Qələbə bizimlədir
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
xalqımız azərbaycançılıq məfkurəsi ətrafında
sıx birləşərək beynəlxalq hüququn subyektinə
çevrilmək və demokratik, hüquqi, dünyəvi
dövlət qurmaq imkanı əldə etmişdir.
1991-ci
ildən etibarən müstəqillik yollarında ilk
addımlarını atarkən Azərbaycan Respublikası
keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla
yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara
qarşı yürütdüyü etnik təmizləmə
siyasəti və Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ problemi ilə üz-üzə qalmışdı.
Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı və
apardığı müdrik siyasət nəticəsində
ölkənin məhvolma təhlükəsinə,
separatçılıq meyillərinə və başlanan vətəndaş
müharibəsinə son qoyuldu, dövlətlə xalqın
birliyi təmin edildi.
Azərbaycanın
qüdrətli və nizami orduya malik olması məhz Heydər
Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyev ulu öndərin ideyalarını layiqincə
reallaşdıraraq ordu quruculuğu sahəsində səylərini
daha da artırıb, Azərbaycan Silahlı Qüvvələrinin
müasir hərbi texnika ilə təchiz edilməsinə,
möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə
seçilən, düşmənə sarsıdıcı zərbə
vurmağa qadir bir ordu yaradılmasına nail olub. Ona görə
də cəbhə xəttində erməni
silahlılarının bütün təxribat cəhdlərinin
qarşısı qətiyyətlə alınır,
düşmənə layiqli cavab verilir. Azərbaycan Ordusunun
bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı,
ən əsası şəxsi heyətin döyüş ruhu,
mənəvi ovqatı və ordu ilə xalqın monolit birliyi
bunu deməyə əsas verir ki, işğal altında olan
torpaqlarımızı qısa müddətdə
işğaldan azad edəcəkdir.
Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət müasir dünyaya qovuşmağın əsas yoludur. Məlumdur ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı artıq 30 ildir davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız adi insan hüquqlarından məhrum edilmişdir. Vaxtilə ölkəmizdə insanların həyatını təhlükəyə məruz qoyan hərc-mərclik, qanunsuz silahlı birləşmələrin mövcudluğu, əhalidə qanunsuz silahların cəmləşməsi, terrorçuluq və mütəşəkkil cinayətkarlığın tüğyan etməsi insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasına gətirib çıxarmışdı. Bu vəziyyət Azərbaycan xalqını vətəndaş müharibəsi həddinə çatdırmış, milli dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Bu ağır sınaqlardan çıxmış Azərbaycan xalqı mətin iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək, bəşər sivilizasiyasının idealları olan azadlığı, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.
Məlum olduğu kimi, bu ilin sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Müstəqil Azərbaycanın rəşadətli, mətin, qüdrətli ordusu düşmənin bütün cəhdlərinin qarşısını layiqincə aldı. Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.
Bu günlərdə bütün xalqımızın nəbzi şanlı Ordumuzla birgə döyünür. Çünki vaxt gəlib, vədə yetişib, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın azadlığı uğrunda öz müqəddəs missiyasını yerinə yetirməyə başlayıb. Hər gün cəbhədən zəfər dolu xəbərlər eşidirik, düşmən bütün cinahlarda sıxışdırılır, bölmələrimizin sarsıdıcı zərbələri ilə məhv edilir. Sağ qalan erməni hərbçiləri isə illərdir möhkəmləndirdikləri mövqeləri tərk edərək geriyə qaçırlar.
Son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir. Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. Döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistanın silahlı qüvvələri mülki əhalini hədəf alır. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Mingəçevir şəhərləri ilə yanaşı Abşeron, Xızı, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Daşkəsən, Goranboy Ermənistan ordusunun artilleriya atəşinə məruz qalıb. Mülki əhaliyə külli miqdarda ziyan dəyib. Düşmən bu təhlükəli addımını hələ də davam etdirir. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu addımların qarşısı alınır.
Məlum olduğu kimi, torpaqlarımızın 20 faizini zəbt edən erməni vandalları işğal altındakı ərazilərimizdə ağlasığmaz müharibə cinayətləri törədiblər. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin salınıb. İşğal olunmuş ərazilərimizdə meşələrimiz, təbii sərvətlərimiz talan olunub, işlək müəssisələr dayandırılaraq onların avadanlıqları Ermənistana daşınıb. Erməni vandalları, həmçinin tarixi abidələrimizə ciddi ziyan vurublar.
Ermənistan silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənistanın məqsədi siyasi xarakter daşıyır və digər ölkələrin bu münaqişəyə cəlb edilməsidir. Eyni zamanda, Qarabağ bölgəsində yaradılmış qondarma rejimin kriminal hərbi-siyasi rəhbərliyinin məqsədi Qarabağdakı uğursuzluqlarından ölkə cəmiyyətinin diqqətini yayındırmaqdır. Eləcə də Azərbaycanın dinc əhalisini qorxutmaqla onların yaşadıqları yerləri tərk etməyə vadar etməkdir.
Mülki əhaliyə qarşı törədilən cinayətlərin hamısı sənədləşdirilir. Hadisə yerindən olan maddi sübutlar götürülür, ziyanın məbləği müəyyənləşdirilir. Bütün sübutlar toplandıqdan sonra beynəlxalq hüquq normalarının bütün imkan vasitələrindən istifadə edilərək Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərinin və digərlərinin Azərbaycan qanunları çərçivəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi addımlar atılacaq.
