbaycan bayrağı dalğalanır.

 

Vurğulamaq lazımdır ki, ermənilər düçar olduqları rəzilliyi, çoxsaylı itkilərini ört-basdır etmək üçün istər sosial şəbəkələrdə, istərsə də elektron informasiya resurslarında təxribatlara əl atmağa başlayıblar. Yəni yalan məlumatlarla acı məğlubiyyətini gizlətməyə çalışan Ermənistan hakimiyyəti Azərbaycana qarşı apardığı informasiya müharibəsində bütün yollardan istifadə edir.

 

Ermənistanın siyasi rəhbərliyinin, baş nazir Nikol Paşinyanın işğalçılıq siyasətini davam etdirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurur. Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmır və bütün vasitələrdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmağa çalışır.

 

Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ilə yaxındır ki, davam edir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib.

 

İşğalçı Ermənistan öz təxribatçı fəaliyyətindən əl çəkmək istəmir. Məhz buna görə də əks-hücuma keçən Azərbaycan ordusu düşmənə layiqli cavablar verir, onlara sarsıdıcı zərbələr endirir.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətində deyilir: “Azərbaycan heç bir təxribata əl atmayıb. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır” bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir”.

 

Əminliklə demək olar ki, çox tezliklə işğal altında olan ərazilərimiz azad ediləcəkdir, qələbə bizimlədir. Biz ədalətli, doğru yoldayıq.

 

 

 

Qurban ƏLİYEV,

 

Etibar İnşaat” K MMC-nin

 

baş direktoru.

 

Respublika.- 2020.- 14 oktyabr.- S.6.