Bu gün artıq bizlər qələbə duyğularını yaşamağa başlamışıq. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərinin reallığa əsaslandığını bir daha əyani olaraq sübut etdi. Biz ordumuzla fəxr edirik. Sevindirici hal odur ki, bu gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirir, Vətən uğrunda döyüşməyə hazır olduqlarını hər an dilə gətirirlər. Oktyabrın 9-da Prezident İlham Əliyev xalqa müraciətində demişdir: “Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir”.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik.
Şübhə yoxdur ki, rəşadətli ordumuz tərəfindən bu proses davam etdiriləcək və biz yeni qələbə xəbərləri eşidəcəyik. Onu da qeyd edim ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. Bütün ölkə vətəndaşları cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirirlər. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirir. Xalqımız bu məsələdə yekdil mövqedədir, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və rəşadətli ordumuza güclü dəstək nümayiş etdirir.
Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyət və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Əminəm ki, erməni işğalçıları üzərində tezliklə qələbə çalacağıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir”. Heç şübhəsiz ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız azad ediləcək, xalqımız tezliklə qələbəni qeyd edəcək, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır!
Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın bir hissəsinin azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Təki Müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzulinin, Cəbrayılın, Tərtərin kəndləri Xocavənd rayonunun Hadrut qəsəbəsi, bunlardan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib.
Bu gün Azərbaycan ictimaiyyəti, siyasi partiyalar, QHT-lər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması məqsədilə görülən tədbirlərlə bağlı bəyanatlar verirlər. Həmçinin Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya məhkəmələrinə, Ədliyyə naziri xarici həmkarlarına, Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri “Amnesty İnternational” təşkilatına, Azərbaycanın Ali Məhkəməsi Ermənistanın hərbi təxribatı ilə əlaqədar dünya ölkələrinin Ali Məhkəmələrinə bəyanatlar göndərmişlər.
Sədri olduğum Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və cəbhədə yaranmış hazırkı vəziyyətlə bağlı özündə 100-ə yaxın təşkilatı birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası üzvlərinə bəyanat göndərib. Bəyanatda deyilir ki, Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu zəbt edilib, 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədilib, mülki əhaliyə qarşı etnik təmizləmə aparılaraq bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu bəyan edilib, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının açıq şəkildə yerinə yetirmədiyi diqqətə çatdırılıb. Ermənistanın silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatlara başladığı, buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, əks-hücum əməliyyatları həyata keçirdiyi qeyd edilib. Vurğulanıb ki, Ermənistan tərəfindən təmas xəttindən (50-250 kilometr) uzaqda yerləşən yaşayış məntəqələrimizin davamlı olaraq atəşə tutulması nəticəsində azərbaycanlı dinc mülki əhali arasında həlak olan və müxtəlif dərəcəli xəsarət alanlar var. Həmçinin əhalinin çoxsaylı mülki obyektləri, o cümlədən xüsusi mülkiyyəti, su anbarı və elektrik stansiyası, enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) atəşə tutulduğu, nəticədə çoxsaylı infrastruktur obyektlərinin dağıdıldığı qeyd olunub, həmçinin Tərtər Rayon Məhkəməsinin inzibati binasına ciddi ziyan dəydiyi, hakiminin isə yaralandığı xüsusilə diqqətə çatdırılıb.
Bəyanatda həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının və bütün məcburi köçkünlərin hüquqları təmin olunmaqla öz doğma torpaqlarına qayıtmalarının vacibliyi və bununla da bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmağın mümkünlüyü vurğulanıb. Sonda mövcud vəziyyətlə bağlı Beynəlxalq Hakimlər Assosiasiyası üzvlərinin obyektiv və ədalətli mövqe nümayiş etdirərək insan hüquq və əsas azadlıqlarının qorunmasına yönələn çoxtərəfli səyləri dəstəkləyəcəklərinə əminlik ifadə edilib.
Bir məsələni də qeyd etmək istərdim ki, Məhkəmə Hakimləri Assosiasiyası Avropa Hakimlər Assosiasiyasının 2015-ci ildə Polşanın Qdansk şəhərində keçirilən illik iclasında ermənilər öz məkrli niyyətlərini burada da həyata keçirmək istəyirdilər. Onlar iclas iştirakçılarına bir erməni konyakı hədiyyə etdikdən sonra erməni soyqırımının 100 illiyini əks etdirən döş nişanını da həmin iştirakçının sinəsinə taxdırırdılar. Biz bu halı görüb dərhal Avropa Hakimlər Assosiasiyasının rəhbərliyinə məlumat verib qəti etirazımızı bildirdik. Assosiasiya rəhbərliyi erməni hakimlərinə irad bildirməklə yanaşı biz özümüz tədbir iştirakçılarına ermənilərin torpaqlarımızın işğalından, onların mənfur məqsədlərini izah etdik. Döş nişanını artıq vurmuş, lakin məsələdən çox da məlumatlı olmayan tədbir iştirakçıları bizim izahımızdan və etirazımızdan sonra qısa zamanda soyqırımı rəmzi kimi təqdim olunmuş həmin nişanı artıq çıxarmışdılar.
Bu gün çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir. “Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”, - söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Həmin günü səbirsizlikə gözləyirik! Qələbə bizimlədir!
Ələddin CƏFƏROV,
Nizami Rayon Məhkəməsinin,
Azərbaycan
Respublikası Məhkəmə
Hakimləri
Assosiasiyaları İttifaqının sədri.
Respublika.- 2020.- 15 oktyabr.- S.9.